» » Geriyə baxma, Qoca (II yazı)

Geriyə baxma, Qoca (II yazı)

 
 
 Qocalıq

 

Müddət bu, qismət bu, qədər budurmu, 

Ömür başdan-başa qəm yoludurmu? 

Təklik qorxusunu ürək duydumu, 

Hazir ol, qapını döyür qocalıq.

  

Zaman öz yerində dayanaydı kaş 

Özüm də bilmirəm, nədir bu təlaş, 

Təkcə qamətini deyil, a qardaş, 

Kişilik əzmini əyir qocalıq.

  

Baharı vermişəm, qış qazanmışam, 

İlləri vermişəm, yaş qazanmışam. 

Dolunu vermişəm, boş qazanmışam, 

Kim deyir, gətirir xeyir qocalıq?

  

Zaman açılanı necə soldurur, 

Dolunu boşaldır, boşu doldurur. 

Bəxyiyar cavanlıq yaradır, qurur, 

Keçmişdən xatirə deyir qocalıq.


 Bəxtiyar Vahabzadə

 

Geriyə baxma, Qoca (II yazı)

 

Bizim məktənb yaşlarımızda  bütün təntənəli gün və bayramlara  yaşlı insanları (əmək  qəhrəmanları, müharibə veteranları)  dəvət edirdilər.  Orta məktəblərin dəhlizində   kəndin, rayonun  müharibə  və əmək  veteranlarının şəkilləri vurulardı. Veteranlar şurası olardı.

 Kalinin adına zavodda işlədim uzun müddət. Orada 40-50 ildən artıq  çalışmış  fəhlələrə " Zavodun sahibi”  deyirdilər, belə də hörmət edirdilər.

İndi belə deyil. İtələyib sıradan çıxartmırlar, yaşayış yerini dəyişdirtdirmirlər... Sadəcə,  çox  üsulla, kəmali-ədəblə   təqaüdə çıxardırlar, öz xahişi ilə istefaya göndərirlər və s.

2020-ci ilin 1 iyul tarixinə  kimi ökəmizdə yaşa görə  təqaüdə çıxmış şəxslərin sayı  736,9 min nəfər    olmuşdur.

 Olsun ki, bunların müəyyən qismi müxtəlif formada - Leqal və  yaxud qeyri-leqal şəkildə yenə əmək  fəalyyətlərini davam etdirirlər.  Amma   daha çox  hissəsi  hələ canları sulu, dizləri təpərli olsalar da,   hər hansı fəaliyyətdən  tamam kənardadırlar.

Niyə belə olmalıdır ki? 700 mindən yuxarı insanın hamısı  "yorulub əldən düşməyib” ki. 700 mindən yuxarı insanın hamısı indi də qalan ömrünü  4 divar arasında, ya da uzaqbaşı    yaşadığı binanın qaşısına çıxıb geri qayıtmaqla   keçirmək istəmir ki. Elə binalar da var  ki,  heç onların qarşısında çıxmağa yer də yoxdur.

 Olan yerlərdə   bir rahatlıq yox, anti-sanitariya...

 Xətai rayonu  "Bakı ” kinoteatrı arxasında     bir  Veteranlar parkı var, əgər buna park demək mümkünsə.  Guya  ömrün qürub çağını yaşayan  insanların cəm olduqları, ünsiyyət qurduqları,   bir  sözlə, rahatlıq tapdıqları  sosial məkandır. Biz bu parka   2-3   dalbadal getdik,   necə var, eləcə də  davam edirdi (Bax: http://anaveusaq.az/sosial/2692-veteranlar-adi-gunlerde-de-qaygi-ile-ehate-olunmalidir.html)  çox yaxın  zamanda  oraya bir də baş çəkib, bu barədə növəti  yazımızda fotolar paylaşacağam.

Bir ölkənin baş şəhərində  veteranlar üçün  bu laqeydlik  həm də məsuliyyətsizlikdir.  Dövlət tərəfindən bu qədər  Proqramlar  qəbul olunur,  vəsait ayrılır, amma insanlar  var ki, nə evdə, nə ictimai mühitdə bir rahatlıq  tapmadan dünyasını dəyişirlər. Bəxtiyar Vahabzadənin insan təəssüfünün mənzərəsini  çox dəqiq əks etdirən bir şeiri var:

 

Cavanlıqda- əllər uzun, dillər qısa,

Qocalıqda- dillər uzun, əllər qısa.

Cavanlıqda- günlər qısa, illər uzun,

Qocalıqda- günlər uzun, illər qısa.

 

İndi gəl bu uzun  günləri   güc-bəla  axşama çək apar, axşamda  dörd divar arasına qayıt, qayıdan kimi də çarpayıya uzan. Gözlə  elə indiyə qədər çəliyin  dəstəyi ilə ayaqlarının səni zorla apardığı  yeknəsəq  səhərləri.


Geriyə baxma, Qoca (II yazı)

Birləşmiş Millətlər Təşkilatı (BMT) tərəfindən hazırlanan "Dünya Əhali Proqnozları" hesabatına görə, 2050-ci ildə dünyanın yaşlı əhalisi ikiqat artacaq .

14 dekabr 1990-cı il tarixində BMT Baş Məclisi tərəfindən 1 Oktyabr Dünya Yaşlılar Günü olaraq təyin edildi. Bu il qeyd olunan 30-cu gün ilə BMT-nin "Sağlam Yaşlanma Onilliyi (2020-2030)” adlandırdığı dövr başlayır.

Birləşmiş Millətlər Təşkilatı bu on ildə mümkün hədəflərə çatmaq, bu yolda qarşıya çıxacaq çətinliklərin öhdəsindən gəlmək üçün” Yaşlanma və Sağlamlıq Qlobal Strateji və Fəaliyyət” Planı qəbul etmişdir.  Bu  plana əsasən,  beş strateji məqsədi müzakirə etmək üçün  dünyanın ən məşhur  mütəxəssisləri, vətəndaş cəmiyyətləri, hökumət və səhiyyə işçiləri bir araya gələcəkdir.

 Bu gün yaşlı insanların çoxu Asiya, Avropa və Şimali Amerikada yaşayırlar.

2019-cu ilədək dünyada 65 yaşdan yuxarı 703 milyon insan  qeydiyyata alınmışdır. Bunların  261 milyonu  Şərq və Cənub-Şərqi Asiyanın,  200 milyonu isə Avropa və Şimali Amerikanın, qalanları isə digər ölkələrin payına düşür. Azərbaycanda  isə   ahıl vətəndaşların sayı 400 minə yaxındır.

2019-2050-ci illər arasında bütün sünyadayaşlı əhalinin sayında əhəmiyyətli bir artım olacağı proqnozlaşdırılır. Yaşlı əhalidə ən böyük artımın Şərqi və Cənub-Şərqi Asiyada 312 milyon ilə, 2019-cu ildə 261 milyondan 2050-ci ildə 573 milyona çatması gözlənilir.

Araşdırmalar göstərir ki, Cənubi Koreya, Sinqapur, Çin, Tayvan, Maldiv adaları və Tayland 2050-ci ilə qədər 65 və daha yuxarı yaşlı insanların nisbəti ən yüksək olan ölkələr arasındadır.

2020-ci ildə tarixdə ilk dəfə 60 yaşdan yuxarı yaşlı insanların sayı 5 yaşınadək uşaqların sayını keçdi.

Sosial-iqtisadi səviyyələrindən asılı olmayaraq hər bir fərdin və qocanın qayğıya ehtiyacı  təmin edilməlidir. Onların  özlərini təhlükəsiz hiss etmələri ən vacib məsələdir: nəinki  fövqəladə hallarda,  eləcə də adi  həyat axarında. Amma fövqəladə hal (epidemiya, eləcə də pandemiya kimi hallar)   istənilən ölkə üçün həm də bir  sınaqdır: hansı ölkələrdə baş verirsə,  həmin  ölkələrin cəmiyyətləri üçün  öz  yaşlılarına layiq olduqları dəyəri göstərmək imkanını  şərtləndirir.  Cəmiyyətə  öz ahıllarına layiq olduqları dəyəri göstərmək fürsəti  verir. Bunu  gənc  və ortayaşlı nəslin müşahidə etməsinin onlara çox böyük  mənəvi  təsiri vardır.

  Bəs  ahıl adamlara dünyada münasibət necədir və ümumiyyətlə,  münasibət dedikdə nə nəzərdə tutulur?

 

Hər şeydən əvvəl deyək ki,   münasibət   dedikdə  bu, ancaq ahıl adamlara deyil, körpəsindən tutmuş ixtiyar qocasınadək hər  kəsə   göstərilən diqqət  və qayğı nəzərdə tutulur.

Yəni,  cəmiyyətdə rifah və sağlamlığa  təminat yaratmaq məqsədilə  həyata keçirilən  bütün fəaliyyətlər:  sağlamlıq, təhsil, mənzil, sosial müdafiə, məşğulluq və sosial xidmətlər dairəsi, mədəniyyət və incəsənət sahəsindəki siyasət və tətbiqetmələr, evdar qadınlara, təqaüdçülərə,   fəaliyyət  qabiliyyətində  məhdudluqlar olan   təbəqələrə yönəlmiş xidmətlər  müasir Sosial Dövlətlərin - Rifah Dövlətinin bayrağında yazılmış  şüarlardır.

 İnformasiya agentliklərinin  verdikləri  məlumatlara görə,  bu gün dünyanın hər 6 ahıl adamından biri pis rəftarın bu və ya digər forması ilə üzləşir. 

2017-ci ildə Dünya Səhiyyə Təşkilatının dəstəyi ilə müxtəlif regionlarda yerləşən 40 ölkədə aparılmış    tədqiqatlar  haqqında  "Lancet Global Health” jurnalında geniş   məlumat dərc edilmiş və tirajlanmışdı. Həmin  tədqiqata görə, yaşı 60 və daha çox olan insanların, demək olar, 16 faizi yolverilməz rəftar formalarına – psixoloji təsirə (11,6 faiz), maliyyə fırıldaqlarına (6,8 faiz), soyuq münasibətə (4,2 faiz), fiziki təsirlərə (2,6 faiz) və ya seksual təhqirlərə (0,9 faiz) məruz qalırlar.

Pis rəftarın sağlamlıq üçün nəticələri müxtəlif travmalar, ağrı, habelə depressiya, stress və səksəkəli vəziyyətdir. Ahıllarla pis rəftar qocalar evlərində, xəstəxanalarda yerləşdirilmə, təcili tibbi yardım xidmətindən istifadə və ölüm riskinin artması deməkdir.

Müasir  dünyada  yazılanlara və deyilənlərə  görə,  ahıl adamların  yaşaması üçün  ən əlverişli,  rahat ölkə  Norveçdir.   Əfqanıstan  96 ölkə olmaqla sonuncu,  Türkiyə isə 77-ci olmuşdur.

Norveçdən sonra  İsveç, İsveçrə, Kanada və Almaniya rifah ölkələri  hesab edilir. Meksikadakı hər 10 nəfərdən 9-u 65 yaşdan yuxarıdır və təqaüdçüdür. 


Geriyə baxma, Qoca (II yazı) 

 

Davamı var...

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.