Geriyə baxma, Qoca
Ağsaqqal
Günəş kainatın ağsaqqalıdır,
Onun hər əmrinə yer-göy müntəzir!
Dağlar təbiətin ağsaqqalıdır.
Nəfəsi gələndə meşələr əsir.
Atalar evlərin ağsaqqalıdır.
Atalar, işığı ev-kainatın.
Atalar, vüqarı ev-təbiətin.
Gözə görünmədən allahlığı mən
Allahdan da yaxşı apara billəm.
Oğulsan, Allah ol göz qabağında.
Ağsaqqal - torpaqda göz Allahıdır!
Ağsaqqal - birinci söz Allahıdır.
Ağsaqqallar təkcə elə
Cavanların ağ gününə
Bələdçilik eləmirlər.
Uşaqlara evciyindən
evinəcən,
Bu evlərin qapısında
Bir-birini sevənəcən
Gözətçilik eləmirlər.
Gözətçilik eləyirlər,
Bələdçilik eləyirlər.
Evlərinin hələ təzə
Ucaldılmış dirəyinə.
Süfrələrin
halal zəhmət çörəyinə...
Deyirlər ki, bala şirin,
bal şirini.
Balası daha şirin.
Cavanlığı uçub gələr
Babaların, nənələrin-
Toy günündə nəvələrin...
Qonum-qonşu həyətinə
Uçub gələn muştuluğu,
Qəfil girən bəd xəbəri
İlk bilən də ağsaqqaldı,
Dərd bölən də ağsaqqaldı.
Bəd xəbərlə açılanda günlərin ağzı,
Kəndimizə ayaq açan qara kağızın
Tanıdığı qocalardan biri atamdı.
Sınadığı qocalardan biri atamdı.
Sınamışdı qara kağız:
Təmkinli qoca,
Qoymur ana əllərini dönə qırmaca,
Bel qatlaya, saç ağarda
sinələr yara.
O, ölümün "yalanından” danışanda
ona-buna,
Az qalardı dönüb elə özü inana.
"Kağız nədi Allah ola, insan apara!..”
İnanardı analar da, nənələr də ki:
"Doğrudan da bircə barmaq kağız nədi ki...”
Təsəllinin, ümidin də sərhəddi vardı,
Təskinliyi dönüb ona əzab olardı.
Bir gün onun öz adına,
Öz ünvanına
Gəldi doğma qardaşının
qara xəbəri.
O da durub
Bir qocanın qaçdı yanına,
Deyəcəyi- dil demədi, dedi əlləri.
Özü verən təsəllidir verdilər ona:-
"İnanmasın bu doğrunun doğruluğuna.”
Belə idi o zamanlar:
Bəzən yalan da
Deməliydik
bir ümidə gərək olanda.
Məmməd Araz
Uşaq vaxtı biz elə bilirdik ki, kəndimizdə qoca yoxdur. Kimin evində babası, nənəsi olanlar da anlamazdılar nə deməkdir qocalıq. Elə baba, nənə kimi də qəbul edərdilər. İnsan heç də qoca olduğuna görə baba olmur ki. Elə cavan babalar var ki, çoxlarının ataları bu babalardan daha yaşlıdırlar: belə gənc babalar günümüz üçün daha xarakterikdir.
Tək-tük lap qocalmış, yumağa dönmüş, əsa ilə gəzən qocalar vardı ki, biz onları evdəki qocalarla eyni anlamda qəbul edə bilmirdik. Bu yaşlıları ulu kimi zənn edirdik, elə bilirdik qeybdən göndəriblər.
Sonra məktəbə getdik, hərfləri öyrəndik, oxumaq öyrəndik. Əlimizə keçəni oxumağa başladıq. Yenə elə bildik ki, qocalıq elə yaşca hamıdan böyük olmaq deməkdir, üzün qırışması, saçların ağarması deməkdir...
Elə indinin özündə də qocalığı bu naturadan fəqrli dərk də bilməyən insanlar var. Belələrinin arasında lap özləri qoca olanlar da var. Çox az adam bilər ki, gerentologiya nədir, qocalığın psixoloji-fiziki xüsusiyyətləri deyilən xüsusiyyətləri, ictimai mahiyyəti nə imiş və s.
Fransız yazıçısı Andre Moruanın insan ömrünün mərhələləri arasında mövcud sərhədləri çox dəqiq idadə edir ki, qocalıq hər bir kəsin qəhrəmanlıq hissi öləndən başlayır.
Bir insanın əlinin yanmasını sözlə bilmək bir ayrı təhər olur, əlinin üstünə, iraq-iraq, qaynar su töküləndən sonra hiss etməsi bir ayrı tövr. Təbii ki, bu anlamda bizi kamilləşdirən, zənginləşdirən əsərlər nə qədər qüdrətli əsərlər olsalar da, müəllimlərimiz nə qədər güclü müəllimlər olsalar da, uşaq ikən, gənc ikən qocalığı hərfi mənasında başa düşmək, dərk etmək həyatın özünün anladacağı qədər mükəmməl, real, həqiqi ola bilməz.
Burası da var ki, hətta bizim uşaqlıq dövrünün "nənə”, "baba”, "qoca” sözlərinin yaratdığı assosiativlik bu gün yoxdur. " Ayağına dəmir çarıq geyinib, əlinə dəmir əsa alıb” məmləkəti qarış-qarış gəzəsi olsaq, nə Azərbaycanın şifahi xalq ədəbiyyatından tanıdığımız Piri babalara, nə də 55-60 il bundan öncə kəndlərimizin, el-obamızın ixtiyar sahibləri kimi tanınıb qəbul edilən İsfəndiyar kişilərə ("Tütək səsi”), Qocaoğlulara ( S.Rəhimov "Saçlı”) Şirin kişilər ("Əhməd haradadır?”), Qəmbər kişilərə ("Dağlarda döyüş”), Dədə Bəhmənlərə (Əfqan "Gülyanaq”)
rast gəlməyəcəyik. İndi insanlar heç o yaşa da çox çətin çıxırlar, çıxanlar da biraz sosiallaşır, bir az saqqaldan, əsadan uzaq düşür, bir az cəmiyyət, mühit özü onları şehdən salır, qıpıq edir.
Bizim əyalətlərdə yaşayan gözəl bir ziyalımız, həm də şairimiz var: Vaqif Aslan. Elə bilirəm ki, onun "Kişilər ” şeiri həm də qocalarımızın son durumunun ifadəsidir:
Arazdan keçmirik-suyu sərindir
Kürdən adlamırıq-dibi dərindir.
Araz aşığından, Kür topuğundan
Olan kişilər!
Nə qədər ucaymış boyunuz sizin,
əsliniz, kökünüz, soyunuz sizin,
Axıb qanımıza dolan kişilər!
Sizin yanınızda dilimiz qısa,
Ətəyimiz uzun, əlimiz qısa.
Qaya parçasından, daş qopuğundan
Nağara düzəldib çalan kişilər!
Döyüb başımıza çalınırıq biz,
Kos kimi ortaya salınırıq biz,
Olmuşuq oyuncaq, yalan, kişilər!
Hanı bəs Kür ilə Araz arası?
Bizi eyləyiblər palaz arası.
Ox kimi şığıyıb Yazı düzündən
Atlını atından salan kişilər!
Qulağımız "hoydu, hoy!” sözünə həsrət,
Ayağımız üzəngi üzünə həsrət,
Bizlər-kor eşşəyə palan kişilər.
Sizi aldatmasın saxamız bizim,
əllərdə qalıbdır yaxamız bizim.
Göydəki quşu da vurub gözündən,
Çalıb çalağan tək alan kişilər!
Siz hara? Biz hara? Nə deyək sizə?
İnciyən ruhunuz hay vermir bizə,
Hələ də sükuta dalan kişilər!
Aşır başımızdan Kür də, Araz da,
Çəkir burulğanlar bizi bir az da.
Bir vədə dayanıb başımız üstə
Bizə xeyir-dua qılan kişilər!
Kənd-kənd, şəhər-şəhər axırıq daha,
Axana qıraqdan baxırıq daha,
Bu da-qalın bəylər, kalan kişilər!
Getdi özünüzlə zorunuz sizin,
Dolur gözümüzə qorunuz sizin.
Çatdam-çatdam olsun gorunuz sizin,
Daşımız qalmadı daşımız üstə,
Ay yurdu-yuvası talan kişilər!
Olunca dünyada olmasa yeymiş,
Qalınca dünyada qalmasa yeymiş,
Sizin yerinizdə qalan kişilər!
İndiki kişilər—yalan kişilər!...
Xəyal məni kəndimizin keçən əsrin 70-ci illərinə qədər yadımda qalan çağlarına apardı. Kəndin mərkəzində dimgə yeri (Şəki – Zaqatala zonasında camaatın yığıldığı yer ) vardı. Bizdə "dimgə” də deyilmirdi. Mənim anlamımca o zaman insanların lap ahıl olsa da, boş-bekar qalması, kəndin harasındasa cəm olub saatlarla söhbətləşməsi özü yaxşı qəbul edilməzdi, ayıb sayılardı.
Ona görə də belə yerlərin qeyri-rəsmi də olsa, "bazar yeri”, "dimgə” və s. adlarla tanınmasınıistəməzdilər. Odur ki, daimi bir yer olmazdı. Ya transformatorun böyür-başına toplaşardılar, ya hansısa arxın yanında jıxılmış qoz, şabalıd kötüyünə yanlarını verib söhbətləşərdilər. Qeybət etməzdilər, keçən-keçmişdən danışardılar, müharibədən danışardılar, kəndin, kalxozun problemlərini söhbət mövzusu edərdilər. Bu söhbətlərdə intriqa-filan olmazdı. Onların oturuşları, bir-birlərinə ünsiyyəti çox mədəni olardı. Mən heç vaxt hansısa bir qarşıdurma, hay-küy görmədim qocalarımızdan. Onlara hər kəs yaxınlaşmazdı. Lap ata olanlar da. Gərək o kişilərin yaşına heç olmazsa5-6 yaş yaxın olaydı ki, geib onların yanında duranda kənardan baxanlar da səni qınamayaydılar.
Xeyir-şər məclisləri bu kişilərin idi. Ortada ancaq onlar görünərdi. Gənclərə nəsə bir iş gördürmək lazım gələndə ehtiyac yaranardı. Kənd toyları açıq havada keçirilərdi. Sənin nə cürətin çatardı ki, gedib palatkada o kişilərin arasında oturasan.
Bir mübahisəli məsələ olanda ağsaqqalları verərdilər qabağa. Eıçi gedəndə belə müdrik aparardılar ki, onların sözündən keçə bilməsinlər. Yoxdur indi belə şeylər, elçiliyə gedəndə 3 ağsaqqal aparmaqdansa, kreditlə bir "Prado” almış kababxanası olan birini aparsalar, ondan "şöhrətli” sayılır.
İndi məcburiyyətdən olmasalar, qocalara ancaq hər kəs öz evində, ya da televiorda rast gələr. Bu hal keçən əsrin sonlarında artıq başlamışdı. Kəndin yaşlı adamlara kəndin içinə şıxmazlar, toylarda görünməzlər,yaslarda isə heç nəyə məhəl qoymadan iştirak edərlər. Belə alicənablığın, humanizmin (indi bu münasibəti avropalaşdırıb adını "tolerantlıq” qoyublar )özü də bizə qocalardan miras qalıb. Həmişə eşitmişəm ki, bir kəs yataq xəstəsi, dünyadan köç üstə olanda, incik olan kəs incikliyi unutmalı, həmin adama doğru addım atmalıdır.
Sovet dövrünün hər kəndində, hər ulusunda olan qocalar o kəndin, o ulusun həm dini-bərəkəti idi, həm də hifz edicisi. Hər kəs "dağdan ağır bu kişilər”lə hesablaşırdı. Belə kişiləru, ağbirçəkləri olan kənddə
Tovuzdakı Nərmin hadisəsi ola bilməzdi.
Keçən əsrin sonlarında bir dəfə mən kənddə kəndin yaxından tanıyıb hörmət etdiyim qocalarından birindən soruşdum.Soruşdum ki, bax, Cəmil dayı, Vəlican baba, Sədrəddin kişi, Səftər əmi, Əhməd baba – siz bizim toyların yaraşığı idiniz, amma indi sizi toylarda görmək olmur.
Dedi ki, ay bala, indiki "cayıllar” içib gəlirlər, bizimlə yanaşı əyləşib haray-həşir salırlar, oynamağa girib çıxmaq bilmirlər, elə əcaib mahnılara oynayırlar ki, biz özümüzü belə məclisdə artıq hesab edirik.
Bunlar həqiqətdir. Ağzıgöyçəklər yazsalar da -yazmasalar da, ən azından deyəcəklər ki, bizdə qocalar hər cürə ehtirama layiqdir. Onlar təqaüd alırlar, müəyyən imtiyazları var və s. Bunlar var, hətta bundan qat-qat çox nümunəvi qaydalar var bizim Konstitusiyamızda. Həyatda bunun əksidir, əzizlərim.
Müəyyən bir yaşa çatanda, insanları mədəni şəkildə elə hörmətsiz-urvatsız götürüb qoyurlar qırağa ki, bundan sonra onların "nər kişilər” tövrünü qaytarmaq heç vaxt mümkün olmayacaq.
Bundan sonra incidilmiş belə qocaları şairin obrazlı dillə ifadə etdiyi kimi ancaq kol dibindən tapmaq olar.
Niyə belə oldu. Dünyanın, mədəniyyətlərin inkişafı doğurdumu bu nəticəni? Axı insanlıq, bəşər mövcud olandan Türk xalqlarının zaman-zaman fpormalaşdrıb mükəmməl hala gətirdiyi ailə-əxlaq, eləcə də mənəvi dəyərlər məcəllsində ən birinci əxlaq ölçüsü müdriklik olub,yaşlı valideynlərə, ümumilikdə qocalara, qadınlara ehtiram olub. Dədə Qorqud cəmiyyətində buna dair saysız-hesabsız nümunələr var. Dədə Qorqud bizm xalqın mənəvi atası, bilicisi olub. Oğuz elinin bütün taleyini o həll edərmiş, nizamlayarmış, bələdçilik edərmiş.
Bir evin ağsaqqalı, qocası, ağbirçəyi həmin ailədəki, həmin nəsildəki uşaların nənəsi, babasıdır. Bu nəsil də elə ağsaqqala, həmin ağbirçəyə görə sayılıb seçilirmiş.
"Baba” sözünün nüvəsində ailə, qohumluq münasibətindən də başqa, bundan da müqəddəs allah var. Bir çox müqəddəs ziyarətçlərimiz bu gün də "baba” adlandırılır. Məsələn , Qəbələ rayonunda Şıx baba, Bəzrə baba, Veyis baba pirləri ;Cəbrayıl rayonunda Şıxlar kəndinin ərazisində Şıx baba türbəsi, Siyəzən rayonunda Xızır-zində baba ziyarətgahı, Mərəzədə Diri baba ziyarətgahı və sair müqəddəs yerlərimizi bunun sübutudur.
" Baba” ifadəsi ilə həm də Allahlara müraciət edilirmiş. Məsələn, Yel baba, Allah baba və s.
Ailə ittifaqında qohumluq munasibətinə görə, baba nəslin başçısı, gövdəsi, kökü sayılırdısa, daha böyük coğrafiyada Allah baba da dünyanın tək Sahibidir.
Söhbətin bu yerində el arasında işlənən, amma heç kim tərəfindən müsbət qəbuledilməyən bir atalar sözümüz haqqında fikir bildirəcəyəm. Mən bu haqda çox-çox əvvəllərdə populyar saytların birində fikirlərimi ifadə etmişəm. İndi mövzumuz bu barədə olduğu üçün bir daha həmin atlar sözü haqqında fikrimi bildirmək istəyirəm: "Allahsız yerdə otur, böyüksüz yerdə oturma!”
Mən bu atalar sözümüzdə heç bir naqislik görmürəm.
Davamı var...
Oxşar postlar:
- Oxunub: 131
- Şərhlər: 0
- Bölmə: Baş redaktor
Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.
Ən çox oxunanlar
Piketlərlə hürr yaşamaq eyforiyası və buradan poliamoriyaya uzanan yollar ( I hissə )
Azərbaycan xalq tətbiqi sənəti / Kəlağayı
Uşaqlar gülürsə, bayram var...
Vətənim demək azdır , Vətənin olmaq gərək ( Şəhid kapitan Nəcəf Şikarovun xatirəsinə ehtiramla )
Piketlərlə hürr yaşamaq eyforiyası və buradan poliamoriyaya uzanan yollar ( II hissə )
Piketlərlə hürr yaşamaq eyforiyası və buradan poliamoriyaya uzanan yollar (III hissə )
Burla xatun
Piketlərlə hürr yaşamaq eyforiyası və buradan poliamoriyaya uzanan yollar ( IV hissə )
Əsgərlərimizə Novruz təbriki
Piketlərlə hürr yaşamaq eyforiyası və buradan poliamoriyaya uzanan yollar ( V hissə )
Yazarlar