Piketlərlə hürr yaşamaq eyforiyası və buradan poliamoriyaya uzanan yollar ( II hissə )
Müəllif: Anaveusaq.az от 16-03-2021, 11:00
"Qadın öz bədəni, həyatı barədə qərarları özü verməlidir." " Biz siqaret, içki, azad seks istəyirik."
Bunlar da sitatdır, amma ata sözü deyildir. Kimsə həyatına, hansısa məqamda əməlinə bu sitatları misal çəkməyəcək. Amma kimsə hardasa, təsadüfən bu sitatlara rast gəlsə, rəngi-rufu dəyişəcək, "iraq mənimkilərdən” deyəcək.Mən feminist qızlarımızınn fikirlərini olduğu kimi diqqətinzə təqdim edərək, sadəcə, bir fikrinə münasibət bildirəcəyəm. Bu xanım deyir ki, "Bir çoxları da deyir ki, sən gələcək anasan, siqaret çəkməməlisən. Birincisi, heç kəs bilmir ki,, həmin qadın ana olmaq istəyir ya yox, ümumiyyətlə qadının qarnında və ondan aşağıda nə baş verirsə, bu onun şəxsi işidir, buna kimsə qarışmamalıdır."
Çox təəssüf ki, belə düşünən bizim qızımızdır. Şəhid həyat yoldaşı Röyal Cəfərovun tabutunu çiyinlərində daşıyaraq onu torpağa tapşıran Firuzə Cəfərova bilirsiniz nə etdi: yaslı-yaralı olsa da, Sevgililər Günündə həyat yoldaşının hərbi formasını geyinərək onun məzarı üstünə gəldi. Adətən, belə günlərdə qadın bu ehtirama layiq görülür. Amma Firuzə gəlinimiz sevgiyə tamam başqa bir məzmun gətirdi: sevgi, bağlılıq, hörmət heç də ancaq ərin/ oğlanın sevgilisinə gül bukleti təqdim etməsi demək deyil. Gül bükleti almadan da sevmək varmış, Firuzə gəlinimiz kimi, Nargül gəlinimiz kimi.
Bu xalq bizim xalqdır. Bu cəmiyyətin içində biz də varıq. Bu qədər qohum-qardaşın qohumluq əlaqələrini də doğru-düzgün dəyərləndirə bilsək, biz hamımız bu və ya digər dərəcədə həm də qohumuq. Hər birimizin evində ana, bacı, qız, gəlin, qız nəvə var. Nənə var. Hər birimizin evimizdə oğullar böyüyür. Hamımızın arzusudur qızımızı gəlin köçürək, evimizə gəlin gətirək. Ayrı planetdən gətirəcəyik? Elə hamımız istəyərdik ki, "kəndimizin kol-kosunu hürküdək, keçəlindən, karından yapışaq ”: bəzi yerlərdə "axsağından” da deyirlər. Elin, ulusun bu fəlsəfəsi çox mənada yozula bilər. Amma bir əsasını mən deyim ki, tanımadığın bir yerin, nəslin "bərli-bəzəkli” bir qızını alıb sonra peşman olmaqdansa, kəndinin, belə deyək də, ən eybəcərini alardıq. Yəni, bizim ən eybəcərimiz onlardan üstündür.
Siz bilirsinizmi, xarakterik də olmasa, indi insanlar öz aralarında söhbətləşəndə deyirlər ki, bir az da keçəcək, oğlumuza almağa qız tapa bilməyəcəyik. Lap real həyatımızda da indinin oğlanlarına qız bəyəndirmək olmur. "Onun haqqında belə danışırlar", "Filənkəs hər il yay tətilini bir xarici ölkədə keçirir", "Filənkəs yaxşı olsaydı, özü qalıb balaca bacısını almazdılar" və s. Bütün bunlar el gözünün çəkməsindən sonra dildə-ağızda söylənilənlərdir.
Hara gəlib çıxdıq belə: elə qızlarımız var ki, nə öz ailəsinə, nə cəmiyyətə məhəl qoymurlar. Nə davranışlarıı bir davranışdır, nə də geyimləri. Belələri həm özləri üçün, həm də digər həmcinsləri üçün cəmiyyətdə bir şübhə toxumu səpirlər. Özləri bir yana, özləri ilə bərabər yüzlərlə qıza qarşı yaratdığı etimadsızlıq səbəbindən hər ay, hər il neçə-neçə toylarımız təxirə düşür.
Oğlanlarımız da bu qınaqdan kənar deyillər. Məsələn, subay bir oğlan qonşuluğunda tanıdığı, bildiyi səliqəli, ağıllı bir qızı bəyənmir. Nədi-nədi, metroda "yubkası dizdən yuxarı və darlığından az qala çubuq ayaqları gəzəndə bir-birinə dolaşan birini gözaltı edib. bu qızı almaqdan ötrü 3-4 dəfə elçi göndərib, qız tərəf də özlərini çəkib qoyub dağ başına.
Bu gün inanmaq olarmı, hansı oğulasa valideynləri deyə ki, a bala, sənə filan dayının qızını almaq istəyirik, oğul da həyadan qızara, danışa bilməyə? Nə deyəcək, deyəcək ki, özünüzə alırsınızsa, gedin alın, mənim öz sevdiyim var.
Və yaxud: "A qızım, o biri məhlədə Sənəm arvad var ha, tibb bacısı, oğlunu sən də tanıyırsan, universitet təhsili var, 3 qardaşın bir bacısıdır, yaxşı da baladır. Metropolitendə mühəndis işləyir, anası dünən səhər-səhər işə gedəndə mənə üstüörtülü işarə etdi ”. Qız da qayıdıb deyəcək, "mamaşa", biz artıq Eliklə əhd-peyman bağlamışıq, martın sonlarında elçi gələcəklər, mayın ortalarında da toyumuz olacaq. Bəs sən hər dəfə gec gələndə soruşanda demirdimmi Elikgildə idim.
İndi siz zəmanət verirsinizmi, əziz oxucu, bu gənclər xoşbəxt bir ailənin astanasındadırlar?
Gənclərimizin xoşbəxtliyi hər birimizin arzusudur. Bütün gənclərimizin xoşbəxtliyi ondan da əfzəl hər birimizin arzusudur. Tək bir adamın xoşbəxtliyi cəmiyyəti, ölkəni məsud edə bilməz. Bütün xoşbəxt gənlərimizin arasında bizim balalar daha halal xoşbəxtlik yaşayar, siz də belə düşünmürsünüzmü? Amma çox təəssüf ki, indiki gənclərimiz özlərindən böyük valideynlərinə "keçmiş zamanın adamı” yarlığı qoyaraq hər addımlarını özlərinin qərarı ilə atırlar.
Olmaz belə. Kaş qızlarımız da, oğullarmız da doğru seçim edə biləydilər. Onlar doğru seçim etsələr, valideynləri qızlarının, oğul övladlarının istəyinə zidd getməzlər axı.
"Kitabi-Dədə Qorqud” dastanlarımız mən elə bilirəm ki, bu cür məsələləri doğru-düzgün qəyərləndirməkdə gənclərimizə yol göstərə bilər, onları maarifləndirər. Bu əsər milli kimliyimizi qoruyub saxlayan, yaşayan etnoqrafik bir abidədir, ailə-əxlaq məcəlləsidir.
Dastanın əsas qayəsini qəhrəmanlıq ruhu təşkil etsə də, burada son ucu ölümlü dünyanın hər üzünə, hər halına aid böyük hikmətlər var.
Oğuz cəmiyyətində ailə arzuları, gəlinə, qayınana və qayınataya münasibət, şərəf, namus kimi məsələlər ən böyük dəyər kimi qiymətləndirilir. Dastanda eyni zamanda torpaq, xalq və insanlıq haqqında ideal düşüncələrə yiyələnmək baxımından bizim hər birimiz üçün fəlsəfi bir örnək vardır.
Dastanda oğuz cəmiyyətinin birinci vəzifəsi və qayğısı ailə qurmaq, övlad sahibi olmaqdır. Bu cəmiyyətdə kişi kişiliyini ilk növbədə ailə, oğul-uşaq sahibi olmağı ilə nişan verir. Oğul övladı olub, qız övladı olub, evliliyin bu cəhətinə diqqət yetirilirdi. Ona görə də "Oğuz eli” dövlətinin başında duran Bayandır xan ildə bir kərə toy edib Oğuz bəylərini qonaq edərdi. :”Oğlı olanı ağ otağa, qızı olanı qızıl otağa qondurun, oğlı-qızı olmayanı Allah-Taala qarğayıbdır, biz dəxi qarğarız... ”- deyərmiş.
Bu, təbii ki, qız övladına mənfi münasibət ola bilməzdi. Çünki dastanda ən hörmətli bir məqamda təsvir olunanlar elə qadınlar və qadınların isə ən dəyərlisi və müqəddəsi yenə də analardır: Burla xatundur, Banuçiçəkdir, Selcan xatundur Dirsə xanın, Dəli Domrulun və Səyrəyin xanımlarıdır.
Heç şübhəsiz, bu, ataerkil xəttinin cəmiyyətdəki mövqeyi ilə bağlı məsələdir. Amma qadına, qıza aşağı baxış əks etdirmir, əksinə, Oğuz bəyləri anaya, həyatlarındakı qadına hər zaman yüksək dəyər verirlər. Qazan xan onun evini, var-yoxunu talayıb, adamlarını əsir edib aparmış düşmənə deyir ki, nəyimi talamısınız, sizin olsun, amma anamı qaytarın. Anaya, qadına belə münasibətin nəticəsidir ki, Oğuz elində hansı qızla ailə qurmaq məsələsi xüsusi əhəmiyyət kəsb edirdi. Hamı arzu edirdi ki, həyatına gətirdiyi qadın vəfalı, namuslu olmaqla bərabər, həm də şərafətli bir Ana olsun.
Qanturalı özünə nişanlı axtaranda deyir ki, elə bir qız istəyirəm ki, ”Mən yerimdən durmadan ol durmuş ola. Mən qaraqoç atımı
minmədən ol minmiş ola. Mən qanlı kafir elinə varmadan ol varmış ola, mənə
baş gətirmiş ola” .
Hələ bir atası Qanlıqocanın sözlərinə fikir verin:
- Sən özünə arvad yox, qardaş axtarırsan.
Həqiqətdə də tarixən belə olub, qadın ərin baş yoldaşı olmaqdan daha çox həyat yoldaşı olub. Burada kişilər qadınlarının məsləhətinə qulaq
asırdılar, lazım gələndə döyüşdə ikisi də çiyin-çiyinə bir yerdə vuruşurdular. Döyüşdə ərin arvadına sözü igidin igidə
olan sözü kimi qəbul edilirdi.
Bunların özəl ailə həyatları da var. Həmişə ayaqüstə olmayacaqdılar ki. Yatmaq vaxtı da olurdu, hətta onda da bir-birlərini tərk etməzmişlər. XX əsərin 80-ci illərinə qədər Azərbaycan ailələrində dədə-baba ənənələri müəyyən qədər qalmaqda idi. Amma indi tək övladsızlıqla bağlı deyil, çıx xırda məsələlər üstündə ailələr dağılır. İndi hardadır elə gəlin ki, əri, evin qocaları yuxudan oyanmamışdan gəlin qalxıb samovar qaynatmış olsun. Varsa, sağ əli biçarə belə əl gözləyənlərin başına. Kim görüb toydan 2-3 il keçəndən sonra da bir-birlərini ailə qurana qədər necə seviblər, elə də sevməkdə davam edən ailə cütlüklərini.
Amma Oğuz elində belə olub. Oğuz elində övladı olmayan qadının talağını əlinə verib evdən çıxartmayıblar.
Dədə Qorqud cəmiyyətində poliqamiya(çoxnikahlılıq) hallarına rast gəlinmir. Burada ər qadına, qadın ərinə, övladlar da ailəyə, valideynlərinə sədaqətlidirlər. Bu övladlar ərə, ailəyə sədaqətliliyin, cəfakeş olmağın əsl nümunəsini onlar öz ata-analarından götürürmüşlər.
İndi tez-tez işlətdiyimiz atalar sözləri var var: " Anasına bax, qızını al”, "Anası gəzən budağı balası budaq-budaq gəzər”, "Qoç igiddən qoç törəyər" və sair. Dədə Qorqud dastanının müqəddiməsində buna çox gözəl işarə var:
Qız anadan görməyincə öyüt almaz.
Oğul atadan görməyincə süfrə yaymaz.
Bəli, Oğuz elindəqız anadan gördüklərini yaşadırdı, oğul da atadan. Bunlar Oğuz bilicilərinin, Dədə Qorqudun and amanı idi öz qövmlərinə, ulusuna.
Dastanda qarılar (qadınlar) dörd cür təqdim edilir:
Birisi solduran soydur.
Birisi dolduran toydur.
Birisi evin dayağıdır,
Birisi necə söylərsən, bayağıdır.
40-50 il bundan əvvəl hansı rayonda, hansı kənddə bir qapıya getsəydin ki, qəribəm, 1 gecə məni qonaq saxlayarsınızmı, bəli, deyəcəkdilər. Bütün evlərin dövləti hərbi məqsədlər üçün ehtiyatı olan kimi, hər bir evin də hər vaxt qonaq ehtiyatı olurdu. Bunu edən, nizamlayan, əlbəttə ki, qadınlarımız idi.
"Dədə Qorqud” dastanında qadın evin dayağı hesab edilir və o qadın yaxşı qadın hesab edilir ki, ərin nüfuzunu, ailənin nüfuzu qoruya bilir. Dədə Qorqud Oğuz bəylərinə hər öyüdündə belə həyat yoldaşı arzulayırdı: "Ozan, evin dayağı oldur ki, yazıdan-yabandan evə bir qonuq gəlsə, ər adam evdə olmasa, ol anı yedirər-içirər, ağırlar-əzizlər, göndərər. Ol Ayişə, Fatimə soyıdır, xanım. Anun bəbəkləri yetsün. Ocağına buncılayın övrət gəlsün”.
Türk mənəviyyatının, türk qürurunun o vaxt da, bu bu vaxt da alınmaz qalası ailə olub. Bizim ixtiyar nənələr, onların qızları ərlərinin namusu olaraq ən yüksək zirvələrdə qərarlaşıblar, ərlərinin halalı olduqlarını namusla başa vurublar.
Digər hansı millət, tarixə adı yazılmış hansısa sərkərdə, lider bu xalqla tanışlığından sonra bu xalqın necə yüksək mənəvi dəyərlərə malik olduğunu mütləq etiraf edib. Dünya hərb tarixinin məşhurlarından olan Napoleon Bonapartın fikirləri bunlardan biri :
-İnsanları ucaldan iki böyük üstünlük var: Kişinin cəsur, qadının namuslu olması. Bu iki məziyyətin yanında həm kişini, həm qadını şərəfləndirən bir üstünlük var: lazım gələrsə, tərəddüdsüz canını fəda edə biləcək qədər vətəninə bağlı olmaq. İşdə Türklər bu üstünlüklərə və fəzilətə sahib qəhrəmanlardır. Buna görədir ki Türklər öldürülə bilər, lakin məğlub edilə bilməzlər.
Çox sərrast ifadə edilmiş bir fikir. Dünya hər zaman Türk cəngavərliyinə həsəd aparıb, amma bunu da yaddan çıxarmayıblar ki, bu qəhrəmanlığın səbəbi Türk ailə dəyərlərindən qaynaqlanır. Bu dəyərlərin ən böyük hifzedicisi isə Türk ailəsini əzəmətli edən namusdur.
Qızı olan ailə qızı böyüyüb gəlin köçəcək halına gəlincə, nə qayğılar çəkmir, hansı əziyyətlərə qatlanmırlar. Ta Allahın əmri Peyğəmbərin izni ilə qızılarını adı, namusu üstündə gəlin köçürənə qədər.
Baxın, qız tərəf qızlarını hansısa bir ailəyə bu ailənin oğul övladına, sadəcə, baş yoldaşı olacaq deyə böyütmürdülər ha. Ona ədəb-ərkan, evdarlıq, qadınlıq, analıq, bütün bunları yeni üzvü olacağı ailənin ürəyincə olacaq səviyyədə yerinə yetirə bilmək üçün səbir, iltifat, dözüm, fədailik öyrədirdilər. O tərəfdə isə oğlan valideynləri dillərində, niyyətlərində Allaha dua bu gəlinin yolunu gözləyərdilər:
Dilin üçün öləyin, gəlinciyim!
Yoluna qurban olayın, gəlinciyim!
Və gəlin də gəlib müəyyən üzəçıxma, qaynayıb-qarışma, isinişmə müddəti bitincə, çevrilirdi bu ailənin oğuldan seçilməyən bir üzvünə. "Kitabi- Dədə Qorqud” dastanında gəlinlərin qayınana və qayınatalarına müraciət forması əxlaqi yüksəklik nümunəsidir:
-Anamda yeyrək qeynana!
- Atamdan yeyrək qeynata!
Davamı var...
Oxşar postlar:
- Oxunub: 192
- Şərhlər: 0
- Bölmə: Baş redaktor
Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.
Ən çox oxunanlar
Piketlərlə hürr yaşamaq eyforiyası və buradan poliamoriyaya uzanan yollar ( I hissə )
Azərbaycan xalq tətbiqi sənəti / Kəlağayı
Uşaqlar gülürsə, bayram var...
Vətənim demək azdır , Vətənin olmaq gərək ( Şəhid kapitan Nəcəf Şikarovun xatirəsinə ehtiramla )
Piketlərlə hürr yaşamaq eyforiyası və buradan poliamoriyaya uzanan yollar ( II hissə )
Piketlərlə hürr yaşamaq eyforiyası və buradan poliamoriyaya uzanan yollar (III hissə )
Burla xatun
Piketlərlə hürr yaşamaq eyforiyası və buradan poliamoriyaya uzanan yollar ( IV hissə )
Əsgərlərimizə Novruz təbriki
Piketlərlə hürr yaşamaq eyforiyası və buradan poliamoriyaya uzanan yollar ( V hissə )
Yazarlar