Təhsil, məktəb və müəllim əməyi haqqında uşaq, müəllim, valideyn , indi də müstəqil jurnalist kimi təəssüratlarım ( II yazı)
Bu gün məktəblər elə bil ki, sənaye şirkətləri kimi idarə olunmağa itələnir. Mətbuatda məktəblərin gəlir əldə etmək imkanları barədə söhbətlər gedir: sinif otaqlarını, digər infrastrukturları icarəyə verməklə, rəqs, rəsm dərnəkləri yaratmaqla və sair.
Məktəb hara, pul qazanmaq hara? Bu, necə ola bilər? Sovet dövründə bizim məktəblərin hamısının özünün bağı vardı, burada hər cür meyvə olurdu. Əmək təlimi dərslərində tərəvəz əkib yetişdirmək, satmaq olardı və edirdilər də. Yay tətilində neçə günsə istehsalat təlimi olurdu və s. Buradan toplanan vəsaitlə məktəb büdcəsi yaratmaq olardı və belə fəaliyyət özü pedaqoji, tərbiyəvi tutumli bir iş idi.
Emalatxanala vardı. Poçt qutuları, məişətdə, mətbəxdə işlənən kiçik əşyaları düzəldib satmaq olardı.
Yoxsa indi hansısa şou ruhlu kimsə məktəbdə rəqs dərnəyi açacaq. Kimə lazımdır belə dərnək, belə fəaliyyətin olması, burada öyrədilən rəqs və s. Bunlar həmçinin pedaqoji sahəyə qeyri-pedaqji ixtisaslıların yol tapmasına imkan yaradırdı.
Məsələn, kimsə hansısa rəssamlıq məktəbini qurtarıb məktəbə əmr ala bilərdi və indi də ala bilir. 1-2 il dərs deyəndən sonra ona əmək dərslərindən, rəsmxətdən, həyat bilgisindən toplam bir stavka düzəldirlər. Və yaxud hansı musiqi məktəbi qurtarmış şəxsi musiqi müəllimi götürəcəklər, dərnək, fakültativ saat verəcəklər, sinif rəhbərliyi verəcəklər, olacaq məktəbin aparıcı müəllimi. Eləcə də qeyri-pedaqoji ixtisaslı ali təhsili olanlar 1 illik kurslara gedib olacaqlar müəllim. Belələri də əksərən imkanlı, vəzifəli şəxslərin həyat yoldaşı, qızı, bacısı, gəlini olur.
Çox çətin və məsul bir vəzifə olan müəllimlik ixtisasısna qəbulun özünü dəyişmək lazımdır. Kim istəsə, müəllim ola bilirsə, onda müəllimin nüfuzu da aşağı düşəcək, məktəbin də.
Göranboyda bir neçə il bundan qabaq rəqs müəllimi rəqs öyrətdiyi şagirdini qaçırmışdı.
Beləsini "müəllim” deyib, ona necə uşaq etibar etmək olardımı, ümumiyyətlə, məktəb şagirdini əlavə dərnək və ya kursa yazdırmaqla rəqs öyrətmək kimə və nəyə lazımdır? Bizim Əminə Dilbazi, Afaq Məlikova, Roza Xəlilova, Təranə Muradova, Tamilla Məmmədova, Böyükağa Məmmədov, Kamil Dadaşov, Böyükağa Atababayev kimi məşhur rəqqaslarımız var və biz onların musuqi mədənimiyyətimizdəki fəaliyyətlərini ehtiramla qəbul edirik. Amma şagirdin musiqi, rəsm sahəsində bilməli, bacarmalı olduqları üçün məktəb proqramlarının verdiyi bilik və bacarıq tam yetərlidir. Əgər şagirddə incəsənətin bu və ya digər sahəsinə xüsusi maraq müşahidə olunrasa, lap yaxşı, dərsdənkənar vaxtlarda Uşaq-Gənclər İnkişaf mərkəzlərində, Gənclərin Respublika Bədii Yaradıcılıq Evində yaradıçılıq qabiliyyətlərini davam etdirsinlər. Belə mərkəzlər həm də Təhsil Nazirliyinin tərkibində olan müəssisələridir .
Mədəniyyət nazirliyinin tabeçiliyində olan Musiqi məktəbləri də artıq uzun illər fəaliyyət göstərmiş tərbiyə məktəbləridir, onların da zəngin ənənələri, tədris-texniki bazaları, peşəkar da müəllimləri var. Dərsin bilik öyrətmək mahiyyəti ilə yanaşı, bəlkə də bundan daha önəmli olan tərbiyə etmək mahiyyəti var.
Ümumiyyətlə, istər bilik vermək, istərsə də tərbiyə etmək, bunlar pedaqoji prosesdir, bunu ancaq həmin məqsədlər üçün yetişdirilmiş pedaqoji ali və orta ixtisas təhsili olan şəxslər edə bilər. Onların adı "müəllim”dir.
Müəllimlər təhsil prosesinin şah damarını təşkil edir. Bu baxımdan ilk hədəf də məktəbin, müəllimin özünün nüfuzunun yüksəldilməsi olmalıdır.
Əgər bağça və məktəblərimiz istər məktəbəqədər tərbiyə müəssisələrində, istərsə də orta məktəbdə uşaqlara, şagirdlərə gələcəkdə onları ahəngdar inkişaf etmiş şəxsiyyət kimi yetişdirmək üçün lazım olan ilkin bilikləri verə bilmirsə, məktəblərin fiziki imkanları buna hazır deyilsə, belə bağça və məktəblər həmin uşaqların simasında gələcək cəmiyyətə problem ötürmüş olur. Bu gün məhəllədə, küçədə, nəqliyyatda, digər kütləvi yerlərdə yaşlı insanları hövsələdən çıxaran o qədər hallar var ki. Söz də demək olmur, adamın üzünə qaydırlar. Ahıl adamlar hamısı incidilib, küsdürülüb ki, orda-burda gözə çox az dəyirlər. Gedin ali məktəblərin qarşısında dərsə gedib-gələn tələbələrə fikir verin. Məhəllə və parklarda uşaq və yeniyetmələrin davranışlarına baxın. Böyük əksəriyyət vurur-yıxır, sükür, sındırır, zibilləyir, irad tutanda da deyirlər ki, buraları təmizləyən süpürgəçi var, dövlət onlara maaş verir. Şəhərini sevmək məhəlləni sevməkdən başlayır və daha böyük amallara aparır. Ailə-əxlaq dəyərlərimizin aşınmalara məruz qalması, dağılan ailələrin getdikcə çoxalması, intihar hadisələrindəki artım dinamikası, xəyanətlər və sair bütün bunlar cəmiyyətin özünün yumşaq və barışdırıcı münasibətlərindən formalaşıb. Sərhədsiz Avropa sərbəstliklərinə tolerant baxışlardan yaranıb, ideoloji tərbiyənin urvatsızlığından yaranıb, kütləvi informasiya vasitələrinin dişsizliyindən yaranıb. Ümumtəhsil məktəblərindən tutmuş ali məktəblərədək bütün təhsil müəssisələrinin rəhbərliyinə öz korporativ maraqları üçün yol tapan şəxslərin dolmalarından qaynaqlanıb.
Bu, həm də cəmiyyətin təhsil və mənəvi tərbiyə məsələləri ilə məşğul olmalı olan qurumların arasında koordinasiyanın olmamasından qaynaqlanır.
Son 20-30 ildə Azərbaycanda yeni tikilən, eləcə də əsaslı təmir edilən məktəb və bağçaların sayı əvvəlki yazımızda qeyd etdiyimiz kimi, heç vaxt indiki qədər çox olmamışdır. Məktəblərin tədris- texniki ləvazimatlarla, şagirdlərin isə pulsuz dərsliklərlə təmin edilməsi çox sevindircidir. Amma yaxşılaşan dəfələrlə qeyd etdiyimiz kimi, ancaq məktəbin daha çox fiziki gözəlliyidir, sırf təhsil və pedaqoji baxımdan yanaşsaq, bu keyfiyyət məktəbin fiziki gözəllyindən çox geridə qalır.
Əlbəttə, yaxşılarımız da var, amma görünür onlar azdır ki, mənfiliklər gözə daha tez dəyir. Görünür məktəb və bağçalarımızda məşhur pedaqoq Suxomlinskinin dediyi kimi, "ürəyini uşaqlara vermək” istəyənlərdən daha çox diplom xatirinə müəllimlik ixtisasını seçənlər üstünlük təşkil edirlər. Pedaqoji rəhbər vəzifələrdə yenilənmə çox zəif gedir. Bütün qabaqcıl müəllimlərinrəbər pedaqoji vəzifələrdə tımsil olunması məhduddur. Bağça və məktəblədə 30-40 il vəzifədə olanlar var. Məktəb direktorları sanki nazir müavinidirlər. Heç 30-40 il müəllim işləyənlərdən 5-10 müəllim tapa bilməzsiniz ki, məktəb direktorlarının biri kimisə firavanlığı olsun. Bunu danmaq lazım deyil, belə söhbəti dilə gətirəni təhdid etmək lazım deyil, güzgünü sındırmaq lazım deyil. Şəffaflığa, ədalətə əməl etmək lazımdır.
Uşaqlara gələcəyimiz deyiriksə, uşaqlar məktəb yaşından məktəbdən, müəllimdən öyrəndiyi bütün mükəmməlliklərin cəmiyyətdə gerçəyini görməlidir, doğruluq görməlidir. Onda özləri də gələcək cəmiyyətdə gördüklərini yaratmaq istəyəcəklər.
Yaponiya bu gün hansı inkişaf mərhələsindədirsə, bunun birinci səbəbi təhsilə, elmə verdikləri qiymətlə bağlıdır.
Yaponiya bütün uğurlarını mövcud olduqları intellektual potensialları hesabına əldə ediblər. Ona görə də ümidlərini təhsilə bağlayırlar.
Ümidləri də onları yanıltmır. Çünki Yaponlar intizamı və qanunlara tabe olmağı önə çıxaran təhsil sistemi formalaşdırıblar.
Yaponiyada müəllimlərin maaşları da yüksəkdir, nazirlərinin maaşları səviyyəsində.
Saytların birində oxumuşam, bunu orada oxuyan, təhsilini bitirdikdən sonra qalıb karyerasını inkişaf etdirən bir gəncimiz yazır:
"...Yaponiyada kitab mağazalarına girəndə özümü dünyanın ən xoşbəxt insanı hesab edirəm. Bizim restoranlarımız ölçüsündə, gözəlliyində Yaponiyanın kitabxanaları, kitab mağazaları vardır. Budur, əsas inkişafın təməli. Kitab mağazalarında o qədər insan olur ki, hər kəs ayaq üstə oxuyur. Metroya girirsən hər kəs otura-otura və ya ayaq üstə, fərq etməz yenə də oxuyur. Bizdə öndə gedən universitetlərimizin önü tələbələrin dünyada bərk gedən, ən bahalı maşınları ilə dolub-daşır. Yaponiyanın ən öndə gedən universitetlərinin qarşısı isə tələbə və müəllimlərin velosipedləri ilə dolub daşır. Budur fərqimiz. Budur Yaponiyanın təhsilinin inkişafının əsas səbəbi”.
Hər hansı bir fəaliyyət sahəsində qazanılan uğurun əsas səbəbi fəaliyyət göstərənin öz işindən, iş yerindən aldığı məmnuniyyətlə, aldığı əmək haqqı ilə bağlıdır. Bizdə repitetorluq fəaliyyəti olmasa, müəllim narazılıqlarının qarşısını almaq olmaz.
Bir müəllim dostum bu halı yumorla belə ifadə edib:
Çiynimdə gəzdirdim bir ağır yükü,
Məktəbdə çalışdım MÜƏLLİM kimi.
Təqaüdüm çoxdur əməkhaqqından,
Bax, burda tapıram öz təsəllimi.
Sosial şəbəkələrin birində 32 müəllim arasında aparılan bir anket sorğunun nəticələri açıqlanmışdı. Sorğuda iştirak edən 32 müəllimdən 28 nəfəri mümkün olsaydı, başqa sahədə işləmək stədiklərini ifadə etmişdilər. Digər 32 nəfərdən, daha bir 32 nəfərdən də soruşsa idilər, oxşar cavab eşidəcəkdilər.
Təhsil sistemimizdəki uğursuzluq və xoşagəlməz halların başlıca səbəblərindən biri də pedaqoji rəhbər vəzifələrə təyinatlar zamanı yol verilən yanlışlıqlarla bağlıdır.
Mən orta məktəbdə oxuduğum illərdə məktəbimizdə, eləcə də ən yaxın kəndlərin məktəblərində direktor olmuş şəxsləri bir-bir xatırlayıram.
Biri raykomda təbliğatçı işləmişdi, oradan işdən çıxarılıb bizim məktəbə direktor göndərilmişdi və 1 ilə yaxın məktəbimizə gəlib getdi. Amma qalan digərləri həm təpədən dırnağacan təhsil adamı olub, təhsilə sanballı xidmətlər etmişdilər, həm də həmin şəxslərin məktəb rəhbəri olması Məktəb Nizamnaməsinin şərtlərinə tam uyğun idi.
Amma 80-ci illərdən başlayaraq artıq neqativ hallar təhsilə də yol tapdı. Kimin ki böyük vəzifələrdə adamı vardı, istədiyi məktəbə direktor seçilə bilirdi. Məsələn, Xətai rayonundakı məktəblərin birinə Nizami rayonunun müəllimini direktor təyin etmək hansı meyarladır? 100-dən artıq müəllimi olan məktəbə digər rayonun müəllimini gətirib direktor qoymaq həmin məktəbə və orada işləyən müəllimlərə ən böyük etimadsızlıqdır axı.
Bakı məktəblərində ixtisasca hüquqşünas olan məktəb direktoru var. Əmək təlimi müəlliminin, idman müəlliminin ümumtəhsil məktəbinin direktor işlədiyi məktəblər də görmüşəm.
Davamı var...
Oxşar postlar:
- 2017/2018-ci tədris ili üçün "Son zəng"
- Layihə : “Valideyn himayəsindən məhrum yeniyetmə və gənclərə psixososial dəstək”
- Leyla Əliyeva valideyn himayəsindən məhrum uşaqlarla birgə əyləncə proqramında iştirak edib
- Birinci rübdə Naxçıvan Muxtar Respublikasında 5 yeni məktəb binası istifadəyə verilib
- Məktəbdə psixoloji xidmətin təşkili vacib məsələlərdəndir
- Oxunub: 194
- Şərhlər: 0
- Bölmə: Baş redaktor
Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.
Ən çox oxunanlar
Təhsil, məktəb və müəllim əməyi haqqında uşaq, müəllim, valideyn , indi də müstəqil jurnalist kimi təəssüratlarım ( IV yazı)
Qadındır müqəddəs,qadındır yüksək...
Təhsil, məktəb və müəllim əməyi haqqında uşaq, müəllim, valideyn , indi də müstəqil jurnalist kimi təəssüratlarım ( VIII yazı)
Tarixi şəxsiyyətlərin həyatından maraqlı faktlar (IVyazı)
Təhsil, məktəb və müəllim əməyi haqqında uşaq, müəllim, valideyn , indi də müstəqil jurnalist kimi təəssüratlarım ( VII yazı)
Əhməd bəy Ağaoğludan çox canıyanan bir dəyərləndirmə
Görmək istəyib-istəməməyimizdən asılı olmayaraq, Polis 24 saat bizi qoruyur
Henrix Heyne: “Biz amal uğrunda çarpışırıq, qəzetlər də bizim qalalarımızdır” – XI yazı
Sayın Ərdoğana TƏBRİK
Fəvvarələr meydanından Azad qadın heykəlinə qədər düşünün - I yazı
Yazarlar