H.Heyne: “Biz amal uğrunda çarpışırıq, qəzetlər də bizim qalalarımızdır” – XIV yazı
Azərbaycanlı bir xanımın sosial şəbəkələrdə əndazəyə sığmayan təklifi yer almışdı. Xanım yazmışdı ki, onunla ailə qurmaq istəyən şəxs gərək əvvəlcədən onun indi yaşadığı firavanlıqdan daha firavan yaşadacağını sübut etməlidir...
Biri ekranda ər axtarır, biri gənc qadının ayaqlarına yıxılır ki, lazım gəlsə, onun üçün ailəsini də atar.
Bax, bizim ailə-sevgi dəyərləri belə alt-üst edilir. Aşınmalara məruz qalır. Ay qardaşlar, siz hara aparırsınız bu cəmiyyəti?
Axı belə həyat xoşbəxtlik, qadın səadəti demək deyil. Lap üzüyünün qaşı firuzədən olsun, dəyəri milyonlarla ölçülsün, yenə səadət bu deyil. Ailə səadəti, qadınlıq səadəti tarixən bizə dəd-babalardan qalmış dəyərlərdədir. Sahib çıxa bilməsək, günahkar yenə özümüz olacağıq.
Biz ideoloji mübarizəmizi mütləq A-dan Z-yə yenidən qurmalıyıq. Avropadan maşın və texnologiyalar gətirə bilərik, amma onların həyat tərzi bizi simasızlığa doğru aparır. Biz ata-babalardan miras qalmış öz modelimizi yaşatmalıyıq. Mətbuatın, ədəbiyyatın, sənətin vəzifəsi bu olmalıdır.
Bütün ictimai məzmunlu yazılar insanların əlindən tutub mənəvi gözəlliklərə bələdçilik etməlidir, əza həzzinə yox. 40-50 il bundan əvvəl necə gözəl dəyərlərimiz, ailə-qohumluq münasibətlərimiz vardı, məclisdə, ictimai yerlərdə davranış tərzimiz vardı, getdikcə qeyb olur. Mətbuat, televiziya bunu görmürmü?
Özəl kanallar aktual bir problemi müzakirəyə çıxarıb onu müfəssəl aydınlanmalarla müzakirə edə bilmir. Çünki əksər verilişləri aparanların peşəkarlıqları yoxdur, Televiziyadan peşəkarlarımızı uzaqlaşdırıb efiri, ekranı veriblər belələrinin ixtiyarına. Beynəlxalq Universitetin jurnalistika fakültəsini qurtarandan söhbət getmir ha. Şou verilişləri aparırlar, amma bir də görürsən, layihələrinin ampulasından çıxıb xlestakovçuluq etməyə başlayırlar. Yerlərdə bu qədər sosial problemlər var, gedin çıxarın üzə və hər qaldırdığınız problemin həllinə nail oluncaya qədər laqeyd məmurlardan əl çəkməyin. Amma bunlar ən yaxşı halda, bir dəfə göstərib, digərlərini səsəkəyə salırlar, vəssalam. Özlərini reytinqləndirirlər.
Mətbuat, televiziya bu gün izləyicisinin, oxucusunun intellektual səviyyəsindən geridə qalıb. Oxucusunun, izləyicisinin görə , eşidə bildiyi nədənlərin etiologiyasını incələyib orytaya qoya bilmir, başı şou mövzuları ilə qatır. Ona görə də gündəlik həyatımızda əxlaq, davranış tərzindəki eybəcərliklərdən, şikəstliklərdən qaynaqlanan hadisələr daha üstünlük təşkil edilir. Cəmiyyətin davamlılığın zəmanəti olan ailə kimi zəruri bir institutun gündə bir kərpici sökülür, pozulan nikahların sayı artır, nikahdankənar doğulan uşaqlar, azyaşlıların dünyaya övlad gətirməsi, yeni doğulmuş körpələrin küçələrə atılması, təcavüz hadisələri, ailə tərəfləri arasındakı xəyanətlər utanc hadisələr ciddi qınaq, təhdid olmayan bir mühitdəki kimi şaxələnməkdədir.
Son günlər iki qazinin həbsi ilə bağlı məlumat verildi. Bir qazi döyüşlərdə yaralanıb, 3 medala layiq görülüb. Bu döyüşlərə qədər etdiyi hüquqpozma əməlinə görə indi məsuliyyətə cəlb olunub, həbs edilib. Digər həbs edilən hərbçimiz isə mayor Kazımov Ziya Məhəddin oğludur: 19 il müddətində Azərbaycan Silahlı Qüvvələrinin tərkibində xüsusitəyinatlı, snayper və kəşfiyyatçı komandir kimi qüsursuz xidmət edib. Hadruta ilk daxil olan həmlə taborunun komandiridir. 7 medalla təltif olunub. Bu, Ali Baş komandanın böyük Zəfərlə məntiqləşmiş hərb strategiyasından tamam uzaq bir yanaşmadır.Cənab Prezident bütün çıxışlarında hərbçilərimizə böyük hörmət və etimadını ifadə edir. Belə insanları həbs etmək olarmı? Cəmiyyətin bu məsələlərə münasibətini bilirsinizmi, onların narahatçılıqlarına son qoyan münasibət niyə yoxdur ?
Bütün bu məsələlər dövlətimizin nüfuzun zərbə vurmadan həllini tapmalıdır. Həm qanunun aliyi əsas götürülməlidir, həm də bu alilikdə xalqın inamı, etimadı sarsılmamalıdır.
Mətbuat, televiziya maariflədiricilik vəzifəsini yerinə yetirməklə bərabər cəmiyyətdə, insanlar arasında mövcud olan fikir və baxışları öyrəməli, ümumiləşdirməli, dövlətiçiliyimizin ali maraqlarını qorumaqla cəmiyyəti bu dəyərlərə bağlamalıdırlar. Dövlət və xalq arasındakı bağlılığa əngəl ola bilən hansısa hallar, problemlər varsa, bunu aidiyyətin qurumların diqqətinə çatdırmalı və tam həllinə qədər qələmi və sözü ilə mübarizəsini davam etdirməlidir. Başqa sözlə, mətbuat qanuna və ümumi mənafeyə zidd hərəkətlər, mənfi meyillər, səhv baxışlar görürsə, eşidirsə, bilirsə, bunları doğru yönləndirməli, dövlətin mövqeyini bildirməli, buna təşviq etməli, xalqın vəkili olmaqla dövlətçiliyimizin qorunmasına xidmət etməlidir.
Ən pis dövlət belə, dövlətsizlikdən yaxşıdır. Bir ailənin hüdudlarında kiçik dövləti idarə etmək nə qədər çətindirsə, 10 milyndan artıq əhalisi olan bir ölkəni idarə etmək, ondan da qat-qat çətindir. Bu mövzuda biz əvvəllər də yazmışıq. Bu yazımız isə daha bir silsilə yazı oldu.Feysbuk səhfəsində də hər zaman məni narahat edən problemlər, yanlış mövqelər barəsində həmişə fikir bildirmişəm.
Bütün bunlar daha çox cəmiyyət arasında fəaliyyətləri heç də birmənalı qarşılanmayan mətbuat, bəzi özəl kanallar, internet televiziyaları barədə olub. Amma mən ittiham etmək, mövcud nailiyyətləri arxa plana keçirmək məqsədilə heç vaxt düşünmədim, heç vaxt yazmadım.
Cəmiyyətdə müşahidə etdiyim və fəal vətəndaş mövqeyi bildirmək istədiyim məsələlər olub, bunları ictimailəşdirmək istəmişəm ki, hansı məsələyə kimlərin məsul olduğu bilinsin və bu məslələrin öz ölkəmizdə, öz qanunlarımız əhatəsində həll təmin edilsin.
Cənab İlham Əliyevin illərdir apardığı siyasətin diapozuna fikir verin, hamısı qlobal dünyada ciddi rezonans doğurmuş Beynəlxalq layihələr, Əməkdaşlıq müqavilələri, Protokollar və s. Bütün dünya İlham Əliyevin liderlik məharətindən danışır.
Bəs necə ola bilər ki, öz ölkəmizdə məmurlardan narazı düşmüş insanlar yolları bağlasınlar, binanın yuxarı mərtəbəsindən atmağa cəhd etsinlər; Milli Məclisin, nazirlik, komitə və digər yüksək qurumların qarşısında toplaşınlar, qarşıdurmalar baş versin və s. bunlar olmamalıdır. Olmaması üçün isə hər məmur cənab Prezidentin kursuna sədaqətlə xidmət etməlidir.
Hesab edin ki, bunların heç biri baş vermir. Kiçik istisnalarla ölkədə əmin-amanlıqdır, bu cür hadisələrin heç biri baş vermir, demokratiya, aşkarlıq tam bərpa olunub. Hər kəs öz vətəndaşlıq borçunu yerinə yetirir, məmurlar da Prezidentin tapşırdığı kimi xalqın qulluğunda. Görün, onda bizim ölkənin uğurları necə möhtəşəm olar. Prezident İlham Əliyev dünya siyasət meydanında daha ötkəm olar.
Bu sarıdan camiyyətdə mövcud problemlərin aşkarlanması, neqativ meyillərə qarşı sözün, qələmin mübarizəsi hər zaman vacibdir.
Cənab İlham Əliyev 21 iyul 2015-ci ildə Milli Mətbuatın yaradılmasının 140 illiyi münasibətilə Mətbuat Şurasının İdarə Heyətinin üzvləri ilə görüşündə demişdir:
…Bizim mətbuatımız ölkədə gedən müxtəlif proseslərlə bağlı operativ məlumat verir. Onu da qeyd etməliyəm ki, bir çox hallarda ölkədə, misal üçün, hər hansı pozuntular baş verdikdə, qüsurlar olanda, yaxud da, hər hansı bir xoşagəlməz vəziyyət yarananda mən məlumatı, o cümlədən mətbuatdan əldə edirəm. Bu, mənim üçün də çox əhəmiyyətlidir. Çünki yəqin, siz də bilirsiniz ki, Prezidentin hadisələrlə bağlı bilavasitə mətbuata çıxışı yoxdur, vasitəçilər, köməkçilər, administrasiya işçiləri, digər mənbələr var. Ona görə, bəzi hallarda məlumat ya gecikir, ya gəlmir, ya da, o da sirr deyil ki, məlumatı gizlətmək istəyirlər. Ona görə, Azərbaycanda azad mətbuatın mövcudluğu mənim də işimi yüngülləşdirir. Administrasiyada, digər yerlərdə, digər strukturlarda işləyənlər bunu bilirlər ki, mən bəzi hallarda məlumatı onlardan tez əldə edirəm və dərhal reaksiya verirəm. Ən azı, bu, yoxlanılmalıdır, əgər həqiqətdirsə ölçü götürülməlidir. Ona görə, sizin işiniz mənim üçün də çox dəyərlidir, əhəmiyyətlidir və mən bunu yüksək qiymətləndirirəm…
…Ölkədə sosial ədalətsizlik halları var. Məmur özbaşınalığı halları, digər xoşagəlməz hallar - korrupsiya, rüşvətxorluq, insanların hüquqlarının pozulması halları var. Əlbəttə, biz bütün bunları bilməliyik və reaksiya verilməlidir. Əgər reaksiya verilməyəcəksə, o pozuntuları törədənlər daha da böyük pozuntular törədəcək. Ona görə, mətbuatın burada nadir rolu var. Mən bunu sizə çox səmimi şəkildə deyirəm və sizdən xahiş edirəm, bu sahədə öz fəaliyyətinizi gələcəkdə də davam etdirəsiniz ki, həm ictimaiyyət, həm o pozuntuları edən məmurlar bilsinlər ki, heç bir yanlış hərəkət reaksiyasız qalmayacaq.
Son vaxtlar Bakının hər hansı bir yerində əgər bir ağac kəsilirsə dərhal qəzetlərdə, internet saytlarında bu barədə məlumat gedir. Dərhal reaksiya verilir və ölçü götürülür. Digər sahələrdə də, həmçinin. Mən dəfələrlə həm iş adamlarına, həm, ümumiyyətlə, vətəndaşlara müraciət etmişəm ki, əgər hər hansı bir ədalətsizlik, qanun pozuntusu, özbaşınalıq baş verirsə, dərhal reaksiya verin. İndi bu reaksiyanı vermək üçün kifayət qədər imkanlar var. Azərbaycanda internet şəbəkəsi geniş yayılıb. Əhalinin 75 faizi internet istifadəçisidir. Biz indi hər bir yaşayış məntəqəsinə genişzolaqlı internetin çəkilişini təmin etməyə çalışırıq.
Ona görə, mən bir daha qeyd etmək istəyirəm ki, bu sahədə hələ görüləsi işlər çoxdur. Şəxsən mənim üçün mətbuat burada çox gözəl dəstəkçi rolunu oynayır. Əminəm ki, gələcəkdə biz bu əməkdaşlığı davam etdirəcəyik.
Azəbaycan İlham Əliyevin qətiyyəti və böyük liderlik qabiliyyəti ilə tarixin Azərbaycanın əleyhinə gedən təkərini dayandırdı. Ermənilərin Azərbaycan ərazisinə köçürülməyə başlandığı iki əsrdən artıq müddətdə bunların qabağına keçən olmayıb. Onlar da zaman-zaman torpaqlarımızı hissə-hissə ələ keçiriblər. Dünya "münaqişənin güc yolu ilə həll variantı yoxdur” deyib, amirlik göstərmək istədisə də, ortaya əməli heç nə qoya bilmədi. Azərbaycan Prezidenti İlham Əliyev ölkəmizin işğaldan azad edilməsini müharibə ilə deyil, beynəlxalq hüququn imkanları ilə həll etməyə çalışırdı. Amma dünya ikili standartlarından əl çəkmək istəmirdi. Ermənistan isə bu ərkəsöyünlükdə daha yırtıcı iştahlara düşürdü.
2020-ci ilin 12 iyul tarixində günorta saatlarından başlayaraq Ermənistan Silahlı Qüvvələri Azərbaycan Dövlət Sərhəd Xidmətinin Tovuz rayonunda yerləşən mövqelərini artilleriya qurğularından atəşə tutdu. Bu, görünməmiş həyasızlıq və irtica idi.
Onda Cənab Ali Baş Komandan öz torpaqlarının toxunulmazlığını, sərhədlərinin bütövlüyünü bərpa etmək üçün beynəlxalq qanunların verdiyi hüquqdan istifadə edərək əks -hücum əməliyyatlarına qərar verdi. Sentyabrın 27-də başlayan bu əməliyyatda Milli Ordumuz möhtəşəm qələbələr qazanaraq 44 gün ərzində Hərb tarixinə Qarabağ Zəfəri səhifəsini həkk etdi.
Qarşıda daha məsuliyyətli, daha gərgin vəzifələr durur. Ordumuzun müdafiə qabiliyyəti hər an inkişaf etdirilməli, sülhə böyük zəmanət yaradılmalı, dağıdılmış rayonlarımıza yeni həyat gətirilməlidir. Bunlarla yanaşı, Bu zəfər uörunda döyüşmüş, şəhid olmuş əsgər və zabitlərimizə bir Ümumxalq sevgisi formalaşdırmalıyıq, qalib xalqı Prezidentimizin rəhbərliyi altında bərpa-quruculuq işlərinə cəlb etməliyik.
Ümid edirik və inanırıq ki, ideoloji cəbhədə qəzetlər və televiziya, həqiqətən, bizim qalalarımıza çevriləcək və bu amal uğrunda çarpışacaqdır.
Son
Oxşar postlar:
- Henrix Heyne: “Biz amal uğrunda çarpışırıq, qəzetlər də bizim qalalarımızdır” – XI yazı
- Henrix Heyne: “Biz amal uğrunda çarpışırıq, qəzetlər də bizim qalalarımızdır” – VI yazı
- Henrix Heyne : “Biz amal uğrunda çarpışırıq, qəzetlər də bizim qalalarımızdır” – IV yazı
- Henrix Heyne : “Biz amal uğrunda çarpışırıq, qəzetlər də bizim qalalarımızdır” – II yazı
- Henrix Heyne : “Biz amal uğrunda çarpışırıq, qəzetlər də bizim qalalarımızdır” – I yazı
- Oxunub: 106
- Şərhlər: 0
- Bölmə: Baş redaktor
Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.
Ən çox oxunanlar
Təhsil, məktəb və müəllim əməyi haqqında uşaq, müəllim, valideyn , indi də müstəqil jurnalist kimi təəssüratlarım ( IV yazı)
Qadındır müqəddəs,qadındır yüksək...
Təhsil, məktəb və müəllim əməyi haqqında uşaq, müəllim, valideyn , indi də müstəqil jurnalist kimi təəssüratlarım ( VIII yazı)
Tarixi şəxsiyyətlərin həyatından maraqlı faktlar (IVyazı)
Təhsil, məktəb və müəllim əməyi haqqında uşaq, müəllim, valideyn , indi də müstəqil jurnalist kimi təəssüratlarım ( VII yazı)
Əhməd bəy Ağaoğludan çox canıyanan bir dəyərləndirmə
Görmək istəyib-istəməməyimizdən asılı olmayaraq, Polis 24 saat bizi qoruyur
Henrix Heyne: “Biz amal uğrunda çarpışırıq, qəzetlər də bizim qalalarımızdır” – XI yazı
Sayın Ərdoğana TƏBRİK
Fəvvarələr meydanından Azad qadın heykəlinə qədər düşünün - I yazı
Yazarlar