Henrix Heyne : “Biz amal uğrunda çarpışırıq, qəzetlər də bizim qalalarımızdır” – IV yazı
Cinsi azlıaqlardan tutmuş flört edənlərə qədər hər kəsdən yazın. Ağ -qara filmlərin məşhur qəhrəmanı, 2 dəfə Oskar mükafatçısı Ç.Çaplinin qadın düşkünü olmasından, həyatı boyunca 2000 qadınla yatmasından da yazın. Amerika musiqi tarixində albomları ən çox satılan qadın müğənnilərdən biri olmuş, hətta şöhrət yükünün öhdəsindən gələ bilməyən Britney Spearsin seksə hədsiz marağından da yazdın. Onun bipolyar pozğunluğundan, keçmiş həyat yoldaşı Kevin Federline ilə tez-tez seks marafonu təşkil etdiyindən, qrup orgiyaları keçirdiyini də unutmayın.
Məşhur mədəniyyət simvolu Marilyn Monroenun alkoqol və uyuşdurucuya sığınmasından bir az da yazın. Nyu-Yorkda "Z 100 Jinqle Ball” konserti zamanı kubalı -amerikalı müğənni Camila Cabellonun pırıl-pırıl parlayan pantalonunun səhnədə ikən partlamasılndan da yazın. Məşhur aktrisa, "Oskar” mükafatı laureatı, üç dəfə "Qızıl qlobus" mükafatının sahibi, iki dəfə ABŞ aktyorları arasında "Hildiya” mükafatının qalibi, BMT–nin xoşməramlı səfiri Angelina Çolinin sevgilisi Brad Pittinin evin dayəsinə özünü masaj etdirərkən üstlərinə çıxmasından da yazın. Eynicinslilərin evlənməsinə icazə verən ölkələrdən, eybəcər, insanlığa sığmayan toy adətləri olan tayfalardan yazın.
Kimdən, nədən istəyirsiniz yazın... Üsullu yazın, üsulsuz yazın.
Dünyanın heç də gözəl olmayan ən gözəl eybəcərlərini siz dünya gözəllik yarışmasının qalibləri etdiniz; yaraşıqlı, amma pillu odun parçalarını təki imkanlı olsun deyib, vətən mülkünü erməni işğalçılarından təmizləmiş igidlərimizin fövqünə siz qaldırdınız. Açıq-gizli intim münasibətlərə baş vuranların - ərlərin,qadınların xəyanətini "eşq” , "sevgi” kimi cəmiyyətə siz qəbul etdirdiniz, leksik mühit yaratdınız. Söyunub çimərlikdə, yataqda, rəqs edəndə, nə bilim harda poza verənləri "ulduz” , "məşhur” deyib ictimai mühitə siz adaptasiya etdirdiniz, daha heç kim utanmır. Dediniz plastikadır, sənətdir, bədənin dilidir...
Yetər artıq.
"İtə ataram, yada satmaram” deyən Sona kimi qadınlarımızı, 20 Yanvar qətliamında intihar edən Fərizəmizi, onun ermənilərin əlinə düşməmək üçün qayalardan özlərini atan rəfiqələrini, aprel döyüşlərində şəhid olmuş oğlu Qalib Orucəliyevin tabutunu çiyinlərinə götürmüş Nuriyyə xanımı, şəhid oğlu Cavidin nəşini çiyinlərinə götürmüş Səkinə ananı, Qubadlıya ilk Azərbaycan bayrağını sancmış şəhid Röyal Cəfərovun tabutunu son mənzilə çiyinlərində yola salmış Firuzəmizi, Şərurda şəhid qardaşı və həyat yoldaşını beləcə əbədiyyətə yola salmış Narıngül gəlinimizi yazılarınıza ideal olaraq seçə bilmirsinizsə; sizi izləyən tamaşaçıya, oxucuya hər yazınızla milli təəssübkeşliyi, qəhrəmanlığı, sadəliyi, təvazökarlığı, böyüyüə hörməti, kiçiyə qayğını, sevgiyə, ailəyə sədqəti əxz etmirsinizsə, qələminizi dincə qoyun, ekranlarınızı qapadın.
Ölkə başçısı bütün çıxışlarında şəhidlərimizin, döyüşən qəhrəmanlarımızın adını ehtiramla dilə gətirir, böyük Zəfər üçün onlara borclu olduğumuza hər birimizdə bir ehtiram, minnətdarlıq duyğusu yaradır. Amma bizim mətbuatımız, özəl telekanallarımız nə müharibənin qızğın çağlarında, nə də indi şou psixologiyasından əl çəkmək istəmir. 3 minə yaxın şəhidi olan ölkənin mətbuatında bu vəzndə, bu çəkidə şit, bayağı, gərəksiz nələrsə paylaşılmamalııdr.
...Onsuz da dünyanın mazaratı çoxdan çıxmağa başlayıb. 1985-ci ildən başlayan aşınmalar getdikcə həm eninə, həm dərininə imkişaf etməkdədir. Amma bizim babalardan yadigar qalmış ailə -əxlaq dəyərlərimiz var ki, Şəkidəki Xan sarayı kimi mükəmməl yaradılmışdır. Mən, Xan sarayında 50 il bundan əvvəl şagird ikəın olmuşam. 18-ci əsrə aid 30 metr uzunluğa malik olan bu ikimərtəbəli saray 6 otaq, 4 dəhliz və iki güzgülü eyvandan ibarətdir. Muzey əməkdaşının məlumatına görə, bu əzəmətli binada mismar və yapışqandan istifadə edilməmiş, ağac və şüşə parçaları bir- birinə geyindirilmişdir. Fikir verirsinizmi, üstündən 2 əsrdən artıa vaxt ötür, amma bina hələ də müəyyən restavrasiyalarla mədəniyyətimizi daha uzaq əsrlərə aparacaqdır. Demirəm ki, Bakıda çoxmərtəbəli binaları istifadəyə verəndən fasad divarları, balkonların 9 hissə qum, bir hissə sementlə suvanmış üzlüyü qoparaqlanıb tökülür, elə bil 50 il öncə tikilmiş binadır. Demək istədiyim odur ki, can yandırılaraq və ürəklə qol qoyularaq yerli təbii materiallardan və xalq memarlığından istifadə ilə ucalan bu saray əsrlərin sınağına, tufana, yağışa,xəyanətə, xəbis gözlərə davam gətirib əzəmətini qoruya bilmişdir. Ailə dəyərləri də belədir. Kim idi axmaq-uxmaq yerlərdən qız axtaran, qız seçən, belinə qədər razrezli don geyinən qızı gətirib gəlin edən.
Oğul evləndirən, qız köçürən ailənin özünün bir dəyərləri vardı, elin-obanın bir dəyəri vardı, gərək bunlar bir-birlərini tamamlayadı. Çox nadir istisnaları saya almasaq, tamamlayırdı da. Qohum-qardaş yığılışıb qız bəyənirdilər, qız seçirdilər. Cürbəcürə müxtəlif ayinlər keçirilirdi. Bunlar gəncləri, qohum tərəflərinin münasibətlərini, məsuliyyət və cavabdehliyi qarşılıqlı olaraq Xan sarayındakı kimi elə bənd edirdi ki, bir-birinə. Bəs sonradan iblis necə soxula bildi içimizə?
Aşağıdakı şəkil 2017-ci ilda baş vermiş bir əhvalatla bağlıdır. Nə iştirakçılar məlum deyil, nə də bizimlə heç bir aidiyyəti yoxdur. Təqdir olunacaq hadisə deyil, yenilənmək, zənginləşmək üçün heç bir məzmun kəsb etmir. İndi bir ekspert, sosioloq buyursun bu informasiyanın xəbər, məlumat tutumunu mənə izah etsin.
Hələ demirəm ki, 3 minə yaxın şəhidimiz var. Bu təkcə 3 min ailədə olan hüzr deyil, bütün Azərbaycanda olan hüzrdur.
Hələ də istər 1-ci Qarabağ müharibəsindən, istərsə də 44 günlük müharibə nəticəsində barələrində dəqiq məlumat olmayan mülki şəxslərimiz var, əsgər və zabitlərimiz var. Onların əzizlərinin, yaxınları və qohumlarının gözü itikçidir. Hər televizor, radio açılanda diqqət kəsilirlər ki, gərək yaxınlarından nə eşidəcəklər. Özləri internet resurslarına, müxtəlif portal və informasiya agentliklərinin səhifələrinə baş vururlar ki, özü də dəfələrlə əzizlərindən bir soraq tapa bilsinlər. Allah hamının gözlədiyini gətirsin. Amma onlar özəl telekanallarda, sosial şəbəkələrdə, saytlarda sanki başqa dünyanın məkanına düşürlər: elə bil bu ölkədə müharibə getmir, elə bil ölənimiz-itənimiz yox... Elə bil "Nizami” kinoteatrında "Sevgi romanı” filminin qala gecəsinə getmək üçün hazırlıq görür, Tolik özünü öyür, Manaf arb-yə sirrini açır və s.
Nə əhəmiyyət kəsb edir İndoneziyada olmuş bu əxlaqsız hərəkəti tapıb günümüzə gətirilər.
Xəbərdə deyilir ki, əmin süjeti çəkib paylaşan şəxs axtarılır, məsuliyyətə cəlb etmək üçün. Bəs biz belə zərəli məlumatları necənci əl olaraq payaşmaqla özümüz də suç işlətmirikmi?...
Və yaxud indi təqdim edəcəyimiz şəkil. Bu xəbər mənim qarşıma çıxanda sərlövhəni oxuyan kimi fikirləşdim ki, qələbə çalsaq da , ürəkdən gülə bilmirik. Kimdir bu belə qayğılı günümüzdə belə məşhur parkda heç nəyə məhəl qoymayan. Axı Xətai rayonunun ərazisində də bu adla böyük bir park var: "Luna Park". Nobel prospektində yerləşən və Nizami adına Mədəniyyət və İstirahət Parkı adlandırılmış bu ərazi uzun illər şəhər sakinlərinin məmnunluqla istirahət etdiyi yerlər olub. Sonra bir qrup işbaz bilərəkdən bu ərazini gözdən saldılar. Bu ərazini parça-parça bölərək icarəyə verdilər, öz maraqlarını təmin etdilər və "Nizami ” parkının adını da dəyişib etdilər "Luna Park".
Bu il dünyaşöhrətli Nizami Gəncəvinin anadan olmasının 880 illiyidir. Cənab İlham Əliyev 2021-ci ili "Nizami ili” elan edib. Böyük düha özü əbədi qalacağına hər zaman inanmışdır. Şair demişdir:
Yüz il sonra sorsan bəs o hardadır,
Hər beyti söyləyər: "Burda, burdadır!”.
Azərbaycana dümya şöhrəti qazandıran bir şairin adını daşıyan bir park necə olur "Luna Park" ola bilir?
Biz bu yeri xalqımızın ədəbiyyat və sənət bayramlarının keçirildiri yer kimi qorumaqdansa, öz korporativ maraqları üçün əyləncə parkına çevrilməsinə göz yumduq.
Diqqət edin: xəbərdə hadisə Amerikanın Karolina ştatındakı "Luna Park” da baş versə də, bu informasiyanı işləyib hazırlayanlar sərlövhə kimi seçəndə məhz reytinq naminə izləyici cəlb etmək üçün oxucularının bu parkı ilk baxışda Nobel prospektindəki "Luna Park" kimi xəyal edəcəklərinə tam əmin olub. Biz adı ilə dünya ədəbiyyatı, dünya mədəniyyətinə təqdim edildiyimiz böyük Nizami Gəncəvinin adını öz qələmimizlə qoruya bilmirik, bu da azmış kimi, dolayısı ilə bu adın "Luna Park" kimi tanınmasına xidmət etmiş oluruq.
Bu gün təkcə Xarici İşlər Nazirliyi, Sosial Tədqiqatlar Mərkəzi deyil, eyni zamanda qeyri-hökumət təşkilatları, kütləvi informasiya vasitələri, qələm və sənət adamları da ideoloji mübarizəmizə xidmət etməlidir.
İstər ön cəbhədə qazanılacaq qələbələr üçün, istərsə də arxa cəbhədə xalqın döyüşən ordu ilə əlaqələrini canlandırmaq kütləvi informasiya vasitələrinin, sənət və ədəbiyyatın birbaşa vəzifəsidir. İctimai fikirli adamları hər zaman bu şərtlərə xidmət etməli, sülhün həyatımızdakı rolunu mənalandırmalı , insanlarda sülh üçün dərk edilmiş bir qədirşünaslıq formalaşdırmalıdır.
Müharibə dövründə bu fəaliyyət daha ardıcıl və geniş olmalıdır. 30 ildir ki, biz müharibə şəraitində yaşayırıq. Belə vəziyyətdə kimliyindən asılı olmayaraq hər bir kəsin vəzifəsi milli ruhu yaşatmaq, Vətənimizi, dövlətçiliyimizi qorumaq olmalıdır. Əsgərlərimiz ön cəbhədə öz borclarını şərəflə yerinə yetirdilər. Əleyhdarlarımız paxıllıqdan dinməsələr də, danışmasalar da, Milli Ordumuz hərb tarixinə yazılacaq nəticə göstərdilər. İdeoloji cəbhədə isə bir passivlik hökm sürdü.
Mətbuat səhifələrindən, televiziyadan cəngi sədaları eşidilmədi. Adətən, müharibə bitəndən sonra da poeziyanın hərblə davası davam edər, amma biz döyüş ərəfəsində bunun şahidləri olmadıq. Bu müharibənin informasiya savaşı da cənab Ali Baş Komandanın üzərinə düşdü.
Cənab Ali Baş Komandan həm cəbhədəki uğurları təmin etdi, ölkənin etibarlı müdafiəsini təmin etdi, həm də xarici və yerli telekanallara, məşhur informasiya agentliklərinə müsahibələr verərərək Azərbaycanın haqq səsinin dünyaya çatdırdı. Məntiqli və sərrast cavabları ilə ölkəmizə qarşı koalisiya yaratmaq istəyən əleyhdarlarımızı məkirli niyyətlərindən çəkindirməyə vadar etdi. Məhz bu ərəfədə diplomatik sahədə və informasiya müharibəsindəki uğurlarımız Qarabağın işğaldan azad edilməsi uğrunda gedən qanlı döyüşlərdə qələbəmiz üçün müstəsna əhəmiyyət kəsb etdi.
Davamı var...
Oxşar postlar:
- Henrix Heyne : “Biz amal uğrunda çarpışırıq, qəzetlər də bizim qalalarımızdır” – III yazı
- Henrix Heyne : “Biz amal uğrunda çarpışırıq, qəzetlər də bizim qalalarımızdır” – II yazı
- Henrix Heyne : “Biz amal uğrunda çarpışırıq, qəzetlər də bizim qalalarımızdır” – I yazı
- İndi əksər sevgilərdə romantiklikdən daha çox əza həzzi var (II yazı)
- Bir az yumorlu , bir az da maraqlı məlumatlar
- Oxunub: 266
- Şərhlər: 3
- Bölmə: Baş redaktor
Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.
Ən çox oxunanlar
Təhsil, məktəb və müəllim əməyi haqqında uşaq, müəllim, valideyn , indi də müstəqil jurnalist kimi təəssüratlarım ( IV yazı)
Qadındır müqəddəs,qadındır yüksək...
Təhsil, məktəb və müəllim əməyi haqqında uşaq, müəllim, valideyn , indi də müstəqil jurnalist kimi təəssüratlarım ( VIII yazı)
Tarixi şəxsiyyətlərin həyatından maraqlı faktlar (IVyazı)
Təhsil, məktəb və müəllim əməyi haqqında uşaq, müəllim, valideyn , indi də müstəqil jurnalist kimi təəssüratlarım ( VII yazı)
Əhməd bəy Ağaoğludan çox canıyanan bir dəyərləndirmə
Görmək istəyib-istəməməyimizdən asılı olmayaraq, Polis 24 saat bizi qoruyur
Henrix Heyne: “Biz amal uğrunda çarpışırıq, qəzetlər də bizim qalalarımızdır” – XI yazı
Sayın Ərdoğana TƏBRİK
Fəvvarələr meydanından Azad qadın heykəlinə qədər düşünün - I yazı
Yazarlar