» » Henrix Heyne : “Biz amal uğrunda çarpışırıq, qəzetlər də bizim qalalarımızdır” – I yazı

Henrix Heyne : “Biz amal uğrunda çarpışırıq, qəzetlər də bizim qalalarımızdır” – I yazı

Henrix Heyne : “Biz amal uğrunda çarpışırıq, qəzetlər də bizim qalalarımızdır” –     I yazı

Mətbuat həyatın güzgüsüdür. Dünyada gözlə görünən-görünməyən nə varsa, hansı proses gedirsə, insanlar bu prosesdə necə iştirak edirsə, bunlar hamısı kütləvi informasiya vasitələrində əks etdirilir. Kütləvi informasiya vasitələri bir tərəfdən insanları maarifləndirir, bir tərəfdən də küll halında həm cəmiyyətin, həm də insanların bədii, fəlsəfi, siyasi, sosioloji, iqtisadi, əxlaqi, dini baxışlarını qoruyur, nizamlayır və saflaşdırır.
XIX əsr alman şairi və jurnalisti Henrix Heyne mətbuatın cəmiyyət, insanlıq qarşısındakı dəyərini daha obrazlı ifadə etmişdir: "Biz amal uğrunda çarpışırıq, qəzetlər də bizim qalalarımızdır”.
Amerikalı publisist, XVIII - XIX əsrlərdə zənci köləliyinin ləğvi uğrunda ictmai hərəkatın lideri Vendel Fillips də deyib ki, bizi idarə edənlər hökumətlər və qəzetlərdir. Bu baxımdan kütləvi informasiya vasitələrinin " dördüncü hakimiyyət ” adlandırılması heç də təsadüfi deyildir.
Çünki mətbuat cəmiyyət və dövlət arasındakı münasibətlərin nizamlanmasında, qorunmasında çox böyük təsir gücünə malikdir.
Ölkə başçısı cənab İlham Əliyev 20 iyul 2017-ci ildə jurnalistlər üçün tikilmiş növbəti binanın açılışında bunu çox səmimi ifadə edib:
…Sizə deyə bilərəm ki, mən bəzi hallarda hansısa xoşagəlməz hadisə ilə bağlı məlumatı mətbuatdan əldə edirəm. Düzdür, mənə müxtəlif mənbələrdən hər gün müxtəlif məlumatlar gəlir. Yəni, əlbəttə ki, mənə həm xarici, həm daxili siyasətlə, həm də təhlükəsizlik məsələləri ilə bağlı əsas məsələlər məruzə edilir. İnsanları narahat edən məlumatlar haqqında mən mətbuatdan da xəbər tuturam, dərhal reaksiya verirəm. Dövlət məmurları və yaxud digər şəxslər, qüsurlara yol verən şəxslər bilirlər ki, Azərbaycanda söz və mətbuat azadlığı imkan verməyəcək ki, onlar işdə hansısa qüsurlar buraxsınlar. Ona görə jurnalistlər bəlkə də özləri də bilmədən mənim köməkçilərimdir. Buna görə də mən sizə minnətdaram. Əminəm ki, siz gələcəkdə də bütün cəmiyyəti narahat edən, incidən məsələlər haqqında yazacaqsınız, harada hansı ədalətsizlik var, qanunsuzluq var, dərhal operativ reaksiya verəcəksiniz, cəmiyyətin və dövlət orqanlarının diqqətini bu məsələlərə cəlb edəcəksiniz".
Bəs bu gün vəziyyət necədir: mətbuat, televiziya ictimai məzmunu fikrin, ideologiyanın Heynenin dediyi kimi, istinadgahı ola bilirmi? Ölkə başçısının buyurduğu kimi "cəmiyyəti narahat edən, incidən məsələlər haqqında yazırlarmı, onlara məlum olan ədalətsizlikləər, qanunsuzluqlara, dərhal operativ reaksiya verirlərmi, cəmiyyətin və dövlət orqanlarının diqqətini bu cür neqativ hallara cəlb edirlərmi?”. Mənim fikrimcə,
nə televiziyamız, nə radiomuz, nə mətbuatımız, nə ədəbiyyatımız sovet dövrünün kütləvi informasiya vasitələri kimi dişli deyil, prinsipial deyil. Elə bir nümunə bilmirəm ki, ciddi məsələ olsun, mətbuat və yaxud televiziya bu məsələni işıqlandırsın, üstünə düşsün, ta müsbət həlli tapılana kimi həmin məsələ manşetlərdən düşməsin. Bizim mətbuat , sadəcə, məlumat verib keçir. Əgər mətbuatın vəzifəsi, sadəcə, faktı, hadisəni aidiyyəti qurumların diqqərinə çatdırmaqdırsa, bu, nə çətin işdir ki, elə şikayətçinin özü də bunu teleqramla həmin ünvana çatdıra bilər.
Mətbuat, televiziya insanların arzu və istəklərini, həllini mümkün edə bilmədiyi problemləri ictimailəşdirməli, həll olunana qədər həmin problemi diqqətdə saxlamalıdır. Belə olarsa, onda məsuliyyətsiz, işinin öhdəsindən gələ bilməyən məmur da əməlli-başlı dəyişər, üzərində məsuliyyət hiss edər. Böyük sərkərdə Napoleon deyərmiş ki, mən üç qəzetdən daha çox qorxuram, nəinki yüz min əsgərdən. Varmı bizm belə mətbuatımız?
Mənim yaşadığım General Şıxlinski küçəsinin illərdir nəqliyyat problemi var. Bu boyda ərazıyə 36 nömrəli 1 avtobus xidmət edir. Ərazinin sakinləri dəfələrlə aidiyyəti qurumlara müraciət etsələr də, tədbir görülməyib. 2 dəfə də və hər dəfə 100-ə yaxın sakinin imzası ilə Prezident aparatına yazmışıq. Məktub hər dəfə yerlərdə bu narazılıqların yaranmasına səbəb və cavabdeh olan məmurların üstünə göndərilib. Onlar da məsələni marşrut sahibinin istəyincə həll edib, yuxarı instansiyalara özlərini məsuliyyətdən xilas edən nəsə cavab yazırlar, problem isə problemliyində qalır. Hətta AzərTac-da, Real TV-də başqa ərazidə görülən işi 100 sakinin müraciəti ilə əlaqədar əraziyə aid görülmüş iş kimi nümayiş etdirildi.
Güzgünü sındırmaq lazım deyil, bu güzgüdə əyri görünənləri düzəltmək lazımdır. Həqiqət budur ki, bu gün ictimai fikirdə istər mətbuatımız, istərsə də telekanallarımızla bağlı narahat fikirlər mövcuddur. Türkiyəli yazıçı Murad Menteş deyir ki, sanki mətbuat sosial narazılıqlar məngənəsində qalmış insanların çoxalması üçün işləyir. Onların bir qədər də qorxaq , itaətkar, əsəbi və nevrotik varlıqlara çevrilməsinə səbəb olur.
İnsan bir söz deyirsə, ciddi bir fikir söyləyirsə, dedikləri, söylədiklərini havadan demir ki, özündən uydurub qoşmur ki. Bir problemin üstünü malalayıb gizlətmək yox, həll edib aradan qaldırmaq lazımdır.
Üstünü malalayıb keçəcəksinizsə, itən inamlar bir yana, həmin problemlər həll edilməyincə, hələ neçə dəfə daha eybəcər formada qarşıya çıxacaq. Amma hər televiziya kanalı, hər mətbu vasitə qarşılaşdığı, eləcə də ona göndərilmiş problemlərin hər birinin həllinə vəsilə ola bilsə, bu, bir tərəfdən insana qayğı, yüksək rifah, sabitlik və inkişaf üçün dövlət strategiyasına sədaqətli xidmət nümunəsi olacaq, həm də dövlətin idarə olunmasında idarəçilik mexanizmini, demokrotaiyanı təkmilləşdirəcək, insanların dövlətə inam və etimadını daha yüksək səviyyəyə qaldıracaq.
Bu gün bizim mətbuatda fəallıq yoxdur. Məsələn, Göyçay rayonundan, Zərdab rayonlarından əsgər ailələri ilə bağlı ciddi narazılıqlar edilir. Bu, mətbuatda edilir. Ya daha ali qurumlar məsələni obyektiv şəkildə dərhal araşdırıb tədbir görməli, ya da məlumat doğru deyilsə, həmin informasiyanı tirajlayan mətbu vasitəni doğru olmayan məlumata görə cavabdehliyə cəlb etməlidir. Çünki məlumat xəbər olaraq tirajlanır, bütün cəmiyyət xəbərdar olur ki, Tərtərin icra başçısı vətəndaşlara qarşı kobud rəftar edir. Əgər dərc olunandan sonra bu məlumat başlı-başına buraxılırsa, başqa sözlə,  həmin siqnala məhəl qoyulmursa,   bu, insanların ölkə başçısı Cənab İlham Əliyevin televiziyadan söylədiklərinə etmadı sarsıdır.

Henrix Heyne : “Biz amal uğrunda çarpışırıq, qəzetlər də bizim qalalarımızdır” –     I yazı

Cənab Prezident bu tövsiyə və tapşırıqları dəfələrlə edib: "Əsas odur ki, vətəndaşları narahat edən məsələlər öz həllini tapsın. Hər yerdə, hər bir dövlət məmuru, icra başçısı, bələdiyyə sədri, hər bir dövlət təşkilatında çalışan məmur vətəndaşlara xidmət etməlidir. Mən bunu dəfələrlə demişəm. Əfsuslar olsun ki, hər yerdə belə deyil, elə hallar var ki, vətəndaşları incidirlər, onların haqları tapdalanır, onların problemlərinə biganə yanaşılır. Bilirsiniz ki, mən vətəndaşlarla müntəzəm təmasda oluram. Mən vətəndaşlardan həm problemləri, həm də müsbət tərəfləri eşidirəm. Ona görə hər bir dövlət məmuru bilməlidir ki, onun başlıca vəzifəsi vətəndaşlara xidmət etməkdir və mənim də tələbim bundan ibarətdir. Ancaq buna nail olmaq üçün çox ciddi ictimai nəzarət olmalıdır. Ona görə insanları narahat edən məsələlər, harada ki, nöqsanlar, çatışmazlıqlar var, onlar deyilməlidir. Onlar müraciətdə öz əksini tapmalıdır ki, biz bunları həll edək. Əminəm ki, belə də olacaq. Bütün dövlət məmurları bilməlidirlər ki, onlar vətəndaşlara vicdanla xidmət etməlidirlər. Təyin edilmiş hər bir icra başçısının qarşısına qoyduğum birinci vəzifə bundan ibarətdir.”
Televiziya verilişlərini, ənənəvi mətbuat səhifələrini məqsədli olaraq izləsəniz, insanlar arasında narazılıq doğuran məsələlər, sosial problemlər barəsində daha çox özəl telekanallarda, sosial şəbəkələrdə, internet televiziyasnda məlumat verilir. Belə təəssürat yaranır ki, televiziya və mətbuat ancaq yüksəlişdən yazmalı, ərazilərdə abadlaşdırılacaq deyə aparılan söküntü prosesini, sakinlərdən alınan müsahibələri göstərməli, amma bunun sonra yerinə yetirilib-yetirilməməsini unutmalıdır. Bizim mətbuat, televiziya sanki cəmiyyətin deyil, ayrı-ayrı qurum və təşkilatların Mətbuat xidmətləridir, onların fəaliyyətlərinə informasiya dəstəyi verirlər.

Davamı var...

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz