» » Ay var 30-31 gündür, ay da var iki əsrə bərabərdir və yaxud tarix yaradan Şəxsiyyət

Ay var 30-31 gündür, ay da var iki əsrə bərabərdir və yaxud tarix yaradan Şəxsiyyət

 

Ay var 30-31  gündür, ay da var iki əsrə bərabərdir və yaxud  tarix yaradan Şəxsiyyət

 

   ....Ay var bir günə dəyməz,

 Gün var, min aya dəyər.
                         
- Nəyi necə, nə vaxt etmək lazımdır, bunu mən bilirəm. Azərbaycan xalqı mənə inanır. Mən də bu inama arxalanaraq bütün lazımi tədbirləri görürəm, ölkəmizi inamla idarə edirəm, bütün sahələrdə, o cümlədən hərbi quruculuq sahəsində.
   

İlham Əliyev,

Azərbaycan Respublikasının Prezidenti 

 

 

 Tarixən  Azərbaycan torpaqları müasir sərhədlərimizdən dəfələrlə  böyük  əraziyə malik olub. Bu  sərhədlər şimalda Dərbəndə, cənubda Həmədana, şimal-qərbdə isə indiki Gürcüstanın Borçalı mahalına qədər uzanırmış.  Ermənilərin indi məskunlaşdığı torpaqlar da  vaxtilə Azərbaycan torpaqları olub. Bir yerə cəm etsək,  tarixi Azərbaycan torpaqlarının sahəsi  400 min kvadratkilometrdən çox olub. Hazırda isə Azərbaycanın ərazisi 86 min kvadrat kilometrdir.

Fərqi görürsünüzmü?  Necə itirə-itirə gəlmişik.

 Bu işğal  tarixinin kökü   qədim dövrlərdən   başlayır. Hələ III əsrdə  Azərbaycanı Sasani-İran imperiyası, VII əsrdə isə Ərəb xilafəti işğal etmişdi.  Ardınca da  məqsədli  köçürmə siyasəti başlamışdı. Həm  Sasanilər,  həm də ərəblər zəbt etdikləri ərazilərə çoxsaylı irandilli və ərəbmənşəli əhali köçürmüşdülər.  Özü  də   bu köçürülənlər   mühüm hərbi-strateji əhəmiyyətli  ərazilərdə,   ən münbit  torpaqlarda yerləşdirilmişdi, onların  burada  qalıb möhkəmlənməsi üçün  əməlli-başlı imtiyazlar verilmişdi.

Sonralar Şah İsmayıl  Xətai Azərbaycan torpaqlarını birləşdirərək mərkəzləşdirilmiş Azərbaycan dövləti yaratsa da, XVIII əsrin ikinci yarısından  Azərbaycan yenidən  xırda dövlətlərə - xanlıqlara və sultanlıqlara parçalanmış, siyasi pərakəndəlik    getdikcə dərinləşmişdi.

 "Azərbaycan” adlı ananın  övladları arasında  "sənin- mənim”davası başlamış,  hərə öz başını qorumuş, özündən  ötən daşa " Məndən ötdü” deyə sevinmişdi…

 

Gözəl şairimiz Məmməd Araz bunu  emosional olaraq daha   təsirli ifadə etmişdir:

 

...Bunu dedi Şəki xanı.

Bunu dedi Bakı xanı,

Bunu dedi İbrahim xan,

Fətəli xan, Kəlbəli xan...

Qəza ötsün məndən, - dedi,

Ötən kimi "mən-mən” dedi:

"Mən-mən” dedi bir ölkədə

        nə qədər xan.

Onlar "mən-mən” deyən yerdə

Sən olmadın, Azərbaycan!...

 

Sonra da   bu torpağın köksündə Araz boyda şırım açıldı.  Otaylı – butaylı   qardaşları birləşdirən  Xudafərin   körpüsü – Nizami dövrünün  memarlıq abidəsi bir   həsrət abidəsinə çevrildi...

Ata-baba   torpaqlarımıza   çörəyi dizinin üstündə olan  nankor ermənilərin köçü üçün uyğun fürsət yarandı.

Bizim  xalqın etnogenezində   erməni  adlı  tayfa, toplum heç zaman olmayıb.  Onların Azərbaycanda  məskunlaşma prosesi   məhz həmin parçalanma  dövründən sonra  başlayıb. "Kürəkçay" ( 14 may 1805),  "Gülüstan" (12 oktyabr 1813), "Türkmənçay" (10 fevral 1828) müqavilələrindən  sonra  başlayıb və getdicə daha təcavüzakar  hal alıb.   Azərbaycan xalqı   bu təcavüzkarlığın  gətirdiyi  faciələri iki əsrdən də  artıqdır ki,  yaşamaqdadır .

 Nə qədər  üzücü olsa da,  gəlin, keçən əsrin  sonlarında  baş vermiş və hamımıza məlum olan  hadisələrin (bunlar  rəsmi məlumatlardır) dinamiikasına  diqqət edək:

 

"….1987-89-cu illərdə Ermənistanda yaşayan 250 mindən çox azərbaycanlı öz tarixi torpaqlarından zorla qovulub, onlardan 216 nəfər vəhşicəsinə qətlə yetirilib, 1154 nəfər isə yaralanıb.

 

20 fevral 1988-ci ildə DQMV-nin Xalq Deputatları Sovetinin iclasında vilayətin erməni icmasının nümayəndələri DQMV-nin Azərbaycan SSR-dən Ermənistan SSR-ə keçirilməsi haqqında Azərbaycan SSR və Ermənistan SSR Ali Sovetlərinə müraciət etmək haqqında qərar qəbul etdilər.

 

22 fevral 1988-ci ildə Əsgəran qəsəbəsi yaxınlığında ermənilər DQMV-nin Xalq Deputatları Sovetinin qərarına qarşı etiraz edən dinc azərbaycanlı nümayişçilərə atəş açdılar. Nəticədə həlak olan iki azərbaycanlı gənc münaqişənin ilk qurbanları oldular.

 

1 dekabr 1989-cu ildə Ermənistan SSR Ali Soveti Ermənistan SSR və Dağlıq Qarabağın birləşdirilməsi haqqında qərar qəbul etmişdir.

 

1991-ci ilin sonu-1992-ci ilin əvvəlində münaqişənin hərbi mərhələsi başlandı. Sovet İttifaqının parçalanması və Azərbaycanda daxili çəkişmələr nəticəsində yaranmış siyasi qeyri-sabitlikdən istifadə edərək, Ermənistan xarici hərbi yardımla Dağlıq Qarabağda hərbi əməliyyatlara başladı.

 

Ermənistanın hərbi təcavüzü nəticəsində Azərbaycan Respublikasının 20 faiz ərazisi – Dağlıq Qarabağ regionu və ona bitişik yeddi rayon - Xankəndi şəhəri, Xocalı, Şuşa, Laçın, Xocavənd, Kəlbəcər, Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı, Zəngilan rayonları, həmçinin Tərtər rayonunun 13, Qazax rayonunun 7, Naxçıvanın Sədərək rayonunun isə 1 kəndi Ermənistan ordusu tərəfindən işğal olunmuşdu.

Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi nəticəsində 1 milyondan artıq azərbaycanlı məcburi köçkün vəziyyətinə düşüb, 20 min nəfər hərbi əməliyyatlar dövründə həlak olub, 50 min nəfər əlil olub. Münaqişə nəticəsində 4 minə yaxın azərbaycanlı itkin düşüb, onların arasında 67 uşaq, 265 qadın, 326 qoca olub. Bu şəxslərin aqibəti barədə hələ də məlumat yoxdur. İki mindən çox azərbaycanlı ermənilər tərəfindən əsir və girov götürülüb.

1988-1993-cü illərdə Qarabağda, ümumilikdə, 900 yaşayış məntəqəsi, 150 min ev, 7 min ictimai bina, 693 məktəb, 855 uşaq bağçası, 695 tibb müəssisəsi, 927 kitabxana, 44 məbəd, 9 məscid, 473 tarixi abidə, saray və muzeylər, 40 min muzey eksponatı, 6 min sənaye və kənd təsərrüfatı müəssisəsi, 160 körpü və digər infrastruktur obyektləri dağıdılıb….”

 

Bunlar hələ yaşanan faciələrin  heç də  hamısı deyil,  bu məlumat hazırlanana qədər olan  hissəsidir. Erməni təcavüzü bu  gün də davam edir. BMT-nin  təcavüzkarların işğal  etdikləri ərazilərdən çıxmasını tələb edən 4 məlum  qətnaməsinin,  hətta   Münaqişənin nizamlanmasına dair  ATƏT-in  tərəflər arasında Ay var 30-31  gündür, ay da var iki əsrə bərabərdir və yaxud  tarix yaradan ŞəxsiyyətAtəşkəs rejiminin olmasına baxmayaraq,  işğalçı Ermənistan   öz təcavüzkarlıq niyyətlərini   32 ildir ki, davam etdirməkdədir.

  Nisbətən yaşlı nəslin nümayəndələri lap rahat xatırlayırlar: Ümummilli lider  Heydər Əliyevin istər Azərbaycana  rəhbərlik etdiyi illərdə,  istərsə də  Sovetlər İttifaqında  yüksək vəzifədə işləyərkən ermənilər   Qarabağla  bağlı təcavüzkarlıq niyyətləri ilə    heç vaxt   baş qaldıra bilməyiblər.  

Heydər Əliyev  bu hadisələr hər dəfə baş qaldıranda    vəziyyəti  anındaca    nəzarətə  götürüb, ermənilərin cavabını  verib,  yerində oturdub. Amma Qorbaçov hakimiyyətə gələndən  və Heydər Əliyevi qərəzli şəkildə ali hakimiyyətdən   uzaqlaşdırandan sonra  ermənilər azğınlaşmağa başlayıb. Bu gün cərəyan edən hadisələr də  həmin dövrdən başlamışdı.  Xalqın  arzu və tələbi ilə Heydər Əliyev yenidən – ikinci dəfə hakimiyyətə gətirildi. Məhz  Ulu Öndərin hakimiyyətdə olduğu  1993-2003-cü illər Azərbaycan Respublikasının dövlət müstəqilliyi qorunub saxlandı, məhz onun  sayəsində  Azərbaycan dərin islahatlar dövrünə qədəm qoydu. Heydər Əliyev çox böyük uzaqgörənliklə deyirdi ki, "İqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir”.

 Elə bu məqsədlə  də 1994-cü il sentyabrın 20-də Bakıda dünyanın 11 ən iri neft şirkətinin  iştirakı  ilə "Xəzər dənizinin Azərbaycan sektorunda "Azəri", "Çıraq" yataqlarının dərinlikdə yerləşən hissəsinin birgə işlənməsi və hasil olunan neftin pay şəklində bölüşdürülməsi" haqqında müqavilə imzalandı və bu müqavilə  tarixə "Əsrin Müqaviləsi”  adı ilə daxil oldu.

 

Xarici ölkələrlə iqtisadi-siyasi-mədəni əlaqələrimiz gücləndirildi, ciddi milli ordu quruculuğuna  başlanıldı. 1994-cü ilin mayında Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində ilk mərhələ kimi cəbhə xəttində atəşkəs elan edilməsinə nail olundu.

 Ümummilli lider  Heydər Əliyevin vəfatından sonra isə bu kurs  onun ləyaqətli varisi cənab İlham Əliyev tərəfindən davam etdirilir və Heydər Əliyevin bütün ideyaları uğurla  həyata keçirilir.

Prezident İlham Əliyev  artıq 17 ildir ki,  Heydər Əliyevin  dövlət strategiyasına    sədaqətlə xidmət etdir.

 İlham Əliyev   bu strategiyanı  həm də bütün istiqamətlərdə -  həm iqtisadi, həm də siyasi sahədə uzlaşdıraraq parallel şəkildə  apararaq,  dövlətin iqtisadi-siyasi  təməllərini gücləndirməkdədir.  Onun imza atdığı   bütün Beynəlxalq layihələr    Azərbaycanı  həm qlobal və regional   layihələrin mərkəzinə çevirdi, həm də   Azərbaycan  Avropa ölkələrinin   enerji təhlükəsizliyinə  etibarlı  zəmanət oldu .

 İlham Əliyevin  prezidentliyi dövründə Azərbaycan dünya idman tarixinə "qızıl hərf"lərlə düşmüş  bir çox  beynəlxalq tədbirlərə ev sahibliyi etdi.

Azərbaycan dünyaya multikulturalizm və tolerantlığın mərkəzi kimi     yüksək etimad qazandı. Bütün  bunlarla yanaşı,  ordu quruculuğu  diqqətdən yayınmadı, əksinə, dövlətin ən prioritet  bir siyasətinə çevrildi.  Torpaqlarının 20 faizi işğal edilmiş, ov  tüfəngləri  belə yığışdırılmış  bir ölkənin   milli müdafiə sənayesi yaradıldı, ordu ən müasir silah və texnologiyalarla təchiz olundu,   peşəkar milli zabitlər korpusu formalaşdırıldı.

Əsgər və zabitlərin  ideya-mənəvi tərbiyəsi  ən  qürurlu həddə çatdırıldı:   bu gün əsgər komandiri üçün canını qurban verir, komandir əsgəri ilə    eyni səngərdə çiyin-çiyinə  vuruşur. 

Orduda  səhiyyə xidməti,  əsgərlərin sağlamlığı və fiziki hazırlıqlarını təmin edən səhiyyə müəssisələrinin, idman-sağlamlıq  komplekslərinin  olması, onların təchizatı özü bir  ciddi bir prosesdir.

Fikir vermisinizsə, düşmən tərəfin səhiyyə sisteminin vəziyyəti o qədər acınacaqlıdır ki, yaralı əsgərlərinə ilk tibbi xidməti göstərə bilmirlər.Yaralılar poliklinikaların, xəstəxanaların dəhlizində, koridorlarında necə gəldi uzanılı qalıb.Həkim çatışmır.  İnternetdə döyüş bölgəsində yaralanmış əsgərləri, meyitləri daşıyan  xərəkləri  nümayiş etdirmişdilər.  Adam iyrənir. Bu  şəkilləri görən əsgər valideynlərin,  gələcəkdə orduya gedəcək  gənclərin, xalqın   həmin ölkəyə, onun ordusuna    münasibəti, etimadı necə ola bilər?

Amma bizim Mərkəzi Hərbi Xəstəxanadan   yaralı əsgərlərimizin keşiyində dayanan  qəhrəman  tibb işçilərimizin vətənpərvərliyinə baxın.

 

Ay var 30-31  gündür, ay da var iki əsrə bərabərdir və yaxud  tarix yaradan Şəxsiyyət

 

Xəstələrimizə qulluq edən tibb heyəti palatalarda yaralı əsgərlərimizin yanında onların keşiyini çəkirlər. Mürgüləyirlər, amma onlar yaralılar üçün nigaran olduqlarından palataları tərk etmirlər.  İstər xalqın, istərsə də dövlətin öz əsgər və zabitlərinə  bu cür qayğısı çox qürurludur.  Əsgər valideynləri, eləcə də gələcəkdə övladları əsgər olacaq valideynlər bu fotoları görüb dövlətin orduya, əsgərə qayğı və diqqətinə tam əmin olurlar.

Bu, Azərbaycan dövlətinin, şəxsən  onun liderinin Böyük Qələbə üçün hazırladığı, sistemli hala gətirdiyi Hərbi doktrinanın  keyfiyyətini xalqa dönə-dönə sübut etdi.

Bu gün Azərbaycanın Milli Ordusu dünyanın ən güclü 50 ordusu arasında yer alır.  Bunları 1 ilin, iki ilin müddətində  başa gətirmək olmazdı. Uzun zaman  lazım idi  bunlar üçün. Nə qədər  təzyiqlər oldu, istər xaricdən, istərsə də "sapı özümüzdən olan baltalar”dan. Nə qədər  böhtan  və  hədyanlar söylənildi. 

Azərbaycan Prezidentinin köməkçisi — Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev   brifinqlərinin birində bildirdi ki, "ölkəmizə müxtəlif təzyiqlər var və Ali Baş Komandan bu təzyiqlərə də mərdi-mərdanə sinə gərməkdədir. "

Nəinki sinə gərməkdədir, hətta onları dəf edir,  mövcud yanlış  baxışları ölkəmizin xeyrinə dəyişdirir. Artıq düyanın əksər ölkələri Azərbaycanın haqq işini dəstəkləyir, işğalçı Ermənistanı təcavüzü dayandırmağa, işğal olunmuş torpaqları tərk etməyə dəvət edir. Ölkə başçısı çox gərgin iş rejimində fəaliyyət göstərir, hər gün müxtəlif xarici ölkələrin telekanallarına müsahibə verir, Azərbaycanın ədalətli mövqeyini dünya ictimaiyyətinin diqqətinə çatdırır.

Amma çoxlu sayda  həmvətənimiz də oldu ki və bu gün də var ki, xarici ölkələrin informasiya resurslarına sığınıb  bu Prezidentin əleyhinə ən  ədəbsiz mövqelər sərgiləyirlər. Bu, mübarizə üsuludurmu?   Həmin yazıların altında şərh  yazan bir erməni  qeyd etmişdi ki, bu, əsl bizim adamdır. Bəli, elə əsl onların adamıdır. Prezidentin adamları isə bu gün onun çağırışı ilə meydanlara  şıxacaq, silaha sarılacaq milyonlardır.  27  sentyabr  hadisələri   bunu  dönə-dönə təsdiqlədi.

 Nə baş vermişdi 27 sentyabrda, 27 sentyabr da  32 illik işğal tariximizin  davam edən  bir günü deyildimi? Əslində belə idi, sadəcə,

27 sentyabrda   səhər saatlarında Dağlıq Qarabağda təmas xəttində  qarşıdurmalar     həmişəkindən daha kəskin forma almış, hər iki tərəf  üçün hərbi və mülki itkilərlə müşayiət olunmuşdu.  Nəticədə Azərbaycanda hərbi vəziyyət, komendant saatı, müharibə vəziyyəti və qismən səfərbərlik elan edilmişdi. Halbuki,  Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev   qarşıdurmadan    bir neçə gün əvvəl kəşfiyyat  məlumatlarına əsasən, Ermənistan  tərəfinin  təcavüz edəcəyini  elan etmişdi. Nə  ATƏT, nə BMT, nə də ki Minsk qrupunun həmsədr ölkələri   bunun məsuliyyətini dərk edə bilməmiş və yaxud da  dərk etmək istəməmişdilər.

Onsuz da Ermənistan tərəfi  Azərbaycan dövlətinin, şəxsən  dövlət  başçısı cənab İlham Əliyevin mövcud münaqişənin   sülh yolu ilə həll olunması  üçün  göstərdiyi bütün cəyləri hər zaman  müxtəlif bəhanələrlə əngəlləmişdir.  Bu dəfə isə  bir qədər də aqressiv davranmış, hətta   müharibə zonasında olmayan ərazilərimizə  raket   zərbələri endirərək, çoxlu sayda   dinc insanların olümünə səbəb olmuşdular.

 

Bu baxımdan 27 sentyabr da işğal tariximizin , deyildiyi kimi, davam edən bir günü idi. Amma bu hadisələrdən bir neçə müddət qabaq işğalçı rejimin Baş Nazirinin "Qarabağ Ermənistanındır” bəyanatı, həmçinin tanınmayan Qarabağ Respulikasının seperatçı prezidentinin Şuşanı qondarma rejimin paytaxt şəhəri etmək iddiaları, üstəgəl son hücumlar, artıq bunlar cavabsız qala bilməzdi. Qalmadı da, Azərbaycan Prezidenti Cənab İlham Əliyev " Qarabağ Azərbaycandır! Nəyin bahasına olursa-olsun, torpaqlarımızı azad edəcəyik" dedi. Ona görə də 27 sentyabr 2020-ci il tarixi həm də Azərbaycan ərazilərinin işğal tarixinə bir dirəniş gününün tarixi oldu. Həm də dövlət və xalqın birliyi şəklində.

 

Artıq 27 sentyabr tarixindən  keçmiş müddət  ərzində işğal altında olan 4 şəhər (Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı, 4 qəsəbə ( Hadrut, Suqovuşan, Mincivan, Ağbənd), 166 kənd və çoxlu sayda əhəmiyyətli strateji yüksəklik azad edilib.

Ermənistan Ordusunun  2  ədəd "Elbrus”, 1 ədəd "Toçka-U” əməliyyat taktiki raket kompleksi,   252 tankı,  50  piyadalar üçün döyüş maşını,   251  müxtəlifçaplı top, 61 minaatan , 53 tank əleyhinə vasitə, 82 "Qrad” qurğusu, 2 "Uraqan”, 1 "TOS”, zenit-raket kompleksləri , 40-a yaxın "OSA”, 4 ədəd "KUB”, 1 ədəd ”KRUQ”, 2 ədəd "S-125” qurğusu , 6 ədəd "S-300” atıcı qurğusu, bir aşkaretmə stansiyası, bir lokator,  20-si sursatla yüklənmiş 231 yük avtomobili məhv edilib .

Döyüş bölgələrində  53 tank , 29  piyadalar üçün döyüş maşını , 24 müxtəlifçaplı toplar, 45 tank əleyhinə vasitə, 173 yük avtomobili və sair, və ilaxır döyüş texnikası qənimət kimi Milli Orduya qalıb.  Ən başlıcası isə  Azərbaycanın 32 il  işğalda  qalmış  çox böyük ərazisi   mənfur   düşmənlərimizin  təcavüzündən azad edilmişdir:

Cəbrayıl şəhəri və rayonun 64 kəndi; Füzuli şəhəri və rayonun 30 kəndi; Zəngilan şəhəri, rayonun Mincivan, Ağbənd qəsəbələri və 38 kəndi; Xocavənd rayonunun Hadrut qəsəbəsi və 20 kəndi;Tərtər rayonunun 3 kəndi; Qubadlı şəhəri və rayonun 11 kəndi; həmçinin Ağdərə və Murovdağ istiqamətlərində strateji yüksəkliklər.  Xilasetmə əməliyyatı indi də davan edir, cəbhədə ağır döyüşlər gedir.  Bütün   cəbhə bölgələrində üstünlük , əlbəttə,   Azərbaycan  ordusunun tərəfindədir.  Bunu  bir aydan artıqdavam edən  döyüşlərin xronikası sübut edir,   xarici ölkələrin  ölkəmizdən apardıqları reportajlar, ayrı-ayrı məşhur şəxslərin etirafları da təsdiqləyir.


 Seçmələr:

 

Vaxtilə ATƏT-in Minsk Qrupunun həmsədri olmuş Kerri Kavano   bir ayın müşahidələrinə  əsaslanaraq  bildirmişdir ki, Azərbaycanın müharibəni udduğu görünür, on minlərlə erməni  artıq  Qarabağdan qaçıb.

 

Keçmiş sovet məkanı üzrə ekspert kimi tanınan Pol Qobl Azərbaycan ordusunun  uğurlarını müasir  silahlar, habelə zabit və əsgərlərin hazırlığında, eləcə də ordudakı  ruh yüksəkliyi ilə əlaqələndirmişdir.

 

Rusiyanın Milli Müdafiə jurnalının baş redaktoru, hərbi ekspert İqor Korotçenko  bir müsahibəsində bildirmişdir ki, Azərbaycan silahlı qüvvələri qüdrətinə görə regionda ən yaxşı ordudur.

 

 Bütün bunlar    uzun illər  aparılan  uğurlu daxili  və xarici siyasətin nəticəsində mümkün olmuşdur.  Bütün bunlar  dövlətimizin  möhkəm iqtisadi təməlləri və  təməllər  üzərində  yaradılmış hərbi doktrinamız  sayəsində mümkün olmuşdur.

Artıq bir aydan çoxdur ki, ölkəmizdə Böyük Vətən müharibəsi gedir. Demək olar ki, hər gün mətbuatda, televiziyada  dünya ölkələrinin, beynəlxalq təşkilatların, ayrı-ayrı görkəmli şəxslərin Azərbaycanı dəstəkləməsi  haqqında  xəbərlərə rast gəlirik. Bütün bunlar  Prezidentimizin böyük dünyada Azərbaycana qarşı yaratdığı etimad deməkdir.

Ermənistan  dövlətində tənəzzül,  cəbhədə isə ağır itkilər və məğlubiyyət. Ermənistan ordusunda bu gün əsgər çatışmazlığı var,  orduya xarici ölkələrdən muzdlu döyüşçülər axtarılır.  Hətta, döyüşə uşaqları, qadınları, əldən düşmüş qocaları da cəlb edirlər. Ona görə də Ermənistan ordusunda  ciddi itaətsizlik hökm sürür, daxili çəkişmələr də bir tərəfdən.  Belə vəziyyətdə isə küçə "demokratiyası”nın Sanço Pançası olan Paşinyan və onun hökumətinin çökməsi tam məntiqlidir. Belə aqibət hakimiyyət demokratik yolla deyil, Paşinyan kimi təsadüfi şəxslərin əlinə keçən hər bir ölkədə eynən belə olacaqdı, o cümlədən bizdə də. Hətta,  hakimiyyətdə  təcrübəsiz, təsadüfi bir adam  əyləşmiş olsaydı, Ermənistan havadarlarının köməyi ilə  Azərbaycanın daha başqa ərazilərini də ələ keçirəcəkdi.

Döyüşlərdə ölənlərin sayı , iraq-iraq, Ermənistandakı kimi olacaqdı.

Paşinyan hara, küçə diplomatiyası hara, dövlətçilik hara, dünya dövlətləri ilə çiyin -çiyinə, yaxud da üz-üzə dayanmaq hara?

Belələri Qoqolun məşhur Xlestakovundan başqa kimsə deyildir.

Yunan mifologiyasındakı Damokla da oxşayırlar. İstər Xlestakov kimi, istərsə də Damokl kimi, Paşinyanı da ancaq hakimiyyət eyforiyası düşündürüb, hakimiyyət kreslosunda oturmağa həsəd aparırmış: xarici ölkələrə səfərlər, hər yerdə təzim, mühafizəçilərin müşayiəti ilə gəzintilər, hədiyyələr, gül-çiçəklə, duz-çörəklə qarşılanmaq (duz-çörək qənim olsun ona) və s. Bunların eyforiyası Xlestakovu müfəttiş olmağa sürükləmişdi,  Paşinyanı da hakimiyyətə.

 Amma  hakimiyyət, sadəcə, üstünlük etmək demək deyil, həm də ən yüksək məsuliyyət deməkdir.   Ümummilli lider   çıxışlarında həmişə deyərdi ki,  hakimiyyət  yüksək səlahiyyətdən daha çox yüksək  məsuliyyət, cavabdehlik deməkdir.

Cənab  İlham Əliyevin liderlik fəaliyyətində  bu amili  aydınca sezmək olur.   Hər şeyə rəğmən  üzərinə götürdüyü məsuliyyətə, içdiyi anda  cavabdehliklə  məqsədinə  doğru addımladı. "Mən gücü xalqımın mənə bəslədiyi  etimaddan  alıram ",- dedi  Dedi və xalqına  əsl ider kimi də  xidmət etdi.

 

Bu gün  bizim Milli ordumuzun  da, dövlət başçısı kimi İlham Əliyevin uğurlarının mayasında da məhz  Dövlət, Ordu və Xalqın   sarsılmaz  birliyi  dayanır. 

27 sentyabr 2020-ci il.   Bu gün  təqvimin  adi  astronomik anı olmaqdan çıxıb   Azərbaycan  xalqı  üçün əbədi tarixə çevrildi.   Bu gün tək 32 illik erməni təcavüzünə qarşı  deyil, iki əsrdən artıq davam edən, gələcəkdə  Azərbaycana qarşı niyyətlərdə  fitva  gözləyən  bütün işğallara  qarşı   mübarizə tarixinin başlanğıcı oldu. Bu tarix ümumilikdə regionun inkişafını  ləngidən, əngəlləyən erməni faşizminin süqutu tarixi oldu. Bu tarixi   yazmaq isə İlham Əliyevə qismət oldu.


İlham Əliyevdən sitatlar:   


"Mən Prezident kimi 17 il ərzində hər zaman Azərbaycan xalqına həqiqətləri demişəm, hər zaman. Müntəzəm olaraq xalqa hesabat vermişəm..."


" Mən Azərbaycan xalqına üz tutub deyirəm, biz torpaqlarımızı geri alacağıq!"

 
"Azərbaycan xalqını təhqir etmək sizə çox baha başa gəlir, Ermənistan rəhbərliyi, çox baha başa gəlir."
 

" Biz onlara göstərdik ki, döyüş meydanında da, beynəlxalq müstəvidə də, siyasi meydanlarda da biz qalib gəlirik. Onlar bizim gücümüzü gördülər, bizim iradəmizi gördülər. Onlar gördülər ki, dünyada heç bir qüvvə bizi haqq yolumuzdan döndərə bilməz. Dünyada heç bir ölkə bizim iradəmizə təsir edə bilməz. " 

 

"Bizim qabağımızda Ermənistan diz çöküb. Bizim şəhidlərimizin ruhu qarşısında biz onları diz çökdürmüşük. Şəhidlərimizin qanı yerdə qalmayıb." 


Ay var 30-31  gündür, ay da var iki əsrə bərabərdir və yaxud  tarix yaradan Şəxsiyyət

 

 P.S.  Ölkəmizə xarici ölkələrin  informasiya agentliklərinin  axını var.   Baxırsınızmı, görürsünüzmü, necə təxribatçı suallar verirlər?Görürsünüzmü   cənab Prezident hər gün   nə qədər fərqli-fərqli dünyagörüşü  , fərqli-fərqli təyinatı olan televiziya və informasiya agentliklərinin   kinayələrini nə qədər səbirlə dinləyir,  özlərinin dilində necə məntiqlə cavab verir. Bu günlər İnformasiya Komandanımız da   Prezidentimiz özü oldu.

Türkiyədən, Pakistandan başqa,  Azərbaycana digər hansı ölkədən  mətbuat/televiziya  nümayəndəsi gəlibsə, hansı  siyasətçi söz deyibsə, içində bizə qarşı kin  olub. Ağıllarına gələni soruşublar. Məsələnin  qnoseoloji kökləri qalır kənarda, bunlar  təxribatçı suallar verirlər.  Məsələn, "Nəyə görə Qarabağ Azərbaycan üçün belə önəmlidir? Orada resurslar var, yoxsa bu, bir rəmzi məna daşıyır?" sualının özü.  Ölkələr  insan ayağı dəyməyən səhralar üçün, Antaraktida üçün, nə bilim hara üçün  baş sındırırlar.  Azərbaycanın hər yeri cənnət məkan ölkədir. Dövlət başçısı bu  ölkənin   hər qarışı üçün eyni dərəcədə məsuldur. Buna and içib və andına  da əməl edir. Heç prezidentə belə sual verərlərmi? Tutaq ki,  həmin sahə səhralıq  bir yerdir, orada heç bir həyat əlaməti yoxdur. 

  Onda da, yəqin, deyəcəkdilər ki,  belə   səhralıq bir  yer üçün bu qədər qanlar tökmək nəyə lazım?

İlham Əliyev  bu torpaqda yaşayanlar  üçün cavabdehlik, məsuliyyət dəyərləri yaradır. Avropalılar belə şeyləri başa düşməz. Onlara hər yer  Vətəndir. Amma bizim üçün doğulduğumuz və nəşimiz tapşırılan torpaq Vətəndir.

 

Vətən əcdadımızın mədfənidir,

Vətən övladımızın məskənidir….

             Abbas Səhhət

 

Ay var 30-31  gündür, ay da var iki əsrə bərabərdir və yaxud  tarix yaradan Şəxsiyyət

 


 

Cənab Prezident, mən bu yazımı Siz oxuyun deyə yazmıram, bu, ağlıma da sığışmır. Sadəcə,  vətəndaşlarımız oxusunlar, Sizin hansı şəraitdə mübarizə apardığınızı  görüb, qiymətləndirə bilsinlər deyə yazıram.  Türk dünyasının iki böyük liderinin  Ərdoğanın və Sizin qətiyyətiniz   Xilas yolumuzdur.

Siz mütləq Qalib gələcəksiniz.


Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz