» » Mətbuat millətin müştərək səsidir, indi görək bu səs xalqın fikir və arzularını ifadə edirmi (XIII yazı)

Mətbuat millətin müştərək səsidir, indi görək bu səs xalqın fikir və arzularını ifadə edirmi (XIII yazı)

 

Mətbuat millətin müştərək səsidir, indi görək bu səs xalqın fikir və arzularını ifadə edirmi (XIII yazı)

Ədəbiyyatda, sənətdə ideal qəhrəman    mövzusu   həmişə  olub. Vaxtilə deyərdilər ki, həyatda ideal adam   olanda ədəbiyyatda da ideal qəhrəmanlar  olacaq. Belədirmi, yoxdurmu həyatda  örnək kimi götürülə bilən qəhrəmanlar?   

S.Rəhimov (Allah rəhmət etsin, mənim ədəbiyyatım  sovet dövründə qaldı) xatirələrində yazıb ki, "Mehman” filmi ekranlarda göstərilməyə başlayandan sonra  onun evinə gənc bir oğlan gəlib. Demə, o, ucqar dağ rayonlarının birində prokuror işləyirmiş. Gənc prokuror ədibə deyib ki, siz eynən mənim həyatımı  təsvir etmisiniz…

Ədəbiyyat, sənət   Mehmanlar yaratmır, amma   "Yuxu” filmində Xəlil(Yaşar Nuri), "Bəxt üzüyü” filmində polis nəfəri (Arif Quliyev) kimi  gülünc polis obrazları yaradır. "Bakılı oğlanlar”, "Bu şəhərdə” komandalarının çəkilişlərində  polis obrazları nə hallaraa salınır… Sonra insanlar da seyr edib  gülüşürlər. Ən ciddi sahələri,  məqamları belə şou qəliblərinə uyğunlaşdırırlar.

XX əsrin  əvvəllərində   Bakı neft sənayesi  rayonuna çevrilmişdi. Bu, elə vaxt idi ki, yeni  ictimai iqtisadi  şəraitdə  həm də yeni   ictimai münasibətlər formalaşırdı.Bu inkişaf həm də özü ilə  yeni bəlalar  gətirmişdi: pulun sinifli cəmiyyətdə yaratdığı faciələri.

 C.Cabbarlı  bunları "Aydın” pyesində  çox inandırıcı təsvir edib. Göy əskinasların  dəyərli olan hər şeyin  fövqünə qaldırıldığı  bu mühitdə Gültəkinin faciəsi  bir fərdin deyil,    bütövlükdə Azərbaycan  qadınlığının faciəsi idi.

İndi internetdə   Türkiyədə,  Dubayda insan alverinə sürüklənən qadınlarımız haqqında nə qədər desən məlumat var. Bu qədər intiharlar var,  pozulan ailələr, atılan uşaqlar var. Ədəbiyyat, sənət  cəmiyyətin panoramasını (müəyyən istisnalarla)  çəkə bilirmi və yaxud   bunu istəyirmi?

Mən  hələ  nə televiziyada, nə mətbuatda, nə də bu sosial şəbəkələrdə   bu mövzuda   qızğın mübahisəyə və ya  ciddi bir  müzakirəyə rast gəlmədim. Yolu buradan düşən hər kəs gəlib  bir daş atıb keçir….

Test imtahanlarında  verilən cavablar kimi  qısa cavablarla.

Bu feysbuk ki var, "Bəyin oğurlanması” filmində Hidayət müəllimin (Səməndər Rzayev) sözü olmasın: "Çox qəliz məsələdir, həm qəlizdir, həm də ki, vacib… Qəlizdir ona görə ki,    17 ildir Mark  bu şəbəkəni şaxələndirir,  yeni-yeni funksiyalar yaradır ki,  ünsiyyətlər rəngarəng, maraqlı olsun, daha böyük coğrafiyanı əhatə etsin,   amma , təəssüf ki, feysbuk bizim mühit üçün şou məkanı və bir də sürətli rabitə vasitəsi olmaqdan uzağa gedə bilmir. Buranı bir gölə bənzətsək, az sayda  nümunələr istisna olunmaqla, dərinə baş vurmaq lazım gəlmir, nə varsa, elə monitora  səpələnənlərdir, distant üsulla   nəzər sal, bir də "like”  et.

Bilirsiniz, bu, nədəndir, bizim  mütailəmiz azdır,  biz mühakimə, müzakirə etməyi deyil, like etməyi hədəfləmişik.

 Son illər  ayrı-ayrı  sənət adamlarının, lap millət vəkillərindən bir çoxunun istər mətbuatda, istərsə də televiziyadakı  açıqlamaları cəmiyyət tərəfindən heç də birmənalı qarşılanmır.Biz sovet  dövründə də yaşadıq.O vaxt  belə şey ola bilərdimi,   müəyyən titulu olan hansısa şəxs    qalmaqallı fikirlər söyləyə bilərdimi?  Danışan, yazan şəxs gərək 2-3 gün əvvəl nə barədə danışacağını və necə danışacağını əvvəlcədən  dönə-dönə götür-qoy edəydi. Və  bunu da qeyd edim ki, söylədikləri fikirlər  cəmiyyətdə burmənalı qarşılanmayanların  hamısı da aldıqları  titula sovet dövründən sonra  layiq görünənlərdir.

 Ay vətəndaş, atam-qardaşım, sən  sənətin haqqında fikir söylə, vacib  məsələlər barəsində   qoy  peşəkarlar danışsın, alimlərimiz, sosioloqlarımız, müdriklərimiz, ixtiyar qocalarımız, ağbirçəklərimiz danışsın. İndi macəra həyatı yaşayan, 2-3 dəfə evlənən, boşanan, 4-cüsünü də gözləri axtaran  ekrandan əxlaq dərsi keçir.Elə bil  televiziya   belə  aparıcıların  məşğuliyyət yeridir.Heç sovet vaxtı cəmiyyətə söz deməyə  belə  adamlara  tribuna vermək olardımı?  Ona görə yox ki,  bunlar fərqli kateqoriya  hesab olunub, yox, hər kəs də   vahid sovet ailəsinin bir üzvü idi.  Məsələ burasındadır ki,  onda sözün məqamını və  yerini, cəmiyyətin kimlərdən nə gözləntisi olduğu gözləyənə də, gözlənilənə də aid idi. Onda  Ələsgər Ələkbərov, Adil İsgəndərov,  Məmmədrza Şeyxzamanov, R.Behbudov,  Şövkət Ələkbədova, Möhsün Sənani, Lütvəli Abdullayev ,  Qara Qarayev, Fikrət Əmirov, Niyazi və daha neçə   məşhur sənət adamlarımız  bir söz söyləsəydi, bir məsələyə münasibət bildirsəydi,    cəmiyyət  də  bu müraciətləri  birmənalı daqəbul edəcəkdi.

Amma onlar ağır orurub,  batman gəliblər.  Məqamı və yeri gələndə isə sözlərini də deyiblər.  Belə məşhur  sənətkarlarımızın, demək olar ki, hamısı da   bu və ya digər şəkildə fəxri adlara layiq görülüb, qədərincə dəyərləndiriblər. 

 

  Yadınızddırsa, aprel ayının 10-da   Afaq xanımın  "Azadlıq radiosu"na müsahibə verərkən səsləndiriyi bəzi  fikirlər son günlər sosial şəbəkələrdə geniş müzakirəyə səbəb oldu.  Doğrusu, mən müsahibədə yanlış olan heç nə görmürəm. Müsahibənin əvvəlində səsinin tonu, etiketləri  buna əsas verir. Getdikcə  mükamilələrdə əsəbilik duyulur və bu məqamda həm də müsahibə aparanın  cəmiyyət marağına deyil, sensassiya naminə  qalmaqal yaratmaq istədiyi təəssüratı yaranır.

Bir çox   informasiya agentlikləri, saytlar  da var ki, mətndən qıcıq doğuran hansısa bir fikri   konteksdən ayırıb başlıq seçirlər, nəticədə  həm qalmaqal yaranır, həm də  mətbuatın, televiziyanın  cəmiyyətdəki reputasiyası zədələnmiş olur.

 

Afaq xanımla  bağlı müxtəlif vaxtlarda verilmiş bir neçə yazının  sərlövhələrinə diqqət edin:


1.Afaq Bəşirqızı: "Hansı kişi gözəl arvad görəndə ağzının suyu axmaz?”

2. "Əgər mən pərəstişkarların, tamaşaçıların arxasınca getmiş, onların zövqü ilə oynamış olsaydım, Afaq Bəşirqızı olmazdım"

3. Afaq Bəşirqızı gənc vaynerləri "xırda və zəhərsiz göbələk” adlandırdı


 Mənim fikrimcə,  sərlövhələrin  heç biri  uğurla seçilməyib. Amma nə qədər ki, yazı dərc edilməmişdi,   jurnalist müəlliflə   qarşılıqlı anlaşma və etimad şəraitində  bu başlıqları ağayana formaya sala bilərdi. Təbii ki, əsas  söz müəllifindir, amma hansısa  mətbuat əməkdaşı yazı müəllifinə məntiqli və səmimi fikir  söyləyə bilərsə, hər kəs belə təklifə hörmətlə yanaşar.

Afaq Bəşirqızının "Azadlıq radiosu"na  verdiyi  son müsahibəsində  müzakirələrə  səbəb olan  fikir budur: "Vaxtilə öz səhvimiz ucbatından rayonlarımızı – işğal olunan rayonları nəzərdə tutmuram – qoyub Bakıya gəlib, avtomobillərin təkərlərini qaraltmaqla, şüşələrini silərək hansısa "Novostroyka”nın zirzəmisində gizlənib uşaq əmələ gətirib, bulvarda konsert verən müğənnilərə baxıb həzz almaq istəyimizdən bugünə düşmüşük. İndi kimisə günahlandırmağa ixtiyarımız yoxdur. Səhv deyirəmsə, deyin, Afaq xanım, səhv deyirsiniz... Ürək xəstəliyinə şəhərdə evimdə yaşaya bilmirəm, bağdayam. Torpaq, bel görməyən Afaq ağır əməliyyat keçirməsinə baxmayaraq, qazıramsa, nə isə əkirəmsə, deməli, bunu rayonda da etmək mümkündür. Sadəcə, Bakıda yaşamaq hamımızın azarı və bezarıdır. Çətin bir anda ağlayırıq, nəisə tələb edirik, qışqıra-qışqıra istəyirik... Qışqırmaqla nəyəsə nail olmaq mümkün deyil. Artıq o dövr keçib. "Novostroyka”nın zirzəmisində şikəst uşaq əkib-doğurlar, sonra da qucaqlarına alırlar, gəlirlər verilişlərdə həkim axtarmağa. Heç bir kəndli deyə bilməz ki, mənə düşən pay azdır... Kişi odur ki, özünə arxalansın, biz özümüz özümüzə arxalanmalıyıq”

 Etiraz etmirəm, aktrisanın dediyi fikirlərdə müəyyən  korrektlərə ehtiyac olsa da, əsasən, doğru qənaətlərdir. Biz   haqlı tənqid, irad  qəbul etməyə hazır deyilik ki deyilik.

 Bir şahın  çox sevimli quşu  varmış və bu quş üçün xüsusi xidmətçi saxlayırmış. Hətta şah xidmətçisinə  əmr etmişdi  ki, quşa gərək öz gözünüzə baxdığınız  kimi baxasınız. Əgər  birdən kimsə  mənə onun öldüyünü desə,  boynunu vurduraram.

Bir gun, həyatdır da, quş qəflətən  ölür.  Xidmətçini dərd alır ki,  bunu şaha necə deyim, desəm, axı boynumu vurduracaq. 

 Çox fikirləşdikdən sonra durub düzəlir şahın hüzuruna.  Şah  soruşur :

-  Quş necədir?

Xidmətçi deyir:

-Şah  olsun,  bir belə boynu bükülüb.

- Yemək yeyir?

- Yox.

-  Cikkildəyir?

-Yox.

 -Su içir?

 -Yox.

-Uçur?

- Yox.

-Tərpənir?

- Yox.

Şah   artıq məsələnin nə yerdə olduğunu anlayır  və xidmətçisinə deyir ki,  ay evin yıxılsın,  denən ölüb də.

Xidmətçi  məzlum-məzlum cavab verir ki,  şah sağ olsun,  "öldü” nü mən demədim,  özünüz dediniz.

 İndi gərək  Afaq xanım da əvvəlcədən hazırlaşıb, fikrinin özülünü saxlamaqla onu  cəmiyyətin söz edə bilməyəcəyi formatda ifadə edəydi.

Statistik məlumatlara görə, 2017-ci ildə Azərbaycanda 144041 uşaq dünyaya gəlib. Onların 121245-i rəsmi qeydə alınmış, 22796-sı rəsmi qeydə alınmamış nikahda olan qadınlar tərəfindən dünyaya gətirilib. Diqqət edin, 22796  körpə…

"Virtual Azərbaycan ” saytının      15 oktyabr 2020-ci  il tarixli sayında       "Uşağı doğdum ki, oğlan mənimlə evlənsin” adlı  yazıda Nəsimi rayonundakı 1 Nömrəli  Körpələr Evi” haqqında yaı dərc olunub(https://virtualaz.org/last/80998).

 Yazıda Baş həkim bildirir ki, "il ərzində təxminən 60-70 uşaq tapılaraq müəssisəyə gətirilir.

… 49 uşaq isə küçədən tapılıb. "

Baş həkim  onu da deyib ki: "… bu uşaqlar  müəssisəyə daxil olmadan bütün müayinələrdən keçirilir. Körpələrin əksəriyyətində hepatit və siflisə yoluxma aşkarlanır. Bu isə onu göstərir ki, müxtəlif səbəblərlə özünə haqq qazandırmağa çalışan "analar” bu uşaqları təsadüfi tanışlıqdan doğurlar”.

 Bunu nə fərqi var,  həmin 49 uşaq  yeni tikilən binaların zirzəmisində doğulub, yaxud hansısa yataqxanada, kirayə mənzillərdə. Normal  evlərdə doğulan  nadir uşaq ola bilər ki, atılsın. Atılan körpələrin müəyyən hissəsi  məhz   acı da olsa, talelərinə uyğun  gizli yerlərdə,  gizli şəkildə dünyaya göz açırlar.

Ona görə də  hər bir  fikir bildirən şəxs  nə qədər ki,   deyəcəyi sözü  hələ ağzından çıxartmayıb, onun ağasıdır,  bu sözləri məsuliyyətlə seçməlidir. Eynən yazıya alınanda  da  fikri elə ifadə etmək lazımdır ki, Ş.Təbrizi  demiş:

 

Sözü süz, sonra söylə,

Üzə söylə, qeybət olmasın.

Elə söylə ki, xoş gəlsin sənə,

həm əğyara.

İşarəilə söylə, rəmzlə söylə.

          Ancaq səddini çək,  sonra söylə. 

Mətbuat millətin müştərək səsidir, indi görək bu səs xalqın fikir və arzularını ifadə edirmi (XIII yazı) 

 

 

 Son

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz
SitatCavab
  • Kayla

  • 29 may 2020 03:56
  • Qurup: Qonaq
  • Qeydiyyat: --
  • Status:
  • Şərhləri: 0
  • Məqalələri: 0
^
Bizim prinsiplərə uyğun olmadığı üçün dərcdən çıxarılır.
  • Нравится
  • 0
SitatCavab
  • Qurup: Qonaq
  • Qeydiyyat: --
  • Status:
  • Şərhləri: 0
  • Məqalələri: 0
^
Raise awareness of isolation and self-isolation when returning from epidemic areas to limit the spread of covid-19 to the community. atari breakout
  • Нравится
  • 0