» » Mətbuat millətin müştərək səsidir, indi görək bu səs xalqın fikir və arzularını ifadə edirmi (II yazı)

Mətbuat millətin müştərək səsidir, indi görək bu səs xalqın fikir və arzularını ifadə edirmi (II yazı)


  Mətbuat millətin müştərək səsidir, indi görək bu səs xalqın fikir və arzularını ifadə edirmi (II yazı)

İstər 1870-ci il  Əsasnaməsinə kimi, istərsə də ondan əvvəlki  dövrlərdə  heç bir qanun və yaxud da ki qərar Azərbaycan kəndlisinin vəziyyətini   heç vaxt  yüngülləşdirməmişdi. Qafqaz valisinin təqdimi üzrə  1852-ci il avqustun 5-də  çıxarılan xüsusi qərara görə,  Azərbaycanın bəy, mülkədar  torpaqlarında yaşayan  kəndlilər, demək olar ki, bütün məhsulların yarısını "bəhrə” şəklində  öz ağalarına verməli idilər. Kəndlilər dilənçi halına salınmışdılar.

1859-cu ilin may ayında  Quba qəzasındakı Alpan kəndinin sakinləri  general-qubernatora  məktubla müraciət edərək,  onları Paşa bəy Məmmədxan bəy oğlunun  vergilərindən və digər zülmlərindən azad etməyi xahiş etmişdilər.

Üstündən uzun  müddət keçəndən sonra  məktub tədbir görülmək üçün  Bakı Hərbi Qubernatorunun idarəsinə göndərilmiş,  oradan da  cavab məktubunda bildirilmişdi ki,  "kəndlilərin xahişi diqqət verilməyə layiq deyildir və buna görə də baxılmadan saxlanılmışdır.”

 1870-ci il Əsasnaməsi də, əslində  kəndliləri  torpağın,öz əməklərinin sahibi etmədi.  Bu islahatın  Azərbaycan üçün əhəmiyyəti isə yalnız bu oldu ki,  bu islahatlar hələ 60-cı  illərin əvvəllərindən yaranmağa başlamış kapitalist istehsal münasibətlərinin inkişafına stimul yaratdı.  Amma  insanlar bu inkişafa  hazır  deyildilər,  onlar avam, savadsız  və  müti idilər. Ölkədə  o dövr üçün qabaqçıl hesab olunan texnologiyalar, bu texnologiyalarla işləməyi bacaran mütəxəssislər yox idi,  məktəblər, kitabxanalar, mətbuat yox idi. Fəqət, həmin dövrdə Q.b.Zakir, M.Ş.Vazeh, A.Bakıxanov, İ.b.Qutqaşınlı, Mirzə Kazım   bəy,  M.F.Axundov,  H.b.Zərdabi   və S.Ə.Şirvani  kimi böyük maarifçilər vardı.Onlar  daim xalqın  ictimai və mədəni tərəqqisi uğrunda  yollar düşünür,  bu yönümdə mübarizə apardılar. Bu  hərəkat  XVII-XVIII   əsrlərdə   Avropadan başlamışdı  Maarifçilik adlanan  bu hərəkat  bilik və mədəniyyətin ötürülməsi, yayılması ilə əlaqəli bir fəaliyyət idi.

Maarifçilər  xalqın inkişafı və səadətini   təhsildə və   tərəqqidə  görürdülər. Hər  üç  şəxsiyyət özləri ehtiyac içərisində yaşasalar da,  bütün imkanları ilə   mənsub olduqları  xalqa   xidmət etmişlər.

M.F.Axundov  xalqdan, vətəndən ayrı həyatı ən mənasız, ən sönük həyat hesab edirdi: " Mənim məqsədim islam  xalqlarını sarsıdan cəhaləti aradan qaldırmaq, elmləri, sənətləri inkişaf etdirmək, xalqımızın azadlığı, rifahı və sərvətinin artması üçün  ədalətə rəvac verməkdir. "

S.Ə.Şirvani pulsuz məktəb açaraq xalqın balalarına təmənnasız bilik, ədəb və  kamal  öyrətmişdir.

 Həsən bəy Zərdabi  "Həyat” qəzetinin  35-ci  nömrəsində  müəllimlərə xitabən yazdığı "Açıq məktub” məqaləsində  Azərbaycan xalqının səadət və firavanlığı üçün    elm və təhsili , maarifləndirməni    bütün  geriliyin, fanatizmin yeganə əlacı kimi  göstərərək, onları   hər yerdə elm nuru yaymağa səsləmişdir.  H.b.Zərdabi  bütün xalqın  maariflənməsini  istəyirdi: "Damcı-damcı ilə yaramız sağalası deyil.  İndi sel vaxtıdır.Elm gərək sel kimi axsın ki  hər istəyən ondan içib doya bilsin.Belə yanğı vaxtında hər millətini sevənin borcudur ki,  birə-beş artıq işləsin və bir də bizim  oxuyanımız az olduğuna biz gərək nəinki  işi müftə və bitəmənna millət üçün eliyək, hətta lazım olsa,  xərcini də  biqədr-məqdur özümüz gərək verək.Belədə iş irəli gedə bilər.Gözlərimizi dövlətlilərin əlinə dikib onların qara sandıqlarına ümid olmaq nahaqdır….təveqqə edirəm  yaddan çıxartmamaq ki,  biz hamımız müsəlman balasıyıq, müsəlman südü ilə böyümüşük, müsəlmanların içində oluruq.Heç insafdırmı ki, artıq qalan vaxtımızı onlardan  müzayiqə edək."

 Böyük maarifçinin  son vəsiyyəti belə,  xalqa təslimiyyətin heyrətamiz nümunəsidir.   Zərdabi demişdir: "Mənim üçün təntənəli dəfn mərasimi düzəltməyin. Həmin xərcləri müsəlmanlar arasında savad yayan cəmiyyətə verinş Bu, mənim başı bəlalar çəkmiş xalqım üçün daha faydalı olar”.

Görkəmli maarifçi, Şərq dünyasının  ilk təbiətşünas alimi H.b. Zərdabi xalqın maariflənməsində, tərəqqisində qəzetə  daha yüksək qiymət verirdi.   O, çox doğru hesab edirdi ki,  xalqın maariflənməsində  qəzet  daha böyük coğrafiyanı əhatə edə bilər. 

 

Mətbuat millətin müştərək səsidir, indi görək bu səs xalqın fikir və arzularını ifadə edirmi (II yazı)

 Alim "Rusiyada əvvəlinci Azərbaycan qəzeti” məqaləsində  bu vacibliyi  belə əsaslandırmışdır: "Hər kəsi çağırıram - gəlmir, göstərirəm - görmür, deyirəm- qanmır. Axırda gördüm ki, onları haraylayıb çağırmaqdan, onlara deməkdən başqa bir qeyri-əlac yoxdur. Olmaz ki, mənim sözümü eşidənlərdən heç bir qanan olmasın. Necə ki, bir bulağın suyunun altına nə qədər bərk daş qoysan, bir neçə ildən sonra su tökülməkdən o bərk daş mürur ilə əriyib deşilir, habelə söz də…

… Heç olmaz ki, doğru söz yerdə qalsın. Hər ildə on qəzet oxuyandan birisi oxuduğunu qansa, onların qədəri ilbəil artar… "

 Görkəmli maarifçi  uzun  yazışma  və süründürməçilikdən  sonra   belə  bir qəzetin nəşri üçün  icazə ala bilmişdi. Təbii ki, Zərdabinin ideyaları hər addımda irticanın sərt  qadağa və  təhdidləri  ilə toqquşub. Bunu, hətta  qəzetin adından  görmək mümkündür : "Əkinçi”.

 Bu qəzetin adı "Həqiqət”, "Azadlıq”,"Mübarizə” və sair bu kimi açıq ictimai-siyası anlayışlar ifadə edən başlıq ola bilərdimi, əlbəttə ki, yox. Hakim sinif bu qədər süründürmələrdən sonra "Əkinçi” adının ehtiva etdiyi zəhmət, iş, əkin-biçin anlayışlarının  siyasi təlatüm üçün  qığılçım ola bilməyəcəyinə ümid etmişdilər.  Həsən bəy   o vaxt   Bakının qubernatoru, general-mayor D.S.Staroselskiyə ərizə ilə müraciət edərək qəzet nəşrinə icazə istəyəndə,   general  özü məsləhət görmüşdü ki,  naşir qəzetin adını "Əkinçi" qoysun, özü də ancaq  əkin və ziraətdən bəhs etsin. Həm də   qəzetin siyasi xarakterli məsələlərə toxunmayacağı ilə bağlı çar senzurası qadağalarına əməl edəcəyi barədə öhdəlik qəbul etsin. Zərdabi qəzetin nəşrinə yalnız bu yolla icazə ala bilmişdi.

Qəzetin ilk nömrəsi 1875-ci il iyulun 22- də işıq üzü görmüş və  həmin il yalnız 11 nömrəsi , 1876-cı ildə 25, 1877-ci il  29 sentyabrına kimi isə 20, birlikdə  cəmi  56  nömrəsi  çap edilmişdir.

 Fəqət,  bu az  müddətdə "Əkinçi”  böyük rezonas doğurub, nəniki Azərbaycanda, eləcədə ÜmumRusiyada müsəlmanları arasında əldən-ələ ötürülən qəzetə çevrilib.

Həsən bəy Zərdabinin həyat yoldaşı Hənifə xanım Abayeva  sonralar bu barədə öz xatiratında  belə yazmışdı:


 Qəzet Rusiyadakı bütün müsəlmanları yerindən tərpətmişdi. O, bir elektrik cərəyanı kimi bütün müsəlman aləminin içərisindən keçmişdi... Qəzetin ilk abunəçiləri, onu birincilər sırasında salamlayanlar Omskdan, Tümendən, Cistopoldan olan sibirlilər, Orenburq, Ufa, Volqaboyu tatarları idilər”.


 Bu qısa müddətdə qəzetin məşhurlaşmasına səbəb onun  xalqın arzu  və  fikirlərini ifadə edə bilməsi, onlara doğru və faydalı olanları tanıtması, önların müdafiəçisi kimi çıxış etməsi idi.

"Əkinçi”  bu etimadı təkçə   Bakı qubernatorunun   ümid etdiyi "əkin və ziraət məsələlərindən” bəhs etməklə qazanmadı. O, insanları  milli oyanışa, tərəqqiyə aparan   bütün yollara işıq tutdu,  əsarəti, istibdadı qamçıladı, təhsildən yazdığı kimdi mədəni yüksəlişi də önə çəkdi, yeri gəldikcə  qəzetində  həm də  hüquqi azadlıqlara toxundu. Tarix, coğrafiya  və digər ictimai elmlərdən   həmvətənləri üçün çox əhəmiyyətli   məsələlərə yer ayırdı. Ayrıca "Məktubat”   bölməsində

Mirzə Fətəli Axundov, Seyid Əzim Şirvanı, Əhsənül Qəvaid, Nəcəf bəy Vəzirov, Əsgər ağa Gorani,  Ələkbər Heydəri, İsa Sultan Şaxtaxtlı kimi  məşhur ziyalıların  həyatın  hər sahəsinə aid maraqlı yazıları dərc olunurdu.

 


 "Əkinçi”dən  nümunələr:

1.  "Bizim şəriətimizə görə qulu azad etmək çox böyük savab olduğunu bilə-bilə biz özümüz öz xahişimizlə bir-birimizə qul olmuşuq: rəiyyət padşaha, övrət kişiyə, uşaq ataya, nökər ağaya, şagird ustaya məgər qul deyilmi? Bəli, biz hamımız quluq. Buna səbəb bizim ata-baba adətlərimizdir. Xülasə, Şərqi zəmində azadlıq olmadığına biz Avropa əhlindən geri qalmışıq və nə qədər belə olsa biz tərəqqi etməyəcəyik və edə Mətbuat millətin müştərək səsidir, indi görək bu səs xalqın fikir və arzularını ifadə edirmi (II yazı) bilmərik.    "


2.  "Məlumdur ki, heyvan haraya getsə gedər, hər tərəfə istəsə baxar, hər nə istəsə eləyər, haçan keyfi necə istəsə mələyər, amma insan nəinki öz istədiyini edə bilmir, hətta keyfi istədiyi kimi danışa da bilmir."


3.  "İspaniya məmləkətinin bir kəndində bir təvanə kəs vəfat edən zaman üstə keşiş gətirmədiginə, keşiş deyib ki, belə şəxsin ruhunu şeytan özü gəlib cəhənnəmə aparır. Meyid basdırılandan irəli ol şəxsin evinə bir əcayib paltarda uzunquyruq və əlində məşəl surət daxil olub ki, hamı görüb, şeytan – deyib qaçıb. Bir kişi bu qeylüqalı eşidib əlində tüfəng içəri daxil olanda, ol surət onun üstə gedib. Bu halda tüfəng atılıb ona dəyib. Sonra onu soyundurub görüblər ki, zikr olunan keşişdir"


4.  "Bizim zəmanə tərəqqi zəmanəsidir və tərəqqi etməyən taifə günü-gündən tənəzzül edib axırda puç olacaq, ona binaən bizim şüəra qardaşlarımızdan ki, onlar əlhəq xalqın gözcüsüdürlər, iltimas edirik, təqazayi-zəmanəyə müvafiq, xəlqin gözünü açmağa səy etsinlər."


5.  "Məlumdur ki, hər kəsin mahnıdan xoşu gəlir, səsi olan da... olmayan da könlü istəyən vaxt mahnı oxuyur. Bu səbəbə mahnı çox vacib şeydir, ona binaən, onun mənasını yaxşılaşdırmaq səyinə düşmək lazımdır. Hər tayfanın... keçmişdə olan yaxşı və yaman günlərini şərh edən mahnıları olur; bunlar ağızdan-ağıza düşüb milləti birləşdirməyə bais olur. Amma bizim mahnılara baxan gərək təəccüb eyləsin, xüdabəndə, onları kim və nə üçün düzəldib! Onların çoxunu ki, avam çağırır, heç mənası yoxdur. Məsələn, ...."


6.  "Ey qardaşlar, rəva deyil ki, bircə qəzetimiz var ki, "Əkinçi" olsun, sizə "Əlif Leyla” dərsi desin. Bu halda müsəlman milləti tufana düşmüş təkidir ki, hər ləpə onların bir hissəsinin aparıb qərq edir.... Qardaşlarınızın qərq olmağına baxa-baxa inək irəlidən yediyi xörəyi köyşəyən kimi Rüstəm Zalın nağılını oxuyub keçmişdə olanların qüvvətilə fəxr edək və öz qərq olmağımıza əlac eyləməyək" və s.

 

Milli oyanışa, tərəqqiyə yol açan və cəmi 56 sayı işıq üzü görən "Əkinçi” Azərbaycan xalqının taleyində böyük rol oynadı. Azərbaycan tarixinə milli mətbuatımızın  guşədaşı kimi əbədi iz qoydu.

Həsən bəy Zərdabi şəxsi  fəaliyyəti və xidmətləri ilə  istər  qəzetin nəşrinə qədər, istər nəşr olunduğu illərdə, istərsə də ondan sonra  xalqımızın sabahını düşünən hər bir  yurddaşımız  üçün bir cəsarət nümunəsi oldu.

 "Əkinçi” və onun redaktorunun idealları, mübarizə yolu Azərbaycanda milli  mətbuatın  formalaşması üçün  zəmin yaratdı. "Əkinçi”dən sonra yaranan bütün  demokratik ideyalı  mətbu orqanlar, onların əsas müəllifləri  "Əkinçi” və əkinçilərin ideya  varisliyini davam etdirdilər.

  Azərbaycan xalqının   qaranlıqdan işığa   çıxmasında , - elmə, təhsilə yiyələnməsində,  tərəqqi etməsində müstəsna xidmətləri olmuş  Həsən bəy Zərdabinin əməl və ideyaları   özündən sonra "Ziya", "Ziyayi-Qafqaziyyə" və "Kəşkül" "Kaspi”, "Həyat”;  XX əsrin əvvəllərində "Molla Nəsrəddin” və "Füyuzat” kimi mətbuat orqanlarda və yaxud  bu mətbu orqanlarda   fəaliyyət göstərmiş  jurnalistlərin ideal qardaşlığında davam etdirildi".

 

Mətbuat millətin müştərək səsidir, indi görək bu səs xalqın fikir və arzularını ifadə edirmi (II yazı)

 

 Davamı var...

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz