» » Qəbələ 116 saylı Seçki Dairəsində seçki təşviqatı ilə bağlı təəssüratlarımız

Qəbələ 116 saylı Seçki Dairəsində seçki təşviqatı ilə bağlı təəssüratlarımız


Qəbələ 116 saylı Seçki Dairəsində seçki təşviqatı ilə  bağlı təəssüratlarımız

9 fevral ölkəmizin və xalqımızın taleyində yeni bir tarixin başlanğıcı olacaq. Xalqımız ölkəmizdə aparılan çevik islahatların nəbzini tutan, təkamülə qoşula bilən, onu geniş şəkildə yaya, yeni şəraitə uyğun qanunverici təşəbbüsləri ilə parlamenti fəallaşdıra bilən layiqli namizədlərinə səs verəcək.
Bu məqsədlə yanvar ayının 17-dən seçkiqabağı təşviqat start götürüb və artıq sona çatmaq üzrədir. İki gündən sonra Azərbaycan vətəndaşlarının seçki məntəqələrinə izdihamı başlayacaq, xalq öz səsi ilə etimad göstərdiyi namizədlərin parlamentdə təmsil olumasını ifadə edəcəkdir.
Mənim doğulduğum Qəbələ rayonunun 116 saylı Seçki Dairəsindən deputatlığa namizədlərdən biri də Tibb elmləri doktoru, professor İlham Əhmədovdur. Mənim qardaşımdır, müəllimi olmuşam. Seçki gününə qədər onun komandasında mətbuat üzrə məsələlərə baxıram. Namizəd kimi yaratdığı şəxsi səhifəsini idarə edirəm.
Təşviqat günü başlayandan imkan düşdükcə namizədin komandası ilə kəndlərdə seçicilərlə görüşlərə mən də gedirəm. Çoxlu müşahidələrim var. Bəzi təəssüratlarımı sizinlə bölüşmək istəyirəm.
Hüquq-mühafizə orqanları normal şəkildə fəlaiyyətlərini həyata keçirirlər.Onlar tərəfindən heç bir müdaxilə, təhdid və yaxud təsir yoxdur, hələki müşahidə etməmişik. Amma icra strukturları, bələdiyyələr ciddi narahatçılıqlar yaradır, stolunun, vəzifəsinin naminə bizim bu qədər demokratik qanunlarımızı, Prezidentimizin müəyyən etdiyi islahatlar xəttini özləri istədikləri kimi idarə edirlər. Xüsusən kənd icra nümayəndələri, bələdiyyə sədrləri dövlətin seçki qanunlarından, Prezidentimizin tapşırıq və tövsiyələrindən xəbərsizdirlər və yaxud bunları saya almırlar. Qafqazinfo saytında MSK sədri, hörmətli Məzahir Pənahov da bu fikrin cəmiyyətdə mövcudluğuna işarə edib.
İnternet resurslarında, ayrı-ayrı ərazilərdə baş verən belə hallar barədə çoxlu sayda faktlar var. Həkim və müəllimlər ancaq yerli icra nümayəndələrinin və bələdiyyələrin yönəltdiyi görüşlərə qatılırlar.
Azərbaycan dövləti, ölkə başçısı cənab İlham Əliyev demokratik, şəffaf seçkilərin keçirilməsi üçün ölkəmizdə hər cürə şərait yaradıb.
"Güclü dövlət-müstəqil siyasət” tezisi Ümummilli liderimiz Heydər Əliyev tərəfindən irəli sürülüb. İlham Əliyevin prezidentliyi dövründə isə bu tezis tam mahiyyəti ilə reallaşıb. Son dövrlər Prezidentin etdiyi çıxışlarda bunu dönə-dönə müşahidə etmişik. Prezident
çəkinmədən ölkəmizdə mövcud olan problemlərin konkret ünvanını göstərir, ciddi tənqid edir, yol göstərir, tapşırıqlar verir. Bunlar xalqın ürəyincədir, Xalq öz Liderinə doğru daha ümidlə yaxınlaşır.
Cənab Prezident dəfələrlə bəyan edib ki, hər kəs üçün bərabər seçim və seçilmək hüququ yaradılmalıdır. Amma təəssüf ki, yerlərdə sapınmalar var. Qəbələ rayonunda da 2020-ci il 9 fevralda keçiriləcək növbədənkənar seçkilər üçün müəyyən edilən təşviqat kampaniyasında icra strukturları, bələdiyyələr namizədlər arasında ayrı-seçkilik edirlər: bəzi namizədlərə insanların görə, hiss edə bildiyi şəkildə imkanlar yaradılır, bəziləri isə bezdirilir. Onların xalqla kütləvi görüşlərinə, söhbətləşməsinə süni əngəllər yaradılır, müxtəlif arqumentlərlə xalqın, seçicilərin ehtiyatlandıqları namizədlə görüşməməsi, söhbət etməməsi, səs verməməsi üçün onlara təzyiq göstərirlər: özünün, övladlarının işdən çıxaracaqları təhlükəsi ilə üz-üzə qoyurlar, çörək qazanmaq üçün malik olduğu dükanı, sexi, xidmət sahəsini bağlatdıracaqları, ali məktəblərdə öxuyan övladlarını təhsildən uzaqlaşdıracaqları ilə hədələyirlər. Bu soyuq şimal-qərb bölgəsində görüş üçün mədəniyyət evlərinə, məktəblərə toplaşmağa qoymurlar.
Biz rayonun Soltannuxa kəndində seçicilərlə görüşə getdik. Kəndin mərkəzi olmasa da, əhalinin sıx toplaşdığı yerdir, magistral yolun kənarıdır, yolun sağ və sol tərəfində çoxlu mağaza və xidmət obyektləri var. Bir gün əvvəl kəndin diqqəti cəlb edən yerlərinə deputatlığa namizədin şəkilləri yapışdırılıb, elanlar vurulub və fərdi şəkildə əhaliyə müəyyən edilmiş vaxtda kənd məktəbində görüş keçiriləcəyi anonsu verilmişdi.
Amma biz ora çatanda məktəbin qapıları bağlı idi. Onda məktəbin həyətindən çöldə - rayondan gələn yolun sağ hissəsində - nəqliyyatın, insanların hərəkətinə, fəaliyyətinə mane törətməyəcək hissəsində açıq havada görüş keçirməyə qərar verdik. Müəyyən qədər kənd sakini iştirak etsə də, o ərazidə həmin vaxt olan insanlar uzaqdan seyr edir, bizə yaxınlaşmağa cürət etmirdi. Çünki elanlarımızdan xəbər tutan kənd rəsmiləri görüşümüzün baş tutmasını əngəlləmiş, kənd sakinlərinin bizim namizədlə görüşməməsini tələb etmişdilər. İnsanlar özləri bunu dilə gətirirdilər.
Hacıalılı kəndində də eynilə Soltannuxada olduğu kimi, yol kənarında toplaşmış insanların çevrəsinə daxil olduq. Xeyli sayda insanlar vardı. Deputatlığa namizədin səlahiyyətli nümayəndəsi tərəfindən gəlişimizin məqsədi bildirildi.
 

Qəbələ 116 saylı Seçki Dairəsində seçki təşviqatı ilə  bağlı təəssüratlarımız

 

Qəbələ 116 saylı Seçki Dairəsində seçki təşviqatı ilə  bağlı təəssüratlarımız

 

Qəbələ 116 saylı Seçki Dairəsində seçki təşviqatı ilə  bağlı təəssüratlarımız

 

Qəbələ 116 saylı Seçki Dairəsində seçki təşviqatı ilə  bağlı təəssüratlarımız

 

Səmimi söhbət başladı.Namizəd platforması haqqında məlumat verdi. Az keçmədi ki, insanlar bir qədər də artdı. Elə bu zaman kənd icra nümayəndəsi özünü çatdırdı və insanları nümayişkaranə şəkildə, həm də kobud formada buradan uzaqlaşdırmağa cəhd etdi. Müavini də həmçinin. Müavini telefonla insanların şəklini çəkir, tez-tez harasa zənglər edirdi. Aydındır ki, o, bu şəkillərlə toplantıdan sonra kimlərin görüşdə iştirak etdiyini, çıxış etdiyini təsdiqləmək və təzyiq göstərmək üçün istifadə edəcəkdi.
Amma əhali bütün bunlara baxmayaraq, namizədlə söhbətlərini sonadək davam etdirdi.Kəndin icra nümayəndəsi öz şəxsi maşınını insanların üstünə sürdü, kənd sakini az qala ciddi xəsarət alacaqdı.
Rayonun ən böyük kəndlərindən olan Nic qəsəbəsindəki görüşümüz qəsəbənin mərkəzindəki məktəbdə planlaşdırılmışdı. Burada da əvvəldə qeyd etdiyimiz görüşlərdə olduğu kimi, cəm olmaq mümkün olmadı. Görüşü qəsəbənin mərkəzindəki parkda keçirdik.
 

 

Qəbələ 116 saylı Seçki Dairəsində seçki təşviqatı ilə  bağlı təəssüratlarımız

 

Çoxlu sayda insanlarla, həm də böyük əksəriyyəti gənclərdən və ziyalılardan ibarət olan insanlarla həmsöhbət olduq.
Çox səmimi və qızğın bir görüş idi. Diqqəti cəlb edən nə oldu: qəsəbənin icra nümayəndəsi yolun sol tərəfində marketin qarşısında dayanıb bələdiyyə sədri ilə bizi müşahidə edirdi. Narahatçılığı açıq-aydın hiss olunurdu.
Bilirsiniz təəccüblü olan nədir: internetlə həmin məntəqədən digər bir namizədlə seçicilərin görüşünü izlədik. Bizim görüş keçirdiyimiz ərazi ilə, demək olar ki, eyni ərazi idi, sadəcə, toplantı yerlərinin arası 10-15 metr olardı. Bu namizədin görüşünə isə icra nümayəndəsi özü gəlir, görüşür, çıxış edir və s. Olsun, biz kiminsə əleyhinə təbliğat aparmaqdan, bu və ya digər yanlış addım atmaqdan uzağıq. Hər bir namizəd bizim vətəndaşımızdır, onun xalqını təmsil etməyə haqqı çatır. Amma digər namizədə belə ayrı-seçkilik, müxtəlif cür təzyiq üsulları niyə olmalıdır?
Bu cür münasibətlər ədalətli, demokratik və səmimi qəbul edilə bilərmi?
Digər bir neçə kənddə də təzyiqlər müşahidə olunmaqdadır: namizədlərin, hətta qanunla müəyyən edilmiş yerlərdə yapışdırılmış şəkillərini cırırlar. Bu, bizi dövlətimizin müəyyən etdiyi qaydada hüquqi qaydada mübarizə aparmaqdan çəkindirmir. Əksinə, yerli məmurların bu dərəcədə ehtiyatlanmasını namizədimizin qarşıdakı mübarizədə real namizəd olması kimi dəyərləndiririk.
Hamımızı təəssüfləndirən hal isə namizədin doğulduğu kənddə, 10 il təhsil aldığı məktəbdə keçirilən görüşlə yadda qaldı. Burada icra strukturlarının, bələdiyyənin, yarınan xırda məmurların seçkiyə antidemokratik, heç bir haqqa, etikaya sığışmayan cəhdləri daha məkrli, ədavətli, eybəcər paxıllıqla çulğalaşmış dəst-xətti daha aydın şəkildə üzə çıxdı.
Fevralın 2-də keçirlən bu görüş İlham Əhmədova, eləcə də onun yaxınları və komandası üçün xüsusi əhəmiyyət kəsb edirdi. Çünki bu görüş , əvvəldə qeyd etdiyim kimi, deputatlığa namizəd - Azərbaycan Dövlət Tibb Universitetinin professoru İlham Əhmədovun doğulduğu kənddə, oxuduğu məktəbdə keçiriləcəkdi və artıq keçirilib də. Nə qədər təəssüflü olsa da, təşviqat kampaniyası başlayandan indiyə kimi müşahidə olunan haqsızlıqlara, təzyiqlərə istinadən biz öz kəndimizdə daha böyük təhdidlər gözləyirdik.
 

Qəbələ 116 saylı Seçki Dairəsində seçki təşviqatı ilə  bağlı təəssüratlarımız

 

Bu antidemokratik, qeyri-sağlam üsullar haqqında onsuz da bizə seçicilərdən çoxlu məlumatlar daxil olurdu. Seçkilər haqqında əsasnaməyə, ölkə başçısının tapşırıqlarına əks mövqedə dayanan kəslər o qədər səriştəsizdirlər ki, əleyhinə kampaniya apardıqları namizədin bu kənddən olduğunun belə, fərqində olmamışlar, qanunsuz əməllərini açıq-aşkar onun böyük sayda qohum-qardaşlarının, qonşularının ətrafında – cəmiyyətin gözləri qarşısında etməkdən çəkinməmişlər. Çoxlu sayda seçicimiz dediklərimizi fərdi görüşlərimiz zamanı özləri ehtiyatla etiraf etmişdir, özümüz də müşahidə etmişik. Amma deputatlığa namizəd İlham Əhmədov təşviqat kampanıyasını çəkişmələr, qarşıdurmalar zəminində deyil, seçicilərin etimadını qazanmaq, Ölkə başçısının, Birinci vitse-prezident Mehriban Əlyevanın müəyyən etdiyi prinsiplər üzrə davam etdirməyi öz təşviqat kampaniyası üçün ana xətt seçmişdir, özü də nəinki bu mübarizəsində, eləcə də gələcək bütün elmi və praktik fəaliyyətində. Bütün görüşlərində dönə-dönə vurğulayıb ki, dövlətçiliyimizə, cənab Prezidentin apardığı siyasətə hər zaman sədaqətli olacaqdır.
İlham Əhmədov Millət vəkili olmaq haqqını şəffaf seçki mübarizəsi ilə almaqda iddialıdır.
Cənab Prezident Davos forumunda bəyan etmişdir ki, Azərbaycanda demokratik, şəffaf seçkilər keçiriləcək. İnsanlara etimad göstərdikləri namizədləri seçmək üçün bütün imkanlar yaradılacaqdır. Apardığımız islahatların tərkib hissəsi kimi ölkəmizdə yeni parlament formalaşdırılacaqdır. Bu parlament aparılan islahatlara dəstək verəcəkdir. Cənab Prezidentin yeni bir mesajı da bu olmuşdur ki,icra başçıları bu seçkilərə müdaxilə etməməlidir.
Namizədlər arasında fərq qoyulmadan hamısı üçün bərabər şəarit yaradılmalıdır.
Amma biz öz dogma rayonumuzda, öz dogma kəndimizdə bu bərabərliyi görmədik.
 

Qəbələ 116 saylı Seçki Dairəsində seçki təşviqatı ilə  bağlı təəssüratlarımız

 


 
İlham həkimin 116 saylı Qəbələ Seçki Dairəsindən Millət vəkili mandatı uğrunda seçkilərə qoşulmağa haqqı var. Əvvələn, bu haqq Konstitusiyamızla, mövsud seçki qanunvericiliyimizlə təsbit olunub: seçki gününədək 18 yaşı tamam olan və ya yaşı 18-dən çox olan bütün Azərbaycan Respublikası vətəndaşlarının cinsindən, təhsilindən, dilindən, dinə münasibətindən, məşğuliyyətinin forma və məzmunundan asılı olmayaraq seçmək və seçilmək hüququ vardır.
İkincisi, İlham Əhmədov müəyyən həyat yolu keçmiş, elmi və praktiki fəaliyyəti ilə professor səviyyəsinədək yüksəlmişdir, ən başlıcası isə bu rayonun övladıdır.
1986-1992-ci illərdə Azərbaycan Tibb İnstitutunun II müalicə-profilaktika fakültəsini "Lenin” təqaüdü ilə bitirib.
2000-ci ildə "Prostat vəzi xərçənginin diaqnostikası üsullarının müqayisəli xarakteristikası” mövzusunda,
2010-cu ildə "Erektil disfunksiyanın diaqnostikası və müalicəsi” mövzusunda doktorluq dissertasiyası müdafiə edib.
2018-ci ildən Tibb universitetini urologiya kafedrasının professorudur.
Avrasiya Androloji Konseynin İdarə Heyətinin üzvüdür.
Avropa Uroloji Cəmiyyətinin həqiqi üzvüdür.
Azərbaycan Uroloqlar Assosiasiyasının və "Urologiya və Reproduktiv Təbabət" jurnalının elmi katibidir.
Azərbaycan Andrologiya və Reproduktiv Təbabət Assosiasiyasının prezidentidir və s.
Türkiyədə, Avstriyada, Belçikada, Rusiyada, Ukraynada, Qırğızıstanda, Özbəkistanda, İspaniyada, ABŞ-da, İtaliyada,Macarıstanda, Albaniyada, Rumıniyada, Almaniyada , Fransada və digər ölkələrdə keçirilən konqreslərin nümayəndəsi olmuş, elmi məruzələrlə çıxış edib.
İki monoqrafiyanın, bir çox elmi- metodiki dərs vəsaitlərinin və Azərbaycanda andrologiya üzrə ilk dərsliyin müəllifidir. İndiyə kimi müxtəlif elmi nəşrlərdə 60-dan çox elmi məqaləsi çap olunmuşdur. Bunlardan 18-i xarici ölkələrin mötəbər kitab və jurnallarında çap olunmuşdur.
Bir rayonun, bir məktəbin məzununun ölkənin ən nüfuzlu univeristetlərindən birini Lenin təqaüdü ilə bitirməsi, 53 yaşında elmlər doktoru, professor səviyyəsinə yüksəlməsi, bu qədər genişdiapozonlu fəaliyyəti fəxarətdir: bir rayonun, bir məktəbin ölkənin gələcək elmi potensialına sanballı töhfəsidir.
 

Qəbələ 116 saylı Seçki Dairəsində seçki təşviqatı ilə  bağlı təəssüratlarımız

Sadə kənd ailəsində dünyaya göz açmış bir uşağın orta təhsilini başa vurub, ölkənin ən nüfuzlu ali məktəbinə qəbul olunması, barmaqla sayılacaq qədər az sayda olan Lenin təqaüdçülərindən biri olmağa haqq qazanması, ali məktəbdə saxlanılması, elmləri doktoru, professor səviyyəsinə yüksələ bilməsi, bütün bunlar Ulu öndər Heydər Əliyevin və onun kursuna bu gün sədaqətlə xidmət edən, onu daha genişləndirən hörmətli İlham Əliyevin Azərbaycanı idarə etdiyi illərdə mümkün olmuşdur. Bunu dəyərləndirməyi bacaran heç bir ziyalı bu gün davam edən quruculuqdan, bugünki yüksəliş xəttindən kənarda qalmamalıdır və qala da bilməz.
Professor İlham Əhmədov indiyə kimi heç vaxt seçkilərdə iştirak etmək niyyətində olmayıb, bu istiqamətdə heç vaxt heç bir addım da atmayıb. Amma ölkə başçısının davamlı və məqsədyönlü şəkildə apardığı siyasət, islahatlar kursu, gənclərə, ölkənin qabaqcıl ziyalılarına və elm adamlarına bəslədiyi ümidlər, onlara göstərdiyi etimad və nüfuz İlham müəllimi də hörmətli Prezidentimizin, Mehriban xanım Əliyevanın apardığı dövlətçilik siyasətinə xidmət edənlər sırasına qoşulmağa sövq edib.
Hər yerdə həmyerliləri tərəfindən səmimiyyət və sevgi ilə qarşılanması onu daha ümidli edib.
Bu ümid təşviqat kampaniyamızda müşahidə olunan təhdidlər, əngəlləmələr, ayrı-seçkilik, bir sözlə, bütün fərqli münasibətlərin fövqündə dayandı və dayanacaq da.
Biz gözləyirdik ki, öz kəndimizdə bütün seçki dairələrindən coşqu ilə qarşılanacağıq və qarşılandıq da: məktəbin zalı ağzına kimi kənd camaatı ilə dolmuşdu. Sakinlər öz həmyerlilərini rəğbətlə qarşıladılar, onu və ayrı-ayrı çıxış edənləri dəfələrlə gurultulu alqışlarla qarşıladılar.
Fəqət, 70-80 nəfər müəllimi olan məktəbdən bir müəllim görüşdə iştirak etmədi. Məktəbin bir nümayəndəsi belə, professor səviyyəsinə ucalmış şagirdini qarşılamadı. Halbuki, İlham professor dogma məktəbinə, sanki həm deputatlığa namizəd, həm də bu məktəbin yetirməsi kimi hesabat verməyə gəlmişdi. Elə bil ki,biz icarəyə götürülmüş, ins-cins olmayan bir məkana gəlmişdik.Özümüz həyətə daxil olub, kimsə gözə dəyməyən dəhliz və mərtəbələrlə 3-cü mərtəbədəki akt zalına daxil olduq.
 

Qəbələ 116 saylı Seçki Dairəsində seçki təşviqatı ilə  bağlı təəssüratlarımız

 

Qəbələ 116 saylı Seçki Dairəsində seçki təşviqatı ilə  bağlı təəssüratlarımız

 

Qəbələ 116 saylı Seçki Dairəsində seçki təşviqatı ilə  bağlı təəssüratlarımız

 

Qəbələ 116 saylı Seçki Dairəsində seçki təşviqatı ilə  bağlı təəssüratlarımız

 

Qəbələ 116 saylı Seçki Dairəsində seçki təşviqatı ilə  bağlı təəssüratlarımız

 

Zal bu qış havasında çox soyuq id, işıqlar yanmırdı, masanın üstünə süfrə salınmamışdı.
Açıq-aşkar kimlərinsə təzyiq və təsiri ilə yaradılan bir vəziyyət idi.
Dünyanın heç bir yerində, heç bir xalqında bizim xalqın yaradıb ənənəyə çevidiyi qonaqpərvərlik, əxlaq qədər isti münasibətlər yoxdur. Hələ bir etiketlərimizə baxın : "Xoş gəlmisiniz”, "Həmişə Siz gələsiniz”, "Göz üstə yeriniz var”, "Qonaq Allah qonağıdır”, "Qonaq gəlməyən ev yıxılsa yaxşıdır”, "Xoş gəldin, səfa gətirdin” və s.
Nizmi Gəncəvinin "Yeddi gözəl" əsərində xalqızın qonaqpərvərliyinə aid nümunələr var:

Bağ gülü kimi qonaqsevər idi.
Qönçədəki qızılgül kimi gülərdi.
Onun bir hazır qonaq sarayı var idi
Ki, boyu yerdən sürəyyaya ucalırdı.
Süfrə açıb büsat qurardı.
Lütflə bəslənmiş xidmətçilər saxlardı.
Kim gəlsəydi, atının cilovunu tutardılar,
Qaydayla süfrə açardılar.
Ona layiq mehmannəvazlıq edərdilər.
Onun öz şəninə qonaqlıq verərdilər.

Bunlar olub qədim dövrlərdə - 12-ci əsrdə.
Xalqımız bu mirası şərəflə qoruyub.Biz uşaq olanda hər birimizin ailəsində iki otaqdan birinin şöhrətli statusi olub: "Qonaq otağı”. Valideynlərimiz özümüzü belə, o otağa qoymazdılar ki, ora girməyin, təmiz saxlayın, ora qonaq otağıdır.
Bəs bu aşınma hardan sirayət etdi ruhumuza? Qonağı beləmi qarşılayırlar?
Lap qonaq olmasın. İlham Əhmədov bu məktəbin, bu məktəbin müəllimlərinin şagirdidir. Mən də bu məktəbdə dərs demişəm, İlham Əhmədova dərs demişəm, bu məktəbdə direktor müavini olmuşam. Bacımız 40 ildən artıq bu məktəbdə onlarla eyni amala qulluq edib. Doğru etdinizmi, hörmətli həmkarlarım, Nohurqışlaq məktəbi?
İlham Əhmədov yad adam kimi gəlib keçdi dogma məktəbinə. Bütün bunlara baxmayaraq, nohurqışlaqlılar sədaqət nümayiş etdirdilər.
Nohurqışlaq kəndinin sakinlərinin öz namizədinə səmimiyyəti və sürəkli alqışları qışın bu vədəsində bumbuz və işıqsız akt zalını, namizədin, eləcə də hər birimizin qəlbinə hərarət gətirdi, işıqlı etdi.
9 fevral Seçki günüdür. SEÇKİ xalqın taleyidir. Xalq özünün gələcək taleyi naminə, azad və xoşbəxt Azərbaycan naminə seçim edir.
Bu günlər ziyalı sözünə, qələm sahiblərinin sözünə çox ehtiyac var. Azərbyacan vətəndaşlarının düzgün seçim etməsi üçün, bəzi qrup və məmurların hansısa yanlış mövqelərindən çəkinməsi üçün sizin müdriklik səlahiyyətinizə ehtiyac var. Xalqımızın doğru-düzgün maariflənməsinə ehtiyac var.
Bu günlər ziyalıların, ziya saçanların işığına çox ehtiyacımız var. Əziz ziyalılarımız, hörmətli qələm sahibləri, müdriklik səlahiyyətinizdən istifadə edərək seçki təsəvvürlərinə, seçki yoluna işıq tutun.

 

Qəbələ 116 saylı Seçki Dairəsində seçki təşviqatı ilə  bağlı təəssüratlarımız

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz