» » Mətbuat, televiziya nə yazır, nə göstərir və ya necə yazır, necə göstərir (IVyazı)

Mətbuat, televiziya nə yazır, nə göstərir və ya necə yazır, necə göstərir (IVyazı)

  

"... Dəfələrlə demişəm ki, elə verilişlər var ki, bütövlüklə ləğv olunmalıdır. Eləsi də var ki, maraqlıdır, sadəcə aparıcısı dəyişməlidir. Nə qədər camaatı güldürmək olar? Bir az da düşündürmək lazımdır. Bir televiziya kanalının qara siyahısında olmuşam. Qonşu kanalda veriliş apardığıma görə digər kanal mənə 3 illik qadağa qoydu. Bu qadağa zamanı digərlərində fərqli olaraq mənim barəmdə mənfi süjetlər getmədi. Məni vurmadılar. Kanalda kiməsə qadağa qoymaq lazımdır. Hansısa naşı aşbaz bir toyda 500 nəfər öldürə bilər, naşı sürücü qəza törədib 10 nəfərİ yox edə bilər. Amma bir müğənninin(müğənni deməyə dilim gəlmir) daha doğrusu ifaçılıq iddiasında olan keyfiyyətsiz birinin ucbatından bütöv bir nəsil mənəvi travma alır, zövqləri korlanır. Televiziyaya soyğunçuluq, dava-dalaş, mənəviyyatsızlıq gətirənləri buraxmaq olmaz”.

 

 Faiq Ağayevin   yenisabah.az-da  Dadaş Dadaşlinski ilə müsahibəsindən

 


Mətbuat, televiziya nə yazır, nə göstərir və ya necə yazır, necə göstərir (IVyazı)


Bu cür, bayağı, şit, məzmunsuz  musiqi nümunələri  nəinki gənclərin tərbiyəsini pozur, eləcə də bu ölçüsüzlükdə  cəmiyyət üçün narahatçılıq doğuran  bir  auditoriya formalaşır. Bu gün tərbiyəvi-əxlaqi mövzuda keçirilən tədbirə və yaxud  mənəviyyatla bağlı  hansısa   bir mətbuat yazısına maraq göstərən çox az olur, amma belə bozbaş nümunələrə maraq göstərənlər  günbəgün artmaqdadır. 

Uzeyir Mehdizadənin  "Yaxsi olar” mahnısına  1 ildə 104 643 775 baxış, 478 min bəyənmə var, 30 817 nəfər  fikir bildirib.

Sabo və Aysunun - "Zaurla Günaydın” verilişində "Mashup Sevgi” diringisi  nümayiş etdirildi. Bir ildə 2 966 486  izləyisi var, 2 268 nəfər  izləyicisi var. Bəstəkarlar İttifaqı, Mədəniyyət Nazirliyi, Televiziya və Mətbuat Şuraları, sosioloq, pedaqoq və psixoloqlar bundan narahat olmalıdır. Ədəbi-mədəni irsin, tariximizin təbliği ilə  ciddi düşünmək lazımdır. 

 

Mətbuat, televiziya nə yazır, nə göstərir və ya necə yazır, necə göstərir (IVyazı)

 

Televiziya və mətbuat  daha çox  diringi musiqiləri paylaşır. Elə sənət adamları  var ki,  fəxri adlara, ödüllərə də layiq görülüb.  Halbuki, çəmiyyətdə onlara qarşı,  əvvəldə qeyd etdiyimiz auditoriyanı istisna etsək,  münasibət heç də  müsbət deyildir. Çünki  onlar  cəmiyyətin deyil, pərəstişkarlarından ibarət  auditoriyanın zövqü ilə oxuyurlar.

Ekrana çıxarılan, yayınlanan  musiqilərin,  mahnı mətnlərinin ideya-bədii xüsusiyyətlərinə, ictimai əhəmiyyətinə, sanki,  nəzarət edən yoxdur. Bir çox müğənnilər var ki, ifa etdikləri mahnıların sözlərini özləri yazır, özləri də musiqi bəstələyir.  Əksər ifaçı hansı bəstəkarla əməkdaşlıq edirsə, mahnını ondan alıb birbaşa ekrana, səhnəyə çıxır.  Bəs Bədii şuralar niyə yaradıldı,  mahnılar  nə üçün bu şuralarda  incələnməsin ki, görək bunu ekrandan, efirdən səsləındirmək olarmı?

Müğənnilərin geyimi, bəzi hallarda səhnə davranışları da  ideyalılığın əksinə işləyir. Sanki  televiziya, mətbuat  cəmiyyətin ancaq  şou tələbatına xidmət etmək üçündür.

 "Sənə ehtiyacım var” mahnıs var. Sözləri də,  musisi də   Murad Arifindir. Mahnını Röya və Xəyyam ifa edirlər.  İnternetdə necə var, elə də təqdim edirəm:


"Sənli gecələrimin həsrətini yaşayıb

Yastıgıma yağan damla damla göz yaşlarımda

Sənin adını yazıb.

Gecələrin adı yox , gecələrin qaranlıq

Yalvarıram sənə heç olmasa bircə dəqiqə

Yuxuma gəl bir anlıq.


Səni düşündüyüm qədər heç kəsi düşünmədim.

Səni axtardığım qədər heç kəsi axtarmadım.

Sənə vurulduğum qədər heç vaxt aşiq olmadım.

Sən bir başqasan yar, sənə ehtiyacım var.


Yağışın nəğməsini duya bilən ürəklər

Yarı düşünməyi qadağan etsəkdə biz əvvəl

Sözə baxmaz ürəklər...

Ürəyim səni istər,səni istər səbəbsiz

Yalvarıram sənə heç olmasa yuxularımda

Yanıma gəl xəbərsiz...”


 Yazır ki:


-  Səni düşündüyüm qədər heç kəsi düşünmədim.

Səni axtardığım qədər heç kəsi axtarmadım.

Sənə vurulduğum qədər heç vaxt aşiq olmadım.

Sən bir başqasan yar, sənə ehtiyacım var.

 

M.Arifin Röyanın ifasında  konsert salonlarını,  ekran-efiri  fəth edən digər bir mahnısı üçün yazdığı şeirinə diqqət edək: 

 

 Bədənimə dol

 

Mənə bir ümid ver,

Min əzaba dözərəm.

Nəfəsini duysam,

Külək olub əsərəm.

 

Yer üzünü gəzərəm,

Səni tapa bilərəm,

Gözlərimi yumaram,

Ugrunda ölərəm, yar.


Gəl yenə həyatıma Günəsim ol!

Sevgimə nur sac, bədənimə dol.

Yalvarıram mən, axtarıram mən,

Varmı o qəlbinə yol ...?

 

Anlaya bilsən nə olar ki, mələyim,

Yalniz səni istər sevgi dolu urəyim.

Olmasan da köməyim, sənsən mənim gərəyim,

Həsrətin bogur məni, söylə, indi neyləyim, yar.


Gəl yenə həyatıma Günəsim ol!

Sevgimə nur sac, bədənimə dol.

Yalvarıram mən, axtarıram mən,

Varmı o qəlbinə yol ...?


  Əlbəttə, zəif şeirlərdir. Mətndə çoxlu orfoqrafik səhvlər var. Bu. vacib şərtdir, çünki ifaçı da  mətndə yanlış ifadə edilmiş fikri dinləyiciyə səhv çatdıracaq.  Əgər aşiq bu sevgisinə qədər  heç kəsi düşünməyibsə, heç kəsi aramayıbsa,  heç vaxt sevdiyiyinə vurulduğu qədər digərinə aşiq olmayıbsa,  niyə onda bunları dilə gətirməlidir? Sadəcə, adi bir eşqdir bu. Bu and-amanlar, vədlər  əsl sevgi  zəmanəti ola bilməz.  Belə dil-dil ötən  aşiqlər, adətən,   hər  növbəti sevgililərinə   belə deyərlər. Bu sevgidə əxz ediləsi heç nə yox.

 

 Və yaxud Aygün Kazımovanın ifa etdiyi   "Ehtiyacım var" mahnısının  sözləri də, musiqisi də İsmayıl Əsədova məxsusdur

 

"Bəlkə də eşidib utanacaqsan

Qaranlıq dünyadan oyanacaqsan

Baxıb gözlərimə onda inanacaqsan

Mən artıq sevməyə başladım səni

Özüm də bilmədən

Xəyanət elədim dostluğumuza bu gün

 

Mənim sənə ehtiyacım, ehtiyacım var

Mənim sevgiyə ehtiyacım, ehtiyacım var

Mənim duyğuya ehtiyacım, ehtiyacım var

Mən də bir qadınam, qadınlar kimi

Qadınlar kimi

 

Göz yaşım gizlənib təbəssümümdə

Mən səni yaşatdım özüm özümdə

Mənə xatirələr olub kömək, dözüm də

İlləri illərə caladım sənsiz, həsrətlə gözlədim

Mənə bu həyatı sevdir yenidən bu gün

 

Mənim sənə ehtiyacım, ehtiyacım var

Mənim sevgiyə ehtiyacım, ehtiyacım var

Mənim duyğuya ehtiyacım, ehtiyacım var

Mən də bir qadınam, qadınlar kimi

Qadınlar kimi.”

           

  Buradakı sevgini  təqdir etmək olarmı?  Sevgidirsə, bəs  niyə əksər müğənni qadınlar, müğənni kişilər 2-ci, 3-cü dəfə evliliyə baş vururlar?

İnsan övladını sevgi  haqqında qənaətləri  ədəbiyyatdan, filmlərdən, şeirlərdən  nəşət etmişdir. Əgər belə demək mümkünsə, eşq, məhəbbət bədii ədəbiyyatda, poeziyada   həyatda olduğundan daha  mükəmməldir, ucadır, müqəddəsdir.

Bizim bir-birindən hikmətli   bayatılarımızda  gənclərin  canına, qanına hopmuş  əsl sevgi nümunələri var,   "Xosrov  və Şirin” poemasında Fərhad və Şirinin timsalında  sevgisi və sevdiyi uğrunda  hünər göstərmək, "Leyli və Məcnun” poemasında  Leyli və Məcnunun timsalında sədaqət, vəfa simvoluna çevrilmək,  "Saçlı” romanında Rüxsarənin timsalında  xəbis baxışlardan xilas olmaq üçün   bir vaxtlar  namus rəmzi hesab olunan saçını (hörüklərini) kəsdirərək adını, şərəfini qorumaq      nümunələri var, belə nümunələr 5-10 deyil, yüzlərlədir. Belə nümunələrdən sonra istər "Sənə ehtiyacım var”,  istərsə də "Ehtiyacım var "  şeirləri nə sevənlər üçün, nə oxucular üçün lirik ovqat yarada bilməz.

Hər iki  nümunə şeiriyyət baxımından   zəifdir, bu mətnlər  , sadəcə, klip üçün yazılıb.   Buradakı lirik qəhrəmanlar   ağlayıb sızlayan miskin sevgili və onlara bəslənilən məhəbbətdən xəbərsiz  olan aşiqlərdir.  Belə zəif mətnlərə ekranlaşdırılmış kliplər  yalnız ifa edilərkən  səs -akustika imkanları, dramaturji effektlər hesabına  dinləyicilərini  müəyyən qədər cəlb etsələr də,  sevən ürəklərdə heç bir təbəddülat yarada bilməz.   Bu klipləri izləyən dinləyicilər  nə Fərhad hünər  göstərməyə ruhlanacaq, nə  Məcnun kimi sədaqətini:

- Bülbül güldən ötrü edəndə nalə,

Dərdinə dəva olurmu lalə?

Mən Xosrov deyiləm ki mənə dilbər,

Şirin ola gah, gah Şəkkər,- deyə nümayiş   etdirməyi bacaracaq.

 

Bu klipləri dinləyəcilərini, ən azından  Tarqovıya, istirahət məkanlarına cağıracaq...


İndi isə  unudulmaz şairimiz Nəbi Xəzrinin "Təkcə ümid qalsın" şeirinə nəzr salaq, özü də Hüseynağa Hadiyevin   ifasında  həmin  şeirə  bəstələnmiş mahnını (Musiqisi Emin Sabitoğlu) içimizdə xəfifcə  pıçıldaya-pıçıldaya:


"İstəsən sükuta bürünsün cahan,

Heç nə yox, al məndən gülüşlərini...

Al məndən ömrümdə əbədi qalan gülüşlərini,

Al məndən, ömrümdən o ani, əbədi görüşlərini.

Fəqət, soyuq baxma sən gendən, gözəl!


Sənsiz günəşsizdir bu göy, bu torpaq,

Hər nəyi istəsən, al məndən, gözəl.

Tək ümid qoy qalsın,

Ümid – bir dünyalıq gülüşlərindir.

Tək ümid qoy qalsın,

O ani, əbədi görüşlərindir...

Fəqət, soyuq baxma sən gendən, gözəl!


Al geri o əziz günləri məndən.

Sədaqət andını al geri məndən.

İstəsən, al məndən yaşıl meşələrin pıçıltısını.

İstəsən, istəsən, al məndən dənizin parıltısını.”


Mahnı belə olmalıdır...Sevgi belə olmalıdır.

 

Mətbuat, televiziya nə yazır, nə göstərir və ya necə yazır, necə göstərir (IVyazı)

 

 Mahnı da, klip də, səhnə əsəri də, adi bir şeir bəndi də insanda  həyata bağlılıq yaratmalıdır, ümid işartısını şölələndirməlidir.  Belə deyil axı. Bizim televiziyalar, mətbu vasitələr  bütün bunları reytinq naminə qurban verirlər. Beləcə korporativ maraqlar  tüğyanında milli-mənəvi dəyərlər aşınır, ölçülər, hədlər itir, tamam fərqli bir nəsil yetişir.  Sovet  zamanında belə şey yox idi axı: nə ədəbiyyatda, nə televiziyada,  nə radioda, nə də həyatda.  İndi   gənc nəsil hansı özəl telekanalı açır, hansı seriala baxır, hansı mahnını dinləyir,  onda Avropaya getmək arzusu baş qaldırır, onlar düşünürlər ki, Avropada gənclər  arzularını  heç bir  problemsiz  gerçəkləşdirə bilirlər,  axı Avropada sərhədsiz  sərbəstlik  var.  Avropaya  gedə bilməyəndə isə  ən azından Tarqovı onları qoynuna alacaq.

Bizim nəsillər də  o küçədən çox keçiblər. Onda ədəbi düha Nizaminin adını daşıyırdı, indi  "Tarqovı" olub. Biz onda  hər gün olmasa da  həftədə  2-3 dəfə  keçmiş Mərkəzi Bankın qarşısından sağa dönüb  "Nizami" küçəsi ilə üzüyuxarı - indiki Fəvvarələr meydanının  ətrafındakı  kitab mağazalarına tələsərdik, kitab almağa. o vaxt  tez-tez yolunu kitab mağazalarıdan salanları, əllərində yeni ədəbiyyat nümunələri olanları cəmiyyət müsbət dəyərləndirirdi. İndi fikir versəniz, nadir tələbəyə rast gələrsiniz ki, dərsə gedəndə əlində kitab-dəftər olsun.

 Sovet dövrünün ədəbiyyatı, sənati, mahnısı ortaya yaxşı nümunələr qoyurdu, bu nümələr  gənclərin içində  təmiz meyillər cücərdirdi. İndiki əksər ədəbiyyat və sənət  nümunələri    nəinki  gənclərdə sevgini,  dədə-babalardan miras qalmış əxlaqi-mənəvi ölçüləri, dinimizin "əlinə, belinə, dilinə sahib ol”  öyüdünü dəyərləndirmək  səlahiyyətini yerinə yetirir, əksinə, onlarda  əza həzzini  stmullaşdırır.  Belə gənclər sevgiyə, qadına  cismanı  niyyətlərini ödəmək vasitəsi kimi baxırlar. Nə qədər açı da olsa, bu gün  belə ehtiyacdan ailə   quranlar da az deyil. Ona görə də  indi qurulan ailələr  30-40 il bundan əvvəl qurulmuş ailələlərdən çox davamsızdır.

Open.az xəbər verir ki, Dövlət Statistika Komitəsindən oxu.az-ın sorğusuna cavab olaraq bildirilib ki, 2019-cu ilin səkkiz ayı ərzində Ədliyyə Nazirliyinin rayon, şəhər qeydiyyat şöbələri tərəfindən ölkədə 42163 nikaha daxilolma, 11317 boşanma halı qeydə alınıb (https://open.az/hadise/2019-cu-ilde-nikaha-daxil-olan-ve-bosananlarin-sayi-aciqlanib.html  ) .

"Statistika Komitəsinin məlumatına görə, 2016-cı ildə rəsmi qeydə alınmamış yəni  nikahdankənar 26 min 288, 2017-ci ildə  22 min 796,  2018-ci ildə isə 20 min 716   uşaq doğulmuşdur(https://qaynarinfo.az/az/azerbaycanda-son-12-ilde-nikahdankenar-doulan-usaqlarin-sayi-aciqlandi/).


  Azyaşlılar arasında  doğum və abort halları da ciddi narahatlıq doğurur.  Bir çox hallarda  yeniyetmələrin həyatına  vaxtsız-vədəsiz  yol tapan, gələn   sevgi  sonda da intiharla, yaxud da təcavüzlə sonuclanır.  Elektron mətbuatda bu barədə çoxlu məlumatlar var: 


2015-ci ilin aprelində Xaçmaz rayonunun Alekseyevka kənd orta məktəbində 8-ci şinfin qız şagirdini iki gənc oğlanın şagirdlər üçün olan tualetə aparıb  əxlaqsız hərəkət etmələri barədə Day. Az saytında  yazı verilmişdi.


2016-cı ildə Qafqazinfo –da   Nərimanov rayonunun 57 nömrəli  orta məktəbində səkkizyaşlı oğlanın 16 yaşlı iki şagird tərəfindən zorlandığı barədə məlumat vermişdi.


2017-ci ildə bir çox informasiya agentlikləri Culfa rayonunda əsgərlikdən qayıdan gəncin  4 yaşlı qızı zorlaması barədə məlumat paylaşmışdılar.


2018-ci ilin iyun ayında  Biləsuvar rayonunda  məktəbli qız sevdiyi oğlana müraciət edərək onu xəyanətdə suçlamış və bu xəyanətə  görə intihar etmişdir.


 2019-cu ilin aprel ayında Ekspress.az Samux rayon İnstitut qəsəbə tam orta məktəbində yuxarı sinif şagirdi olan oğlan və qızın  fənn kabinetlərinin birində qeyri-etik hərəkətlərini əks etdirən videodan görüntü təqdim etmişdi.

 

 2019-cu  ildə "Report”un  bir xəbərinə görə   2003-cü il təvəllüdlü K.Ş. 2002-ci il təvəllüdlü A.Ə. və 2003-cü il təvəllüdlü S.F. Ağdaş Rayon Mərkəzi Xəstəxanasına hamiləliklə əlaqəli  müraciət edib...

Mətbuat, televiziya nə yazır, nə göstərir və ya necə yazır, necə göstərir (IVyazı) 

Belə  məlumatlar çoxdur. Bəzi ailələr çox vaxt biabır olacaqlarından ehtiyatlanıb şikayət etmirlər. Bir çox hallarda həmin hadisələrin baş verməsində müəyyən  cavabdehlik daşıyan vəzifə  adamları hər vəchlə çalışırlar ki, hadisə ört-basdır edilsin və yaxud  az məsuliyyət yaradacaq diapozanda  üstünə  sal daş qoyulsun.   Amma  belə meyilləri  gizlətmək deyil,  incəliklərinə qədər araşdırılıb tədbirlər görmək, maarifləndirilmə  işlərinə təkan vermək lazımdır,  özü də ailə, məktəb və  cəmiyyət üçlüyünün   qeyri-hökumət təşkilatları, xüsusən mətbuat və televiziya ilə eyni hədəfə doğru birgə səyləri ilə. Çünki məramlar da, atılan addımlar da bir-birini tamamlamalıdır.

 Davamı var...

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz