» » Mətbuat, televiziya nə yazır, nə göstərir və ya necə yazır, necə göstərir (I yazı)

Mətbuat, televiziya nə yazır, nə göstərir və ya necə yazır, necə göstərir (I yazı)

Mətbuat, televiziya nə yazır, nə göstərir  və ya necə yazır, necə göstərir (I yazı)

Mətbuat deyəndə, hərfi mənada ağlımıza ilk olaraq çap məhsulları gəlir. Amma  insanlar  mətbuat deyəndə  kitab, məcmuə və s.çap məhsullarının deyil, qəzet və jurnalların nəzərdə tutulduğunu bildirmək üşün bu ifadəni, adətən,  "dövri mətbuat" şəklində işlədirlər.
Dövri mətbuata informasiya və təbliğat vasitəsi kimi,  cəmiyyətin bütün tarixi dövrlərində  hər zaman  ehtiyac olmuşdur. Əsasən də hakim sinfə öz ideologiyalarını təbliğ etmək, geniş xalq kütlələrini iqtisadi-siyasi və mənəvi əsarətdə saxlamaq üçün mətbuat çox lazım idi.
Məlumdur ki, dünyada informasiya əldə etmək, yaymaq xidməti bizim eradan əvvəl II əsrin ortalarından başlayıb, amma dağınıq və əsaslandırılmamış şəkildə. Yuli Sezarın dövründə bu proses bir qədər sistemə salınıb. "Xalqın gündəlik həyatı” adlı vərəqələrdə Senatın müzakirə etdiyi məsələlərin hesabatları, sərkərdələrin döyüş meydanlarından göndərdiyi məlumatlar, ayrı-ayrı dövlətlərin səfirləri barədə qısa xəbərlər paylaşılıb. I Pyotrun vaxtından isə artıq "Vedemosti” adlı ilk çap qəzeti satışa çıxarılıb. Azərbaycanda isə bunun üçün daha iki əsrə yaxın vaxt gözləmək lazım gəlib. XIX əsrin II yarısında başlanan iqtisadi və ictimai inkişaf Azərbaycanda milli mətbuatı yaratmağı zəruri edib. Bu zərurəti ilk hiss edən, qollarını çırmalayıb onu gerçəkləşdirməyə səy edən, zəhmət çəkən Həsən bəy Zərdabi olmuşdur. Böyük maarifçi-demokrat , nəhayət, arzusunu reallaşdıra bilmiş və 1875-ci ilin 22 iyulunda Bakıda qubernator mətbəəsində nəşr etdirdiyi "Əkinçi” qəzeti ilə milli mətbuatımızın əsası qoymuşdur.

Mətbuat, televiziya nə yazır, nə göstərir  və ya necə yazır, necə göstərir (I yazı)


Ümumilikdə 56 sayı işıq üzü görən "Əkinçi” milli mətbuatımızın inkişafı tarixində , eləcə də xalqın maarifləndirilməsi yolunda misilsiz xidmət göstərmişdir.Təsəvvür edirsinizmi, Həsən bəy "Əkinçi” üçün həm naşir, həm redaktor, həm korrektor, həm də mürəttib kimi xidmət etmişdir. O zaman Bakıya gəlmiş bir fransız jurnalisti "Əkinçi”nin çap olunduğu şəraitlə tanış olduqdan sonra Həsən bəy Zərdabiyə demişdir: "Doğrusu, siz əsl qəhrəmansınız! Bizim Fransada belə bir yoxsul qəzet üçün işləmək istəyən tapmaq olmazdı. Sizin qüvvənizə heyrət edirəm. Belə məlum olur ki, Siz öz xalqınızı çox sevirsiniz!”
"Əkinçi” qəzetində yazıları dərc olunan müəlliflər özləri də Azərbaycanda milli şürun formalaşması naminə böyük xidmətlər göstərən şəxsiyyətlər olmuşdur: Nəcəf bəy Vəzirov , Əsgər ağa Gorani, Seyid Əzim Şirvani, Məhəmmədtağı Əlizadə Şirvani, Heydəri,Mirzə Fətəli Axundov, İsa Sultan Şahtaxtlı və sairləri.
Bunlar hamısı "Əkinçi” qəzetindən bir tribuna kimi istifadə edib mənsub olduqları millətin maariflənməsinə, tərəqqisinə xidmət ediblər,ta həyatlarının sonuna kimi.
Adı ictimai fikir tariximizə ilk qız məktəbinin müəssisi, 1-ci müəllimlər qurultayının təşkilatçısı və sədri, təbiət alimi, görkəmli ictimai xadim və fədakar bir müəllim kimi qızıl hərflərlə həkk olunmuş Həsən bəyin ağır xəstə yatarkən etdiyi vəsiyyət də bu şərəfli amala xidmət etmişdir: " Sizdən xahiş edirəm: təntənəli dəfn mərasimi düzəltməyin, məni çox sadə dəfn edin. Dəfn üçün xərclənməsi lazım gələn vəsaiti müsəlmanlar arasında savad yayan cəmiyyətə verin. Bu mənim başı bəlalar çəkmiş xalqım üçün daha faydalı olar”.
Zərdabi:
- Qəzetin muradı xalqın gözünü açmaqdır… Qəzet dərviş kimi nağıl deyə bilməz. Onun borcudur işlərin yaxşı və yamanlığını ayna kimi xalqa göstərsin.
- Pəs, mənim dostum, halva deməklə ağız şirin olmaz, siz də mənim kimi baldırınızı çırmalayıb meydana daxil olun ki, bəlkə zikr olunan xəyal (xalqın maariflənməsi-V.C) əmələ gəlsin.
M.F.Axundova məktubundan
"Əkinçi” çox qısa müddətdə fəaliyyət göstərsə də, milli mətbuatımız üçün şöhrətli bir iz qoymuş, özündən sonrakı "Ziyayi-Qafqasiyyə”( Səid Ünsizadə), "Kəşkül” (Cəlal Ünsizadə), "Kaspi”(1881-1897-ci illərdə redaktorları rus millətindən olmuşlar, sonra naşirliyi Hacı Zeynalabdin Tağıyev öz üzərinə götürmüş, redaktorluğu isə Əlimərdan bəy Topçubaşova tapşırmışdır), "Şərqi-rus” (Məmmədağa Şahtaxtlı), "Molla Nəsrəddin” –(Cəlil Məmmədquluzadə), "Azərbaycan” (Üzeyir Hacıbəyov), "Həyat”, "İrşad”, "Tərəqqi”, "Nicat”, "İşıq”, "Qurtuluş”, "Dirilik”, "Füyuzat”, "Təzə həyat”, "Yeni füyuzat”, "Şəlalə”, "İqbal”, "Açıq söz”, "Gənc işçi” - varisi "Azərbaycan gəncləri” və sair mətbu orqanlar ondan əxz edəcəkləri məktəb olmuşdur.
Mətbuatımızın zəngin, amma bu gün bəyənilməyən, az qala inkar edilən tarixi bir dövrü sovet dövrü ilə bağlıdır.
"Kommunist”, "Sovet kəndi”- varisi "Bərəkət” və "Həyat”, "Şərq qadını"- varisi "Azərbaycan Qadını" , "Bakinskiy raboçiy”, "Vışka”, "Maarif və mədəniyyət”, "Pioner”, "Azərbaycan pioneri”, Azərbaycan gəncləri” "Ədəbiyyat”, "Kirpi”, "Bakı”, "Baku” kimi qəzet və jurnallar ictimai-siyasi, ədəbi və mədəni həyatımızın salnaməsi olublar.
 

Mətbuat, televiziya nə yazır, nə göstərir  və ya necə yazır, necə göstərir (I yazı)

 

Bu mətbu orqanlarda Əhməd bəy Ağayev, Əli bəy Hüseynzadə, Əlimərdan bəy Topçubaşov, Nəcəf bəy Vəzirov, Məhəmməd Əmin Rəsulzadə, Tağı Şahbazi Simurq, Hacıbaba Nəzərli, Əvəz Sadıq, Məmməd Səid Ordubadi, Hüseyn Mehdi, Seyid Hüseyn, Əli Nazim, Hənəfi Zeynallı, Məmməd Kazım Ələkbərli, Salman Mümtaz, Atababa Musaxanlı, Əmin Abid, Bəkir Çobanzadə, İbrahim Xəlil, Mikayıl Rəfili, Məmməd Arif, Ə.Ə.Səidzadə, Əziz Şərif, Mikayıl Rzaquluzadə, Əli Sultanlı, Qulam Məmmədli, Nəsir İmanquliyev, Seyfəddin Dağlı, Salam Qədirzadə, Kazım Ələkbərov, Şirməmməd Hüseynov, Famil Mehdi, Davud Dəmirli,  Ofeliya Sənani, Svetlana Nəcəfova, Svetlana İsmayılova, Flora Xəlilzadə,   Hidayət Elvüsal, Əhməd İsayev, Aqşin Babayev, Piri Məmmədov, Rəfael Nağıyev, Əli İldırımoğlu, Eyvaz Borçalı, Şamil Xurşid, Əlipənah Bayramov, Əşrəf Hacıyev, Osman Mirzəyev, Mürşüd Dadaşov, İlham Rəhimli, Şakir Yaqub, Nemət Veysəlli, Qüdrət Piriyev,Sədaqət Kərimova,İlhamiyyə Rza,Həmidə Ömərova, Mehriban Ələkbərzadə, İntiqam Mehdizadə  kimi daha neçə-neçə görkəmli jurnalistlər fəaliyyət göstərib və indi də göstərməkdədirlər.

Bəyənməsələr də, sovet dövrünün mətbuatı indiki mətbuatdan çox nüfuzlu idi. Mətbuatın bir hədəfi, ölçüsü vardı, eləcə də televiziyada.
Kənddə elə bir ev olmazdı ki, bir neçə adda qəzet və ya jurnala abunə yazılmasın. Özü də bu qəzet və jurnallar indiki kimi lazımsız kağız parçası deyildi. Ailə başçıları imkan düşdükcə maraqlı yazıları ailə üzvlərinə ucadan oxuyurdular. Biz uşaq mətbuatı ilə yazışırdıq.Uyğun yazıları dərc edirdilər, uyğun olmayanda isə cavab yazırdılar. Xüsusi zərfləri olurdu. Tövsiyə edirdilər ki, hansı mövzularda yazaq, necə yazaq. İndi yoxdur belə oxucu-mətbuat əlaqəsi. Mətbuata abunə yazılan kimdir, ancaq idarə və təşkilatlara yazdırılar, ya da poçtalyon evlərə teleqramma, məktub gətirəndə hansısa bir qəzeti verib pulunu alır. Qəzetə, televiziyaya inam vardı. Çünki heç bir qəzetdə, heç bir radio və televiziyada bugünkü özbaşınalıqlar, hədəfsizlik yox idi.
Sovet mətbuatı sosial və siyasi mübarizəni, elmi bilikləri, maarif və mədəniyyəti cəmiyyətə yaymağın, inkişaf etdirməyin, ictimai rəyi formalaşdırmağın yön-yöndəmini bilirdi, ciddi prinsiplər vardı. Ola bilməzdi ki, hansısa mətbu orqana vətəndaş/oxucu müraciət etsin, kömək istəsin, şikayətini çatdırsın, ona laqeyd yanaşılsın.
İndi nə kütləvi informasiya vasitələrinə, nə də hansısa təşkilatlara edilən müraciətlərə ya heç cavab verilmir, ya da başdansovdu cavablar göndərilir.
Mətbuat və televiziyanın fəaliyyətinə nəzarət edən, nizamlayan qurumlar var :Mətbuat Şurası, Milli Televiziya və Radio Şurası. Onlar mətbuat və televiziyada hökm sürən hədəfsizliyə necə dözürlər. Milli Televiziya və Radio Şurasının rəsmiləri deyirlər ki, özəl telekanalların proqram seçiminə biz qarışa bilmərik. Qəribə cavab deyilmi? Özəl telekanallarda çox şit, bayağı, heç bir ictimai əhəmiyyət kəsb etməyən proqram və layihələr aparılır.
Heç orta səviyyəyə yaxın peşəkarlığı, elmi bilikləri olmayan şəxslər aparıcılıq edirlər.
Belə televiziya, belə mətbuat cəmiyyətdə ictimai fikrin formalaşmasına hansı təsir göstərə bilər?
 

Mətbuat, televiziya nə yazır, nə göstərir  və ya necə yazır, necə göstərir (I yazı)

Davamı var...

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz