» » Məşhur şəxsiyyətlər təbiəti sevməyə, qorumağa dəvət edir, amma gerçəkdə təbiətə hər gün qəsd edilir (IV hissə)

Məşhur şəxsiyyətlər təbiəti sevməyə, qorumağa dəvət edir, amma gerçəkdə təbiətə hər gün qəsd edilir (IV hissə)

Məşhur şəxsiyyətlər təbiəti sevməyə, qorumağa dəvət edir, amma gerçəkdə təbiətə hər gün qəsd edilir (IV hissə)

 

Şair, bu yerləri yaxından tanı.
Təbiət quranda Azərbaycanı
Onu sığallamış qüdrətin əli
Bir böyük ürəkli qüvvətin əli.
Yazar, bu gözəllik, bu bahar, bu qış,
Əsrlərcə yatıb yuxuya qalmış...

Səməd Vurğun

  Gətir, oğlum, gətir

Bir gün bu yerlərə dönüb gələrkən
Topla xumar gözlü bənövşələrdən!
Bir az gecikdinmi, nanə, üzərrik ,
Özəkli baldırğan, çiçəkli yemlik,
Kişniş, kəklikotu, çobanəppəyi,
Lalə, xoruzgülü, qaynaqçiçəyi,
Qulançar, quzqulaq, tərə – göbələk.
Albalı, qarağat, moruq, çiyələk.
Bunlar şirin nemət, şirin diləkdir,
Sevməyən sevməsin, mənə gərəkdir!..

Hər yerin öz gücü, öz qüdrəti var,
Bir ovuc torpağın min neməti var.
Qara qoç, boz qoyun, göy təpəl quzu,
Ağ ceyran dırnağı, maral buynuzu,
Qırqovul quyruğu, tovuz lələyi,
Bir aslan pəncəsi, bir şir biləyi,
İti qırğı gözü, tərlan qanadı,
Minbir çiçək adı, minbir gül adı...
Ötürmə bunları, quzum, sən gətir,
Bilməz bu neməti hər etən, gətir!!!
 

Kömürdən almaz çək, yarpaqdan ipək,
Daşdan gövhər çıxart, buluddan şimşək,
Gətir, ildırımın məğrur səsini,
Qumru bulaqların zümzüməsini,
Zəmilərdən sünbül, bağçalardan bar,
Dərələrdən vüsət, dağlardan vüqar...
Özünlə çiçəkli, güllü yaz gətir,
Bir aşıq mahnısı, bir də saz gətir!
Quzum, könlüm kimi uçmaq istəsən,
Əzəl yaxşı bağlan bu torpağa sən!

Osman Sarıvəlli

Təbiət özü də bir kitabxana,
Hər dərə məktəbdir, hər dağ müəllim.
Dağlar təbiətin ağsaqqalıdır.
Nəfəsi gələndə meşələr əsir...

Məmməd Araz

Xəzər bir xəzinədir
Qoynu qoltuğu dolu
Bir nənədir
Yedirdir-süfrə salır
Yatırdır-layla çalır
Xəzər xəzərilərin
Gözəllik adını saxlayır.
Sağılır qızıl inək kimi
Sağıb, sorub, sonra yorub
Qısır inək kimi
Biz onu satmaq istəyirik,
Ölü dənizlər muzeyinə
Atmaq istəyirik.....
Xəzərdən sahilə
Qızıl dartırıq,
Gülab tökürük
Sahildən Xəzərə
Zəhər axıdırıq
Çirkab tökür
Xəzərin taleyi,
Biganəliyə yem olur,
Xəzərin taleyi,
Kağızlar üstündə,
Problem olur.

Məmməd Araz

Bu düzləri düz keçin,
Haraysız, səssiz keçin.
Şirvanda ov gəzməyin
Mili tüfəngsiz keçin:
Ceyran azalıb,
Yaman azalıb!
Güllə səsi gəldimi
Güllətək süzüb gedər.
Bir şer sətri kimi
Çöllərdən küsüb gedər.
Ceyran azalıb,
Yaman azalıb!
Gözündə gözü qalan
Bulaq da gileylənir.
Qanıyla xal-xal olan
Torpaq da gileylənir:
Ceyran azalıb,
Yaman azalıb!

Belə gedərsə ancaq
Gələn nəsillər sabah
Ceyranı çöldə deyil,
Muzeydə axtaracaq.
Ceyran azalıb,
Yaman azalıb!

Məmməd Araz

Məşhur şəxsiyyətlər təbiəti sevməyə, qorumağa dəvət edir, amma gerçəkdə təbiətə hər gün qəsd edilir (IV hissə)


Kimə tapşırıb gəldin?!

Musa Yaquba

Qələm dostum, dağları kimə tapşırıb gəldin,
Büllur buz bulaqları kimə tapşırıb gəldin?
Nə sən şair olardın, nə mən, ana vətənsiz,
Xoş günlər keçirmisən dağlar qoynunda mənsiz.
Gözəlliklər aləmi qəribsəməzmi sənsiz?
Ələsgərin sazını kimə tapşırıb gəldin,
Sazının avazını kimə tapşırıb gəldin?
Zəmilərdə torpağa baş əyən sünbülləri,
əməndə şənlik quran xanəndə bülbülləri,
Şairə gəl-gəl deyən çiçəkləri, gülləri,
Dağların laləsini kima tapşırıb gəldin,
Coşqun şəlaləsini kimə tapşırıb gəldin?
O yerlərin varını -
Xəzansız baharını,
Nənə nağıllarını,
Doğma eli, oymağı kimə tapşırıb gəldin,
Bərəkətli torpağı kimə tapşırıb gəldin?
Dörd fəslin ahəngini,
Yerin, göyün rəngini.
Gözəllik çələngini,
Quşların xoş səsini kimə tapşırıb gəldin,
Məhəbbət nəğməsini kimə tapşırıb gəldin?
Ceyran dırnaqlarıyla daranmış cığırları,
Təbiətin əliylə yaranmış cığırları,
Könlünə körpəlikdən o tanış cığırları
Söylə gözləri nəmli, kimə tapşırıb gəldin,
Ah çəkib qəmli-qəmli, kimə tapşırıb gəldin?

Qar altından boylanan bənövşələr sənindi,
Narlıqda qan dodaqlı gülöyşələr sənindi.
Tarlı, kamanlı, sazlı sıx meşələr sənindi.
Dostum, bu cah-cəlalı kimə tapşırıb gəldin,
Dağ başında maralı kimə tapşırıb gəldin?
Çəkə-çəkə içini,
Yığışdırıb köçünü -
Turacı, bildirçini,
Torağayı, kəkliyi kimə tapşırıb gəldin,
Qırqovulu, leyləyi kimə tapşırıb gəldin?
Deyirəm, nə olaydı, o gözəl məkanı, sən,
Xəzan bilməz, əbədi, solmaz gülüstanı, sən,
Göy üzünün bəzəyi qanadlı karvanı, sən,
Günəşdən gənclik odu əmənə tapşıraydın,
Kaş mənə tapşıraydın, kaş mənə tapşıraydın!

Süleyman Rüstəm

Həm yerin, həm göyün sirrini aşkar,
Oxudum bir gülün ləçəklərindən.
Böcəklər, çiçəklər, güllər, arılar
Kim deyir ayrıdır biri-birindən?
Eşqidir yaşadan təbiəti də,
Çiçəklər torpağın min bir rəngidir.
Böcəklər çiçəyin məhəbbəti də
Ana təbiətin öz ahəngidir.
B.Vahabzadə
Sinəsi dağlarda dağ- dağ olanlar,
Dağlar, ucalıqda, demək, varsınız.
Siz, ey bu dağlardan uzaq olanlar,
Elə bilməyin ki, yaşayırsınız.

B.Vahabzadə

Torpağı duymazsan sən mənim kimi
Başqadır ruhumuz danışma hədər
İsti otaqlarda səməni kimi
Məni nəlbəkidə göyərtməyiblər.,

Palıd ağacında yaşayır adım,
Hər yarpaq üstündə eşqim var olub.
Yolkaya pambıqdan qar yağdırmadım,
Yolkam da qar basmış çinarlar olub.

Musa Yaqub


Mən uca dağlara babam demişəm,
Dağlar babalara vüqar veribdi,
Çaylar Bethovenə, Üzeyir bəyə,
Simfoniya veribdi,
Qatar veribdi.

Görəndə təmkinli, uca dağları,
Unutdum dünyada xırdalıqları.

Cabir Novruz

Özüm də bilmirəm bu sir nədəndir,
Dağların qoynunda ucalır insan.

Davud Nəsib

Gözəllik özü də sərvətimizdir,
Taxılımız kimi, neftimiz kimi.

N. Həsənzadə
 

  P.S:

 

... amma   sonda əlavə edim  ki,  mən təbiətə qarşı  məsuliyyətsiz  və biganə  münasibəti  yalnız   məmur və xidmət təşkilatlarının adı ilə bağlamıram. Onlar bu münasibətin təşkilatçısı, kordinatoru, ilhamvericisi olmalıdırlar.

 Bakıda çox az sayda idarə təşkilat, məktəb tapmaq olar ki,  könülaçan ərazisi, yaraşığı olsun.   İstər şəhərin mərkəzində, istərsə də şəhərətrafı rayonlarda  elə bağçalar var ki,  ərazisi  illərlə insan ayağı dəyməyən  məkan təsiri bağışlayır.  Bəs bu bağçalarda böyüyən uşaqlarda gələcəkdə təbiətə hansı sevgi və cavabdehlik oyatmaq olar? Eləcə də, hansısa idarədir,  həyətində   illədir yatıb qalan  avtomobil hissələri, ayrı-ayrı dəmir mexanizmlər və s. Bu müəssisədə işləyən   vəzifəli şəxsləri və yaxud  sıravi işçilərin yaradıcı əməyinə inanırsınız, mən inanmıram. Belə müəssisə, məktəb, bağça rəhbərini  belə münasibətinə görə vəzifədə saxlamaq olmaz.

 Təbiəti şüarla, pafoslu çıxışlarla, kampaniya  ilə deyil, şüurli və sistemli şəkildə cana gətirmək,  gələcəyə sağlam şəkildə  miras qoymaq olar.

 

 Ev heyvanları: pişik, it, at balacalarla daha məsud olduqları kimi təbiət də uşaqlarla  ünsiyyətdə gözəl olur, mənalı olur. Deməli, uşaqlara təbiətə sevgini lap kiçik yaşlarından aşılamaq lazımdır. Uşaq təbiəti, bitkiləri, gülü-çiçəyi, heyvanları, qarışqanı, böcəyi belə  tanımalıdır. Bu, həm də  gələcək ekoloji  fəlakətlərə qarşı ağıllı strategiyanın ilkin addımları olardı.

 Gəlin, həqiqəti deyək, bir az da öz məsuliyyətimizi aşkarlayaq. Biz  şəhərimizə, rayonumuza, kəndimizə, həyətimizə  canyandırırıqmı?  Bir vaxt kəndlərimizdə ağaclar o qədər sıx idi ki, külək əsəndə , sanki kəndin bu başındakı ağac  budaqları vasitəsi ilə kəndin o başındakı ağaclarla təmasda olurdu. İndi heı bir həyətdəki ağaclar belə,  həmin ünsiyyəti yarada bilmir. Çünki  ahıllar köç etdikcə, bağ-bağça sığalsız, mehrsiz qaldı. Onları suvaran, dibini yumşaldan, budayan olmadı.  Nəticədə, ağaclar seyrəldi, yeni nəsil   Cavan ağac əkmək, onun qulluğunda durmaq qayğısını özlərinə yaxın buraxmadılar. Bununla onlar  maddi təminatdan, eləcə də təbii sipərdən özlərini məhrum etdilər. Sovet dövründə  Ağdaş rayonundan Qutqaşen(Qəbələ) şəhərinin  mərkəzinə qədər  qoz  ağacları  yolun o üz- bu üzü ilə sıralanmışdı.  Deyirlər ki, Rusiya imperator ordusunun  general-mayoru , həm də yazıçı  —   Müqəddəs Georgi ordenini qazanan ilk azərbaycanlı  İsmayıl bəy Qutqaşınlı guya  həmyerlilərinə deyib ki, hər əkdiyiniz qoz ağacına sonda  bir qızıl verəcəyəm. Adamlar da  həvəslə ağacəkmə kampaniyasına qoşulub . Kampaniya başa çatanda   insanlar haqlarını istəyəndə İsmayıl bəy deyib ki, bu ağaclar böyüyəcək, həm  onların kölgəsində dincələcəksiniz, həm də meyvəsi ömrünüzün sonuna kimi gəlir yeriniz olacaq.

O vaxt bu yolu yaşıl tunel adlandırıdılar. Yadıma gəlir ki, bizim uşaqlıq illərimizdə uşaqlar həmin ağacların dibindən yığdıqları qozları sataraq velosiped, top və s arzuladıqlarını alardılar. İndi həmin ağaclardan barmaqla sayılacaq qədər qalıb.

    Bəs bağlarımız, bağçalarımızda ağacları kim əkməlidir,  insanlar  heç ağıllarına gətirirlərmi ki,  belə davam edəriksə,  çox meyvələr "Qırmızı kitab”a düşəcək. Mən eşitdiklərimi yox, gördüklərimi yazıram:

1962-1972-ci illərdə bizim balaca kəndimizdə mal-qarası, qoyun-quzusu, toyuq-cücəsi olmayan bir həyət yox idi. Hər həyətdə məhsul yığımında  tonlarla Qızıləhmədi alma, qoz, şabalıd, fındıq   toplanardı. İndi bunun 3-5 faizi ola, ya olmaya? Tək-tük ailə var ki, mal-qara saxlayır.

 Xəlil Rza Ulutürkün  uşaqlar üçn yazdığı bir şeirə mahnı bəstələnib:


Sağıcıdır mənim nənəm,

Köməkçisi mənəm, mənəm.

Mən badyanı gətirirəm,

Nənəmə tez yetirirəm.

Nənəm sağır inəkləri,

Badyada süd köpüklənir.

Sağıcıdır mənim nənəm,

Köməkçisi mənəm, mənəm.

Əynimdə var ağ xalatım,

Köməkçidir mənim adım.

Mən badyanı gətirirəm,

Nənəmə tez yetirirəm.

Nənəm sağır inəkləri,

Badyada süd köpüklənir.

 

Qızıl inək, qaşqa inək,

Südü sanki çeşmə inək.

Mən badyanı gətirirəm,

Nənəmə tez yetirirəm.

Nənəm sağır inəkləri,

Badyada süd köpüklənir.


 Çox təəssüflər ki, indi kəndlərimizdə  belə şirin uşaqlıq həyatını yaşayan nəvələr  olduqca azdır.  Və bir də ona da çox təəssüflər ki,  kəndlərimiz nə qədər müasirləşirsə, o qədər də öz təbiiliyindən günbəgün uzaqlaşır. Bizim tələbəlik illərində Bakıda   sistemli şəkildə parlar salınırdı, ağaclar əkilirdi. Xətai rayonunda Nizami adına Mədəniyyət və İstirahət Parkı vardı: çox böyük ərazisi və nadir ağacları ilə göz oxşayırdı. 100 cürə adlarla darmadağın etdilər, işbazlar ələ keçirdi, adını belə dəyişib Luna Park qoydular, keçmiş Fəhlə prospektindəki  giriş qapısını bağlayıb, arxa tərəfdən açdılar.

Əlində fürsət olan işbazlar Bakının florasına belə qəsd etdilərsə, sadə adamları da ögey münasibətləri ilə onların sırasına qoşuldular. Hansı yaşayış binasına yaxınlaşırsan, həyət-baca nə gündədir.  Əgər  insan öz məhəlləsini,  yaşadığı binanın  ətrafını  təmiz, gül-çiçəkil görmək istəmirsə, əksinə, gecə-səhərə kimi evinin pəncərəsindən zibildolu paketləri, şüşə qabları   evinin qarşısına atırsa,  o yerdə  hansı rahatlıq və  gözəllik yaratmaq olar? Hansı  oturacaqlara, besedkalara yaxınlaşırsan böyür-başı  günəbaxan qabıqları, boş dondurma, şirə qabları.  Kommunal xidmət işçiləri  hər gün olmasa da, ikigündənbir  təmizləyirlər. Amma bu vəziyyət hər gün davam edir.

Belə natəmiz, sıxıntılı yerdə əyləşib necə dinclik tapmaq olar?

Hesab edin ki,  Bakının hər bir sakini, eləcə də Azərbaycanın, lap böyük  mənada dünyanın hər bir sakini  torpağa bir şitil basdırsa, Yer kürəsi  yaşıllığa bürünər.  Hər bir kəs öz evinin qarşısında, öz həyətində,  tərbiyə aldığı bağçada, məktəbdə,  işlədiyi müəssisənin  həyətində  bir ağacın, bir gülün nazını çəksə,  havamız, suyumuz necə saflaşar.

 Küçəyə tüpürməmək, bir kibrit çöpü atmamaq, istifadə olunmuş kağız və karton məmulatını, istifadəsiz plastik qab  və polietilen paketlər səliqə ilə saxlayıb təkrar emal məntəqələrinə təhvil vermək özü təbiətə  qayğılı münasibətdən xəbər verir. Axı plastik tullantılar təbiətdə yüz illər ərzində parçalanmır, miqdarı isə ilbəil artır. Araşdırmalar göstərir ki, bu tullantılar düzgün idarə olunmadığından ətraf mühiti və sututarları çirkləndirir, kənd təsərrüfatı torpaqlarının dərin qatlarına keçərək bitkilərin normal inkişafını ləngidir və məhsuldarlığın aşağı düşməsinə səbəb olur.

Biz saytımızda bu mövzudan dəfələrlə  bəhs etmişik.

Ağac hər il 50m3 təmiz su istehsal edir və quraqlığın qarşısını almağa kömək edir.

Bir ton istifadə olunmuş kağızvə karton  tullantılarının geri dönüşü, yəni, təkrar istehsala qaytarılması nəticəsində 16 ədəd  şam ağacının və 85

 kvadratmetr meşə sahəsinin  viran qalmasının qarşısını alır. Bir ton metal tullantılarının təkrar emalı nəticəsində 1300 kq xammal  əldə edilir.

 Bir ton plastik qablaşdırma tullantılarının təkrar istehsala qaytarılması nəticəsində 14000 kwh enerjiyə  qənaət etmiş oluruq. Həm iqtisadi maraqlarımıza, həm də sağlam həyatımıza  xidmət etmiş olarıq  əgər  hər şeyə qədirşünaslıq duyğusu ilə yanaşmağı həyat tərzinə çevirə bilərik.

Qızıldərililərin qəbilə başçısı Seatle  qorxulu, amma uzaqgörənliklə düşünüb-daşınmağa çağırır:

"Bir gün görəcəksiniz: göydəki qartallar, dağları örtən meşələr yox olmuş: atlar əhilləşdirilmiş və hər yer insan övladının vahiməsinə bürünmüş. Bax,  o gündən  insan üçün həyatın və varlığın iflası  başlayacaqdır."

Təbiət şairimiz Musa Yaqubun şeirindən bir parça ilə  hər bir kəsi belə qədirşünaslığa, həm də məsuliyyətə çağırıram, sevək torpağımız, gülümüzü, çiçəyimizi:


Nə qərib alova bürünüb o dik,

Qaymaq çiçəkləri yanır zər kimi.

İlahi, biz necə bəxtəvərmişik!

Bu dağlar, dərələr bizimkidimi?

Bu göy də, bu yer də bizimkidimi?

Yəni biz də varıq,

 dünya da varmı?

Bu baxan gözlər də bizimkidimi?

İlahi, biz necə bəxtəvərmişik!..


Məşhur şəxsiyyətlər təbiəti sevməyə, qorumağa dəvət edir, amma gerçəkdə təbiətə hər gün qəsd edilir (IV hissə)

 

Məşhur şəxsiyyətlər təbiəti sevməyə, qorumağa dəvət edir, amma gerçəkdə təbiətə hər gün qəsd edilir (IV hissə)

 

Məşhur şəxsiyyətlər təbiəti sevməyə, qorumağa dəvət edir, amma gerçəkdə təbiətə hər gün qəsd edilir (IV hissə)

 

Məşhur şəxsiyyətlər təbiəti sevməyə, qorumağa dəvət edir, amma gerçəkdə təbiətə hər gün qəsd edilir (IV hissə)

 

Məşhur şəxsiyyətlər təbiəti sevməyə, qorumağa dəvət edir, amma gerçəkdə təbiətə hər gün qəsd edilir (IV hissə)

 

Məşhur şəxsiyyətlər təbiəti sevməyə, qorumağa dəvət edir, amma gerçəkdə təbiətə hər gün qəsd edilir (IV hissə)

 

Məşhur şəxsiyyətlər təbiəti sevməyə, qorumağa dəvət edir, amma gerçəkdə təbiətə hər gün qəsd edilir (IV hissə)

 

Məşhur şəxsiyyətlər təbiəti sevməyə, qorumağa dəvət edir, amma gerçəkdə təbiətə hər gün qəsd edilir (IV hissə)

 

Məşhur şəxsiyyətlər təbiəti sevməyə, qorumağa dəvət edir, amma gerçəkdə təbiətə hər gün qəsd edilir (IV hissə)

 

Məşhur şəxsiyyətlər təbiəti sevməyə, qorumağa dəvət edir, amma gerçəkdə təbiətə hər gün qəsd edilir (IV hissə)

 

Qeyd: Şəkillərin bəziləri Ana və Uşaq.az tərəfindən çəkilib, bəziləri internetdən götürülüb.

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz