» » Sosial verilişlərdə və şou proqramlarında “Baden - Badenin mavi gecələri” (IV yazı)

Sosial verilişlərdə və şou proqramlarında “Baden - Badenin mavi gecələri” (IV yazı)


 

Sosial verilişlərdə və şou proqramlarında “Baden - Badenin mavi gecələri” (IV yazı)

 Biz çox şey itirə-itirə gedirik. Aranızda 50-55-dən yuxarı  yaşı olan varsa,  1980-ci illərə qədər olan  qadın və kişiləri, oğlan və qızları, uşaqları  göz önünə gətirin və onları  indinin eyni kateqoriyasdan olan adamları ilə müqayisə edin. Kişi əvvəlki kişilər deyil, qadınlar əvvəlki.

Qadın ərinə xəyanət edir; uşaqlı qadın  başqasına qoşulub qaçır, itkin düşür.Ailəli, nişanlı qızın itkin düşüb 3-gündən, 5 gündən sonra tapılması  hansı əxlaqa sığar?

Kişinin  naməhrəm qadına,  qadının da ailəli, uşaqları olan kişiyə bu şəkildə yanaşması  bizim əxlaqımızda heç vaxt olmayıb. bütün belə məsələlərdə  tərəflər eyni dərəcədə günahkardırlar. Bir qadın yanlış addımatıbsa, onunla bərəabər  hansı bir ailənin kişisi də atıb; 5 qadın  batıbsa belə addımı, onun 5 də  xəyanət ortağı var. O fikrimi ifadə etmək istəyirəm ki, xəyanət  bilavasitə də, bilvasitə də tərəflərin qarşılıqlışəkildə bir-birlərinin ailə müqəddisliyinə etdikləri qəsddir: biri o birinin qadınına, o biri də bunun ərinə...

Sosial şəbəkələrdə   sevgi və ailə münasibətləri haqqında, eləcə də  uşaq, yeniyetmə və gənclərlə bağlı  çox yazılıb, fikirlər söylənilib, müzakirələr aparılıb. Diqqəti cəlb edən əsas meyil  budur  ki, gənclərimiz, əsasən də qadınlarımız seriallara uyub xarici ölkələri,  Avropanı  arzu edirlər. Elə bilirlər ki,  seriallarda iştirak edənlər həqiqi sevgililərdir,  ər-arvaddırlar, o saraylar, villalar, avtomobillər, doğrudan da,  onlarındır. Onlar heç nəyə əl vurmur,  bütün işləri xidmətçi görür. Bu cür  təəssüratlar nəticəsində gənclərimizdə,  xüsusən, ailə həyatı qurmağa hazırlaşan qızlarımızda  zəngin həyata  sağlam olmayan  bir meyil, arzu  baş qaldırmış, nə qədər gəncimiz ailə həyatına hazırlanmamış evlənməyə  qərar  vermişdir.

Belə  "maarifləndirici yazılar”dan  bəzilərinin manşetlərinə fikir verin:

"33 yaşlı modeldən alt paltarında cəsarətli fotosessiya”, "Braziliyalı məşhur model çimərlik FOTOları ilə heyrətləndirdi / İstipress”,  "Model Keyt Upton alt paltarında verdiyi pozlarla heyrətləndirdi”, "Azərbaycanlı qızın bədəni görənləri heyrətləndirir”, "Azərbaycan əsilli qız əzələli ayaqları ilə heyrətləndirir - FOTO”, "Azərbaycanlı modelin çılpaq fotosessiyası”, "Azərbaycanlı modelin bu rəqsi kişiləri dəli edəcək - VİDEO”, "Azərbaycanlı modelin erotik videosu interneti partlatdı - FOTO + VİDEO” və  saysız-hesabsız  daha neçə  "heyrətli” manşetlər, forosessiyalar, kliplər…

Sosial verilişlərdə və şou proqramlarında “Baden - Badenin mavi gecələri” (IV yazı) 

 Belə  gərəksiz yazılar  leysan kimi əxlaqımıza, mənəviyyatımıza yağdırılacaqsa, onda  hər gün  eşitdiyimiz utanc halların və  cinayət hadisələrinin   baş verməsi  də gözləniləndir.

Bu gün  Azərbaycanda  neçə televiziya kanalının, neçə qəzet və jurnalın fəaliyyət göstərdiyini bilməsəm də, onu bilirəm ki,  sovet dönəmindəki qədər barmaqla sayılacaq qədər də  az deyildir.

1956-cı ildən  fəaliyyətə başlayan Azərbaycan televiziyası efirə əvvəlcə həftədə iki, sonra üç dəfə 2 saatlıq proqramla çıxıb.

1957-ci ildə həftədə 5 dəfə və  2 saat 20 dəqiqəlik, 1962-ci ildə 7 saatlıq, 70-ci illərdən 10 saatlıq, 80-ci illərdə 18 saatlıq proqramla fəaliyyət göstərən Azərbaycan televiziyası  2005-ci ilin yanvarından 24 saatlıq fasiləsiz fəaliyyət göstərməkdədir. Həm də indi Azərbaycan vətəndaşı  tək  Az.TV- ni deyil, 20-dən artıq televiziya  kanalının  proqramlarını izləyir, üstəlik peyk antenalarının köməyi ilə dünya ilə xəbərdar olur.

 Bunun üstünə  internet vasitəsilə daxil olan informasiyaları da əlavə etsək, onda aydın olacaq ki, insan  beyni, onun hiss və duyğuları  nə qədər böyük  təsirlərə məruz qalır.  Bir qədər də incələsək,  qəbul edilən  informasiyalar  mənfi emosiya, narahatçılıq, sarsıntı, vahimə doğuran məlumatlardırsa, onda insanların  və  cəmiyyətin halını da göz önünə gətirin.

 Ədəbiyyat, sənət,  həmçinin onun ifadə və yayım vasitələri  olan televiziya,   mətbuat  insanların  yaşam keyfiyyətlərinə , eləcə də cəmiyyətin  ahəngdar harmoniyasına yeni məzmun, coşğunluq, ritm ,  ümid və zövq impulsları  bəxş etməkdənsə,  çox ciddi şəkildə   əks təsir  göstərir. Əlbəttə, yaxşılarımız da var və bunlar  az da deyil, əgər  kim yaxşıları görmürsə, görmək istəmirsə, ö özü də yaxşı deyil. Amma yaxşıların qabağında alaq otu  kimi baş qaldıran pisləri, pislikləri görüb susmaq yaxşıları görüb  görməzlikdən  gəlməkdən  daha təhlükəlidir. Onda  pislər, pisliklər  daha çox şaxələnir, daha çox dərinə işləyirlər.

 Bu gün televiziya və internet vasitəsilə  nəinki yaşadığımız  şəhərin, olkəimizin, eləcə də dünyanın  hər guşəsi ilə  operativ əlaqə yaradıb,  istənilən  informasiyanı əldə  etmək mümkündür. Lap kimsə bunları birbaşa axtarış sisteminə yazıb axtaramasa da,  paylaşılan, ötürülən informasiyalar  onsuz da var.

Əgər  istər şəxsin özü tərəfindən axtarılan, istərsə də  paylaşan, yayan digər  mənbə tərəfindən  emal edilən  məlumat, bilgi  etibarlıdırsa, ədalətlidirsə, gerçəkdirsə,  gözəldirsə,  bu gözəlliklərin təsiri mütləq  həmin adamların əxlaq və davranışında ozünü büruzə  verir; əksinədirsə, təsir də əksinə olur.  Bunlar da tədricən cəmiyyətin simasında   meyilə, həyat tərzinə çevrilir.

 Telekanallarda şou proqramları digər  proqramları üstələdiyi üçün milli-mənəvi və əxlaqi dəyərlərə  yaraşmayan  şit hərəkətlər, davranış tərzi, söyüş ifadələri  televiziya məkanının həm dərininə, həm də eninə işləmişdir.  İllərdir bu barədə     televiziya və mətbuatda cəmiyyətin narahatçılığı  ifadə edilsə də,  özəl telekanallar, mətbuat  cəmiyyətin rəylərinə məhəl qoymur, ictimai qınaqdan çəkinmir.

 Bir dəfə  Space TV-də yayımlanan "El bizim, sirr bizim” verilişində xanım aparıcı efirdə ətəyini qaldıraraq  demişdi: "Belə etsəm baxacaqlar…”.   Xanım  aparıcının fikirləri  narazılıqla qarşılansa da,  əslində, o,  acı gerçəyi dilə gətirmişdi.

 Həmin bu xanım çox-çox sonralar  BAKU.WS-yə  müsahibə (https://az.baku.ws/show-business/57744-konul-yusifqz-sbisinizs-seksl-mul-olun-vdeo.html) verib. Manşeti də  belə: Könül Yusifqızı: "Əsəbisinizsə, sekslə məşğul olun" (VİDEO)

 Kimsə belə düşünə bilər, bu, onun şəxsi yanaşmasıdır. Amma  televiziyanın, mətbuatın yuxarıda sadaladığım  və daha sonra da sadayalacağım  belə məqamları  müzakirə, yazı mövzusu etməsi;  onu verilişin, yazının leymotivinə çevirməsi aşınmadır, bu aşınmanı cəmiyyətə sirayət etdirməkdir.


 

Sosial verilişlərdə və şou proqramlarında “Baden - Badenin mavi gecələri” (IV yazı)

 

Başqa bir  irad:

 2018-ci ilin yanvarında ATV telekanalında "Zaurla Günaydın” verilişində "yatan” qadının sosiska ilə oyadılması  səhnəsi izləyicilər tərəfindən etirazla    qarşılanmışdı. MTRŞ-nın  məsul əməkdaşı da bildirmişdi ki, "Məsələni başqa konteksə yönəltməyə ehtiyac yoxdur və belə söhbətlər və şərhlər ayıbdır. Adi şoudur. Heç bir kanalda belə hala yol verilə bilməz və bu hala yol vermələrinə inanmıram”.  Ümumiyyətlə, bu kimi daha  bir neçə vəziyyətdə Mətbuat Şurası  hər zaman  telekanalları müdafiə edib.

 Təbii ki, ziyalı, mədəni insanın ürəyində, başında, şüurunun hansı qatında olursa-olsun, ancaq təmiz, saf niyyətlər   yuva qurmalıdır.  Əgər belə olarsa, onda kiminsə  gördüyü  nəsnələrə görə   şüurunun hansı qatındasa belə assosiasiya  yaranmayacaq.  Amma  hamısından yaxşısı reklam çarxları, pano hazırlanarkən  təsvir  və ya əşyanın    yarada biləcəyi   əks mənfi anlayışlardan qaçmaq üçün,  kiminsə fikirinə "ilan-qurbağa”   gəlməməsi üçün bunlar üzərində ciddi-cəhdlə düşünüb-daşınmaq olardı.

Məsələn, səhrada susuzluqdan əziyyət çəkən  bir xanıma öz həmcinsi tərəfindən   təklif edilən alma və yaxud  "Sirab” bu assosiativliyi doğurmazdı. Amma  "Sirab”ı, almanı  oğlana qız təqdim etsə idi, hökmən  reklamın mahiyyəti ilə yanaşı, bir pritça da  olacaqdı. Və  təqdim edən də,  yəqin ki, bunu bilməmiş deyildir. Burada  impulslar da  müəyyən rol oynayır…

 "Bu şəhərdə” mini teatrının   səhnələrinin birində  belə  epizod var:  Çoşğun katibədir. Yeni müdirə(Rəfaelə) özünün   fəaliyyətini,  indiyə qədər işləmiş  müdirlərə olan sədaqətini  bildirmək üçün  deyir ki,   biz illərdir  çiyin-çiyinə, divan-divana  işləmişik. "Divan-divana işləmişik” deyən şəxs  bunu doğrudanmı çaşıb deyib,   bu tamaşanı izləyənlərin   heç olmazsa, 5-i, 3-ü   bu sözü eşidib,  yan-yana yatdıqları   əsgərlik  və ya tələbəlik dostlarını   xatırladılarmı? Doğrudanmı, katibə ilə müdirin  "divan-divana işləməsi”ndə  kim ayrı çalar düşünsə, o, xəstə təxəyyüllü adamdır? Əksinə,  hamı bunu elə aktyorun, rejissorun  məxsusi olaraq həmin məqama  bu ampulada pərçim etdiyi  şübhə  və güman  kimi qəbul edir. SAcı da olsa, ucuz və şit  gülüş üçün (İnsanlar güldürülə-güldürülə simasızlaşdırılır)   biz artıq bütün katibələri, referentləri Gülbalalara(  Hacı İsmayılov- " Ordan- burdan”)  urcah  edirik. Harda  katibə/referent görsə, təqib edəcəklər.

Katibə (referent) işləyən  minlərlə qıza -qadına ailələrində, cəmiyyətdə  etimadsızlıq   baş qaldırmayacaq ki, indi?

 Heç hərdən fikirləşirsinizmi  bizim  şou proqramlarının, sosial şəbəkə  və mətbuatımızın  yaratdığı qadı obrazı kimdir?

Niyə reklamların  mərkəzində   qadın dayanmalıdır? Nə üçün istehsalçı öz  korporativ  maraqlarını,  bir qədər də irəli gedəndə hərisliklərini  təmin etmək üçün qadını əşyalaşdırmalıdır?

Bu elektron nəşrlər  yaxşıca  üsul tapıblar:   hansı mənbədən götürüblərsə, həmin mənbənin linkini əllərində dəstəvuz edib, dünyada nə qədər əxlaqsız, qəddar  hadisələr baş verir,  tapıb çıxarır,  bunları səhifələrində paylaşırlar. Bəzən bunların arasında iyrənc   xəbərlər də  olur.  Cəmiyyətə, ailəyə, heç kimə məhəl qoymayaraq   bədən cizgilərini, əzalarını  nümayiş etdirən, poza verən  şou qadınlarının    böyüdülmüş formatda fotosessiyalarını  paylaşır,   bir tərəfdən qızları bu yola  təşviq edir, digər tərəfdən gəncləri əza həzzinə sürükləyirlər, bədənləri başqalarına tabe olan kütlə kimi formalaşdırırlar.

Onlar reytinq toplamaq naminə edirlər bunu. Yoxsa  necə olur ki,    əxlaqi-tərbiyəvi  mövzuda  paylaşılan hansısa bir yazını  il ərzində  min nəfər  nəzər izləmir, amma  manşetdə yerləşdirdiyimiz " Ağ tük”  adlı zərərli  "film”ə  az  zamanda   bir milyondan artıq  izləyici baxışı var.

Aşınma deyilmi?

Özü də  bu aşınmaya ən çox yeniyetmə və gənclər məruz qalır. Televiziya və mətbuatımız  onlara hansı  mesajı verirsə,  onlar da  həmin mesajı alırlar.

 

 

Sosial verilişlərdə və şou proqramlarında “Baden - Badenin mavi gecələri” (IV yazı)

 

Davamı var...

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz