» » Sosial verilişlərdə və şou proqramlarında “Baden - Badenin mavi gecələri” (III yazı)

Sosial verilişlərdə və şou proqramlarında “Baden - Badenin mavi gecələri” (III yazı)


  Bəyənmədiyimiz sovet dönəmində bunlar hamısı ölçülüb-biçilərdi.  Kimsə də  ağlına gələni ekranlaşdırıb ortaya atılmaq fikrinə düşməzdi, insanlara, xalqa lazım olmayan  şeir, poema, roman nəşriyyatlara yol tapa  bilməzdi. Heç kim xatırlaya bilməz ki,   o vaxt hansısa film qüsurlu olaydı, heç bir əxlaqi-mənəvi keyfiyyətlər ehtiva etməyəydi, amma televiziyada, ekranlarda nümayiş etdiriləydi? Özü də həmin dövrdə kino, V.İ.Leninin sözü olmasın, insanlar üçün bütün incəsənətlərdən  ən əhəmiyyətlisi  idi.Çünki bu sənət sahəsi görüntülü və səsli olduğu üçün daha emosional  və daha inandırıcıdır.

 Ədalətlə  də deyək ki, o illərdə pis kino da yox idi, pis aktyor da. Əsasən, rus filmlərinə (Mosfilm) və   bir də Azərbaycan filmlərinə baxardıq . Məsələn,  "Ən vacib müsahibə”, "Gilas ağacı”, "Var olun, qızlar”, "Ulduz”, "Gün keçdi”,"Böyük dayaq”, "Əhməd haradadır?”, "Görüş”, "Uzaq sahillərdə”,"Qanun naminə”, "Tütək səsi”, "Sevinc buxtası”, " Alma almaya bənzər”,"Bizim küçənin oğlanları”, "Ulduzlar sönmür”, "Mən ki gözəl deyildim”, "Uşaqlığın son gecəsi” və s.

Bu filmlərin  ssenari müəllifləri, rejissorları və aktyor heyəti də mötəbər idi.

 Bu filmlərin hər biri  əsl həyat dərsliyi,  tərbiyə məktəbi idi. Onların belə  qüdrətli alınmasının  əsas səbəbi bu idi ki,  əsərlər özü ideyalı idi, kamil idi. Bu əsərlər təkcə insanları əyləndirmək üçün deyil, həm də  tərbiyələndirmək üçün xərc çəkilib  ekranlaşdırılmışdı.

 

 Sosial verilişlərdə və şou proqramlarında “Baden - Badenin mavi gecələri” (III yazı)

İstər vətənpərvərlik mövzusunda, istər qahrəmanlıq, istərsə də ailə-məişət mövzsunda olsun,  bütün əsərlər   belə idi. Məsələn, əsasən,  dedektiv   janrda   çəkilmiş "Görüş  yerini dəyişmək olmaz” filmi. Bu filmdə sovet kinosunun ulduzları çəkilib. Hadisələr müharibənin yenicə bitdiyi ərəfədə Moskavada cərəyan edir. "Qara pişik" adlı quldur dəstəsi  paytaxtda saysız-hesabsız  cinayətlər törətməkdədir.  Belə bir vaxtda Qleb Jeqlov (Vladimir Vısotski) və Vladimir Şarapov (Vladimir Konkin) kimi cəsur əməliyyat işçiləri "Qara pişik" adlı quldur dəstəsinə qarşı amansız mübarizə aparır. Filmin sonunda cinayətkar dəstənin bütün  üzvləri həbs olunur.

Əsər  o qədər  maraqlı  və peşəkarlıqla ekranlaşdırılıb ki,  kimsə vahimə keçirmir, ümidsizliyə qapılmır. Jeqlov, Konkin kimi   mübariz qanun keşikçiləri,  sanki Moskvanın hansısa  bir rayonunda deyil, bütün  ovaxtkı   sovetlər ölkəsində keşik çəkir. izləyib başa çatandan sonra hamıda da  belə bir əminlik yaranır ki, cinayətin, cinayətkarlığın sonu yoxdur. 

Digər bir xarici seriala da diqqət edək, məsələn, 2003-cü ildən  yayımlanan türk serialı  "Qurdlar vadisi: Pusqu”ya .

Filmdə mafiyalararası qarşıdurmalar, dövlət-mafiya əlaqələri, çoxlu sayda qətliamlardan, bir sözlə, serialın  adının doğurduğu  saysız-hesabsız vahimələrdən  bəhs edilir. Mən bu filmə qədər heç bir filmdə insana  qarşı tərədilən bu qədər amansız  işgəncə formaları  görməmişdim.  Bu film nümayiş etdiriləndən  sonra, hətta bir çox yerlərdə özlərini seriallardakı mafiya üzvlərinə bənzədərək onları təqlid etmək istəyənlər  də peyda olmuşdu.

 Amma "Görüş  yerini dəyişmək olmaz”filminin  öz seyrçisində yaratdığı assosiativlik isə  müsbətdir: yeniyetmə və gəncləri  cinayətə və cinayətkara qarşı nifrət ruhunda kökləyir. Macəra, təhlükə və risklərlə  dolu  olsa da,  filmin müsbət qəhrəmanları  neçə-neçə gənci polis, əməliyyat müvəkkili, təhqiqatçı, prokuror, hakim  olmağa ilhamlandırmışdır. Bu, sovet dövründə təkcə ədəbiyyatın, incəsənətin deyil, eləcə də televiziya və  mətbuatın   qarşısında qoyduğu əsas vəzifələr idi.  Televiziya, mətbuat insanları həm maarifləndirməli, həm də onların  asudə vaxtlarının səmərəli  keçiməsinə  xidmət etməli idi. 

Buna görə də  hər bir  proqram və layihə hazırlanarkən  müzakirə ediləcək mövzulardan,  veriliş aparıcılarından,  verilişə dəvət edilənlərdən tutmuş ta səhnə dekorosiyasınacan bütün  nüanslar əvvəlcədən  ciddi-cəhdlə  incələnirdi, ölçülüb-biçilirdi.

 

Amma indi nə gəldi, necə gəldi yazırlar.Nə gəldi, necə gəldi çəkirlər.

Pul üçün, kiminsə çirkin xislətinə çatması üçün mövzunu, ssenarini necə istəyirlər  o  formada da işləyirlər. 

Ekran üçün, auditoriya üçün uyğun olmayan, cəmiyyət tərəfindən  müsbət imici olmayan adamlar  indi cəmiyyətə nəyisə öyrətmək istəyir: özünə umac ova bilmir, başqalarına əriştə kəsirlər.    Əgər kiminsə ,  istər kişi aparıcılar, istərsə də qadın aparıcılar olsun, fərqi yoxdur, ailə həyatı uğursuz  olubsa,  bəziləri, hətta, 2-3 dəfə ərə gedib və ya  yoldaşını boşayıbsa, indi onun  ailə münaqişələri həll etməyə ekspert kimi dəvət edilməsi   hansı məntiqlədir?    

Cəmiyyət qarşısında özünü idarə edə bilməyən,  başqalarına  nümunə ola bilməyən  kəsləri  televizora necə dəvət etmək olar: o da canlı yayımda  qeyri-etik hərəkətlər edə,qeyri-etik ifadələr işlədə.

Efirdə təhqir və davalara azmı rast  gəlmişik?

 Belə hallar  nəinki  təsadüfi adamların verilişlərində, eləcə də səhnənin, televiziyanın  cikini-bikini bilən  adamların   verilişlərində də baş verir.  Belə vəziyyətlər üçün  kanal, proqram rəhbərləri  məsuliyyət daşıyırlar. Amma  hər halda verilişi  aparan şəxs də  hansı auditoriyanı idarə edəcəyini, verilişə iştirakçı kimi dəvət etdiyi adamı  əvvəlcədən görüb tanımalıdır: görək  onun cəmiyyətə söz deməyə qabiliyyəti və savadı  çatırmı?

 Doğrudur,  televiziya, mətbuat o zaman  özəl deyildi, onların bütün qayğıları  dövlətin üzərində idi. Televiziya, qəzet  öz proqram və layihələrini bu əminlikdə  həyata keçirirdi. İndi isə tamam ayrı vəziyyətdir. Yaradıcı qurumların maliyyə çətinlikləri var və bu səbəbdən onlar müəyyən problemlərlə üz-üzədirlər. Sahibkarlar isə az izləyicisi olan intellekt  verilişlərinə vəsait  qoymaq istəmirlər, başqa sözlə, onlar daha çox  istehlakçı cəlb etmək üçün reklam olunacaqları kanalın,  mətbu vasitələrin  daha çox izləyicili olmasına  üstünlük verirlər. Bu isə əxlaqi-mənəvi  sərhədlərin keşiyində duran verilişlərlə mümkün deyil və ya mümkün olacaqsa da, hələ uzun vaxt tələb edəcək.

 Günümüzün real mənzərəsi isə belədir ki, bizim  istər televiziya kanallarının, istərsə də kütləvi informasiya vasitələrinin  aparıcı  mövzuları  aşağıdakılardır:


Sosial verilişlərdə və şou proqramlarında “Baden - Badenin mavi gecələri” (III yazı)

-şou əyləncələri;

-musiqili proqramlar;

-xarici    seriallar;

-şiddət və zorakılıq  xəbərləri;

-cinsi motivli  (adam oğurluğu -qızqaçırma), zorlama, fahişəlik fahişəliyə cəlb etmə, uşaqbazlıq) xəbərlər;

-xəyanət, aldatma (bəzən bir ailənin ən yaxın  üzvləri - əmi, dayı,xala, bibi, bacı, qardaş, bacanaq, kürəkən, qayın  və s. tərəfindən edilən  şərəfsiz əməllərlə bağlı);

-kim kimlə sevişdi, evləndi, boşandı, barışdı tipli heç bir  ictimai əhəmiyyəti olmayan yazılar;

- xarici ölkə, eləcə də  ölkəmizin  şou nümayəndələrinin, aktrisaların, modellərin açıq-saçıq şəkilləri və s.


Bunlar da istehsalçıların mənafelərinə uyğundur.


Sosial verilişlərdə və şou proqramlarında “Baden - Badenin mavi gecələri” (III yazı)

 Belə hal narahatlılıq doğurmaya bilməz ki,  bu gün  cəmiyyətdə insanları  narahat edən problemlər, mənəvi aşınmalar televiziya mövcud olandan  indiyə kimi  toplanan  mənəvi  dəyərlərdən çoxdur. Çünki bu gün Azərbaycan cəmiyyətində insanların  asudə vaxtları şou məkanlarının cazibəsindədir. Bu gün yeni dövrün davranış və əxlaq tərzini şou məkanı  müəyyənləşdirir. İstər mətbuatda, istərsə də özəl televiziyalarda proqramların çoxu  yeniyetmə və gəncləri məcara  həyatına, eyş –işrətə sürükləyir, açıq şəkildə olmasa da, qulağına pıçıldayırmış  kimi.  

 "Hamilə model geyimi ilə heyrətləndirdi”,  "Yenicə ana olan model ideal bədəni ilə heyrətləndirdi”,  "Cəsarət belə olar - Şəffaf libasda podiuma çıxdı”, "Qalın qaşları sayəsində pula pul demir - Fotolar” ,  "Azərbaycanlı modelin bu rəqsi kişiləri dəli edəcək - VİDEO” və sair  bu kimi  manşetə çıxarılmış  əndirbani  qənaətlər, qiymətləndirmələr nə deməkdir? Əvvələn, heyrətlənmək  bir hal-vəziyyət ifadəsi kimi, tamam başqa  mənanı  bildirir;  manşetdə və ya səhnədə  hansı pozadasa çılpaq bədən görəndə   gözündə, beynində, cismində  dəyişiklik olan kəsin halı, yəni heyrətlənməsi  iradəsizlik,  görməmişlik   təzahürüdür, belələrinə el arasında bir az mədəni şəkildə "şörgöz" deyirlər. Bu mövzuda yazıların manşetlərinə iradıma gəlincə isə, 30-40 il bundan əvvəl Azərbaycan mühitində hamilə qadın öz  həyətində  ailə üzvlərinin   gözünə görünməyə xəcalət çəkirdi…İndi  hamilə qadını səhnəyə, podiuma çıxarıb  izləyiciləri heyrətləndirirlər. Doğrudanmı   açıq-saçıq geyinmək  cəsarət(???) nümunəsidir, doğrudanmı Amerikada model agentlikləri  Samanta Diqiakomo adlı qıza  ancaq qaşlarına görə müraciət edirlərmiş? Onda  guya dünyada  tək olan bu qızın gen  qaşlarını ancaq baş geyimləri, üz kosmetikası   hüdudlarında  reklam edəydilər, dəniz sahilində  çimərlik geyimində yox?


Sosial verilişlərdə və şou proqramlarında “Baden - Badenin mavi gecələri” (III yazı)

Amma nə yaxşı ki  belə  nümunələr daha çox xarici ölkələrə məxsusdur. Bizim həyatda müşahidə edilənlər də  məhz  televiziya, mətbuat, internet  vasitəsilə  Qərb həyatından sirayət edib və edilməkdədir.


  Davamı var...

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz