» » Bərdədə küçəyə atılan uşaqların taleyinə münasibət sıradan bir münasibətə oxşayır

Bərdədə küçəyə atılan uşaqların taleyinə münasibət sıradan bir münasibətə oxşayır

 

Bərdədə küçəyə atılan uşaqların taleyinə  münasibət  sıradan  bir münasibətə oxşayır

Nə valideynləri belə arzu etməmişdilər, nə də  "taleyin oyununda cütlənmiş zər" idilər: qoşa düşmədilər ki düşmədilər.
Sosial şəbəkələrin yazdıqlarına görə, ilk evliliklərinin ömrü  cəmi 6 ay olub. 6 aydan sonra ayrılıb atası evinə qayıdıb və yenə sosial şəbəkələrin yazdıqlarına istinad etsək, 2008-ci ildə yeganə   Qazax rayonunun Kəmərli kəndində  ailədən, valideynlərdən xəbərsiz yoxa çıxıb.  Qızları necə yaşayıb, harada yaşayıb,ailənin  bundan  xəbəri olmayıb. Valideynləri indi baş verənləri eşidib  deyiblərmiş ki: "…Artıq yaddan çıxarmışıq. Nə etdiyini, kiminlə yaşadığını da bilmirik. Belə bir insan bizim həyatımızda yoxdur”.
"Qız qızıl alma…” deyilmiş demə, heç çürük alma da deyilmiş… Oğlan uşağı hansısa uğursuzluqdan küsüb, acıq edib, ata evini tərk edərək gedə bilər. O qədər görmüşük, eşitmişik ki. Amma qız uşağı gedə bilməz.
Qız uşağı bir ailənin rəmzidir, rəmzi belə qorumazlar. Qoruya bilməmisiniz, barı, deməyin "…Belə bir insan bizim həyatımızda yoxdur (Mənbə : https://azvision.az/news/169275/--kuceye-atilan-usaqlarin-nenesi--onlarin-atasini-tanimiriq---.html)”.
Səhv edib, onun səhvi qədər də ailənin səhvi var. Həyatda hər kəs səhv edə bilər, hər kəsin başına iş gələ bilər. Belə məqamlarda emosiya ilə, qəzəblə deyil, səbirlə, ağıllı başla addım atmaq lazımdır.
Yeganə ailə, qohum-əqrəba tərəfindən qayğı ilə əhatə olunmalı idi. Həm  də nəzarətli qayğı olmalı idi bu qayğı. Fikri nədir, gələcək həyatını necə qurmaq istəyir, bunlar ailənin qayğıları idi. Bir iş tapmaq lazım idi ki, başı qarışsın, depressiyadan çıxsın. Yerli təşkilatlar bu cür insanları diqqətdə saxlamalı idi. Rayonda olan QNT təşkilatlarından biri  onu  hamiliyə götürməli idi. Əgər bütün baş verənlərdən sonra Yeganə gələcək ailə haqqında düşünəcəkdisə, daha ağıllı addım atacaqdısa, yeni ailə qura bilərdi və əlbəttə, onda bütün bunlar baş verməyəcəkdi. Belədə indiyədək baş verənləri unutmaq da  mümükün idi. Övlad sahibi olardı və başını aşağı salıb ailəsi, uşaqları üçün yaşayardı.
Fəqət, bunlar olmayıb. Mən Yeganəni nəzərdə tutmuram. Həyatda belə  qadınları qarşıda nə gözləyir məlumdur. Onlar ən yaxşı halda ofisdə, kafedə xidmətçi, bəzi fırıldaqçı ofislərdə katibə/referent adları ilə saxlanır, bəziləri də  qadın alveri  köləsinə çevrilir və s.
Yeganə  hələ gəncdir, yəqin ki, niyyətləri saleh olmayanların  diqqətindən bu da  yayınmayıb.
Qazax rayonu ilə Bərdə arasında nə qədər məsafə var. Yeganə Bərdəyə  yaşamaq məcburiyyəti ilə  gəlib çıxıb. İki övladı var. Günü-güzəranı, taleyi necədir bilmirik, amma baş verənlərdən məlum olur ki, tale də hələ "qapazını onun başına endirməkdədir”. İmkansızlığından, sahibsizliyindən kim necə istəyir, elə də istifadə edir ondan.
Bir neçə gündür kütləvi informasiya vasitələri öz bazisini bu utanc xəbər üzərində qurub. Deyəsən, xəbər ilk mənbə kimi "Report.az” tərəfindən paylanılıb. Digər saytlar, informasiya kanalları da hadisənin mahiyyətini bu mənbədən götürüb hərə öz bildiyi kimi paylaşmaqdadır.
Yeganə ilk zərbəni  taleyindən almışdı, indi də onu əhatə edən insanlardan. Bu adam qarşılaşdığı sitəmləri zərif, alçaldılmış və təhqir edilmiş çiyinlərində saxlamaqda acizkən, indi də onun taleyini şouya çevirmişlər. 
 Qadını dalana dirəyirlər ki, gedib intihar etsin. Bunumu istəyirsiniz? Yaza bilirsiniz, dəstək ola bilirsiniz, buyurun, bacarmırsınızsa reytinq naminə, 30-40 çox like qazanmaq xatirinə belə xəbərçiliklə məşğul olmayın.
Yazırlsınız ki, uşaqlar tapılanda baxımsız vəziyyətdə olurlar. Nə deməkdir  "baxımsız vəziyyətdə olmaq"? Kirayədə qaldığı evə buraxılmayan  dərbədər qadın  uşaqlarının yanına  dayəmi qoyacaqdı?  
İndi çalışmaq lazımdır ki, uşaqlar ana himayəsində, ailə himayəsində qalsın. Uşaqların  sənədləri varmı, yoxdursa, məhkəmə orqanlarına  onlara atalığın müəyyən edilməsi barədə müraciətlər edilsin.  Yedganəni də, Yeganə taleyini yaşamağa məhkum olmuş daha neçə yeganələri  cəmiyyətə, həyata  bağlamaq, onları düşdükləri  mənəvi krizisdən çıxarmaq lazımdır.
 

Bərdədə küçəyə atılan uşaqların taleyinə  münasibət  sıradan  bir münasibətə oxşayır

Dünən oxudum ki, məsələ Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin nəzarətindədir, amma uşaqların analarından ayrılmaq təhlükəsi də var.

"Bu barədə Azvision.az -a Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi İnformasiya və analitik araşdırmalar şöbəsinin müdiri Elgün Səfərov məlumat verib: "Yerli icra hakimiyyətinin nəzdində monitorinq komissiyası həmin qadının qohumlarla münasibəti, ailədaxili məsələləri, şiddətin olub-olmadığını araşdırır. Uşaqların atası var, amma rəsmi nikah məsələsi ancaq sənədlərlə bəlli ola bilər. Ailə üzvlərinin sənədləri yoxlanılır və digər məsələlər dəqiqləşdirilir”.

E.Səfərov qeyd edib ki, yaxın günlərdə ailə ilə bağlı yekun qərar veriləcək. "Valideyn vəzifələrinin sui-istifadə olunması və ya vəzifələrin yerinə yetirilməməsi ilə bağlı cərimənin tətbiq edilməsi, yerli icra hakimiyyətləri nəzdində valideyn hüquqlarının məhdudlaşdırılması və ya məhkəmə qərarı əsasında valideyn hüququnun ləğv edilməsi ola bilər. Komitə olaraq məsələni nəzarət altında saxlayırıq, qərar gecikəndə artıq müdaxilə etmək hüququmuz var. (Mənbə: https://azvision.az/news/169239/--kuceye-atilan-usaqlarla-bagli-hansi-qerar-verilecek---aciqlama---.html)”

Cəmiyyətimizdə narahatçılıq doğuran belə  problemlər, zərərli meyillər bu gün də   var. Fəqət,  belə məqamları gündəmə gətirmək  bu vəziyyətin baş verməsinə görə cavabdehlik daşıyan qurumlar və şəxslər tərəfindən yaxşı qəbul edilmir, harda belə olur, "vurub şüşəni sındırırlar”.

 

Bərdədə küçəyə atılan uşaqların taleyinə  münasibət  sıradan  bir münasibətə oxşayır

Gizlətməyək, üstünü ört-basdır  etməyək: küçələrə atılmış körpələr getdikcə çoxalır, intihar halları  da həmçinin.  Özü də intiharlar   getdikcə cavanlaşmaq  üzrədir. Xəyanət  az qala  həyat tərzinə çevrilib. Azyaşlılar arasında  cinsi  əlaqələrə meyillilik  halları  müşahidə edilməkdədir. Bu hadisələr, aşınmalar,  cinayətlər  hansı ərazidə baş verirsə,   bəzən   həmin ərazidən  kənara çıxmır: baş vermişlərin  cəmiyyətə ötürülməsinə, ictimailəşməsinə  ciddi-cəhdlə mane olurlar, əlbəttə, məmurlar.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin əməkdaşı bildirir ki, yerli icra hakimiyyətinin nəzdində monitorinq komissiyası həmin qadının qohumlarla münasibəti, ailədaxili məsələləri, şiddətin olub-olmadığını araşdırır. Sual olunur indi niyə? Nə üçün üstündən 11 il keçən bu məsələ , onun itkin düşümüş qızı haqqında kimsə maraqlanmayıb. Bir də hadisə baş verəndən sonra mətbuatda bu komitənin adını eşidirik ki, məsələ ilə bağlı münasibət bildirir. Bərdədə daha əvvəllərdə də  xəstəxana həyətində atılmış oğlan uşağı tapılmışdı.

Bu gün cəmiyyət informasiyalaşıb: insanlar  nəinki ölkədə, eləcə də dünyada baş verən hadisələri  gündəlik olaraq izləyir,  internet vasitəsi  belə məlumatları paylaşırlar.  Onları ört-basdır etməkdənsə,  təsir dairəsini kiçiklətməkdənsə, doğru  diaqnoz qoyub  düzgün müalicə etmək lazımdlr.  Maarifləndirmə  fəaliyyətini  gücləndirmək lazımdır.  Bir cinayətin gizlədilməsi cinayətkarın cəzasız qalması ilə nəticələnir, bu da    gələcəkdə   daha yeni və  daha böyük xətaların, qüsurların, eybəcərliklərin baş verməsini şərtləndirir .

Mən də ərəb yazıçısı Zeydanın bu fikri ilə tam razıyam ki, əxlaqın çoxaldığı yerdə dövlətin xərci azalır.Çünki belə olarsa, naqisliklər, eybəcərliklər,qızğınlıqlar, başıpozuqluqlar baş verməz… Türkiyədən, Dubaydan deportasiya edilən yüngüləxlaqlı qadınların arasında Azərbaycan qadınları olmaz; ər qadınına, qadın da ərinə xəyanət etməz. Ailəli qadın uşaqlarını götürüb aradan çıxmaz. Nişanlı qız başqasına qoşulub qaçmaz.

Qadın gözəllik müsabiqələrinə qatılmaz, yarıçılpaq  pozalarda podiuma çıxmaz, reklamlara, panolara çəkilməz.

Onda qızlarımız gözəl olduqları qədər də ağıllı, ağayana olar, qarşıda gedəcəkləri ər evinə  karvan-karvan saflıq, sədaqət, vəfa aparmış olarlar. Onda belə evliliklərdən dünyaya göz açan körpələr daha sağlam cəmiyyətin –  daha etibarlı gələcəyin təminatı olarlar.

 

Bərdədə küçəyə atılan uşaqların taleyinə  münasibət  sıradan  bir münasibətə oxşayır

Azərbaycan bu gün müstəqil və gənc ölkə kimi üzü xeyirli sabahlara addımlamaqdadır. Ərazilərinin 20 faizi işğal altında olan, milyondan artıq vətəndaşı qaçqın və köçkün həyatı yaşamağa məhkum edilən bir ölkə üçün bu inkişaf şərəfli bir tarixdir. Azərbaycan hər dəqiqə böyüyür, inkişaf edir, gözəlləşir. Problemlərimizi də inkar etmirik . İqtisadi, siyasi, mədəni sahədə aparılan islahatlar əminlik yaradır ki, Azərbaycan iqtisadi cəhətdən inkişaf etmiş hüquqi, demokratik, dünyəvi ölkə olmaqla yanaşı, sahib olduğu milli-mənəvi dəyərləri də daim hifz  etmiş  və   hər zaman da edəcəkdir.

Bu, tək dövlətin işi deyil, həm də ümumilikdə hər kəsin işidir. Hər kəs dövlətçiliyimizə, milli maraqlarımıza sədaqət nümayiş etdirməlidir.

Haqsızlığa, neqativ hallara barışmaz münasibət bəsləməlidir.

2015-ci il mayın 27-də "Buta” sarayında Azərbaycanın milli bayramı – Respublika Günü münasibətilə rəsmi qəbulda ölkə başçısı, cənab İlham Əliyevin məşhur bir sitatını xatırladaq: "… Mən burada ictimai nəzarətin əhəmiyyətini xüsusi qeyd etmək istəyirəm. Mən bu barədə dəfələrlə fikirlərimi bildirmişəm. Bir daha demək istəyirəm ki, bu, mənim çox səmimi fikirlərimdir. İctimai nəzarət olmasa ölkəmiz uğurla inkişaf edə bilməz. Bir adam - Prezident, yaxud da ki, rəhbər işçilər hər bir sahəni daim diqqət mərkəzində saxlaya bilməz. Ona görə, bəzi hallarda qanunsuzluqlar, qanun pozuntuları, sosial ədalətin pozulması halları baş verir. Bu, bizi çox üzür. Biz buna yol verə bilmərik. Bunun qarşısını almaq üçün mütləq çox güclü ictimai nəzarət olmalıdır. Belə olarsa, o zaman işlər daha da sürətlə gedər və xoşagəlməz halların aradan qaldırılması üçün yeni bir mexanizm yarana bilər. Burada, əlbəttə ki, dövlət idarəetmə prinsiplərində ciddi islahatlar aparılmalıdır və eyni zamanda, ictimaiyyət də daha fəal olmalıdır. Biz bunu son vaxtlar görürük. Bizim ictimaiyyət hər hansı bir yerdə qanunsuzluqlar, pozuntular, ədalətsizliklər baş verdikdə dərhal reaksiya verir. Mən bunu alqışlayıram. Bu, bizə kömək edir. Bu canlı bağlantı daim olmalıdır və güclənməlidir…”

Nəhayət, yazımızın sonunda Bərdə rayonunda küçədən tapılmış uşaqlarla bağlı fikirlərimi yekunlaşdıraraq

mövqeyimi bildirəcəyəm: Mən ata-ananın valideynlik hüququndan məhrum edilməsini sərt cəza hesab edirəm.Uşaqları dövlət himayə edəcək, amma övlad üçün ata-ananı kimsə əvəz edə bilməz. Valideynlərlə söhbət aparılsın, məşğuliyyətləri  yoxsa , işlə təmin edilsinlər, yaşamaq üçün hansısa yataqxana və ya sığınacaqda yerləşdirilsinlər. Belə ailələri yerli təşkilatlar nəzarətdə saxlamalı,  onlarla  iş aparmalıdır.

Təəssüf ki,  heç  bir iş aparmırlar, əksər yerlərdə aparmırlar.Bu qədər dövlət, qeyri-dövlət təşkilatları var. İclas, kampaniya xarakterli 1-2 iş görüb, adını layihə qoyurlar.

Mən Yeganənin hərəkətlərinə haqq qazandırmıram. Bu cür hərəkətlərə münasibətimi saytımızda dərc etdirdiyimiz yazılarla dəfələrlə ifadə etmişəm. Sadəcə, diqqətə çatdırmaq istəyirəm ki, cəmiyyət özü də diqqətli olmalıdır. Qadınları belə vəziyyətə salan niyyətlərə, səbəblərə seyrçi kimi nəzər yetirib keçmək olmaz. Şəkillərdə fikir verdinizsə, uşaqlar atılmış zavallılar olsalar da, maşallah, gümrahdırlar, şirindirlər. Əyinlərindəki geyim də  qənaətbəxşdir.  Deməli, anaları onları sağlam və normal böyütməyə  qadirdir. Qalır ətrafdakı insanların ona  və uşaqlarına    humanizm göstərməsinə.

Dövlətimizin məqsədi də ailəni qorumaqdır, uşağı ailədən məhrum etmək yox.

  

Bərdədə küçəyə atılan uşaqların taleyinə  münasibət  sıradan  bir münasibətə oxşayır

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz