» » Siz bir ağacsınız, minbir budaqlı...

Siz bir ağacsınız, minbir budaqlı...

 

Siz  bir ağacsınız, minbir budaqlı...

Yanvar ayının 10-u   Azərbaycanın görkəmli dilçi-alimi, türkoloq, Azərbaycan dilçilik elmində elmi məktəb yaratmış alim, Azərbaycan Əlifba Komissiyasının sədri  və hazırkı Latın qrafikalı Azərbaycan əlifbasısının müəllifi, Azərbaycan SSR-i Natiqlik Cəmiyyətinin sədri , SSRİ Pedaqoji Elmlər Akademiyasının akademiki, Azərbaycan SSR-i Elmlər Akademiyasının üzvü ,   filologiya elmləri doktoru, professor , Əməkdar elm xadimi, Azərbaycan SSR Dövlət Mükafatı Laureatı  Afad  Qurbanovun 90 yaşı tamam olduğu gündür.

 Afad müəllim uzun illər  Azərbaycan Dövlət Pedaqoji İnstitutunun  filologiya fakültəsinin dekanı, 1981-1989-cu illərdə  isə  institutun  rektoru olmuşdur.

Bizim oxuduğumuz 1976-1980-ci illərdə  Afad müəllim  dekan idi.   O zaman Afad  müəllimin 47  yaşı vardı.  Ucaboy, yaraşıqlı  bir İnsan idi.  Saçları alın hissədən seyrək olsa da, bu seyrəklik  zahiri  yaraşığına   heç bir təsir göstərməzdi.   I kursun  ilk dərs günündə auditoriyamıza daxil olanda sağında  və solunda daha iki   bazburutlu  müəllimi və   III-IV  kurs  tələbələri olduğunu  sonradkı günlər   biləcəyimiz  2-3  tələbədən   hiss etmişdik ki, kimdirsə   rəhbərlərdən biridir, ən azından fakültənin dekanıdır.

 

Siz  bir ağacsınız, minbir budaqlı...

 Tanışlıqdan sonra  onlar qrup nümayəndəsi, həmkarlar, komsomol  katibi   təyin edəndən sonra  getmişdilər.

Təhsilimizə davam etdikcə, təhsildə , fakültənin, eləcə də institutun  ictimai həyatında   fəal iştirak etdikcə,  istər institutun və fakültənin ayrı-ayrı rəhbərləri,  istər professor-müəllim heyəti, istərsə də institut üzrə ictimaiyyətçi tələbələrlə  vaxtaşırı görüşür, müxtəlif tədbirlərdə bir yerdə olurduq.

Afad müəllim sonra bizə Toponomikadan mühazirə aparmışdı.  Bu qədər ciddiyyətin qabağında  auditoriyada çox  isti bir aura yaradardı. Arada  fikirlərini həyati misallarla da əlaqələndirirdi.   İntizamlı və  bilikli tələbələri çox sevərdi. Amma     qəbahətləri də bağışlamazdı.  Dekan müavinləri də özü kimi ciddi idilər. Kimsənin qaydaları pozmağa  cürəti çatmazdı. Kimsə   mühazirədən özbaşına yayına bilməzdi. Kimin nə həddi vardı  binada və binanın qarşısında  siqaret çəksin, dərsə geciksin, dərs vaxtı çöldə-bayırda  gəzsin. İstər fakültənin qarşısına, istərsə də içəri bir nəfər kənar adam keçə bilməzdi.

 Rəhbər kimi bənzəri yox idi. Nə qədər gənc idi, o qədər də  yaradıcı, təşəbbüskar, prinsipial  idi.

 Fakültəmizdə daim ədəbi-mədəni və digər kütləvi tədbirlər olurdu.Bunların hamısının hazırlıq mərhələsindən ta   tədbir keçirildiyi günə qədər  hamısında iştirak edərdi və ya baş çəkərdi. Belə münasibət hamını məsuliyyətli  və həm də  daha  çalışqan edərdi.

 Həyətdən  fakültəmiz yerləşən korpusun binasına daxil olar, dəhlizdən, koridordan keçib, pilləkənlərlə 2-ci mərtəbəyə - öz kabinetinə qalxardı.

 Yerişi, duruşu,  tədbirlərdəki çıxışlarından tutmuş  yerişinə qədər  bütün     xarakterik cizgiləri    sonralar da heç vaxt, heç kimdə müşahidə edə bilmədiyimiz  qədər  məxsusi idi, ağayana idi. Necə danışması gözəl ,  nə danışması isə  məzmunlu  olardı.

 Mən əlaçı olmuşam, Tələbə Elmi Cəmiyyətində dəfələrlə diplom və fəxri fərmanlar almışdım,  qrup həmkarlar təşkilarının sədri idim. Yaşım da nisbətən çox olduğundan, yəni təcrübəli olduğumdan   həmişə diqqətdə olurdum.

 Biz oxuyan illərdə də,  Afad müəllimin rektor olduğu illərdə də Azərbaycanın ali məktəbləri arasında  ən nümunəvi əxlaq və təhsil  müəssisəsi kimi Afad müəllimin rəhbərlik etdiyi fakültə və institut  həmişə mükafatlananlar arasında olub.

 

Siz  bir ağacsınız, minbir budaqlı...

Sonra biz ali məktəbi bitirib təyinatla  ölkəmizin müxtəlif rayonlarına səpələndik.  Amma tətillərdə Bakıya gələndə  mütləq Afad müəllimlə də görüşərdik. Hal-əhval bilər, tövsiyələrini verərdi.

Tanıdığımız müəllim və tələbələr vardı, onlardan  Afad müəllimin  rektorluq  fəaliyyəti haqqında soruşardıq. Deyirdilər ki, sizin vaxtınızda filologiya fakültəsi necə idi, indi bütün institut belədir.

Bir  vaxt Afat müəllimlə İsmayıllıya  gedəndə  yolboyu kənd, çay, dağ  adlarına rast gəlirdik. Deyirdi ki,  bu zonanın  maraqlı  aqoronim( meydan adları), drinonim ( meşə adları),

Hidronim(çay adları), oykonim (yaşayış yeri adları), oronim (dağ adları)  var.  Bunları tədqiq etmək lazımdır.

Bəlkə də Afad müəllimi  məni   elmi tədqiqata  həvəsləndirirdi. Amma mən müəllim işləməyə can atırdım. 1il işləyəndən sonra  isə çox sevdiyim  professor Paşa Əfəndiyev məni şifahi xalq ədəbiyyatı  üzrə dissertant olmağa dəvət etdi.

Mən  Bakıya gəldim və  Paşa Əfəndiyevlə görüşüb mövzu barədə söhbət etdim.  Mövzum  "XX əsrin 30-40-cı illərində  Azərbaycan folklorşünaslığının aktual problemləri” idi.

Siz  bir ağacsınız, minbir budaqlı...

 

Siz  bir ağacsınız, minbir budaqlı...

 

Siz  bir ağacsınız, minbir budaqlı...

Əlbəttə, Afad müəllimə deməli idim və dedim də. Afad müəllim mənə uğurlar arzuladı. Xudahafizləşərkən  onu da  bildirdi ki, folklorumuzda da insan və yer adları  ilə bağlı çox maraqlı ideyalar var.  Təəssüf ki,  o illərdə   bir çox səbəblərdən  mən  götürdüyüm mövzunun arxasınca gedə bilmədim.   

Bunları yazmaqda məqsədim  Afad müəllimin tələbələrə olan tələbkarlıqları ilə yanaşı, diqqət və qayğılarını da olduğu kimi  xatırlatmaq istəyimdən yarandı.

Biz  ali məktəbi 38 il bundan əvvəl  bitirmişik.  Afad müəllim rektor olan  vaxtlar  hərdən  doğma təhsil ocağımıza yolumuz düşürdü və  bu ziyarətdə müəllimlərimlə  görüşürdük. Bu gün belə ziyarətlər olmasa da, həmin dövrdə oxuyan  bütün tələbələr  Vladimir İliç Lenin adına Qırmızı Əmək Bayrağı Ordenli Azərbaycan Dövlət Pedaqoji İnstitunu, Afad müəllimi, professor və müəllim heyətini hər zaman  ehtiramla yad edirik. Bu gün isə Afad müəllimin 90 illik yubileyidir. Bu yubiley günüdə mən  Afad müəllimi  əzəmətli bir çinar ağacına bənzətmək istəyirəm, minbir budaqlı.

 Afad müəllim "Azərbaycan ədəbi və danışıq dili (1965), "Müasir Azərbaycan ədəbi dili (2 cildlik, 1967), "Ümumi dilçilik" (2 cildlik, 1977), "Azərbaycan onomalogiyasının əsasları, (2 cildlik, 1988), "Türkoloji dilçilik" (5 cildlik), "Azərbaycan dilçiliyinin problemləri" (3 cildlik), "Antroponim nəzəriyyəsi və s. monoqrafiya və dərsliklərin, həmçinin yüzlərcə  məqalənin  müəllifidir.

Bu gün Azərbaycanın elə bir  rayonu, qəsəbəsi, ucqar kəndi  ola bilməz ki, o məkanın, o yerin təhsil ocağında Afad müəllimin  tələbəsi olmamış olsun.

Afad müəllimin hər tələbəsi də onun bir kitabıdır.

 Məşhur rus yazıçısı L.N.Tolstoy  çox dəqiq ifadə etmişdir: "Dahilərin əməyi xəlbirlənmiş, çox çətinliklə əldə edilmiş qızıla bərabərdir”.

Xalqımız, pedaqoji ictimai fikir görkəmli dilçi alim, elm təşkilatçısı, ictimai-siyasi xadim  Afad Qurbanovun   Vətənimiz və xalqımız üçün   gıstərdiyi fəaliyyəti də belə qəbul edir.

Siz  bir ağacsınız, minbir budaqlı...

 

Siz  bir ağacsınız, minbir budaqlı...

 

 Məşhur şəxsiyyətlər  Afad Qurbanov haqqında 
 

Afad Qurbanovun kitabı yalnız Azərbaycan dili materiallarını deyil, həm də başqa türk dillərinin materiallarını əhatə edən mövzunu işıqlandırır.
Andrey Kononov,
akademik
Afad Qurbanov çıxış və məruzələrində özünün dilçilik elminə həvəskar olduğunu göstərmişdir. O, bu sahədə işləyərsə, gələcəkdə yaxşı bir mütəxəssis ola biləcəyi ümidini verməkdədir.
Əbdüləzəl Dəmirçizadə,
AEA-nın müxbir üzvü, professor
Afad Qurbanovun "Azərbaycan dilinin onomalogiyası” adlı əsəri təkcə bizim dilçiliyimiz üçün deyil, dünya türkoloji dilçiliyi üçün də çox qiymətlidir. Mən tam məsuliyyətlə deyə bilərəm ki, Afad Qurbanov bu əsəri ilə Azərbaycan Onomastikası Məktəbinin əsasını qoymuşdur.
Məmmədağa Şirəliyev,
akademik
Məşhur filoloq, akademik A.Qurbanov geniş yaradıcılıq qabiliyyətinə, zəngin erudisiyaya, dərin biliyə malik alim, xalqa və onun mədəniyyətinə dərin məhəbbət bəsləyən fədakar, ictimai xadim, sadə, təvazökar və humanist bir insan idi. O, bütün mənalı həyatını, sonsuz, tükənməz elmi istedadını, yaradıcılıq qüvvəsini Azərbaycan dilçiliyinin inkişafına sərf edən, öz xalqına sədaqətlə və namusla xidmət göstərən, bütün varlığını elmin, təhsilin və mədəniyyətin inkişafına, Azərbaycan dilinin saflığının təmin olunmasına verən əvəzsiz dilçi alimlərdən olmuşdur.
Mahmud Kərimov,
akademik
Azərbaycanda ümumdilçilik tədqiqatlarını aparan ilk alim A.Qurbanov olmuşdur. Onun "Ümumi dilçilik” adlı dərsliyi bir neçə dəfə çap olunmuşdur. Hazırda da bütün dilçi alimlərin, müəllim, tələbə və aspirantların stolüstü kitabı olan bu əsər pedaqoji universitetlər üçün milli zəmində yazılmış ilk dərslikdir.
Arif Mehdiyev,
akademik 
Afad Qurbanov dilçilik elminin ən görkəmli və çox məhsuldar nümayəndələrindən biri kimi Azərbaycanda və region ölkələrində böyük nüfuz sahibi olmuşdur. Bunun əsas səbəbi, hər şeydən əvvəl, alimin çoxsahəli yaradıcılığı və bu sahələrin hər birində əldə etdiyi sanballı elmi nəticələrlə bağlı idi.
Bəkir Nəbiyev, 
akademik
Afad Qurbanov paleoqrafiya məsələləri ilə müntəzəm məşğul olurdu. Onun bu sahədəki uğurlu addımlarından biri də Cucikənd yazılı abidələrini qədim türk yazı nümunəsi kimi tədqiq etməsidir... Afad Qurbanov bu qənaətə gəlir ki, bu daş kitabələrdə olan yazının ümumi mənzərəsi,
ruhu və görkəmi qədim türk yazılı abidələrini xatırladır, bu yazıları o, elmə yeni məlum olan türkdilli yazılı abidə hesab edir.
Rasim Əfəndiyev, 
akademik
Afad Qurbanovun qoşa qanadının biri müəllimlikdirsə, digəri alimlikdir. Mötəbər alim, sayılan, seçilən, öndə gedən alim. Həqiqət naminə desək, XX əsrin ikinci yarısından dilçilik elminin inkişafı, zirvələr fəth etməsində Afad Qurbanovun rolu əvəzsizdir. Bu türk oğlu türkün dilçiliyin müxtəlif sahələrinə dair yetmişdən artıq kitab, monoqrafiya və beş yüzdən çox elmi məqaləsi dediklərimizi təsdiqləyir.
Teymur Bünyadov,
akademik
Professor Afad Qurbanovun müasir dilçiliyin problemlərinə həsr edilən, öz sanbalı, əhatə dairəsi və yüksək elmiliyi ilə seçilən əsərləri dilçiliyimizə qiymətli töhfədir.
Elmi məxəz və faktların zənginliyi, mühakimələrin dürüstlüyü, inandırıcılığı ilə seçilən bu əsərlərin dünya, türk və Azərbaycan dilçiliyində öz həllini tapmayan problemlərin həllində elmi əhəmiyyəti olmuşdur.
Fuad Qasımzadə, 
аkademik
Afad Qurbanovun yaratdığı Onomastik Mərkəzin fəaliyyəti, habelə onun rəhbərliyi və təşkilatçılığı ilə keçirilmiş onomastik konfranslar qismən unudulmuş bir sahəni dirçəltmiş və onomastik vahidlərimizin toplanmasında mühüm rol oynamışdır.
Toğrul Şaxtaxtinski,
akademik
Möhtərəm professor Afad Qurbanov illərdən bəri gözlədiyimiz türk onomastikasının nəzəri və əməli problemlərini böyük bir diqqətlə işləmişdir. Ona nə qədər təşəkkür etsək, azdır. Kitabın qısa zamanda Türkiyə türkcəsinə nəşrini təmənna edirik. Əsər ölkəmizdə də nəşr edilərsə, türk onomastik araşdırmaları daha aydın işıqlandırılar.
Xəlil Açıqgöz,
professor
Afad müəllim Azərbaycan dilçiliyinin müxtəlif sahələri ilə məşğul olurdu, hamısında da sözünü deyirdi. Afad müəllimin yaratdığı, bütün türk dünyasını cəlb edən onomastika elmi məktəbi bu və ya başqa formada indi də öz fəaliyyətini davam etdirir.
Yusif Seyidov,
professor
Afad Qurbanov Azərbaycanda ümumi dilçilik problemlərinə dair fundamental araşdırmalar aparan ilk və yeganə alimlərdən biridir. Onun "Ümumi dilçilik” adlı ikicildlik dərsliyi bu sahənin mütəxəssisləri tərəfindən həm ölkəmizdə, həm də xaricdə yüksək qiymətləndirilmişdir. Bu dərsliyin əsas məziyyəti odur ki, ümumbəşəri məzmun daşımasına baxmayaraq, milli ruhda və milli təfəkkür tərzində yazılmışdır. Dərslikdə verilən bölgü və təsnifatlar da yenidən işlənmiş, müəllif ümumi dilçilik problemlərinə və dünya dillərinin təsnifatına dair yeni fikirlər söyləmişdir. Xüsusən Altay dilləri ailəsi ilə bağlı fikirlər türkoloji dilçilikdə yeni və orijinaldır.
Nizami Xudiyev, 
professor
Afad Qurbanov dilçiliyimizin çoxsahəli tədqiqatçısı kimi müxtəlif məsələlərə həmişə aydınlıq gətirmişdir. Onun həm dilçiliyin ümumi məsələlərinə, həm də xüsusi dilçilik məsələlərinə, o cümlədən Azərbaycan dilinin fonetikası, leksikologiyası və frazeologiyası, üslubiyyatı, dil tarixi və digər sahələrə aid yazdığı əsərlərdə həmişə sistemlilik, məntiqilik və ardıcıllıq diqqəti xüsusi cəlb edir.
Həsən Balıyev,
professor
O, onomastika sahəsində məktəb yaratmış görkəmli dilçimizdir. Bu sahənin bütün incəliklərinə qədər tədqiq olunmasında onun xidmətləri əvəzsizdir. Keçmiş SSRİ-nin müxtəlif ərazilərində bu sahənin tədqiqi daha tez başlamışdı, nəinki Azərbaycanda. Buna baxmayaraq, Afad müəllim bu sahəyə diqqəti o qədər artırdı ki, onomastika sahəsində nailiyyətlər, uğurlar başqa yerlərdəki tədqiqatları üstələdi. Afad müəllim aspirantlarını, dissertantlarını bu sahəni tədqiq etməyə yönəltdi. Demək olar ki, ayrı-ayrı rayonlarımızın, bölgələrimizin onomastikası ilə bağlı dissertasiyalar
yazıldı və müdafiə olundu.
Buludxan Xəlilov,
professor
Afad Qurbanov elmi-təşkilati fəaliyyətində yüksəkixtisaslı gənc kadrların hazırlanmasını daim diqqət mərkəzində saxlayırdı. O, elmi biliyini həmişə gənc alim və aspirantlarla bölüşür, əlindən gələn köməyi əsirgəmirdi.
Böyük zəhmətkeşliyi, özünə və yetirmələrinə qarşı hədsiz tələbkarlığı da onu başqalarından fərqləndirirdi.
Himalay Qasımov,
professor

O, yaşadığı müddətdə daim inkişafa can atan, elmi yaradıcılığı ilə elmimizə böyük töhfələr verən, öz xalqının və dövlətinin mənafeyi və şərəflənməsi üçün yorulmaq bilmədən ömrünü fəda edən böyük şəxsiyyətlərdən olmuşdur. Afad müəllimin zəngin elmi-pedaqoji və ictimai xadim kimi fəaliyyəti haqqında sonsuz olaraq yazmaq və danışmaq olar. Onun genişşaxəli ictimai və elmi fəaliyyəti respublikada hamıya, xüsusilə onun istedadına və şəxsiyyətinə bələd olan insanlara, geniş ziyalı kütləsinə yaxşı məlumdur.
Afad müəllim yazmaq xatirinə deyil, həmişə dilimizin, mədəniyyətimizin doğurduğu ehtiyacdan qələmə sarılaraq elmi-nəzəri fikirlərini özünəməxsus, heç kimə bənzəməyən, orijinal alim mövqeyi ilə ifadə edirdi.
Sayalı Sadıqova,
professor
Afad Qurbanovun onomastikaya dair əsərlərində Azərbaycan dilinin onomastik sistemi fundamental şəkildə izah edilmiş, onomalogiyanın ümumi nəzəri problemləri şərh olunmuş, zəngin dil faktları əsasında Azərbaycan onomalogiyasının başlıca yarımşöbələri – antroponimika, etnonimika, toponimika, hidronimika, zoonimika,
kosmonimika və ktematonimikanın əmələ gəlməsi, inkişaf qanunauyğunluqları, onların dildəki mövqeyi və digər məsələlər əhatəli şəkildə təhlil edilmişdir.
Fidan Afad qızı Qurbanova, 
filologiya üzrə elmlər doktoru

Afad Qurbanov Azərbaycan dilçiliyi tarixində elmi konfransların təşəbbüsçüsü və təşkilatçısı kimi şöhrətlənmişdir. Təsadüfi deyildir ki, Azərbaycan onomastikası problemlərinə həsr edilmiş respublika konfransları, "Azərbaycan nitq mədəniyyəti problemləri”, "Azərbaycan terminologiyası problemləri”, "Ortaq türk dili problemləri” və s. konfranslar məhz Afad Qurbanovun adı ilə bağlıdır.
İsmayıl Kazımov
professor
Dünyada tanınmış "Azərbaycan dilinin onomalogiyası” elmi məktəbini yaratmış, "Ümumi dilçilik” (2 cildlik), "Türkoloji dilçilik” (5 cildlik), "Azərbaycan dilçiliyi problemləri” (13 cildlik), "Müasir Azərbaycan ədəbi dilinin onomalogiyası” (2 cildlik), "Dünyanın dil ailələri” və s. əsərlərin müəllifi, altayşünas, türkoloq-dilçi Afad Məhəmməd oğlu  Qurbanov bitib-tükənməyən, coşub-daşan elmi fəaliyyəti, nailiyyətləri ilə dilçilik elminin görkəmli alimlərindən olmuşdur.
Roza Eyvazova, 
professor

Azərbaycan elmində məktəb yaratmış çox az adam var. Onları, bəlkə də, barmaqla saymaq olar. Dilçilik sahəsində bu məktəbi yaradan Azərbaycan Milli Elmlər Akademiyasının üzvü, akademik, Əməkdar elm xadimi, Dövlət mükafatı laureatı, filologiya elmləri doktoru, professor Afad Məhəmməd oğlu Qurbanov olmuşdur. Gördüyü böyük və savab işlər müqabilində o, "Afad Qurbanov” dağı ucaltmış, heç kəsin çata bilmədiyi, hər kəsin həsədlə baxdığı, fəxarət duyduğu bir ucalıqda dayanmışdır. Məhz bu səbəbdən də ona təkcə həsədlə baxanlar deyil, eyni zamanda qısqanclıq münasibətində olanlar da tapılırdı. Ancaq Afad müəllim Afad müəllim idi.
Mahmud Allahmanlı, 
professor

Afad Qurbanovun Azərbaycanda onomastika mək­təbinin, "Onomastika” elmi cəmiyyətinin və "Onomastika” elmi jurnalının yaradıcısı, təsisçisi kimi xidmətləri də böyükdür. O deyirdi: "Dildə mənasız söz yoxdur və ola da bilməz. Hər bir söz geniş şəkildə araşdırılmalıdır, xüsusi adlar da həmçinin”. Azərbaycan dilçiliyində xüsusi adların tədqiqi Afad Qurbanovun adı ilə bağlıdır.
Həcər Hüseynova, 
filologiya üzrə elmlər doktoru

Azərbaycan dilçiliyində fonetika Ə.Dəmirçizadənin, leksikologiya S.Cəfərovun, dialektologiya M.Şirəliyevin, morfologiya M.Hüseynzadənin, sintaksis Ə.Abdullayevin,dil tarixi H.Mirzəzadə, Ə.Dəmirçizadə və T.Hacıyevin, morfonologiya F.Cəlilovun, ümumi dilçilik və onomalogiya isə A.Qurbanovun adı ilə bağlıdır.


Əzizxan Tanrıverdi, 
professor

Siz  bir ağacsınız, minbir budaqlı...

 

Siz  bir ağacsınız, minbir budaqlı...

 

Siz  bir ağacsınız, minbir budaqlı...

 

Siz  bir ağacsınız, minbir budaqlı...

 

Siz  bir ağacsınız, minbir budaqlı...

 

Siz  bir ağacsınız, minbir budaqlı...

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz