» » Televiziya və mətbuatımızın problemləri təkcə dil qüsurları deyil (III yazı )

Televiziya və mətbuatımızın problemləri təkcə dil qüsurları deyil (III yazı )

 

 Mən bir vətəndaş, dinləyici olaraq fikrimi bildirirəm ki,   öncə televiziya verilişlərinin , televiziyanın   özünün aydın hədəfi olmalıdır. Kim  hansı bir yollasa  hansı bir  televiziyaya yol tapıb layihə aparmamalıdır. Televiziya özü  verilişlərinin    nominasiyalarına uyğun  peşəkarlardan ibarət  komanda formalaşdırmalıdır.   Aktyor, müğənni, ekstrasens, falçı, model, modelyer, aşpaz, prodüsser, müəllim,    ixtisası, oxuduğu məktəb haqqında heç bir məlumat olmayanlar kimlərsə yox.

Bunları axtarsan , heç 5-10 şairin, nasirin adını bilmir,   2 kitab oxumayıb,  əzbər olaraq 2 şeir deyə bilmir. Odur ki, lüğət ehtiyatları  bəsit, nitqləri kasad,  təfəkkür səviyyələri də  aşağıdır. Auditoriya ilə  maraqlı  ünsiyyət qura bilmirlər.  Bu gün cəmiyyəti narahat edən  meyillərin daşıyıcıları  onların  formalaşdırdığı  auditoriyanın zövqsüz  tamaşaçılarıdır.   

Özəl televiziyalar yaranandan fikir verin,  veriliş və  layihələri xatırlayın,  kimlər (Tarix Əliyev (Tolik)Zaur Kamal,Ülvira, Yusif,  Zaur Baxşəliyev, Yusif, Elgiz, Əli Mirəliyev, Kamran Həsənli, İlqar  və s   ) bu ekranlarda görünmədi. Layihələrin sayı- hesabı olmadı. Əksəriyyəti də bir-birinin təkrarı: biri astar- biri üz. Əksəriyyəti də  qalmaqallı səbəblərdən qapadıldı , ya da  auditoriya formalaşdıra bilmədiyindən  özləri  fəaliyyətlərini dayandırdılar. Çünki bu layihələr cəmiyyətin sifarişi deyildi.

 

Televiziya və mətbuatımızın problemləri təkcə dil qüsurları deyil (III yazı )

 

  Mən   qeyri-ixtisas sahiblərinin  heç də hamısının veriliş aparmasının əleyhdarı deyiləm.

Mənim  xatırladığım ziyalılardan  teatrşünas alim Mehdi Məmmədov,  geologiya-mineralogiya elmləri doktoru Xudu Məmmədov, biologiya elmləri doktoru, professor Qara Mustafayev,  tibb elmləri namizədləri Əlfəddin Abdullayev və  Hacıbala Bədəlov,   teatrşünas alim, professor İlham Rəhimli,  kinoşünas Ayaz Salayev çox məzmunlu veriliş aparırdılar, auditoriyaları da  bütün Azərbaycan,  dünyanın başqa yerlərində Azərbaycan televiziyasını dinləyən   daha  neçə milyonlar.

 

Televiziya və mətbuatımızın problemləri təkcə dil qüsurları deyil (III yazı )

 

Çünki onlar  verilişlərini öz ixtisas sahələri üzrə aparırdılar və məşğul olduqları sahələlərin də kamil biliciləri idi. Digər tərəfdən, onların verilişləri xalqın , torpağımızın, mədəniyyətimizin  taleyi ilə  bağlı olduğu üçün  həm ideoloji  baxımından, həm də sənətkarlıq və dil baxımından  da kamil və mükəmməl olurdu.

 İstər televiziya və radio, istər ənənəvi mətbuat, istərsə elektron  mətbuat, istərsə də internet resursları  ilk növbədə ideyalı olmalıdır, xəlqi olmalıdr, bəşəri olmalıdır.  Əgər bunlar varsa, demək,  burada elmi yanaşma, ziyalılıq var, məsuliyyət var  və  burada  Ana dilinə laqeydlikdən  söhbət gedə bilməz.

Biz  saytımızda bu mövzuda  bir neçə dəfə fikir  bildirmişik. Seyran müəllimin yazısı ilə yenidən  bu mövzuya qayıdırıq.  Amma  biz problemi, yəni  televiziya və kütləvi informasiya vasitələrində Ana dilindən istifadə  zamanı  yol verilən  qüsurları təkcə  aparıcının dil üzrə  savadsızlığı ilə    deyil, həm də dil materialının  özünün ideya-bədii xüsusiyyətləri, onu təqdim edənin ideologiyası, xalqımızın ədəbiyyatına, tarixinə və mədəniyyətinə  bələdliyi ilə də bağlayırıq. Elə televiziya da, mətbuat da  bu məqsədlə  yaranıb. 

 

 Gənc nəslin mənəvi, psixoloji tərbiyəsində televiziya  ideoloji  təsir vasitəsi kimi böyük rola malikdir: xalqla ünsiyyətin ən çevik vasitəsidir. Yaxşı yadımızdadır: 1994-cü ilin oktyabrında  dövlətimiz üçün təhlükə yarananda Ümummilli lider Heydər Əliyev televiziya ilə xalqa müraciət etmişdi. Çox qısa vaxt ərzində 10 minlərlə Bakı sakini meydana  cəm olmuşdu. Televiziya dövlətə və xalqa xidmət etməlidir. İstər televiziyanın, istərsə də mətbuatın   xalqı  maarifləndirməsi  missiyası ilə yanaşı, insanları əyləndirməsi, xoş ovqat yaratması missiyası da var. Amma bütün bunlar  nizamla, düşünülmüş şəkildə olmalıdır.  

 Televiziya  dünyanı, insanlığı  qorumağa xidmət etməlidir.

Azərbaycanda ilk televiziya 1956-cı ildə fəaliyyətə başlayıb. Onda mənim bir yaşım vardı. 8 yaşına qədər nəinki televizor, heç radio haqqında təsəvvürüm yox idi. Mən  üstü alüminiumdan hazırlanmış  radionu ilk dəfə kəndin mərkəzində dirəyin başından asılmış  danışan aparat kimi  görmüşəm. O yaşda bizi   radioya bağlayan, cəlb edən  heç bir  hiss yox idi. Sadəcə, hər səhər məktəbə gedəndə, günorta məktəbdən qayıdanda   eşidirdik ki, dirəyin başından səs gəlir.

Müasir  radioqəbuledicilər  hələ kəndlərə  gəlib  çıxmamışdı: hamının evində ümumi qovşaqdan idarə olunan  radio vardı. Amma  bu radioya elə də maraq yox idi.  Birdən kiminsə gözünə sataşsa idi ki,  divarda, rəfdə,  şkafın üstündə radio var,  bir onda acırdılar ki, evdən səs gəlsin.

Televiziya isə təkcə  qonşuluğumuzda yaşayan bir müəllimin evində vardı. Böyük oğlu bizdən 2-3, bəzilərimizdən 5-6 yaş balaca  olmasına baxmayaraq, hamı onunla dost olmağa can atır, yaxınlıq hiss etdirirdi ki, futbol olanda gedib   televizorda baxa bilsinlər: lap yaxınlar  hərdən   kinoya və  konsertə də  baxırdılar.   Sonra  yavaş-yavaş kənd radiolaşdırılmağa  başladı. O vaxt  şəxsi avtomobilləri  radiosuz təsəvvür etmək olmazdı. Yük maşınlarına belə,  radio qoydururdular. Tranzistorlu  radiolar dəbə  düşmüşdü.  Bağda, səyahətdə, istirahətdə olanda  onu şəbəkəyə qoşmadan istifadə etmək olurdu deyə,  adamlara  maraqlı gəlirdi.  Getdikcə  televizorlu  evlərin sayı artdısa da,radio  sonralar da heç vaxt arxa plana keçmədi. "Araz” proqramını sevməyən, izləməyən ola bilməzdi.   Çünki burada musiqi  proqramları, ədəbi-bədi verilişlər dinləyicilərə gözəl-gözəl duyğular  bəxş edir,  yaşamaq üçün qol-qanad verirdi. O vaxtın televizoru da belə idi. Proqramlar məzmunlu, abırlı, əməkdaşlar da peşəkar. Azərbaycan televiziyasında  ilk vaxtlar Rafiq Hüseynov, Ofelya Sənani, Sabir Ələsgərov,  Roza Tağıyeva, Şərqiyyə Hüseynova, Hicran Hüseynov, Həqiqət Əsgərova, Natəvan Hacıyeva, Tamilla Ələkbərova, Davud Əhmədov, Gülşən Əkbərova, Rafiq Həşimov kimi peşəkar diktorlar vardı.

 

Televiziya və mətbuatımızın problemləri təkcə dil qüsurları deyil (III yazı )

 

80-ci illərdə Azərbaycan Televiziyasında 50 adda veriliş yayımlanırdı. Onların arasında "Günün ekranı”, "Sizin istəyinizlə”, "Arzular”, "Səhər görüşləri”, "Dalğa”, "Komediyalar aləminə səyahət”, "Dünyaya pəncərə” , "Tələbə klubu” , "Rampa”, "Evrika”,  "Sağlamlıq”, "Retro” və s. bu kimi verilişləri  hər kəs intizarla  gözləyirdi, istərsə də  bədii, sənədli filmləri, uşaqlar üçün cizgi filmlərini. Radio və  televiziya insanların həyatına   elə nüfuz etmişdi ki, dinləyici və tamaşaçılar  artıq radio və televiziyaya təkcə  əyləncə vasitəsi kimi can atmırdı. Televiziya və  radio  indi   insanları  həm də ölkələrində və dünyada baş verən yeniliklərlə tanış edir, onları əxlaqi və dini  baxımdan maarifləndirir,  təhsil, elm və karyera yollarında  onlara bələdçilik edirdi.  Cəmiyyətin ölçüləri ilə informasiya ötürücülərinin vəzifələri  bir-birlərini tamamlayırdı.

Bu gün isə tamam  fərqli vəziyyətdir. XXI əsrdə   informasiya - kommunikasiya texnologiyalarının sürətli inkişafı nəticəsində  cəmiyyətin  tarixində üçüncü   qlobal sosial-texniki inqilab  baş verdi  və  beləliklə,  sənaye cəmiyyətindən informasiya cəmiyyətinə keçid başlandı. BMT XXI əsri "Təhsil əsri” – "İntellekt əsri” elan etdi.

 Müstəqillik əldə edən gənc ölkə olmasına baxmayaraq, Azərbaycan da  bu devizə qoşuldu və müasir texnologiyalar həyatımızın bütün sahələrinə sürətlə daxil olmağa başladı. Bu sahədə böyük uğurlarımız var. Bu  gün İKT  Azərbaycanda təkcə biznes sahəsində deyil, siyasətdə, idarəetmədə, səhiyyədə, mədəniyyətdə, elmdə, təhsildə, eləcə də həyatın  bütün digər sahələrində də  tətbiqi edilməkdədir.

Demək olar ki,  bütün dövlət, qeyri-dövlət qurumları və vətəndaşlar  qarşılıqlı fəaliyyətlərində İKT-nin imkanlarından ən üstün  şəkildə istifadə  edirlər. İndi  Azərbaycanda  elektron cihazlar və kompüterləşdirilmiş qurğular, özü də bir neçə ədəd  olmayan ev-ailə yoxdur. Elektron hökumət , Asan Xudmət  bu sahədə daha  bir inqilab oldu.  Kompüter proqramları, telekommunikasiyalar artıq  evlərdə də təhsil almağa imkan verir. Bütün bunlar nəticə etibarilə  cəmiyyətdə aşkarlıq və şəffaflığın bərqərar olması  və bütövlükdə, ictimai həyatın demokratikləşməsini təmin etmək üçün Azərbaycan dövlətinin səyləridir.

Dünyada internetin əsası 1960-cu ildə qoyulmuşdur,  Azərbaycanda isə 1993-cü ildə. Böyük vaxt deyil, əlbəttə.

Təsəvvür edirsinizmi, bir vaxt kəndlərimizdə həftənin yalnız  bir günü səyyar  kinoqurğu vasitəsilə kino nümayiş etdirirdilər.

Bu gün isə Azərbaycan kəndlərində hər evdə  kompüter, kroşno antenalı televizor, mobil telefon var.

İnternetin, mobil telefonların, kroşno antenalı televizorların  belə sıçrayışla   həyatımıza daxil olması sürətli informasiya əldə etmək, zənginləşmək, dünyanın istənilən ölkəsi ilə ünsiyyət yaratmaq, insanlarla  tanış olmaq üçün körpü  olmaqla yanaşı, həm də bir burulğan da yaratdı. Daha təhlükəlisi isə  odur ki,  bu burulğan  yeniyetmə və gəncləri öz cənginə almaqdadır. Artıq televiziya və  sosial şəbəkə asılılığı kimi ciddi bir sindrom mövcuddur.

Bu asılılıq spirtli içkilər, siqaret , narkotika və terror qədər can almasa da, onun aşıladığı mənəviyyatsızlıq  bunların   hər birinin  törətdiyi bəlalar qədər təhlükəlidir.


Televiziya və mətbuatımızın problemləri təkcə dil qüsurları deyil (III yazı )

 Sosioloqlar   televiziyanın insan həyatındakı yeri ilə bağlı maraqlı   hesablama aparmışlar. Məlum olmuşdur ki,  75 il ömür sürən  bir şəxs  ömrünün 9 ilini  televiziya qarşısında keçirir, yəni, 75 il ömür payı olan insan bunun 3285 gününü  şüurlu olaraq  televiziyaya   həsr edir. İnternet  isə  hətta, televiziyanı  daha da üstələmişdir. Türkiyədə bununla bağlı bir araşdırma aparmışlar və məlum olmuşdur ki, 54 milyon türk vətəndaşı  hər gün vaxtının ortalama  olaraq 7 saatını internetə sərf edir.

Davamı var...

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz