» » Televiziya və mətbuatımızın problemləri təkcə dil qüsurları deyil (II yazı)

Televiziya və mətbuatımızın problemləri təkcə dil qüsurları deyil (II yazı)


Televiziya və mətbuatımızın problemləri təkcə dil qüsurları deyil (II yazı)

 

Sitat: "Dünyanın hər yerində dilin yaradanı, cilalayanı, inkişaf etdirib qoruyanı xalqdı - əgər xalq öz dilini, dərinə getsək özünü unudub televiziya dilində danışmağa başladısa, bu, başlanğıc deyil, sondur.”

Cümlə fikri düzgün ifadə etmir. 

Televiziya dili həm də şifahi ədəbi dildir.  İstər yazılı , istərsə də şifahi ədəbi dil Ana dilinin qayda-qanunlarına tabe olan, müəyyən normalara uyğunlaşdırılmış dildir. Bu dildə danışmaq niyə son olmalıdır ki? Bu,  mümkün olan şey də  deyil axı. Bir dilin mövcud olması üçün 100 min adamın həmin dildə danışması kifayətdir.  Allaha şükür ki, bizm dilimizdə milyonlarla insan danışır. Əgər  canlıq danışıq dili nəzərdə tutulursa, danışıq dili ədəbi dilə yaxın ola bilər, amma  tamam  yox oal bilməz.Ən azından, tələffüz fərqləri, təffəkkürlə əlaqəli ifadə tərzi, bəzi məhəlli sözlər  mütləq qalacaq.

 Qubadan, Şəkidən, Lənkərandan, Astaradan   kimsə danışmağa başlayan kimi,  hiss etmək olur ki, qubalıdır, şəkilidir və ya talışdır.


Sitat: "Şifahi xalq ədəbiyyatı ilə azdan-çoxdan qaynayıb-qarışmış biri kimi deyə bilərəm ki, adamları göyün yeddi qatına qaldıran alqışlar olduğu kimi, insanların yeddi qatından keçən qarğışlar da var. Ah-nalənin müşayətilə kitablardan oxuduğum, eşitdiyim, insanı bütün varlığıyla silkələyən, silkələyəndə dəymişi dura-dura adamın kalını tökən qarğışları sadalamaq fikrim yoxdu. Ancaq onu deməliyəm ki, bu qarğışların içində ən dəhşətlisi ikicə kəlmədən ibarətdir:
- Dilin qurusun!”

 Cümlələr dil baxımından qüsurlu olmaqdan əlavə,    fikirlər məna baxımından da doğru əlaqələndirilməyib.  İnsan cansız əşya ilə necə qaynayıb-qarışa bilər: bunlar həmcins deyil axı.

"Ah-nalənin müşayətilə kitab oxumaq”  nə deməkdir?


Sitat: "- Ağzından çıxsın, qoynuna düşsün.”

Əgər bu qarğış kimi təqdim olunursa, belə qarğış yoxdur, əli qoynunda qalmaq frazeloji birləməsi (məyus, çarəsiz qalmaq, intizarda olmaq, nə edəcəyini bilməmək; əlamanda qalmaq...) var. Bəs "Ağzından çıxsın, qoynuna düşsün” qarğışı hansı mənanı verir?

Sitat: "Ölkəmizdə müəllimləri, həkimləri, hətta mollaları da attestasiyadan keçirirlər. Bəs televiziya işçilərini niyə söz azadlığı adı altında özbaşına qoymuşuq.”
 
İşçilərin və iş yerlərinin attestasiyasının keçirilməsi müvafiq hüquqi normalarla müəyyən edilir. Bütün kateqoriyadan olan işçilər  və iş yerləri  müəyyən edilmiş müddətdə  belə attestasiyalardan keçməlidir. Azərbaycanın dövlət televiziya və radiosunda, zənnimcə, attestasiya  həmişə daha ciddi keçirilib və müəyyən qüsurların olmasına baxmayaraq, indi də belədir.  Sovet dövründə televiziya və radioda uzun illər çalışmış peşəkar diktorlarımız olub:onların bəziləri  bu gün də müasirimizdir. Mən onların müsahibələrindən eşitmişəm,  yazılarından oxumuşam ki, işə qəbul edilərkən necə ciddi sınaq və yoxlamalardan keçiblər.  Xüsusi müsabiqələr, münsiflər heyəti olub.  Radio və televiziyada işləmək arzusunda olanların səs tembrləri və diapozonları, diksiyaları, veriliş apararkən auditoriya və ya  həmsöhbət ilə ünsiyyət qurmaq bacarıqları, mimika və jestləri, dilə aid bilik səviyyələri, daha nələr ciddi şəkildə yoxlanılıb.
Sualı belə qoymaq olardı ki, bu gün televiziyada, radioda fəaliyyət göstərənlər  işə qəbul edərkən belə yoxlamalardan keçiblərmi?
"Bəs televiziya işçilərini niyə söz azadlığı adı altında özbaşına qoymuşuq” cümləsində faktik məna səhvi vardır.
Heç kim nə dil qayda-qanunlarına zidd şəkildə yazmağı, nə də danışmağı   "söz azadlığı” kimi düşünmür. 

Sitat:"- Həyətində işləyən altmış yaşlı qadını ilan sancdı.
İlan ağcaqanad deyil ki, sancsın - ilan vurur.”

"Sancan” sözü də elə "vuran” deməkdir.
Atalar sözümüz var: "İlan sancan ala çatıdan qorxar.”

Sitat:"- Camaatı təxliyyə etdilər.
Köçürdülər.”

"Təxliyyə” köhnəlmiş söz olsa da, leksik mühitdə qalmaqdadır. Mənə belə gəlir ki, "təxliyyə” sözü "köçürdülər” sözünün ehtiva etdiyi mənadan daha tutarlı anlayış bildirir. Hüquqi məzmun yaradır.Müharibə dövründə təxliyyə xəstəxanaları(qospital) olub. Yaşayış məskənləri bombardman ediləndə dinc əhalini oradan təxliyyə ediblər,yaralıları təxliyyə xəstəxanalarına, fəaliyyət qabiliyyəti olanları daha təhlükəsiz yerə. Bu gün müharibə şəraitində yaşayırıq. Təbii fəlakətlər və digər fövqəladə hadisələr zamanı belə vəziyyətlər gözləniləndir. Yəni, söz fəalllığı üçün leksik mühit var və həmin mahiyyəti "köçürmək” sözündənsə "təxliyyə etmək” ifadəsi daha dəqiq ifadə edir.

[img=left]http://anaveusaq.az/uploads/posts/2018-12/1545739195_1.jpg[img]Sitat: "- Yaxşı, bərpa olub qurtardın?
Bir kinofilmdən - demək istəyir ki, özünə gəldin?"

Məncə, filmdə kolorit yaratmaq üçün belə ifadələr işlədilə bilər. Bunu konteksdən ayırmaq məna təhrifinə səbəb olur. Tutaq ki, iki dostdan biri tez-tez xəstələnir. Hər dəfə də görüşmək istəyəndə xəstələnən dost deyir ki, canım ağrayır; üst dişlərim tökülüb, protez qoydyrmaq lazımdır; ayağım sözümə baxmır, vanna qəbul etmək lazımdır, sanatoriyadayam və s. Aradan bir müddət keçəndən sonra dostu bir də zəng vurur və yumoristik olaraq soruşur ki, bərpa olub qurtardın?
Əgər desə idi ki, əziz dostum, müalicəni qurtardınmı, indi yaxşısanmı, canlı danışıq dilinin hərarəti qeybə çəkilmiş olardı.

Sitat: "- Evakuator maşını cərimə meydançasına daşıdı.

      Daşıdı yox, apardı. Daşımaq başqa şeydi.” 

 
Daşımaq da, aparmaq da eyni mənanı ifadə edir, "daşımaq" sözü  bir yerdən başqa bir yerə aparmaq, nəql etmək   amlamına gəlir. Amma   "maşınları" olsa idi, "aprdı" yox, məhz "daşıdı" demək daha  doğru idi. 

Sitat:
"- Duş qəbul eləyin.
Duşun, yaxud suyun altına girin. Duş yüksək çinli dövlət məmuru deyil ki, onu qəbul edək."

"Duşun və yaxud suyun altına girin”, bu, danışıq dili üçün xarakterikdir. Amma şifahi və yazılı ədəbi dil üçün "duş qəbul edin” daha doğrudur.

Sitat:  "- Bizə nahar ver.
«Yemək ver» sözünü qoyub heç vaxt «bizə nahar ver» demirlər."

Televiziya və mətbuatımızın problemləri təkcə dil qüsurları deyil (II yazı)Bu da üslubi məqamdır.  Təbii ki,  hər üç öynədə  "bizə yemək ver" demək olar.  Amma səhər və ya axşam yeməyi öynəsində heç kim "bizə nahar ver" deməz.  Əgər  kimsə belə deyibsə, bunu məhz günorta yeməyi vaxtı deyib. Burada "nahar" sözü  bir qədər də dəqiqləşdirici  mahiyyət daşıyır.   
 
 Sitat: " Messi topu ələ keçirdi.”
Bu, voleybol deyil, futboldu. Ona görə də Messi topu ələ keçirmədi, aldı. Hörmətli futbol şərhçisi, sən: «Messi topu ayağına keçirdi» də deyə bilərsən.

"Ələ keçirdi” cümləsi " Messi topu ayağına keçirdi” cümləsindən daha məntiqlidir.

Sitat: "- Yaşadığı haqda arayış gətirməlidi. 
Söhbət harda qeydiyyatda olmaqdan getmir; sadəcə arayış gətirirsən ki, al bax, mən yaşayıram, sağam.”

Yaşım 60-ı keçib. Ömrüm-günüm arayış almaqla keçib, amma indiyə kimi  kimdənsə yaşayış haqqında arayış istənildiyinin şahidi olmamışam. Ailə tərkibi haqqında və yaxud yaşayış yerindən arayış kifayət edir ki,    kiminsə yaşadığına və ya vəfat etdiyinə şəhadət versin.

Sitat: "- Vəhşi öküzü ram etmək kimə qismət olacaq.
Topu da ram eləyirik, vəhşi öküzü də. Doğurdanmı vəhşi öküzlə futbol topu arasında heç bir fərq yoxdu.”

Topu ram etmək yanlışdır, amma vəhşi atı, kəsmək üçün buxovlamaq mümkün olmayan öküzü, daşqın çayları, eləcə də minilməmiş atı ram etmək doğrudur.

Sitat: "- Dəniz suları buz içindədi.”
Xeyir, buz dəniz suyunun içindədi.

Onda buz dəniz suyunun içində deyil, üstündədir.
Bu yaxında meşə yanğınları Yunanıstanı cənginə almışdı. Bütün kütləvi informasiya vasitələri "Yunanıstan od içind” deyətrək haray çəkirdi. Bu, o demək deyildi ki, Yunanıstanda yanmayan yer yox idi. Fikrimcə, "buz içində” sözləri ayrı-ayrılıqda götürülməmlidir, yəni tam buz bağlamışdır mənaqsını ifadə etmək istəyiblər. 
Fərman Kərimzadənin əsərlərində belə cümlə var: "Qoca qalabəyi qan-tərin içində, gülümsəyə- gülümsəyə çıxdı." Burada   vəziyyəti fiziki olaraq deyil, məcazi mənada, yəni həddindən artıq  tərləməsi kimi başa düşürük.

Sitat: ”Yaxud fevralın 21-də «İdman” kanalında "Saraqoza”-"Real” (Betis) futbol komandalarının görüşündə şərhçi deyir: "Bu hücum öz inkişafını tapa bilmədi". Cümlədə altı söz işlənib, halbuki ordakı fikri iki sözlə də ifadə etmək olar: hücum alınmadı.”

İrad haqlıdır, cümlə çox kasaddır, səhvdir. Amma "hücum alınmadı” kimi də məqbul hesab edilə bilməz.
Hücum  nə  üçün alınmadı: taktiki sxem düzgün qurulmadığı üçünmü və ya hücumçunun zərbəsi dəqiq olmadığı üçünmü , şərhçi həmin anı dinləyiciyə idman terminlərindən istifadə edərək çatdırarsa, reportaj daha maraqlı olacaqdı. Yox, əgər epizodu heç bir şərhsiz, izahsız, "hücum alınmadı” kimi təqdim etsəydi, onda reportaj heç bir maraq doğurmayacaqdı.

Sitat: " Demək istəyirəm ki, cümləni yerli-yersiz sözlərlə həddindən artıq ağırlaşdırmaq, yükləmək olmaz. Elektrik naqillərini həddindən artıq yükləyəndə qısa qapanma yaranır. Cümlə də dilin naqilidir, onu da həddindən artıq yükləyəndə qısaqapanma yaranır - Dilin qısa qapanması. "

Elektrik xəttindəki qısaqapanmalar zamanı işıqlar sönür və yalnız yüklənmə aradan götürüldükdən sonra enerji bərpa olunur. Bəs "dilin qısaqapanma”sı zamanı nə baş verir? Dil müvəqqəti də olsa, yox ola bilməz axı.Olsa-olsa, dilin ünsiyyət, ifadə vasitəsi olaraq keyfiyyətində qüsurlar özünü göstərər. 

Sitat:
"…Və bütün fəsadlar da bundan sonra boy verir - necə deyərlər, süni mayalanma yolu ilə eybəcər, şikəst, müstər və xəstə cümlələrin döl kompaniyası dilimizin ərazisində hökmranlıq eləyir.
Mənim fikrimcə, cümlələrin belə dağıdıcı döl kompaniyasının Baş Qərargahı Azərbaycan televiziya məkanıdır. Ən azı ona görə ki, yuxarıda sadaladığımız saysız-hesabsız faktların hamısı yalnız televiziya məkanından götürülüb və radiolardan, saytlardan, yazılı mətbuatdan götürdüyümüz faktları bu yazıya əlavə etməmişik."

"Müstər” dialektlərdə olan sözdür: bacarıqsız, aciz; kimsəsiz mənasında işlədilir. Dilimizdə bu sözü ifadə edən sözlər varsa, ona nə ehtiyac? Mən ilk dəfə idi ki, bu məqalədə rast gəlirdim: mənasını lüğətlərdən öyrəndim.
"Xəstə cümlələrin döl kompaniyası” nə deməkdir, bəlkə "kampaniyası” olmalıdır? 
"Cümlələrin belə dağıdıcı döl kompaniyası”: nəyə lazımdır belə bənzətmələr?  Fikirlər bir-birini təkzib edir. Döl ana bətnindəki bala; rüşeym; doğub törəmək, törəyib artmaq; nəsil mənalarını ifadə edir. Bu mənalarda dağıtmaq anlayışlı heç nə yoxdur, əksinə, hamı bu prosesi nəslin, cəmiyyətin  davamlılığı üçün  vacib şərt  kimi qəbul edir.
 

 Sitat: "1988-ci ildə Az. TV-dəki «Üzbəüz» verlişində demişdim ki, «öz dilini bilməyən Azərbaycanlını mən emiqrant hesab edirəm». Belə «emiqrant» çoxluğuna qətiyyən yol vermək olmaz, yoxsa doğma dilimiz kəkələyər, pəltək olar…”

 

Emiqrant

İqtisadi, siyasi və ya dini səbəblərdən öz ölkəsindən başqa ölkəyə köçmə prosesinə emiqrasiya , köçmüş şəxsə  emiqrant deyirlər.

 İmmiqrant 

Ölkəyə gəlmə prosesi immiqrasiya, daimi yaşamaq məqsədilə gələn insanlar  isə immiqrant adlanır.

Miqrant

Miqrasiya ümumi prosesə deyilir. Yəni, adamlar bir ölkədən digərinə köçürlər.

 Bir ildən artıq yad ölkədə yaşayan insan miqrant hesab olunur.

Belədirsə,   öz dilini bilməyən azərbaycanlı emiqranta yox,  immiqranta daha  yaxındır.


Sitat: "Uzun illərdi ki, sözləri tumarlaya-tumarlaya təmtaraqla danışırıq, nəticədə dilimizin şirinliyi -şirəsi çəkilir və ilanı yuvasından çıxartmağa qadir olan möhtəşəm Azərbaycan dili əncir qurusuna oxşayır.”

 

 "Uzun illərdi ki, sözləri tumarlaya-tumarlaya təmtaraqla danışırıq ...” deyəndə belə  anlaşılır ki,  televiziyaya şıxan kənd adamları  fikirlərini   ədəbi-bədii dil üçün  xarakterik olan sözlərlə  və tələffüzlə ifadə etməyə  can atır. Eləcə də verilişi aparan müəllifin,  müsahibə götürən jurnalist  və ya  diktorun nitqində danışıq dili elementlərinin fəallığı   diqqəti cəlb edir.  Təbii ki,   belə  meyillər   yazıçının çox haqlı oaraq qeyd etdiyi kimi,   şifahi ədəbi dili sıxışdırır, nəticədə dilimizin dadı-duzu  qaçır, şirin-şəkər  Ana dilimiz görkəminə görə  "əncir qurusu” təsiri bağışlayır.   Belə  xüsusiyyətlər daha çox özəl telekananal və radioların dili üçün xarakterikdir. Layihələri aparanların əksəriyyətinin ədəbi dil barəsində təsəvvürləri bəlkə  də   heç yoxdur.

 Sözlərə xas  olan obrazlılıq, sinonimlik, ekspressivlik , emosionallıq mətn daxilində ona xüsusi bir üslubi ahəng  və incəlik qazandırır. Görək,   bu aparıcı  obrazlılıq, sinonimlik, ekspressivlik , emosionallıq nədir, bunları  bilirmi?

Yazıçı  iradlarının əksəriyyətində haqlıdır, aparıçımı, şərhçimi, diktormu  fikrini ifadə edərkən,  auditoriyaya  müraciət zamanı,  tamaşaçı və yaxud  intervü alacağı şəxslə  doğru-düzgün  ünsiyyət yarada bilmir. Çünki bu sahənin adamı deyildir, ədəbiyyatımızi və dilimizi  bilmir, söz ehtiyatı azdır, peşəkarlığı yoxdur.

Nitqində dilimizin semantikasına, sözlərin üslubi məqamlarda doğru-düzgün işlədilməsinə dair nəzəri və praktiki hazırlığa malik deyil. 

Düzüb-qoşduğu cümlələrdə söz sırası   əksər cümlələrdə pozulur, məntiqi vurğu gözlənilmədiyindən  tez-tez    məna səhvləri baş verir.   

Aparıcı  televiziya üçün xas olan şifahi ədəbi dildə tam və  bütöv cümlələrdənsə,   müxtəsər və yarımçıq cümlələrə   daha çox  yer ayırmalıdır. Onun nitqində   ümumişlək sözlər, idiomatik ifadələr, çoxmənalı sözlər və  frazeoloji vahidlər  mütəhərrik olmalıdır.

 

İstər  Seyran müəllimin  göstərdiyi  iradlarda, istərsə də  bizim özümüzün  hər hansı bir televiziya verilişini izləyərkən müşahidə etdiyimiz  məqamlarda  aparıcıların  nitqindəki  kasadlığı  görməmək mümkün deyil. Özü də bu  qüsurlar  nəinki təkcə televiziya-radio məkanında mövcuddur,   onlar həm də mətbuatın, bədii ədəbiyyatın dilinə, dərsliklərin dilinə, insanların dilinə  öz mənfi təsirini göstərir.

 Bunlar bugünkü özəl  telekanalların,  radio  və mətbuatın dil  qayğıları və problemləridir. Amma   televiziyanın da, mətbuatın da  problemi  təkcə dil problem deyil.   Dil, sadəcə, mətnin, bədii əsərin ifadəliliyiniə, ideya-bədii xüsusiyyətlərinin keyfiyyətinə  xidmət edən  vasitədir. Əgər hər hansı bədii mətn,    hər hansı əsər  kamil sənət nümunəsidirsə, oradakı obrazlar tamdırsa, zənnimcə ,  onların nə  özündə, nə də  audiovizual səsləndirilməsində problem olmur. 

"Ailələr, talelər”, "Tələbə klubu”, "İki ömrüm olsaydı”, "Şəcərə”, "İllər, nəsillər”, "Ömür yaddaşı”, "Kimin sözü var”, "Üz-üzə”, "Səhər”, "İşıq”, "Dünya, səndən kimlər keçdi...”, "Təhsil”, "Müəllim nüfuzu”, "Ana dili”, "Hünər”, "Örnək”, "Səadət”, "Sağlamlıq” kimi daha neçə sanbalı vedriliş və rubrikalar vardı ki,  onlarda   hansısa kobud dil pozuntularına, əllaməliyə rast gəlmək olmazdı. Əksinə,    yeni termin və sözlər  olurdu ki, dinləyici onu ilk dəfə  belə verilişlərdə eşidirdi, doğru tələffüz vərdişinə  televiziyadakı nümunələrlə  əməl edirdi. Bu verilişlərin dilini gözəlləşdirən verilişin özünün əxlaqi-mənəvi sanbalı ilə  bağlı idi.

"Qəfəs”, "Mərc Şou”, "Yağ kimi”, "Onun yarısı”, "Səhər səhər”(ARB), "Toy olsun”, "Yarımada", "10-lar”, "Günəbaxan”, "Beş barmaq”, "5də5”, "Bu bizik Toliklə", "Boş anlar”, "Vüsaləylə sözbəsöz”,  "Şou məkan”, "Sayqa ilə bu axşam”, "Canım sizə desin”, "Gündəlik” və s.   kimi verilişlərdə dil qüsurlarının, eləcə də  məzmun, zövq səviyyəsinin olması  qaçılmazdır. Qapıdan qovurlar bacadan   girirlər.   Qovulduğu verilişdə yox,  bu dəfə digərində  aparıçı olur, özü  kanal yaradır və s.

  Ona görə də,  istər  televiziyada, istər digər kütləvi informasiya  vasitələrində  ən vacib məsələ   mövzu  və ideyadır. Təəssüf ki, divin canı şüşədə olduğu kimi,  müasir televiziya kanallarının  (özəl) canı da  diringi şou musiqilərində  və  reklamlardadır.

Diringi musiqi, şou söhbətləri  şahə qalxan verilişlərdə ədəbi dil qaydalarına kimdir əməl edən?


Televiziya və mətbuatımızın problemləri təkcə dil qüsurları deyil (II yazı) 

Davamı var...

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz