» » Televiziya və mətbuatımızın problemləri təkcə dil qüsurları deyil ( I yazı)

Televiziya və mətbuatımızın problemləri təkcə dil qüsurları deyil ( I yazı)


10 gün əvvəl Modern.az saytında Seyran Səxavətin "Cümlə qurmaq dövlət qurmaq qədər çətindir” adlı bir yazısını oxudum (Mənbə:
http://manera.az/edebiyyat/7965-cumle-qurmaq-dovlet-qurmaq-qeder-chetindir.html ).Yazının sərlövhəsi, onun ifadə etdiyi məzmun müəllifin aktual bir mövzuya müraciət etdiyini xəbər verir.
Məlum olduğu kimi, son zamanlar televiziya və kütləvi informasiya vasitələrində istər dil, istərsə də məzmun baxımından davam edən qüsurlar kütləviləşməyə doğru meyillidir və bu, cəmiyyəti narahat etməməyə bilməz. Doğrudur, haqqında fikir bildirəcəyimiz məqalə mövcud televiziya kanallarımızın dil problemlərinə həsr olunmuşdur. Amma düzgün cümlə qurmaq, fikri düzgün ifadə etmək üçün hər hansı bir mətnin, ideyanın müəllifdə yaratdığı emosionallıq, hiss və həyəcan da böyük rol oynayır. Ona görə də mən Ana dilinə televiziya və kütləvi informasiya vasitələrində olan münasibət məsələsinə təkcə dil baxımından deyil, həm də televiziya proqramlarının mövcud ideya və məzmun keyfiyyəti baxımından fikir bildirmək istəyirəm.
Mövzu və ideyanın gözəl olması natiqi bəlağətli danışmağa, müəllifi doğru yazmağa sövq edir. Onda nitqi dinləyən də, mətni oxuyan da eşitdiklərini, oxuduqlarını böyük məmnunluqla qəbul edir. Gözəl düşünə bilməyən gözəl yaza bilməz. Gözəl olmayan şeir qiraət ustasını vəcdə gətirə bilməz. Əgər belədirsə, onda zəif mətn dinləyicisində, oxucusunda heç bir təbəddülat yarada bilməz.
Digər tərəfdən, əgər hər hansı bir mətn insanı mənən gözəlləşdirə, saflaşdıra bilmirsə, onda həmin mətndə dil qaydalarına düzgün əməl edilməsinin nə əhəmiyyəti var?
Seyran müəllim Azərbaycan ədəbiyyatının tanınmış nümayəndələrindən biridir və hörmətli yazıçımızın oxucu auditoriyası da kifayət qədər genişdir. Onun Azərbaycan televiziyası və mətbuatı, eləcə də ədəbi-bədii dilimizin problemləri haqqında söz demək üçün ciddi ictimai statusu var. Lap həqiqətdə isə, bu gün sadə adamları narahat edən elə dərin və ciddi məsələlər var ki, onlar həmin məsələləri olduğu kimi ifadə edə bilmirlər, bəzən də fikirlərini ifadə etməkdən çəkinirlər. Əksər hallarda isə bu cür fikirlər çox uzağa gedə bilmir, heç bir rezonans da doğurmur. Amma Seyran Səxavət kimi xalq və dövlət tərəfindən tanınmış yazıçıların, sənət adamları və alimlərin cəmiyyəti narahat edən hər hansı məsələni gündəmə gətirməsi bir tərəfdən, belə problemlərin həlli istiqamətində məsuliyyət və cavabdehlik yaradır, digər tərəfdən, həmin məsələlərin ölkə başçısının diqqətinə çatdırılacağına əminlik yaradır.
Fəqət hörmətli yazıçımız məndən inciməsin: yazı dərcə tələm-tələsik hazırlanıb və Manera.az da onu redaktə etmədən birbaşa dərc edib. Bir çox digər saytlar da istinad göstərməklə həmin məqaləni öz səhifələrində paylaşıblar.
Bəlkə də hörmətli yazıçımız bu fikirlərini, sadəcə, söyləyib. Manera.az isə müəllifin ədəbiyyatımızdakı nüfuzuna əmin olaraq, müsahibəni dil və üslub baxımından redaktə etməyə ehtiyac görməyib, ya da reaktə etməyi bacarmayıb. Ona görə də dərc edilmiş məqalə sistemsiz və əsaslandırılmamış fikirlər təsiri bağışlayır.
Birincisi, belə yazılarda istinadlar mənbə göstərilməklə verilməlidir. Əgər mənbə verilmirsə, iradların doğruluğu etibarlı, həm də şəffaf olmur. Oxucu necə yəqin etsin ki, sitat həqiqətən belədir. Məsələn, Seyran müəllimin ilk istinadı 2 cümlədən ibarətdir və bu cümlələrdə 37 söz var. Kiminsə nitqində müşahidə olunmuş bir neçə xarakterik səhvi anındaca, yaxud da çıxışı geri qaytarıb yenidən necə yazmaq olar? Televiziya əməkdaşlarının və yaxud dəvət edilmiş şəxslərin nitqində bu və ya digər ifadə səhvi ola bilər, bunları həmin anda qeyd şəklində götürmək mümkündür. Amma yuxarıda qeyd etdiyimiz cümlələri verilişi izlə-izləyə olduğu kimi necə qeyd etmək olar?
Əgər Ana dilinin mövcud vəziyyəti ilə bağlı irad və təkliflərimizi bildiririksə, bizim özümüzün yazılı və şifahi nitqimiz nümunəvi olmalı, məsuliyyətimizi əks etdirməlidir. Bu məsuliyyətdə yazıçıların payı daha çoxdur. Çünki Azərbaycan ədəbi dilinin müəyyənləşməsində yazıçı dili özü də mühüm amillərdən biridir. 
 Amma Manera.az saytında dərc edilmiş məqalədə hörmətli yazıçımız  qaldırdığı problemdə  haqlı olsa da, qeyd etdiyi əksər dil xətaları  əsaslı deyildir.
Mən əlifbanı  tamam-kamal öyrənəndən ta indiyəcən  kitabdan, mətbuatdan heç vaxt ayrı olmamışam.  Bir ailədən məktəbə neçə nəfər gedirdiksə,  uşaq mətbuatına hamımız abunə idik.  Üstəlik, valideynlərimizi  də kolxozdan daha  4-5 adda  digər qəzet və jurnala abunə yazırdılar.

Doğrusunu deyim ki, keçən əsrin 90—cı illərinin sonuna qədər  nə dərsliklərdə, nə bədii ədəbiyyatda, nə də  mətbuat və televiziyada  indiki qədər  məsuliyyətsizliyə rast gəlməmişəm:  istər dil baxımından olsun, istərsə də məzmun.

Həmin illərdə nə orfoqrafiya, nə dil qaydaları indiki qədər dəyişkən deyildi. Tutaq ki, hansısa sözün yazılışına  şagird televiziyada bir cürə, qəzetdə bir cürə, dərsliyində isə daha  başqa cürə rast gələ bilməzdi.Ciddi bir vahidlik prinsipi vardı və hamı tərəfindən eyni məsulluqla gözlənilirdi.  Bu gün tamam fərqli mənzərədir:  kim necə  istəyir elə də yazır, kim necə də istəyir  elə də tələffüz edir.

Mən inanmıram ki, Seyran müəllim  bu  məqaləni sayta yazılı şəkildə belə təqdim etsin. Əgər   yazıçının fikirləri diktafona köçürülübsə və  saytın əməkdaşları  onu  kağıza köçürüblərsə, gərək  dərcdən qabaq  özləri diqqətlə redaktə edəydilər, müəllifin özünə göstərəydilər. Seyran müəllim   məqalənin bu şəkildə dərcə getməsinə heç vaxt razılıq verməzdi.

Mətndə durğu işarələri, xüsusən, vergül işarəsinin işlənilməsi ilə bağlı səhvər,  eləcə də orfoqrafik və qrammatik-üslubi   səhvlər daha xarakterikdir.


Yazılıb  – yazılmalıdır


  Üzdü -  üzlü

təngənəfəs –təngnəfəs

nahiyə - nahiyyə

ehtiraz - etiraz

xalqdı – xalqdır

yoxdu(3) – yoxdur

yaşıya - yaşaya

mazaqlaşacaqdı də – mazaqlaşacaqdı da

sizlərin(2) – sizin

deməkdi(2) – deməkdir

«Tarix Nadir» - "Tarixi – Nadir”

gətirməlidi - gətirməlidir

ürək dolusu – ürəkdolusu

yüksək  çinli – yüksəkçinli (yüksəkvəzifəli)

uzuuun – uzun

qeydlərdi – qeydlərdir

xeyir  - xeyr

qısa qapanma - qısaqapanma

içindədi(2) - içindədir

kompaniyası(2) - kampaniyası

naqilidi - naqilidir

instinqdi - instinkti

bizlər  - biz

lesenziya – lisenziya

 bu günkü – bugünkü

təmtaraq(1) – təmtəraq(1)

özümüzündü - özümüzündür

illərdi - illərdir

Azərbaycanlını - azərbaycanlını


Mən daha çox  qrammatik-üslubi  səhvlərə münasibət bildirəcəyəm. 

Elə sərlövhədən başlayaq: "Cümlə qurmaq dövlət qurmaq qədər çətindir”. Başlıq (cümlə)  ilk baxışda  normal görünsə də,  məntiqi uyğunluğuna və semantik bütövlüyünə  görə yazının ideyasına xidmət edə bilmir.

Cümlə qurmaq hara, dövlət qurmaq hara? Müqayisə heç yerinə düşməyib, şəxsən, mən belə qəbul etmirəm. Onda belə çıxır ki, doğru cümlə qurmağı bacaranlar dövlət qura bilər, dövləti idarə edə bilər.

Məsələn, ailə qurmağı dövlət qurmaqla  müqayisə etmək olar. Gözəl danışmaq qabiliyyətini isə   bir insanın  özünün və yaxud  digərlərinin fikirlərini    yazılı şəkildə  doğru-dürüst  ifadə etmək bacarığı ilə.

Yəqin ki, yazıçı cümlə qurmaqla dövlət qurmağın məsuliiyyəti arasında bənzərlik yaratmaq istəyib, fəqət, müqayisə heç yerinə düşməyib.


Sitat: "Nala-mıxa vurmadan birbaşa mətləbə keçək. Dilin ən qaynar yerindən, kəndlinin televiziyaya verdiyi kiçik müsahibədən:”

Bu cümlədə "yerindən” sözündən sonra vergül işarəsi yox, tire işarəsi qoyulmalıdır. Əgər əlavədən əvvəl "yəni” sözü işlənərsə, onda əlavədən əvvəl tire yox, vergül işarəsi qoyulur.

Sitat:"- Telefonuma zəng daxil oldu, telefonumu açdım, telefonumda mənim nəzərimə çatdırdılar ki, anam avtomobil qəzasında iştirak eləyib. Mən qəzada anamın iştirak etdiyi yerə tələsdim, orda anama baxış keçirdim, anamın üzərində təcili yardım həyata keçirdəndən sonra o dirçəlməyə doğru getdi…”

İnanmıram ki, müsahibə verən hər hansı kimsə bu qədər savadsız və gülməli danışsın. 38 sözdən ibarət cümləni hörmətli yazıçımız olduğu kimi necə qeyd edə bilərdi?

Sitat:"Bu, Azərbaycan kəndinin dili deyil və Azərbaycan kəndinin dili deyilsə, deməli Azərbaycan dili də deyil. Bəs onda nədi?”

Ədəbi dil, bədii dil, məişət dili, dialekt dili, ünsiyyət dili, televiziyanın dili, mətbuatın dili, yazıçının dili var, amma kənd dili hansı təsnifatladır?

Sitat:"Bu, Azərbaycan televiziya məkanının dilidi- evlərimizin ən üzdü qonağı olan televiziyanın.”

"Dilidi” deyil, "dilidir” yazılmalıdır. "Üzdü qonaq” yox, "üzlü qonaq” olmalıdır.

Sitat:"Qəzaya düşmüş anası haqqında müsahibə verən bu kəndli kişi kameranı görəndə kim olduğunu, harda doğulduğunu, hal-hazırda harda yaşadığını tam unudur, televiziya dilində, sığallı-tumarlı, ənlik-kirşanlı, təngənəfəs yarımcan cümlələrlə danışmağa başlayır, o da bizim televiziya məkanı kimi mədəni, təmtəraqlı görünmək istəyir.”

Yazıçının bu fikriylə razıyam ki, danışıq dili, xalq dili yaşamalıdır. Ədəbi dili zənginləşdirən əsas mənbə də məhz danışıq dilidir.
Əgər çoban da dilçi alim kimi danışacaqsa, dilin zənginliyi itərdi. Necə ki, bir vaxt şəhərlə kənd arasında fərqlərin aradan qaldırılması ideyası uğursuzluqla nəticələndi, kəndin simasını dəyişdi, ədəbi dillə danışıq dili arasında fərqlərin aradan qaldırılması da eləcə ədəbi-bədii dilimizin simasına mənfi təsir göstərərdi. Amma mən düşünürəm ki, sitatlarda müsahibə verənlər ədəbi dildə danışmaq istəməyiblər: onlar hardan bilirlər ki, ədəbi dil nədir. Sadəcə, onlar gözəl danışmaq istyiblər, o da yumoristik ovqat yaradıb.
Qeyd: Bu sitatda "sığallı-tumarlı”, " ənlik-kirşanlı”, "təngənəfəs” sözləri yanlış yazılıb.
"Sığallı, tumarlı” sözləri eyni leksik mənalı sözlərdir. " Ənlik-kirşanlı” ifadəsi " ənlikli-kirşanlı”, "təngənəfəs” "təngnəfəs” kimi yazılmalıdır.


Sitat: "Uzun sözün qısası: Ölkəmizdə fəaliyyət göstərən televiziyaların "qayğısı və diqqəti” sayəsində Azərbaycan dili elə bir vəziyyətə gəlib çatıb ki, bu dildə ara vermədən iki saat danışarsan və heç nə deməyə bilərsən - bu, əsl dəhşətdir: danışırsan, danışırsan və heç nə demirsən - söz yığnağı. İkinci dünya müharibəsində konslagerlərdə insanlar üzərində aparılan amansız təcrübələri xatırlamalı oldum. Yumşaq desək, televiziya kanalları Azərbaycan dilinin varlığında görünməmiş «cərrahiyyə əməliyyatları» aparmaqla onu zəiflədir, nəticədə dilin «astması» diaqnozu ilə üzbəüz qalırıq.”

 

Fikir verin, bu cümlələri   nə şifahi nitq üçün, nə də yazılı nitq üçün məqbul saymaq olmaz. Danışıq üslubunda necə deyilibsə, o şəkildə də yazıya köçürülüb . 

Yazıçının demək istədiyi aydındır. Aydındır ki,  televiziya verilişini aparanlar, bu verilişə dəvət edilənlər məzmunlu danışmalıdırlar, məntiqli danışmalıdırlar, mümkün qədər əcnəbi sözlərdən qaçmalıdırlar, Ana dilimizin zəngin məna çalarlarına vaqif olmalıdırlar.  Bunun üçün onlar elmli olmalıdırlar, dilimizin qayda-qanularını mənimsəməlidirlər, lüğət ehtiyatları o qədər zəngin olmalıdır ki,  təkrarçılıqdan, bəsit  təhkiyələrdən qaça bilsinlər.  Doğru, düzgün, mənalı  bir cümlə yaratmaq üçün sözlərin üslubi məqamlarda  ifadə etdiyi  dəyərləri bilməyən  heç bir   aparıcı,  ya da   verilişə dəvət edilən qonaq   auditoriyanı ələ ala bilməz. Seyran müəllimin dediyi kimi,  10-15 dəqiqə danışar, amma danışdıqlarından heç bir mətləb hasil olmaz. Belə aparıcıların və verilişə dəvət edilənlərin  danışdıqlarına qulaq asmağa məcbur olmaq cəzaya məhkum edilmək kimi bir şeydir.  Necə ki, sayt təqdim etdiyi yazıya eyni məsuliyyətlə yanaşıb. Təəssüf ki,  Seyran müəllim də heç bir münasibət bildirməyib.

Seyran müəllim deyib: "İkinci dünya müharibəsində konslagerlərdə insanlar üzərində aparılan amansız təcrübələri xatırlamalı oldum.” Onda belə aydın olur ki,  müəllif   həmin işgəncələrin baş verdiyi illərdə yaşayıb, Osvensim, Buhenvald, Holokost,Daxau, Mauthauzen, Maydanek  və s. ölüm düşərgələrində baş verənləri

 gözləri ilə görübmüş.

"…dilin "astması” diaqnozu ilə üzbəüz qalırıq” nə deməkdir?  Qarşılaşdırma beləmi olur?

 Yazıda istər ideya, istərsə də dil  xüsusiyyətlərinə görə   qeyd edilən və edilməyən  iradları  bütün özəl telekanallara, eləcə də  mətbuat vasitələrinə aid etmək olar. Amma dövlət televiziyasında və mətbuat vasitələrində dilimizə  bu qədər məsuliyyətsiz münasibət yoxdur.


Televiziya və mətbuatımızın  problemləri  təkcə  dil qüsurları deyil (   I yazı)

Davamı var...

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz