» » Azərbaycanın Xalq artisti Amaliya Pənahova vəfat edib

Azərbaycanın Xalq artisti Amaliya Pənahova vəfat edib

Müəllif: Anaveusaq.az от 8-11-2018, 10:00
Azərbaycanın Xalq artisti Amaliya Pənahova vəfat edib

Mədəniyyət Nazirliyindən Qaynarinfo-ya verilən məlumata görə, o, noyabrın 8-də 73 yaşında dünyasını dəyişib.
Azərbaycan teatr və kino aktrisası, televiziya rejissoru, Xalq artisti , Azərbaycan SSR Dövlət Mükafatı laureatı, sənətşünaslıq doktoru, professor, 2000–2005-ci illərdə Azərbaycan Respublikası Milli Məclisinin millət vəkili, Bakı Bələdiyyə teatrının bədii rəhbəri və direktoru, Avropanın əməkdar elm və mədəniyyət xadimi Amaliya Əliş qızı Pənahova 1945-ci ildə Gəncə şəhərində anadan olmuşdur.
1966-cı ildə M.A.Əliyev adına Azərbaycan Dövlət Teatr İnstitutunun Dram və kino aktyorluğu ixtisasını bitirmişdir.
1964-cü ildən ömrünün sonunadək teatr və kino sahəsində beş yüzdən artıq obraz yaratmışdır. Onlardan Tomris, Natəvan, Medeya, Burla Xatun, Məhsəti, Larisa, Ofeliya, Linza kimi rolları qeyd etmək olar.
1968-ci və 1972-ci illərdə Azərbaycan Lenin Komsomolu və Azərbaycan SSR Dövlət mükafatı laureatı fəxri adlarına layiq görülmüşdür. Teatr və kino sənətinin inkişafındakı böyük xidmətlərinə görə ona 1974-cü ildə Azərbaycan SSR Əməkdar artisti, 1985-ci ildə isə Azərbaycan SSR Xalq artisti fəxri adı verilmişdir.
1982-ci ildə ilin aktrisası elan edilmiş, 1998-ci ildə isə türk dünyasının birinci kino festivalında türk dünyasının altı populyar aktyoru sırasında adı qeyd olunmuşdur.
Aktrisa həmçinin bacarıqlı rejissor kimi də özünü sınamışdır. 43 illik sənət fəaliyyəti dövründə 12 tele və teatr tamaşasına quruluş vermişdir ki, bunların çoxu lentə alınıb, hazırda televiziyanın Qızıl fondunda saxlanılır. Bunlardan İ. Əfəndiyevin "Mənim günahım", M. Muradın "Təkan", M. Qurbanovun "Sənsiz", O. Altunbayın "Tomris", A. Məmmədovun "Dəli Domrul" və s. xüsusi qeyd etmək olar.
1992-ci ildə Bakı Bələdiyyə Teatrını yaratmış və bu teatra orta və yaşlı nəsillə yanaşı, gənc istedadlı aktyorları da cəlb etmiş və onların yaradıcılıq qabiliyyətinin inkişafı üçün hər cür lazımi şərait yaratmışdır. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinə dərs demək üçün dəvət olunmuşdur və universitetin professorudur. Dərs dediyi tələbələrin əksəriyyəti Bakı Bələdiyyə Teatrında onunla birgə çalımışdırlar.
Prezident təqaüdçüsü olmuşdur. 2000–2005-ci illərdə Azərbaycan Respublikası Milli Məclisinin millət vəkili, sosial-siyasət daimi komissiyasının üzvü, MDB Parlamentlərarası Mədəniyyət, İnformasiya, Turizm, İdman daimi Komissiyasının sədri, İtaliya-Azərbaycan Parlamentlərin işçi qrupunun sədri olmuşdur.
2013-cü ildə "Obrazın yaranma prosesində aktyor yaradıcılığında ikinci planın təcəssüm vasitələri" mövzusunda doktorluq işini müdafiə edərək sənətşünaslıq elmləri doktoru elmi adını almışdır.
17 iyun 2015-ci ildə Azərbaycan mədəniyyətinin inkişafında böyük xidmətlərinə görə "Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu" ilə təltif edilmişdir.
Amaliya Pənahova 8 noyabr 2018-ci ildə vəfat etmişdir.
Aktyor Yusif Muxtarovun həyat yoldaşı olmuşdur.
Oğlu İlqar Muxtarov Azərbaycan Respublikasının fövqəladə və səlahiyyətli səfiridir. 14 aprel 2009-cu ildən 27 yanvar 2016-cı ilədək Azərbaycan Respublikasının Meksika Birləşmiş Ştatlarında və eyni zamanda Kosta Rika Respublikasında, Qvatemala Respublikasında, Kolumbiya Respublikasında, Panama Respublikasında, Peru Respubl ikasında və Honduras Respublikasında fövqəladə və səlahiyyətli səfiri vəzifəsində çalışıb.
Allah rəhmət etsin.

Azərbaycanın Xalq artisti Amaliya Pənahova vəfat edib

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz