» » Kütləvi informasiya vasitələri: məktəb və müəllim

Kütləvi informasiya vasitələri: məktəb və müəllim

Kütləvi informasiya vasitələri: məktəb və müəllim

Bu yazını yazmağıma saytların birində rast gəldiyim "Siz kimsiz ki, 30 ilin müəllimini bir dəqiqəyə işdən çıxarırsız?” sərlövhəli yazı səbəb oldu. Yazının müəllifi təhsil eksperti kimi hamımıza tanışdır, yəni, bu sahəyə nabələd adam deyil. Amma təəssüf ki, bu yazını səmimi qəbul etmək olmur.
Mən Azərbaycan Respublikasının Təhsil Naziri Ceyhun Bayramovu, nə hadısədə adı çəkilən valideyni və ya müəllimi tanımıram. Hadisə ilə bağlı siz necə, mən də kütləvi informasiya vasitələrindən o qədər məlumatlıyam. Hadisənin özündən çox onun şou mövzusuna çevrilməsi, əksər vaxtlarda gündəmdə olan məsələ barəsində qeyri-peşəkarların, qeyri-ixtisas sahiblərinin fikir yürütməsi doğru deyildir. Amma təəssüf ki, son vaxtlar kütləvi informasiya vasitələri məktəblərə qarşı çox aqressiv yanaşırlar, xüsusilə bəzi telekanallar.
Mərkəzində uşaq, ailə dayanan bütün məsələlər səbirlə, təmkinlə araşdırılmalıdır, amma Zaurların, Rövşanənin , daha kiminsə verilişində yox, məktəbin özündə. Bəlkə ən ədalətli, humanist addımı elə məktəbin özündə atmaq olardı. Amma təəssüf ki, hansı maraqlara xidmət edir bilmirəm, ən kiçik incident belə, dərhal kütləvi informasiya vasitələrinə ötürürlür. Mübtədanın, xəbərin yerini təyin edə bilməyən kimsə də öz fantaziyasına uyğun məktəbi, müəllimi ittiham etməyə başlayır.
Məktəb yarmarka deyil, vağzal deyil, kim gəldi daxil ola, kim gəldi məktəb haqqında nə oldu yaza, nə oldu deyə. Bura xüsusi bir fəaliyyət sahəsidir- tərbiyə müəssisəsidir, spesifik özəllikləri var. Bütün hallarda məktəbin, pedaqoji kollektivin nüfuzu qorunmalıdır. Yadınızdadırsa, ATV-nin "Yoxlama” verilişi Qoqolun "Müfəttişi” kimi aparırdı özünü: gələcək fəaliyyəti üçün digər gedəcəkləri yerdə vahimə yaradırdı. Respublikanın adlı-sanlı pedaqoqları-psixoloqları qalıb kənarda, Zaur və yaxud digər bir çox qeyri-sahə adamları studiyaya yığışıb "Valideyn Universiteti” təşkil edirlər.
Əksər internet media vasitələrində, özəl televiziya kanallarında məktəbdən, müəllimdən daha hansı mövzu qalmadı yazmasınlar, tirajlamasınlar. Bir hadisə haqqlnda hansısa portalda yazı, hansısa özəl telekanalda verilən süjet yayımlanırsa, bütün ölkə bu barədə məlumatlı olur. Nəticədə, məktəbə, müəllimə olan inam, etimadın əsasları sarsılır.
Olub ki, mən də rastlaşmışam, eşitmişəm: məktəbə polis maşını gəlir və yaxud bir neçə polis əməkdaşı gəlir. Mən öz şəxsi fikrimi deyirəm (xüsusi hallar istisna olunmaqla, məktəbə polis gəlməsə daha doğru olardı) Sovet dövründə məktəbə hərdən "uşaq milisi” gələrdi. Onlar da elə müəllimə oxşayardılar.
Amma məktəbdə oğurluq olub, müəllim uşağı döyüb və sair belə hallarda polisə ehtiyac yoxdur. Məsələ məktəbin özündə həll olunsun, əgər cinayət xarakterli hal varsa, həmin şagird və ya müəllim dəvət olunsun hüquq-mühafizə orqanlarına. Polisə, prokurorluğa çağrılan, gündə polisə gedib-gələn müəllim məktəbdə
necə hörmətlə qarşılana bilər və yaxud hər bir şagird bunu gedib evdə öz ailəsində danışsa, o ətrafda həmin məktəbin nə hörməti ola bilər? Yəni, məktəbin və müəllimin nüfuzu naminə belə müəssisələrə çox həssaslıqla yanaşmaq lazımdır.

 

Kütləvi informasiya vasitələri: məktəb və müəllim

Məktəblə bağlı hər kəsin müəyyən fikirləri var. Bu da təbiidir. Çünki elə bir ailə ola bilməz ki, məktəblə bağlı olmasın. Elə yaşayış binası ola bilməz ki, böyür-başında bir və ya bir neçə məktəb binası olmasın. Şagirdlərin məktəbə gedib-gəlməsi, məhəllədə, ictimai yerlərdə davranışları insanların gözləri qarşısında baş verir. Tərbiyə prosesinin məktəb, ailə və cəmiyyətin müştərək qayğısı olduğunu da mən də bilməmiş deyiləm. Həm də bu sahənin mütəxəssisi olduğum üçün məktəblə əlaqələrim genişdir, çoxlu sayda tələbə yoldaşım, tanışlarım var ki, hər görüşümüzdə, sözsüz ki, təhsil və müəllim haqqında söhbətlərimiz olur, eləcə də valideynlərlə.
Maraqlıdır ki, əksəriyyət məktəbi , müəllimi qınayır, amma heç kim öz övladının və ya övladlarının bu qınaqdakı yerini fikirləşmir. Halbuki, uşaqların ailədə aldıqları tərbiyə ilə məktəb tərbiyəsi bir-birini tamamladıqda, cəmiyyətin məktəbdən gözlədiyi nəticə daha davamlı və keyfiyyətli olur. Təəssüf ki, biz bu birliyə nail ola bilməmişik, əksinə, bir az da uzaq düşmüşük.
Şəxsən, mənə belə gəlir ki, ailə və məktəb, cəmiyyət və məktəb əlaqələrinin bağları möhkəm deyildir, sistemli deyil, biri digərini tamamlamır.
Mətbuatda məktəbdə baş verən elə hadisələr olub ki, məktəb rəhbəri deyir ki, hadisə məktəbdən kənarda baş verib, biz məktəbə cavabdehik. Bu yaxında bir müəllimlə bu barədə söhbət edirdik. Həmsöhbətim deyirdi ki, 11-ci sinifdə oxuyan bir qızın anası onlarfın direktoruna şikayət edibmiş ki, qızı axşamlar evə gec gəlir, kiminləsə görüşür.  Məktəb onun qızına  təsir etsin.
Məktəb indi bu valideyni qınayır ki, ailə öz qızını tərbiyə edə bilmir, məktəbdən dəstək gözləyir; ana da elə bilir ki, məktəb yaxşı tərbiyə versə idi, qızı ailədə narahatçılıq yaratmazdı. Hər iki tərəfin pedaqoji maariflənməyə ehtiyacı var. Ailə məktəblə eyni hədəf uğrunda çalışmasalar, həm də birlikdə çalışmasalar, təbii ki, uşaqlar nə məktəbdə, nə ailədə, nə də ictimai yerlərdə ipə-sapa yatmayacaqlar.
Bu gün məktəbin, təhsilin səviyyəsi necədirsə, gələcəkdə uşaqlar da cəmiyyətdə həmin keyfiyyətlərdən əxz etdiklərini əks etdirəcəklər.
Odur ki, baş verənlərdə, ötüb keçənlərdə təkcə məktəbi, müəllimi deyil, özümüzü də cavabdeh saymalıyıq. Gəncliyin yüksək bilkli, ahəngdar inkişaf etmiş şəxsiyyətlər kimi yetişdirilməsi  ictimai maraqdır, cəmiyyətin marağıdır, bunun üçün hamımız məsuluq.
Bu gün məktəblərimizdə harahatçılıq yaradan kifayət qədər nöqsanlar, bəzən lap həddini aşmış hadisələr də baş verir. Məktəblərə davamiyyət heç də ürəkaçan deyil. Hansı məktəbin yanında dayanıb müşahidə aparsaq, bunun şahidi olarıq.
Uşaqlar dərsdən yayınır, məktəbə getmir, hələ söhbətlər də olur ki, bəzi şagirdlər adlarını rayon məktəblərinə yazdırıb, özləri şəhərdə repetitorun yanına gedirlər. Elələri də var ki, dərsdən yayınıb restoranda, avtobuslarda işləməyə gedirlər: nə məktəb bunu valideynlərə xəbər verir, nə də valideyn özü bundan xəbərdar olsa da, bir tədbir görür.
Bilirsiniz, bunlar çox ciddi məsələlərdir. Əgər yuxarı sinif şagirdləri bilirlərsə ki, öz siniflərində, ya da paralel siniflərdə oxuyan dostu, tanışı dərsə gəlmir, adı başqa rayonun məktəbində, özü isə repetitor yanına gedir, yaxud işləməyə gedir, artıq müəllim, sinif rəhbəri, məktəb o uşaqların diqtəsi ilə durub-oturmağa məcburdur. O da istədiyi vaxt gedib-gələcək, dərs vaxtı koridorda, həyətdə, küçədə gəzəcək. Məktəb belə uşaqlara qarşı tədbir görə bilmir, buna cəhd etsə, onda "açılacaq sandıqlar, töküləcək pambıqlar…”
Bəzən insanlar tapılır ki, təhsildən yayınıb işləyən uşaqları dəstəkləyir ki, dolanışıq çətindir, uşaq işləyib ailəyə kömək edir və yaxud öz xərcini özü qarşılayır.
Uşaq hələ xərcini qarşılamaq barədə fikirləşməməli, lazım oldu-olmadı, nəyinsə iddiasında olmamalıdır. Ailənin gücü çatdı-çatmadı, özü üçün almağa can atmamalıdır. Uşaq orta məktəbdə oxuduğu müddətdə ancaq yüksək bilik və bacarıqlara yiyəyələnməyə səy göstərməlidir. Valideynlərinin əməyinə hörmət etməli, onu dəyərləndirməyi bacarmalıdır.
Bu gün cəmiyyətdə məktəblə bağlı formalaşan bəzən haqlı, bəzən haqsız münasibətlərin bir səbəbi də açıq deyək, məktəblərin ictimaiyyətlə, mətbuatla əməkdaşlıq edə bilməməsindədir. Valideyn şuraları olsa da, bunlar ha istəsələr də, prinsipial ola bilmirlər, yaradıcı deyillər. Məktəb rəhbərləri də bu ictimai nəzarəti özlərinə yaxın valideynlərə tapşırırlar.
Məktəblərə 5-10 xüsusi mətbuat nümayəndəsindən başqa, digər media nümayəndələrini içəri buraxmırlar. Bu haqda direktorlara Baş Təhsil İdarəsindən xüsusi əmr göndərilib. Belə bir halla mən 95 saylı məktəbdə rastlaşmışdım: məktəbin direktoru mənə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin rəsmi məktubunu göstərmişdi. Mən bununla əlaqədər idarənin elektron poçtu vasitəsilə rəhbərliyə müraciət etdim, təəssüf ki, cavab da vermədilər. Məkəbdən öyrənmək istədiyim məsələ isə 4-cü sinfin riyaziyyat kitabında olan bir məsələ ilə bağlı idi.İstəyirdim bir müəllimdən metodiki məlumatlar alım. Direktor buna imkan yaratmadı. Mən öyrənmək istədilklərimi onsuz da öyrəndim, dərslik müəllifi ilə də əlaqə yaratdım: yazacağım problemi, iradı qərəzsizlik, şəffaflıq, ədalətlilik prinsipinə əsaslanıb elektron jurnalımızda dərc etdim.
Əlbəttə ki, mövzunu, faktı, hadisəni, tədbiri, ümumi fikirləri müfəssəl olaraq əsaslandırmaq üçün lazım olan bütün addımlardan istifadə edilməlidir. İnformasiya verməyə borclu olan təşkilat və ya şəxs bunu etmirsə, həmin informasiya ilə bağlı mövcud fərziyə və gümanların, ola da bilsin ki, şaiyələrin daha da böyüməsinə və səpələnməsinə təhrik etmiş olur.
Adicə dərsliklə bağlı bir yazı üçün məktəb rəhbərliyinin bu cürə inzibatçılığı məktəblə mətbuatın, eləcə də ictimaiyyətin əməkdaşlıq yollarını bağlayır. Yəni heç mim istəmir ki, kimsə onların ayranına turş desin.
KİV Haqqında Qanun var, Konstitutsiyada bununla bağlı maddələr var: jurnalistin məlumat almaq, toplamaq, yaymaq hüququ var. Digər bir sıra beynəlxalq öhdəliklər də var. Onlara "formirovka" etməyə kimsənin haqqı yoxdur.
 
Kütləvi informasiya vasitələri: məktəb və müəllim
Bunun ən optimal yolu hər bir məktəbdə içtimaiyyətlə(mətbuatla) əməkdaşlıq üçün bir məsul ayırsınlar. Və bu məsul şəxslər mətbuat nümayəndələrini maraqlandıran məsələlərə aydınlıq gətirsinlər. Mətbuat nümayəndələri ilə faydalı əməkdaşlıq işə ancaq xeyir verə bilər.
Əgər məktəbə jurnalist adı ilə gələn kimdirsə, sadəcə, qəzet və ya sayt açıbsa , yəni, təsadüfi adamdırsa, konkret, əsaslandırılmış iddiası yoxdursa, məktəbin ictimaiyyətlə əlaqələr üçün məsul etdiyi şəxs 2-3 dəqiqəlik söhbətdən bunu aydın edəcək və həmin "jurnalistin” cavabını verəcək də.
Yaxşı olardı ki, bu cür əlaqələr nəinki məhdudlaşdırılsın, əksinə, daha faydalı əlaqə formaları düşünülüb tapılsın.Məsələn, bu gün təqaüdə çıxmış və ya müxtəlif səbəblərdən ixtisasları üzrə işləməmiş ali pedaqoji və ya psixoloji təhsili olan nə qədər insanlar var ki, onları hansısa qrup və ya birliyə cəlb edib, təhsil-tərbiyə müəssisələri ilə əməkdaşlığa cəlb etmək olar, ictimai nəzarət kimi. Onlar həmişə ictimaiyyət içərisində olur, ətrafda baş verənləri, söylənilənləri eşidir, görür. Bu qrup və ya birlik dərhal məktəblə , digər aidiyyəti qurumlarla əlaqənin problemin həllini təmin etsin.
Sonda bir qədər də "Siz kimsiz ki, 30 ilin müəllimini bir dəqiqəyə işdən çıxarırsız?” yazısı barədə bir neçə söz demək istəyirəm. Əvvələn, manşeti qeyri-etik hesab edirəm. Hesab edirəm ki, ekspert həddini aşıb: iradı, etirazı başqa cürə də ifadə etmək olardı.
Çalışmaq lazım idi ki, madam ki, baş vermiş hadisə ictimailəşib, şəffaflıq təmin olunsun və hər bir addım ədalətlə əsaslandırılsın.
Nazir səhv etməyib, istənilən halda insident var, o, baş verib. Məktəb rəhbərliyi, Pedaqoji Şura, Həmkarlar təşkilatı barışdırıcı mövqe tutub və heç bir addım atmayıblar: aydındır ki, nə üçün. İnsident isə məktəbdən kənara sızıb, ictimailəşib. Məsələ Nazirlik səviyyəsinə gedib çatıbsa, intizam tənbehinin olması gözləniləndir. Nazir həm də hüquqşünasdır. Hər halda ekspertdən də, məndən də hüquqi bilikləri üstündür. Yəqin ki, əmək intizamının pozulmasına, qeyri-etik davranışlara görə Nazirin də sərəncam vermək haqqı var.
Əmək mübahisələri ilə bağlı problemlərin necə həll edilməsi məslələri ilə mən də çoxlu yazılar oxumuşam, eləcə də belə məsələlərlə bəzən özüm də qarşılaşmışam. Azərbaycan Respublikasının Əmək Qanunvericiliyində Əmək və intizamın pozulmasına görə intizam məsuliyyəti və onun tətbiqi qaydaları təsbit olunmuşdur. İlk olaraq qeyd etmək istəyirəm ki, şagirdə(uşağa)qarşı şiddət, fiziki xəsarət göstərmək yolverilməzdir. İstər ölkə qanunları, istərsə də beynəlxalq öhdəliklərə görə uşaq hüquqları hər şeydən üstündür, ona görə də əgər burada şiddət halı varsa, bu hərəkət ƏM-nin 72-ci maddəsinin "e” maddəsi ilə təfsir olunur: "Əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsi” əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilən hal sayılır.
Əmək Qanunlarına görə belə vəziyyətdə işəgötürən əmək müqaviləsinə xitam verməkdə haqlıdır. Amma bu, həmkarlar təşkilatı ilə razılaşdırılaraq edilməlidir. Digər bir hal: 186-cı maddə "Əmək və icra intizamının pozulmasına görə intizam məsuliyyəti və onun növləri" adlanır. Həmin maddənin 2-ci hissəsində intizam tənbehləri göstərilib:
a) töhmət vermək;
b)sonuncu xəbərdarlıqla şiddətli töhmət vermək;
c)kollektiv müqavilələrdə nəzərdə tutulmuşdursa, aylıq əmək haqqının dörddəbiri məbləğindən çox olmamaq şərtilə cərimə etmək;
ç)əmək müqaviləsini bu Məcəllənin 70-ci maddəsinin "ç" bəndi ilə ləğv etmək.
Ekspert bu tənbeh növlərinin sıralanmasına əsaslanıb düşünür ki, belə halda işçiyə ilk cəzadan başlamaqla ardıcıllıqla tənbeh tətbiq edilməli idi.
Halbuki, intizam tənbehi tədbirləri tətbiq olunarkən AR ƏM-in 186-cı maddəsinin ikinci hissəsində təsbit olunmuş intizam tənbeh tədbirlərinin ardıcıllığını gözləmək məcburi deyildir.
Hüquqi baxımdan Nazirin verdiyi sərəncam hüquqa əsaslanır. Bununla bağlı Bakı Şəhəri üzrə Təhsil İdarəsi Modern.az-ın sorğusuna belə cavab verib:
"Müvafiq araşdırma müəllimin iştirakı ilə həyata keçirilib və məktəbin Həmkarlar İttifaqı Komitəsində aparılan müzakirə, eləcə də muəllimin özünün işdən azad olunma barədə ərizəsi nəzərə alınaraq, yekun qərar qəbul edilib”.
Deməli, ekspertin tutduğu irad əsassızdır.
Hadisə mətbuatda dərc olunandan, telekanalda yayılandan sonra məlum olur ki, bu məktəbdə uşaqlara qarşı digər şiddət halları da kameraya düşüb, valideyn özü də övladını məktəbdə vurub. Deməli, məktəbdə
kifayət qədər narahatedici məqamlar var. Unutmaq olmaz ki, keçən əsrin 70-80-ci illərin şagirdləri ilə indiki şagirdlər arasında bütün yanaşmalarda böyük fərqlər var. İndiki uşaqlar daha mütəhərrikdir, dünyagörüşü baxımından daha irəli gediblər. Müəllim bunlarla hesablaşmalıdır. Müəllim özü də bu inkişafa uyğunlaşmalıdır.
Mən də müəllim işləmişəm, çox məktəblərdə olmuşam. Heç ola bilməz ki, yüksək biliyə, peşəkarlığa malik novator müəllimin dərsində hansısa problem yaransın.
İnanın, səmimi deyirəm: mən müəllimənin işdən azad edilməsinin tərəfdarı deyiləm.
30 ildən yuxarı fəaliyyət göstərmiş müəllimin əmək müqaviləsinə xitam verilməsi sıradan bir tənbeh növü deyil. Eləcə də ömrünün ən coşqun illərini məktəbə həsr etmiş, saçlarını bu yolda ağartmış müəllimlərin diaqnostik qiymətləndirmədən keçmədi deyib, təqaüdə göndərilən müəllimlərin incikliyini öz incikliyim kimi qəbul edirəm. Bunu incidilmədən, dilə-dişə salınmadan daha ədalətlə həll etmək olardı: Təqaüd yaşı çatmış müəllimləri böyük ehtiramla yola salmaq onları əvəzləyəcək nəsillər üçün də bir etimad olardı.
 

Kütləvi informasiya vasitələri: məktəb və müəllim

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz