» » Kim Azərbaycanı sevirsə...

Kim Azərbaycanı sevirsə...


 

Kim Azərbaycanı sevirsə...

"Böhtan” ərəb sözüdür, isimdir. Lüğəvi mənasına görə, bir şəxsi ləkələmək üçün pis bir məzmunu nahaqdan ona aid etmək və ya iftira, şər atmaq deməkdir, bir sözlə, yaxşı söz deyildir. Heç ola bilməz ki, əxlaqı təmiz, vicdanı saf, yolu aydın bir insan oğlu öz məqsədinə çatmaq üçün böhtançı qılafı geyməyi özünə sığışdırsın. Amma qaraürəklilər, çirkinniyyətlilər bunu elə geyinərlər ki, elə bil boyaboy dünyaya gəlişindən əyninə biçilibmiş.

Belə şəxslərə "böhtançı” deyilir. Olsun ki, belələri vətəndaşları olduqları ölkələrin hüquq-mühafizə orqanlarından qaçıb xarici havadarlarının arxasında gizlənə bilsinlər. Lap burada onları boyun əydiklərinin məkrli niyyətlərinə vasitə olduqlarına görə gözlərini şaşıra biləcək rahatlıq, ev , avtobil , eyş-işrətli həyatla da təmin etsinlər.
Amma çox təəssüflər ki, belələri dönük çıxdıqları vətəndə, eləcə də ona qucaq açan ölkədəki yerlərini dərk edə bilmirlər. Bilsinlər: öz ölkəsinin düşməninə çevrilmiş şəxslərin, qrupların yedəyində getməyin bircə adı var : xəyanət.
Sərhədlərimizdən o taydakı serlər, lordlar, müxtəlif agentura şəbəkələri, sözsüz ki, belə insanları sevmirlər, onların qara qaşlarına, qara gözlərinə aşiq də deyillər, sadəcə, vətənini, xalqını yadlara satanların xəyanətlərini sevir və ancaq bunu "dəyərləndirir”lər. Axı pərvəriş tapdığı torpağa, mənsub olduğu xalqa arxa çevirən bir kəsin etibarına kim bel bağlaya bilər? Belələrinə onsuz da heykəl "yapmır”lar. Onlar sonda iz qalmasın deyə ya "təsadüfi qəza”ya düşür, ya bir gün yatıb durmur, ya da kiminləsə dəyişdirilir.
 

 

Kim Azərbaycanı sevirsə...

 

Aydın məsələdir ki, xarici ölkələrin öz tərəflərinə çəkmək istədikləri, yaxud da, vasitə kimi istifadə etdikləri, adətən, öz ölkəsində bir işə yaramayan, "vətən süfrəsinə” bir nemət qoymayan, "ver yeyim, ört yatım” deyənlər, hay-küyçü və narahat adamlardır: əksərən də gənclər. Yəni, dönüklük etdikləri ölkədə onların ictimai statusları belədir. Xarici ölkələrə ancaq belələri əl verir.
Axı heç kim vətənpərvər adamı istədikləri kimi necə gəldi "dilləndirə” bilməzlər.
Jurnalımızın "Tarixdə bu gün” rubrikamızda, xatırlayırsınızsa, azərbaycanlı zadəgan, milyonçusu və xeyriyyəçi Yusif ağa Dadaşov haqqında yazmışıq. Yusif ağa 12 dil bilirmiş, poliqlot imiş. Çar Rusiyasında həqiqi mülki müşavir rütbəsində olmuşdur. Ölkə xaricindəki fəaliyyətinə və xeyriyyə işlərinə görə Rusiyanın "Müqəddəs Anna", "Müqəddəs Stanislav", 2 dəfə İranın "Şiri-Xurşid", Buxara əmirliyinin "Buxarayi-şərif‖ ordenləri və bir çox medallarla təltif edilmiş, Rusiyanın "fəxri vətəndaşı" titulunu almışdır.
1918-ci ildə Bakıda Mart soyqırımı zamanı dəstəsi ilə birgə ermənilərə qarşı silahlı mübarizə aparmışdır. Rus qoşunları Bakını əhatə etdiyindən, şəhərdə xüsusi vəziyyət yaranıbmış. 1918-ci il martında Ağa Yusif bəy vəziyyətin nə ilə nəticələnəcəyini duyaraq, Bakıya çoxlu silah gətirtdirir və xalqı silahlandırır. O, bu işə bütün ətrafını səfərbər edir. Yalnız yüksək rütbəli general gizli, həm də yoxlanılmadan nə isə edə bilərdi. Bu səbəbdən Ağa Yusif bəy hər yana özü gedər, kisələrlə qızıl xərcləyib Bakının müdafiəsinə qalxarmış. Onu məhv etmək üçün çox pusqular qururlar. Silah ardınca Rusiyaya göndərdiyi növbəti gəmiləri mart ayının 26-sı qarşılamağa gedən Dadaşov silahları arabalara yüklətdirib geri qayıdarkən, sayca dəfələrlə cox olan daşnak S.Lalayanın quldur dəstəsi ilə qarşılaşıbmış. S.Lalayan ona qılıncının altından keçməyi təklif edərkən, Dadaşov: "Mən türkəm. Türk ölər, ancaq erməni dığasının qılıncının altından keçməz… …Mən Vətənimin, xalqımın yolunda öldürməyə və ölməyə hazıram”,- deyə cavab vermişdir.
Qeyri-bərabər döyüşə mətanətlə tab gətirən Dadaşov erməniləri burada yubadaraq, silahların daşnaklara yox, əliyalın döyüşən azərbaycanlılara çatmasına nail olmuşdur. Hiddətlənən daşnaklar onu işgəncə ilə öldürmüşlər.
Axı, bütün ruhu, varlığı ilə xalqına bağlı olan bu cür adamları kimsə öz tərəfinə çəkə bilməz. Ramil , Mübariz , Fərid , Qorxmaz , Əliyar kimi oğulları heç bir ölkə öz tərəfinə çəkə bilməz. Onlara o kəslər lazımdır ki, o kəslər barmağı "düyməciyə” toxunduran kimi, "saxla” əmrini vermiyəncəyə qədər danışıb töksünlər, danışıb tödükcə qızışsınlar, sözlərində olduğu kimi bərəlmiş gözlərindən, əl-qol hərəkətlərindən də Vətənə nifrət püskürsünlər.
Vətən, torpaq haqqının iki-üç barmaq tutam qədər əvəzini qaytarmayan sizə hardandır bu qədər üzüdönüklük, kin, iftira?
Azərbaycanda savadlı, əqidəli, istedadlı gənclərin inkişafı üçün hər cürə diqqət və qayğı vardır. Bu cür gənclər dövlət idarəciliyinin bütün strukturlarında ləyaqətlə təmsil olunurlar.
Xarici ölkələrə sığınıb vətənimiz, dövlətçiliyimiz əleyhinə çirkin məqsədlərə cəlb edilən gənclər əsl Azərbaycan gəncliyini təmsil etməsələr də, gəncliyimizi qorumaq baxımından narahatedici məqamdır.
Qədim romalı natiq, filosof, siyasi xadim, hüquqşünas və siyasi nəzəriyyəçi Siseron da hələ o vaxt bu məqamla bağlı narahatçılığını ifadə etmişdi:
" Tarixdə ən böyük dövlətlər həmişə gənclər tərəfindən məhv edilməyə sürüklənmiş, müdriklər tərəfindən xilas edilmiş və inkişaf etdirilmişdir”.
Son günlər bu mövzu istər kütləvi informasiya vasitələrində, istərsə də cəmiyyətdə kifayət qədər aktualdır və yaşlı insanları, ziyalıları, alim və yazıçıları, bir sözlə, vətənimizin, xalqımızın taleyini düşünə bilən hər kəsi narahat edir. İstər ölkə daxilində keçirilən mitinqlərdə, istərsə də xarici ölkələrdə yaşayan bəzi həmvətənlərimiz təərfindən heç bir ölçü, hədd, çərçivə gözləmədən ölkəmizin, dövlətçiliyimizin, eləcə də dövlət başçısının, ayrı-ayrı ictimai xadimlərin əleyhinə siyasi təbliğat aparırlar. Təbliğatın prezident seçkiləri ərəfəsində daha fəallaşması isə artıq onun təhlükəli meyillərindən xəbər verir. Bu cürə populist çıxışlara heç cürə kiminsə və ya kimlərinsə hüquq və azadlıqları uğrunda mübarizəsi kimi baxmaq olmaz. Belə niyyətlər dövlətçiliyimizə zərbədir.
Unutmayın: ən pis dövlət belə, dövlətsizlikdən yaxşıdır.
Məgər biz də, iraq-iraq, uzun müddət dövlətsiz yaşmış Somali, İraq, Belçika, İspaniya, Albaniya, Burkina-Faso, Misir, Liviya, Yəmən kimi dövlətsiz yaşamalıydıq ki, dövlətçiliyimizin qədrini bilək?
 

Kim Azərbaycanı sevirsə...

Bu günlər xalqımızın müdrik adamlarının, ziyalılarının, elm və mədəniyyət xadimlərinin, eləcə də hər kəsin üzərinə böyük vəzifələr düşür. Dövlətçiliyimizi, müstəqilliyimizi xilas etmək naminə yekdilliyimizi nümayiş etdirməliyik.
Bizim müstəqilliyimizn nə yaşı var ki: 1991-ci il oktyabrın 18-də Ali Sovetin sessiyasında Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktının qəbul edildiyi vaxtdan cəmi 26 il keçir. Keçid dövrünü yaşayan, torpaqlarının 20 faizi işğal altında olan, 1 milyondan artıq vətəndaşı qaçqınlıq, köçkünlük həyatı yaşayan ölkənin dirçəldilməsi, dağıdılmış iqtisadiyyatının bərpa edilməsi, dünya ölkələri ilə sarsıdılmış əlaqələrinin əvvəlki halına, ondan da bir qədər üstün hala gətirilməsi, qabaqcıl texnologiyaların ölkəyə gətirilməsi, nizamsız bir ordunu regionun ən qüdrətli ordusuna çevirmək, bütün bunlarla yanaşı, bu qədər quruculuq-abadlıq işləri cəmi 26 yaşı olan gənc bir dövlət üçün çox böuük nailiyyət və uğurdur. Təbii ki, belə mürəkkəb, keşməkeşli dövrdə bütün bunların öhdəsindən gəlmək dövətimizin, onun gənc lideri İlham Əliyevin uğurlu daxili və xarici siyasəti ilə bağlıdır.
Bəli, Azərbaycan dövlətinin bu gün işğal altında olan torpaqlarını bütünlüklə azad etmək, ölkəmizin ərazi bütövlüyünü təmin etmək kimi ciddi vəzifəsi də var. Ölkə başçısının, dövlətimizin bununla bağlı mövqeyi də məlumdur. Prezident İlham Əliyev dəfələrlə bəyan edib ki, Azərbaycan öz torpaqlarının bir qarışını da heç kimə güzəştə getməyəcək və bu mövqeyinin dönməzliyini Aprel döyüşlərində nümayiş etdirdi. Amma nə qədər təəssüf doğursa da, bu nailiyyətimizi də görməzlikdən gələnlər var.

Vaxtilə Fransa hökumətinin yüksək səlahiyyətli nümayəndələrindən biri Napoleonu son müharibədəki strategiyasını tənqid edib barmağını xəritə üzərində gəzdirərək deyir:
- Əvvəl buranı almalıydınız, sonra buradan keçərək digər əraziləri tutmalı idiniz.
Napoleon hökumət nümayəndəsinə çox təsirli bir cavab verir:
- Bəli ! Onlar barmaqla alına bilsəydi, dedyiniz kimi edərdim.

İşğaqlçı tərəfin dünyanın ən güclü dövlətləri tərəfindən dəstəkləndiyi sirr deyil, yoxsa Ermənistan indiyə kimi çökmüş iqtisadiyyatı ilə çoxdan müharibəsiz təslim olmuşdu. Amma Ermənistan təcavüzkarlıq niyyətlərindən yenə də əl çəkmək istəmir, təbii ki, havadarlarının dəstəyi ilə. Belə vəziyyətdə Azərbaycan dövləti, onun başçısı çox səbirlə, müdriklik və təmkinlə öz siyasətini aparır, dünya dövlətlərinin məsələyə ədalətli və obyektiv baxışlarının yaranmasına nail olur, ordu quruculuğunu davam etdirir, dünya ölkələri ilə sıx iqtisadi, siyasi, mədəni əlaqələrini möhkəmlədir. Öyünüləsi məqamdır ki, bu gün Azərbaycan bütün dünya ölkələrinin əməkdaş və tərəfdaş olmağa maraqlı olduğu sabit, dayanıqlı və qüdrətli bir ölkədir.
Bunların hamısı xalqın gözü qarşısında baş verir. Azərbaycanın uğurlu, dönməz siyasəti bu illər ərzində heç vaxt dayanmadı. İndi hər gün irəliyə doğru addımlamaqda ikən, ayrı-ayrı xarici ölkələrdən Azərbaycan əleyhinə aparılan çirkin niyyətlərin məqsədi hər birimizə aydın olmalıdır.
Biz arzularımızla, tələblərimizlə azadıq , amma ölkə başçısı üçün bir xalqın Lideri olmaq , sadəcə, böyük cavabdehlik deməkdir. Lider yüksək məsuliyyət, zəka və idarəçilik keyfiyyətlərinə malik olaraq bunları mənsub olduğu xalqın, cəmiyyətin rifahı naminə sərf edir. Lider kütlələri ardınca apara bilən ictimai və dövlət xadimidir.

Kim Azərbaycanı sevirsə...

Mitinqlərdə, xarici televiziyaların ekranlarında dövlətçilik, liderlik dərsi keçənlər, bəs Siz buna hazırsınızmı, siz bunu harda öyrəndiniz?
Bu məsiliyyəti bir ailənin problemlərini çəkə bilməyənlər yox, bir xalqın taleyini ürəyində və çiyinlərində çəkməyi bacaranlar daşıya bilərlər.
Hər kəs cərgəmizdə "könlünü, gözünü bacardığı işə verib” dayansaydı, həyatımız necə gözəl və mənalı olardı.
Yazımızın ilk cümləsində qeyd etmişdik: "böhtan” ərəb sözüdür. Ərəbcə bu sözlə ilişikli olan "böht” sözü də vardır: heyrət, təəccüb, mat qalma,heyrətə düşmək, çaşıb qalma, çaşqınlıq ( bu söz də böhtan sözünün sinonimi kimi işlənə bilir).
Havadarlarla vasitəçilərin xəbis niyyətləri qrafik olaraq da üst-üstə düşür. Azərbaycanın inkişafına qısqananları böht aparıb, onlar böhtə düşüb.
Fəqət, Azərbaycanı sevən, onun müstəqilliyini, ərazi bütövlüyünü istəyənlər hansısa fərdlər, qruplar, missiyalar deyil, bütöv Azərbaycan xalqıdır. Azərbaycan xalqına təsir etmək, məsləkindən, inamından döndərmək heç zaman mümkün olmayacaqdır. Xalqımız sübh, Sülh şəfəqləri ilə açılan sabahlar naminə, dövlətçilik idealları naminə üçrəngli bayrağımız ətrafında daha sıx birləşəcək. Bu, ümummilli lider Heydər Əliyevin tövsiyəsi idi:
" Kim Azərbaycanı sevirsə, kim Azərbaycanın müstəqil dövlət olmasını istəyirsə,kim Azərbaycanın işğal olunmuş torpaqlarının azad olunmasını istəyirsə, kim Azərbaycanın ərazi bütövlüyünü istəyirsə, o, bu bayraq altında birləşməlidir...”

 

Kim Azərbaycanı sevirsə...

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz