» » Bəzi kütləvi informasiya vasitələrində təqdim edilən iki hadisə ilə bağlı münasibət

Bəzi kütləvi informasiya vasitələrində təqdim edilən iki hadisə ilə bağlı münasibət

Bəzi kütləvi informasiya vasitələrində təqdim edilən iki hadisə ilə bağlı  münasibət

İnformasiya məkanında bəzi elə saytlar var ki, sadəcə, sərlövhələrinə diqqət yetirsən: sustalıb düşəcəksən, basaratın bağlanacaq, ümidsizləşəcəksən, yaşamaqdan qorxacaqsan. Burada yazılanların hamısını bir yerə cəm etsən, adamı sakitləşdirən, məmnun edən, enerjisini qoruyan barmaqla sayılacaq qədər az sayda yazı olacaq. Şou yazıları, əza həzzi paylayan yazılar şahə qalxır. Dalaşan, işi –gücü məhkəmə çəkişmələri olan şouçuları, indiyə kimi bir neçə dəfə boşanan, bir neçə dəfə evlənən belə "mədəniyyət təmsilçiləri” ni nə qədər təqdir etmək olar? Bunlar ağızlarına nə gəldi danışırlar, necə istəsələr geyinirlər, nümayiş etdirirlər, onlar üçün heç yerdə şlaqbaum, keçid məntəqəsi yox… Onlar sənətin idealları baxımından bir dinləyicini qəlbən, ruhən gözəlləşdirə bilmirlər, heç cüzi də olsa təsir edə bilmirlər, amma yüzləri, minləri şou əhvali-ruhiyyəsiunə kökləyirlər. Zaman vardı bir ağıllı qızımız, oğlumuz nişanlanmasını, toyu olacağını və ya olduğunu, ailə qurduğunu "ayıb da olsa” deyib, sonra bildirərdi. İndi ikinci, 3-cü dəfə ərə getməsini, evlənməsini şəstlə deyirlər, sanki qəhrəmanlıq edibmiş kimi. Təmtəraqlı toy çaldırırlar. Allah hər kəsi xoşbəxt etsin, amma onları televiziyada, saytlarda tirajlamaq daha çox əvvəlki zavallıya yanıq verməkdən başqa bir şey deyil, eqoist rəqabətdən başqa bir şey deyil…
Ciddi həyata atılmaq ərəfəsində olanda gənclərə hədəfi(sizliyi) bunlar göstərirlər.
600-dən yuxarı bal toplayıb ali məktəbə qəbul olunmaq iddiası olan bir kəsin bunun üçün çox ciddi rejimi, gərgin fəaliyyəti olmalıdır. Belə iddiası olan qızımız-oğlumuz ziyafətlərdən, gəzintilərdən üz çevirməlidir. Amma bir şouçu olmaq: modelyer olmaq, rəqqasə olmaq, "Sus, kişi ol” mahnısı oxuyan olmaq üçün bunların heç biri lazım deyil, əksinə, sadəcə, niyyətini ortaya qoya bilsən, iş yeri də var, "izzət –hörmət" də…
Belələri auditoriya formalaşdıra bilir. Saytlar isə, sadəcə, onların fəaliyyətinin təqdimatını keçirəcək, bir tükü də tərpətməyəcək iad söyləyib bunula kifayətlənəcək. Onların təqdim etdikləri bu cür yazılar özü reklamaoxşar bir fəaliyyətdir.
Ya da ki, baş verən hər hansı bir hadisəni hansısa bir informasiya vasitəsindən götürüb, ya da eşidib öz səhifələrində paylaşacaqlar. Təbii ki, xəbərin ampulası bundan kənara çıxmağı da müəyyən etmir.
Amma həmin informasiya vasitələrində çoxlu saytda yazılar var ki, həmin yazıların sərlövhəsi xəbər ölçülərindən artıq çıxır. Elə isə mətbuat baş verənləri dişlərində yaxşı həzm edib, cəmiyyətə sonra ötürməlidir.
Demək olar ki, bütün KİV-lərin manşetlərini kriminal, əttökən şou başlıqları cənginə alıb: "intihar etdi”,”öldürüb evinin zirzəmisində basdırdı”,”təcavüz etdi”,"ev yandı”,”qəzada ölən və yaralanlar var”,”gəlin qaçdı”,"qız itkin düşdü”,”anasını döyə-döyə öldürdü” və sair , və ilaxır…
Dünəndən iki yazı diqqətimi cəlb edib, həm də sarsıdıb: biri 65 nömrəli avtobusda boylu-buxunlu , yaraşıqlı bir gəncimizin özünü idarə edə bilməməsi, avtobusun salonunda qadına və daha sonra yaşlı kişilərə qarşı kobudluğu, digəri isə aeroport yolunda yolu süpürən qadının avtomobillə vurulması və həmin dəhşətli mənzərəni əks etdirən fotonun social şəbəkələrdə paylaşılması.
Yəqin ki, 65 nömrəli avtobusda baş verənləri əks etdirən epizoda internetdə siz də baxmısınız. Avtobusda iynə atsan yerə düşməzdi. Süjetdən göründüyü kimi, oğlan əyləşib, cavan bir qadın da onun yanında dayanıb.
Avtobuslarımızın, metro qatarlarımızın gerçək vəziyyəti belədir. Gözümüzün açandan avtobuslarda, metroda sərnişinlər nəinki "mehriban olub”, hətta mənzilbaşına "qohum ola-ola” çatıblar, yəni, az qala bir-birlərinə "yapışa-yapışa”.
Nə vaxt düzələcək nəqliyyatımızdakı bu nöqsanlar, nə qədər vəd vermək olar, nə qədər vəd eşitmək olar?
Mən 65 nömrəli avtobusdakı gəncimizi qınayıram, kimsə də hesab edirəm ki, belə hərəkətə haqq qazandıra bilməz. Amma bu hadisəni şərtləndirən səbəbləri və şəraiti də hökmən nəzərə almaq lazımdır.
 

Bəzi kütləvi informasiya vasitələrində təqdim edilən iki hadisə ilə bağlı  münasibət

 

Bir dəfə social şəbəkələrin birində bu mövzuda qızğın müzakirə gedirdi. Əksəriyyət bildirirdi ki, kişilərin qadınlara yer verməsi kübarlıqdır. Fəqət, bunun mütləq olmadığını da ifadə edənlər vardı. Məsələn, kifayət qədər ciddi olan biri ( profil səhifəsindən sonradan izləmişdim) yazırdı ki, müstəsna vəziyyət deyilsə, oğlanın qarşısındakı qıza, qadına öz yerini vermə öhdəliyi yoxdur. O da pul verib nəqliyyata daxil olur, başqası da. Prinsipcə, müəyyən həqiqət var bu yanaşmada
65 nömrəli avtobusda baş verən incidentdə bu baxımdan oğlanın deyil, əksinə, həmin nəqliyyatın məxsus olduğu şirkətin nümunəvi xidmət təşkil edə bilməməsi ilə bağlıdır. Hər birmiz nəqliyyatda gedib-gəlirik. Nəqliyyatımızn xidmət qüsurları hamımızın gözləri qarşısında baş verir. Fikirləşin, müəyyən qədər dayanacaqda avtobus gözləyən qadın əlində çanta, özü də bir qədər kefsiz və yorğun. Ha gözləyir ki, indi avtobus gələcək, bir təhər içəri daxil olub özünü boş olan oturacaqların birinə atacaq; boş oturacaq olmasa da, kişilərdən biri yer verəcək. Amma bu, baş vermir.Əsəbləri tarıma çəkilmiş qadın içədi daxil olub görür ki, boş yer yox, ayaqüstə heç rahat dayanmaq olmur, odur ki, bəlkə də nisbətən gənc görünən bu oğlana yaxın dayanır ki, yəqin, qalxacaq.
Oğlan da hansı səbəbdənsə qalxmır. Axı, avtobuslarımız hər zaman sərnişinlə dolu olur, onda kişilər avtobusa minməlidirlərmi, oturacaqlara yaxın getməməlidirlərmi? Axı metro hər gün basırıq olur.
Hörmətli qadınlarımız tərəfindən doğru anlaşılmağımı istərdim. Əgər bir qadın tanıdı-tanımadı belə vəziyyətlərdə hansı bir oğlanın, kişinin ehtiramına bel bağlayırsa, bu, əlbəttə, böyük etimaddır. Hər birimizin anamız-bacımız, qadınımız var. Hər kəs bu etimada cavabdehliyini unutmamalıdır. Məslə burasındadır ki, əgər nəqliyyatda bu cür basırıqların qarşısı alınardısa, salona oturacaqların sayından artıq sərnişin götürülməzdisə, bu xoşagəlməz hadisə yaşanmazdı, bu qədər insan gərginlik yaşamazdı, bir gəncimizi də polis aparmazdı.
Bu ilin yanvar ayında Xətai metrosu-Hövsan qəsəbəsi istiqamətində hərəkət edən 175 nömrəli avtobusun aşması nəticəsində çoxlu sayda sərnişin xəsarət almışdı.
Nəqliyyat Agentliyi bildirmişdi ki, mövcud qanunvericiliyə əsasən, sürücülərin işə qəbulu daşıyıcılar tərəfindən həyata keçirildiyindən Bakı Nəqliyyat Agentliyi prosesə müdaxilə etmir. Bu isə sərnişin avtobuslarının qeyri-peşəkar sürücülər tərəfindən idarə edilməsinə şərait yaradır. Fikir verin, avtobusun salonundakı sərnişinlərin sayından yayınıb məsələni özlərinin səlahiyyətində olmayan sürücünlərin seçilməsi məsələsi ilə necə ustalıqla bağlayırlar. Bu və ya digər avtobuslar hamının gözü qarşısında işləyir.Hövsana gedən avtobuslar həmişə basırıq olur. Guya, özəl oldu, dövlət oldu nə olsun, nəqliyyatda saat kimi işləyən system yaratmaq olmazmı? Əlbəttə, olar, amma əgər Nəqliyyat Agentliyi istəsə.
Bir neçə kəlmə də maşınla vurulmuş süpürgəçi qadın haqqında. Bu mövzuda da bir çox yazılar verildi, kifayət qədər statuslu adamlar hadisə barəsində münasibət də bildirdilər. Mətbuat onu yol qəzası kimi xəbərləşib keçdi növbəti belə xəbərilərnə.
Çoxdan Yaponiya həyatına aid maraqlı bir yazı oxumuşam: maraqlı və həm də gərəkli.

 

Bəzi kütləvi informasiya vasitələrində təqdim edilən iki hadisə ilə bağlı  münasibət


Yaponlar xəta etməyi sevməzlər və buna görə də hər hansı bir qəzanın qarşısını almaq üçün zərgər dəqiqliyi ilə onun mənşəyinə baş vururlar. Bunun üçün onların xətanı araşdırmaq üsulu var: "5 WHY”, yəni bir xəta baş verdikdə səbəbin kökünə çıxmaq üçün 5 dəfə "niyə” sualına cavab tapmaq.
Elə həmin yazıda bu üsula aid bir nümunə də vermişdilər:məsələn, hansısa şirkətin facebook səhifəsinə narazı bir müştəri satıcının ona pis xidmət göstərməsindən şikayətlənib. Bu halda yaponlar onu məhz 5 dəfə "Niyə?” deməklə araşdırardılar.
Satıcı müştəriyə pis xidmət göstərib, niyə?
Ona görə ki, yorğun olub.
Satıcı niyə yorğun olub?
Ona görə ki, bu gün 12 saat ayaq üstə dayanıb.
Niyə məhz 12 saat ayaq üstə dayanıb?
Ona görə ki, o mağazada iş sistemi belə qoyulub.
O mağazada iş sistemi niyə elə qurulub?
Ona görə ki, şirkət ümumən bu cür sistemlə işləyir.
Şirkət niyə belə bir sistemlə işləyir?
Ona görə ki, yeni CEO belə istəyib.

Və həmin xətanın bir daha baş verməməsi üçün də SEO üstündə dayanırdılar.
Məlum hadisə ilə bağlı social şəbəkələrdən götürdüyüm şəklin üstündə saat vaxtı verilib.Yəqin ki, şəklin çəkildiyi saatı bildirir: 2018- 3- 27 17: 22
Təsvirdən göründüyü kimi, qəza hansısa körpünün üstündə baş verib: saat 17:22 –də. Bu vaxt küçə və magistral yollarda nəqliyyatın hərəkət intensivliyininn sıx olan vaxtlarıdır, özü də aeroport yolunda, özü də nəqliyyatın manevr etmək imkanlarının məhdud olduğu körpünün üstündə. Həmin hadisədən yazan informasiya vasitələri bu hadisənin baş vermə səbəblərini yaponlar kimi "5 WHY” qaydası ilə incələmək əvəzinə, sadəcə, belə bir qəza verdiyini yazdılar və bir də onu qeyd etdilər ki, qəzanı törədən Zaur Musayev əvvəllər məhkum olunmuş şəxsdir.
Yaponların üzərində dayandığı CEO budurmu? Zaur Musayev məhkum həyatı yaşamamış olsaydı, bu bədbəxt hadisə baş verməyəcəkdimi?
Saytlarda verilən xəbərlərdə hadisə zamanı həyatını itirmiş Cəmilə Salahova "JEK” əməkdaşı kimi verilir, halbuki, küçə və körpülərin süpürülməsi MİS-nin xidmət sahəsi deyil. Aydınlaşdırmaq lazımdır ki, yol və körpülərin, hansı ki, belə yerlər sürətli yollardır, hadisə riski çox yüksəkdir, nə üçün süpürgəçi ərazini niyə gündüz saatlarında, hərəkətin sıx olduğu vaxtlarda süpürüb? Süpürgəçilən iş qrafiki təhlükəsizlik normalarına uyğunlaşdırılıbmı? Süpürgəçilərə normativlə ayrılan ərazi realdırmı, bəlkə normadan artıq əraziyə təhkim edilməsə, ərazini daha tez tərk edərdi? Nə üçün bu cür yerləri texnikanın köməyi ilə təmizləmirlər və sair.
Hər gün şəhərə, şəhərətrafı rayonlara yolumuz düşür və küçələrdə belə xidmət sahəsinin əməkdaşlarını görürük.
Onlar utanırlar, tanıyan olmasın deyə bütün üz-gözlərini bağlayırlar, qulaqları qapanır. Bunlar hamısı qəzanın baş vermə imkanlarını stimullaşdırır: gözlərin görmə hüdudları məhdudlaşır, səs, gurultu eşidilmir və ya zəif eşidilir.
Bu cür peşə sahələrinə bəlkə də əhəmiyyət verilmir, təhlükəsizlik tüxnikası qaydaları öyrədilmir, nəzarət edilmir və s.
Şəkildən göründüyü kimi, heç də yaşlı qadın deyilmiş, lap yaşlı qadın olmuş olsun, hərəsini bir ehtiyac gətirir süpürgəçiliyə. Nə olsun ki, süpürgəçidir. Onlar da hamı kimi bu xalqın nümayəndələridir. Yetər ki, qışın çovğununda, payızın küləyində, yayın od ələdiyi aylarda baş şəhərimizin çəkinə-çəkinə, utana-ytana, gizlənə-gizlənə şəhərimizin təmizliyi üçün zəhmət çəkən, səy göstərən bu nəcib peşə adamlarına günahkarlar, intellekti olmayan adamlar kimi, yaşı ötmüşlər kimi baxmayaq. Nə olsun ki, oxumayıblar.

Savadsızdır,
Adını da yaza bilmir
Mənim anam...
Ancaq mənə,
Say öyrədib,
Ay öyrədib,
İl öyrədib;
Ən vacibi:
Dil öyrədib
Mənim anam...
Bu dil ilə tanımışam
Həm sevinci,
Həm də qəmi...
Bu dil ilə yaratmışam
Hər şeirimi,
Hər nəğməmi.
Yox, mən heçəm,
Mən yalanam,
Kitab-kitab sözlərimin
Müəllifi - mənim anam!..

B.Vahabzadənin bu şeiri elə bilirəm ki, oxuyub-oxumamasından asılı olmayaraq, bütün anaların gerçək intellektini bəyan edir. Hər qadın bir anadır, süpürgəçi və ya alim olmasından asılı olmayaraq.

Bəzi kütləvi informasiya vasitələrində təqdim edilən iki hadisə ilə bağlı  münasibət

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz
SitatCavab
  • Qurup: Təsisçi
  • Qeydiyyat: 12.09.2016
  • Status: offline
  • Şərhləri: 69
  • Məqalələri: 983
^
Bu gün feysbukda bir klip paylaşmışdılar.Çox qısa vaxtda izləyicilərinin sayı 2 mini keçmişdi.Qız şokolad qabından ovuclayıb götürdüyü şokoladı üzünə, sinəsinə yayır..
Amma bizim yazımız əxlaqi-mənəvi mövzuda yazılmış bir yazıdır, cəmi 28 baxış var, bir şərh də yoxdur. Niyə?
Oxucularımız nədən belə passiv?
  • Нравится
  • 1