» » Azərbaycan Respublikasının Birinci Vitse-prezidenti Mehriban Xanım Əliyevaya məktub

Azərbaycan Respublikasının Birinci Vitse-prezidenti Mehriban Xanım Əliyevaya məktub

 
 
 

Azərbaycan Respublikasının Birinci Vitse-prezidenti   
Mehriban Xanım Əliyevaya
Xətai rayonu, General Şıxlinski küçəsi 49,
mənzil 62-də yaşayan
Əhmədov Akif Səmid oğlu tərəfindən


Ərizə

Mən Cənab Prezidentin əlləri və ürəyi ilə idarə olunan ölkəmizin taleyinə nikbinliklə baxıram və mövqeyimə də həmişə sədaqətli qalacağam: ən birincisi, ölkəmizdə hər birimiz üçün çox vacib olan ictimai asayişə və beynəlxalq aləmdəki nüfuzumuza görə.
Siz ölkəmizdə nə qədər körpə və uşaq olduğunu bilirsiniz. Bir ata-ananın, baba-nənənin öz balalarının, nəvələrinin sağ-salamat böyüdüyünü görməsi, onların oyunlarını, təbəssümlərini izləməsi necə fərəhlidir, bunu da bilirsiniz. Bunların etibarlı zəmanəti Cənab Prezidentimizdir, onun çiyinlərinə dəstək verən sədaqətli silahdaşı və ömür-gün yoldaşı, Mehriban xanım, Sizsiniz.
Sizin Birinci Vitse-prezident vəzifəsinə təyin olunan ərəfədə Rusiyanın "Rossiya 1” telekanalının "Vesti nedeli” verilişinə verdiyiniz müsahibəni bu əminliyin daha bir təntənəsi kimi qəbul etdik:
"... Mən birmənalı olaraq bilirəm, əminəm ki, həyat yoldaşımın mənə tövsiyələri və ya söyləyəcəkləri dövlətin maraqları ilə tamamilə üst-üstə düşəcək”.
Biz bu vədə inanır və minnətdarlıqla qəbul edirik. Çünki Sizin istər ölkə daxilində, istər beynəlxalq aləmdə qibtəediləcək qədər şöhrətli nüfuzunuz var. Dünyanın bu gün Azərbaycana olan münasibəti Cənab Prezidentlə yanaşı, həm də Sizə görədir.
Bu gün Azərbaycanda mövcud olan sivilizasiyalararası dialoq, tolerantlıq, multikulturalizm, eləcə də digər əməkdaşlıq əlaqələri o dərəcədə yüksəkdir ki, artıq dünya bu mədəni, siyasi, iqtisadi inteqrasiyanı beynəlxalq münasibətlər mədəniyyətinin Azərbaycan modeli kimi qəbul edir. Bütün bunlar Azərbaycanda davamlı və etibarlı sülh üçündür, firavanlıq üçündür.
41-ci Dünya Skaut Konfransında iştirak etmək üçün Bakıya gəlmiş Pan Gi Munun AZƏRTAC-a müsahibəsində söylədiyi fikir bunun çox mötəbər ifadəsi və təsdiqidir:
"... mən BMT-nin Baş Katibi vəzifəsində çalışmağa başlayandan Azərbaycan missiyası ilə sıx əlaqə saxlayırdım. Azərbaycan Prezidenti İlham Əliyev sülhün və sabitliyin qorunub saxlanması üçün hər cür səy göstərir. Mən ona ürəkdən heyranam və onun liderlik qabiliyyətinə hörmət edirəm.”
Hörmətli Mehriban xanım, bu gün Azərbaycanda mövcud olan sosial-iqtisadi inkişafın , geniş abadlıq və quruculuq prosesinin təntənəsini ölkəmizə qədəm basan hər bir kəs ilk olaraq Bakının timsalında görür, regionlarımıza səfər etdikcə bu yüksəlişin məqsədyönlü və davamlı olduğunu bir daha yəqin edir.
Azərbaycanda bu məqsədlə 10-dan artıq Dövlət Proqramının qəbul edildiyini, ayrıca olaraq Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramlarının qəbul edildiyini hər birimiz bilirik.
Müasir həyatımız o qədər informasiyalaşıb ki, örtülü olan, gizli qalan heç nə yoxdur. Hər şeyi anındaca seyr etmək, izləmək və ya oxumaq olur. Kütləvi informasiya vasitələrinə nə vaxt üz tutsaq , görərik ki, Cənab Prezident hardasa istifadəyə veriləcək bir müəssisənin, binanın qırmızı lentini kəsir, hansısa inşa ediləcək bir binanın ilk təməlini atır və yaxud eşidəcəyik ki, hansısa şəhər və ya qəsəbədə abadlıq-quruculuq işlərinin bərpası, hansısa yolun inşası və təmiri üçün pul ayrılması haqqında sərəncam imzaladı; Birinci Vitse-prezident Mehriban Əliyeva hansısa məktəbin, uşaq bağçasının istifadəyə verilməsində iştirak etdi, hanslsa sərgidədir, valideyn himayəsindən məhrum olmuş uşaqların əhatəsindədir, şəhid anaları ilə görüşür; Heydər Əliyev Fondunun vitse-prezidenti, İslam Əməkdaşlıq Təşkilatı Gənclər forumunun mədəniyyətlərarası dialoqunun baş koordinatoru, Ətraf mühitin mühafizəsi naminə beynəlxalq dialoq ictimai birliyinin (IDEA) təsisçisi və sədri Leyla xanım uşaqlar üçün təşkil edilmiş əyləncə proqramında balacalarla baş-başadır, Şahdağ Milli Parkındadır, Ümumdünya Parklar Konqresinin açılışında iştirak edir, Ətraf mühitin mühafizəsi naminə "Live Life" adlı sərginin aşılışındadır, IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində BMT-nin Ətraf Mühit Proqramının (UNEP) icraçı direktorunun müavini İbrahim Thiaunu qəbul edir və sair, və ilaxir...
Bütün bunlar "Mən ömrümün qalan hissəsini də xalqıma bağışlayıram" deyən Ümummmilli liderimizin ləyaqətli varisləri tərərfindən şərəflə davam etdirilən bir ömrün davamıdır .
Biz müdriklərdən, Böyük Ədəbiyyatdan, Böyük Sənətdən öyrəndik ki, "Xalqdan böyük dayaq yoxdur”, "Xalqa söykənən dağa söykənir”.
Cənab Prezident də , Siz də hər zaman xalqla birlikdə olduğunuz üçün əsl Lidersiniz. Yaşımızın şəhadət verdiyi bu 63 ildə xalqla bu qədər canlı ünsiyyətdə olan, sadə insanların süfrəsi arxasında əyləşən, mənzil-məişət şəraiti ilə maraqlanan Lider görmədik, özü də ancaq , sadəcə, mərkəzdə deyil, ölkəmizin hər guşəsində.
Hörmətli Mehriban xanım, fəqət, bu inama tapınıb bir sıra problemimizi də diqqətinizə çatdırmaq istəyirəm. Bu problemlər mərkəzdən uzaq - dövlət rəsmilərinin o qədər də yolu düşməyən məhəllələrlə bağlıdır. 10 il əvvəl bu əraziyə köçəndə yaşadığımız məhəllənin problem və sosial qayğıları indikindən az idi, amma ildən – ilə həmin problem və qayğılar artıb və indi də artmaqdadır. Səbəb Xətai Rayon Mənzil Kommunal TəsərrüfatI Birliyi və 96 nömrəli Mənzil İstismar Sahəsinin yanlış idarəçiliyidir. Onlar insanların sosial problemlərini Cənab Pezidentimizin yaratdığı qüdrətli ölkənin yüksələn iqtisadi inkişafına uyğun deyi, özlərinin "yola vermək” prinsipi ilə həll edirlər.
Biz sakinlər adından, eləcə də fərdi şəkildə 96 nömrəli MİS-nin rəhbərliyinə, Xətai Rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinə, həmçinin digər aidiyyəti qurumlara dəfələrlə müraciət etmişik. Amma xidmət təşkilatları heç bir tədbir görməyib və ya əsassız bəhanələr gətirərək vaxtı uzadıblar.
Belə olduqda biz daha yüksək qurumlara - Xətai Rayonu 3 Nömrəliı Sahə İnzibati Ərazi İdairəsinə, Ekologiya Nazirliyininn Ətraf Mühitin Mühafizəsi üzrə Milli Monitorinq Departmentinə, Respublika Gigiyena və Epidemiologiya Mərkəzinə, Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinə müraciət etmişik. Onlar müraciəti, şikayəti ədalətli şəkildə araşdırıb tədbir görmək əvəzinə, məktubumuzu təmsil etdikləri nazirliklərin rayon təşkilatlarına, rayon təşkilatları da Xətai Mənzil Kommunal Təsərrüfatı Birliyinə göndərib. Mənzil Kommunal Təsərrüfatı Birliyi isə iş görməkdənsə, sadəcə, hər dəfə trafaret cavablar yazıb.
Bu məmurlar "şikayətçi” sözünün etimologiyasını səhv anlayırlar. Onlar elə bilirlər ki, şikayətçilər üçüncü, dördüncü kateqoriya adamlardır və yaxud təhlükəli adamlardır, radikal müxalifətçilərdir və s. Şikayət edən bu adamlar isə haqqı, hüququ pozulan sadə insanlardır və onlar dövlətimizə, onun Prezidentinə həmin məmurlardan qat-qat daha sıx bağlıdırlar. Onlar Prezidentə inanır və hər zaman da ümid edirlər. Əgər bu ümid olmasaydı, onda heç kim Cənab Prezidentə, Mehriban xanıma təkrar-təkrar üz tutmazdı da.
Biz sovet dövründə yaşamışıq və görmüşük ki, insanların müraciət etdikləri yuxarı təşkilatlar məsələnin mahiyyətini araşdırıb ədalətli, həm də əsaslandırılmış nəticəyə gələr və məsələnin necə həll edilməsi barədə şikayət olunan yerli təşkilatlara və ya şəxslərə konkret tapşırıqlar verərdilər.
Vətəndaşların müraciətlərinə baxılması haqqında Azərbaycan Respublikasının bu gün qüvvədə olan Qanununda da (maddə 7; bənd 7.13) vətəndaşların müraciətlərinin qanuna zidd hərəkətindən (hərəkətsizliyindən) şikayət edilən təşkilat və ya onun vəzifəli şəxslərinə göndəriməsi qadağan edilir.
Amma təəssüf ki, bizim məktublar hər dəfə fəaliyyətindən/fəaliyyətsizliyindən şikayət olunan təşkilat və ya şəxslərə göndərilib.
Hörmətli Mehriban xanım , Birinci Vitse-prezidentlik Azərbaycan dövlətçiliyi üçün yeni təsisatdır və Sizin də onun rəhbəri olmağınız bu təsisata olan inam və ümidlərə yeni bir məzmun gətirmişdir. Əminəm ki, bu dəfəki müraciətimiz Sizə ünvanlandığı üçün hər kəs məsuliyyətini anlayacaq və bizim məhəllənin uzun illər davam edən problemləri həll ediləcəkdir .
Hörmətli Mehriban xanım, sonda Xətai rayon, General Şıxlinski küçəsi 49 mömrəli, eləcə qonşu binalarda yaşayan sakinlərin problemlərini qısaca yazım:
Mindən artıq sakinin yaşadığı bu ərazidə insanların, xüsusən, yaşlı adamların, dincəlmək, təmiz hava almaq üçün sovet dövründən malik olduqları ərazilər (binaların qarşısındakı park və bağlar, həyətlər, səkilər, qazonlar)getdikcə tükənməkdədir.
Uşaqlar üçün meydançalar, gəzinti və təmiz hava almaq üçün yaşıllıq zolaqları yoxdur. Onlar tozun-torpağın içərisində oynayırlar.
Ərazidə abadlıq səliqə-sahman işləri aparılmır, ağaclara, yaşıllıqlara heç vaxt su verilmir, ağaclar, otlar susuzluqdan imdad diləyir.
Yaşadığımız 49 saylı binanın qarşısında 100-120 kvadratmetlik 1 meydança var. Ətrafdakı bütün binaların sakinləri bu kiçik əraziyə toplaşır ki, nəticədə sıxlıq yaranır, əlavə problemlər ortaya çıxır. Halbuki, hər binanın qarşısında da həmin binada yaşayan sakinlər üçün nəzərdə tutulmuş sahə var. Amma həmin sahələr sahibkarlıq niyyətləri ilə istifadə edilir, Mənzil İstismar Sahəsi buna göz yumur, bütün hallarda sahibkarlara dəstək verir.
İnsanların sosial problemləri ilə məşğul olmağa müvəkkil edilmiş qurumlar, məmurlar mövcud problemləri həll etmir və ya başdansovdu həll edirlər.
Məişət tullantıların toplanılması , saxlanılması, vaxtlı-vaxtında daşınması çox nizamsız bir şəkildə aparılır, sanitariya təhlükəsizliyi gözlənilmir, zibil meydançaları dezinfeksiya edilmir.
Əksər vaxtlarda məişət tullantıları yandırılır.
Məhəlləmizdə çoxlu sayda sahibsiz itlər var, insanların, avtomobillərin arxasınca qaçaraq təhlükə törədir.
Su, kanalizasiya xidmətində baş verən qəzalar zamanı təmirçilər qəzanı köklü şəkildə aradan qaldırmaqdansa , su sızan yerə taxta çüy vurub , küçəni, səkini də qazdıqları kimi qoyub gedirlər.
Hansına deyirsən , bir-birlərinin üstünə atırlar ki, filan təşkilat etməlidir.
Yerli xidmət qurumları arasında koordinasiya olmadığı üçün ümumi nəzarət də yoxdur. Amma xidmət sahələri arasında ümumi koordinasiya , ümumi nəzarət olsa, hər bir təşkilat öz işinə məsuliyyətlə yanaşar və öz aralarında etimad və məsuliyyətə əsaslanan bir xidmət nümunəsi yaradardılar.
Bizim yaşadığımız binalar sovet dövründən qalma binalardır, problemlərin bir qismi də bu səbəblə bağlıdır.
Bu ərazidəki liftlər istismar müddətini artıq başa vurub və tez-tez xarab olur. Lift idarəsinin əməkdaşları hər dəfə təmir xərcini qanunsuz olaraq sakinlərə ödətdirirlər. Ayın əvvəlində liftimizin mühərriki yandığı üçün blokumuzun sakinləri lift idarəsinə 220 manat ödədi.
Bu ərazilərin sakinləri ictimai nəqliyyat sarıdan da çox əziyyət çəkir. Binamızın qarşısından cəmi 2 avtobus marşrutu var, onun biri də ancaq qayıdanda bu yolu keçir.
Digər problemimiz isə fərdi avtomomobillərin "parkovka” edilməsi ilə bağlıdır. Bu qədər ərazisi olan bir məhəllədə bunun nümunəvi həllinin tapılmamamsı xidmət təşkilatlarının, xüsusən, bələdiyyənin, 96 nömrəli MİS-nin laqeydliyidir. Faktik olaraq bu qurumlar heç bir iş görmürlər.
Ölkə Prezidenti bütün görüşlərində məmurlara ədalətli olmağı tapşırıb, insanlara həssas yanaşmağı tələb edib. Amma bəzi məmurlar insanlara aşağılayıcı münasibət bəsləyirlər. Şəxsən, mənim müraciətlərimə verilən cavabları mən özümə qarşı bu cür qəbul edirəm.
30 yanvar 2017-ci ild ə Prezident İlham Əliyev Heydər Əliyev Mərkəzində "Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın icrasının üçüncü ilinin yekunlarına həsr olunmuş müşavirədə məşhur çıxışında məmurlara xatırlatdı:
-Hər kəs bilsin, eşitsin və nəticə çıxarsın: məmurlar xalq üçün yaşayırlar, əksinə deyil. Məmur xalqın xidmətçisidir, vətəndaşa xidmət göstərməlidir, köməklik göstərməlidir, yekəxanalıq etməməlidir, hansısa qanunsuz tələb irəli sürməməlidir, özünü təvazökar aparmalıdır - özü də, ailə üzvləri də, nümunə olmalıdır, rüşvətxorluqla məşğul olmamalıdır, soyğunçuluqla məşğul olmamalıdır. Məmur, bax belə, dediyim kimi olmalıdır.
Mehriban xanım, Siz özünüz də Birinci Vitse-prezident təyin olunarkən
"İstəyim diqqətimi maksimum dərəcədə sosial problemlərə, əhalinin aztəminatlı təbəqəsinin problemlərinin həllinə yönəltməkdir” deyərək, məmurları Cənab Prezidentin kursuna xidmət etməyə çağırmısnız.
Çox hörmətli Mehriban xanım, mənim 63 yaşım var, ali təhsilliyəm. "Ana və Uşaq” adlı elektron ictimai-siyasi pedaqoji jurnalın baş redaktoruyam. Dövlətimizin, onun ali rəhbərlərinin hər bir göstərişini, müəyyən etdiyi hər bir xətti ürəkdən bəyənir və dəstəkləyirəm. Jurnalımızın məramı, məqsədi də bu yolda fəaliyyət göstərənlərin sırasında olmaqdır.
Sovet dönəmində nümunəvi məhəllə yaratmaq uğrunda təşəbbüslər olurdu. MİS-lərin nəzdində sakinlərlə, uşaqlarla iş aparan qurumlar vardı.İnsanlar arasında səmimiyyət, ümumi ideallara bağlılıq indikindən daha yüksək idi. Təbiətə, ictimai əmlaka, sosial birgəyaşayış qaydalarına, çörəyə daha fərqli münasibət vardı.
Bu ənənələrin yenidən bərpası üçün böyük maarifçilik hərəkatına ehtiyac var, insanların fəal həyat mövqeyinə ehtiyac var.
Biz məhəlləmizin sosial problemləri fonunda belə məsələlərə münasibət bildirərək jurnalımızda iki dəfə yazı dərc etmişik və vəziyyəti əks etdirən şəkillərlə birlikdə ( 1. http://anaveusaq.az/tebiet/1643-49-nomreli-binanin-sakinleri-bu-mehellede-asude-nefes-ala-bilmirler.html ; 2. http://anaveusaq.az/tebiet/1748-modern-tehlukesizlik-tedbirleri.html) həm də yuxarıda adlarını qeyd etdiyimiz təşkilatlara göndərmişik.
İstəmişik ki, məhəlləmizin problemləri ilə yanaşı, yazıda önə çəkdiyimiz məsələlərə auditoriyamızın diqqətini çəkək.
Cənab İlham Əliyev jurnalistlər üçün inşa edilmiş ikinci binanın açılışında jurnalistlərin fəliyyətinə çox böyük qiymət və zəmanət verdi: " Dövlət məmurları, yaxud digər şəxslər, qüsurlara yol verən şəxslər bilirlər, Azərbaycanda söz və mətbuat azadlığı imkan verməyəcək ki, onlar işdə hansısa qüsurlar buraxsınlar. Ona görə jurnalistlər bəlkə də özləri də bilmədən mənim köməkçilərimdir. Buna görə də mən sizə minnətdaram. Əminəm ki, siz gələcəkdə də bütün cəmiyyəti narahat edən, incidən məsələlər haqqında yazacaqsınız, harada hansı ədalətsizlik var, qanunsuzluq var, dərhal operativ reaksiya verəcəksiniz, cəmiyyətin və dövlət orqanlarının diqqətini bu məsələlərə cəlb edəcəksiniz. ”

Azərbaycan Respublikasının Birinci Vitse-prezidenti  Mehriban Xanım Əliyevaya məktub

Akif Əhmədov,
"Ana və Uşaq” ictimai-siyasi, pedaqoji onlayn jurnalın
Təsisçisi və baş redaktoru

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz
SitatCavab
  • Qurup: Qonaq
  • Qeydiyyat: --
  • Status:
  • Şərhləri: 0
  • Məqalələri: 0
^
Появился в интеренете русский кинофильм Крым. суперский, добрый, нужно посмотреть целой семьёй, здесь гиперссылка посмотреть киношку КРЫМ ЗДЕСЬ
  • Нравится
  • 0