» » İnsanlıq Himni: “Uşaq Müdafiəsi Hər Kəsin İşidir”

İnsanlıq Himni: “Uşaq Müdafiəsi Hər Kəsin İşidir”


Müsabiqə  üçün

İnsanlıq Himni:  “Uşaq Müdafiəsi Hər Kəsin İşidir”

" Uşaqlar hər gün binanın qarşısındakı meydançaya toplaşırdılar. Qonşu binalardan da gələn olurdu. Axşam gün batandan sonra dağılışıb evlərinə gedən və hərəsi ayrı-ayrı ailələrin uşaqları olan bu balacalar səhər yenə adəti üzrə həyətə toplaşır, axşama kimi yenə bir ailənin uşaqlarına çevrilirdilər. Müxtəif oyunlar oynayar, deyər-gülər, yorulmaq bilməzdilər. Bir dəfə təmiz hava almaq üçün həyətə çıxıb skamyalardan birində əyləşdim. Bir azdan uşaqlar toplaşacaqdılar. Çox təsirli bir səhnənin şahidi oldum. Balacalar yavaş-yavaş görünməyə başladılar. Maraqlı idi: qısa fərqlə eyni vaxtda hamısı həyətə cəm oldular. Salamlaşdılr. Birisi yeni top gətirmişdi ki, atam dünən alıb. Birisi ayağındakı təzə futbol kedasını irəli uzadırdı ki, atam da mənə bunu alıb. Bir şirin, totuq balaca da əlindəki şaftalını dişlərinə çəkərək: "Mən də atamla tezdən bazara getmişdim” dedi.
Kimisi özünü sındırmamaq üçün atası ilə rayona gedəcəyindən, kimisi də atasının ona velosiped alacağından ağızdolusu coşdu. Hamısı gündə rastlaşdığım tanış uşaqlardı. Amma bir uşaq məhzun baxışlarla, sadəcə, gözlərini onlara zilləyib cavab verə bilmədiyi bir sualın ağırlığından bir az da balacalaşırdı. Onun atası iki il olardı vəfat etmişdi.
Eh, atasızlığın nə demək olduğunu duya bilməyən bu uşaqlara o yetim bala ilə bölüşdüyüm acını necə izah edim?”
Bu da balaca vaxtı mənim atamın süfrə başında bizə bir qəzetdən oxuduğu hekayədən yadımda qalanlardır.
İstərdim "SOS Uşaq Kəndləri – Azərbaycan” Assosiasiyasının 1 İyun – Beynəlxalq Uşaq Müdafiəsi Günü ərəfəsində təşkil etdiyi təlimə də, eləcə də jurnalistlər üçün "Uşaq müdafiəsi və media” mövzusunda elan etdiyi müsabiqəyə də atamın uşaq vaxtı bizə oxuduğu hekayənin yaratdığı duyğularla baş vuraq.
Bütün millətlər uşaqlara özlərinin gələcəyi kimi baxırlar. Uşaqlar ailənin güzgüsü olduğu kimi, gələcəyimizin də güzgüsüdürlər. Bu gün əgər onlar xoşbəxt yaşayırlarsa, hər yerdə qayğı ilə əhatə olunursa, torpaq, hava, göy, dəniz, həqiqətən onlarındırsa, sabah onlar bu torpağı, havanı, göyü, dənizi sevəcək və qoruyacaq, insanlıq və cəmiyyət üçün yararlı şəxslər olacaq.
Bu mənada uşalar üçün qoyulan investisiyalar cəmiyyətin mövcudluğu, xoşbəxt və firavan həyatı üçün ən təminatlı investisiyadır.
Xoşbəxt uşaqlıq həm də həyatın, insanlığın etibarlılıq və davamlılığına bir zəmanətdir. Odur ki, hər bir cəmiyyətin mədəni səviyyəsi həmin cəmiyyətin öz uşaqlarına verdiyi dəyər və xidmətlərlə ölçülür.
Bəs Azərbaycanda uşaqların həyatı necə təmin olunub? 1990-cı illərdə-keçid dövründə sovet dövrünün uşaq təşkilatları , o cümlədən pioner düşərgələri, uşaq pansionatları ləğv edildi və ya uşaqların əllərindən alındı. Nəticədə, uşaqlar birgə istirahət və tədbirlərdən məhrum olundular. Uşaqların fərd olaraq formallaşması və sosiallaşmasında bu cür ünsiyyətlər çox önəmlidir. Bir tərəfdən də müharibə ayrı-ayrı rayonlarda yaşayan uşaqları ümumi oyun yerlərindən, oyunlarından, belə demək mümkünsə , sevinclərinin, Vətən duyğularının maya tutacağı yerlərdən məhrum etdi. 20 ildən artıq davam edən müharibənin gətirdiyi sosial-iqtisadi çətinliklər ailələrin keyfiyyət tərkbinə təsirsiz ötüşmədi.

İnsanlıq Himni:  “Uşaq Müdafiəsi Hər Kəsin İşidir”

Birləşmiş Millətlər Təşkilatının Uşaqlara Kömək Fondunun (UNICEF) məlumatlarına görə dünyadakı uşaqların təxminən dörddə biri döyüş, böhran və təbii fəlakətlərin təsir etdiyi ölkələrdə yaşayır.
Bu ölkələrdə yaşayan 535 milyon uşağa səhiyyə xidmətləri göstərilmir, onlar keyfiyyətli təhsil ala bilmir, aclıq çəkir və s.
Müharibə Azərbaycan uşaqlarının taleyinə də ağır zərbələr vurmuşdur. Erməni təcavüzü nəticəsində 150 000 ev , 693 məktəb, 855 uşaq bağçası, 695 tibb müəssisəsi, 927 kitabxana dağıdılmış, 20 000 –dən çox insan həlak olmuşdur, 50 000 –dən çox insan əlil olmuşdur, 4014 (17 nəfəri azyaşlı qız, 254 nəfər qadın, 154 nəfəri isə yaşlı qadınlardır) insan itkin düşmüş, ümumilikdə, münaqişə müddətində 6000-dən çox Azərbaycan vətəndaşı itkin düşmüş, əsir-girov götürülmüşdür. Erməni əsir və girovluğundan azad edilənlərdən 342 nəfəri qadın, 68 nəfəri azyaşlı qız, 112 nəfəri isə yaşlı qadındır. 554 nəfər əsir və girovluqda qətlə yetirilmiş, yaxud müxtəlif səbəblərdən vəfat etmişdir, onların 104 nəfəri qadındır.
Yəni, bu rəqəmlər müharibə itkiləri olmaqla bərabər, həm də hər say rəqəmi bir ailənin, həmin ailədə yaşayan uşaqların taleyinə yazılmış faciədir. Hələ də erməni əsirliyində qalmış uşaqlarımız var. Valideynərinin hər ikisini və ya birini itirmiş nə qədər uşaqlarımız var. Qaçqın çadırlarında yaşamağa məhkum olmuş ailələrə dövlət tərəfindən nə qədər dəstək olunsa da, bu uşaqlar normal uşaq həyatını yaşaya bilmədilər: təhsildən yayındılar, azyaşlı ikən çörək qazanmaq üçün maşın şüşələri silməyə, xırdavat alveri etməyə məcbur oldular...
Həm də valideyn , ailə qayğısı əhatəsində böyüyə bilmədilər. Nə qədər deməsək də, utansaq da deməyə, dilənmək yolunu tutanlar və ya buna təhrik edilənlər də oldu. Döyülən, alçaldılanlar da oldu. Sevgi, mərhəmət dolmalı olan ürəklər intiqam, nifrət hissləri yuvasına çevrildi. Gələcəkdə onların qatillərə çevrilməyəcəyinə kim zəmanət verə bilər?
Bu yaşda uşaqlar elə utanc vəziyyətlərə düşürlər ki, bu, istər-istəməz onların psixoloji olaraq natamam böyüməsini şərtləndirir. Bunların qarşısı alınmazsa, bir humanist niyyət, bir humanist əl onları sağlam mühitə yönəltməsə, sabah bugünkündən daha çox problemlərlə qarşı-qarşya qala bilərlər.
Haqqında danışdığımız mövzu barəsində maraqlı yazılar çox izlədim bu neçə gündə.
Belə yazıların birində çox haqlı olaraq ifadə edirlər ki, uşaqlara qarşı pis davranışların, zorakı münasibətlərin forma və məzmunu keçən əsrin ortalarından daha çox müşahidə edilməyə başlamışdır. Bu tendensiyanı dünyanın diqqətinə çatdırmaq üçün 1979-cu il Beynəlxalq Uşaq İli elan edilib.
Alman qəzeti "Die Welte” "böyüyüb gələcəkdə sosial əlillər olacaq uşaqların sayı getdikcə artır" deyə dünyanın ağıllı başlarını, siyasi liderlərini bununla yönəli addımlar atmağa səsləyirdilər.

İnsanlıq Himni:  “Uşaq Müdafiəsi Hər Kəsin İşidir”

Kanadada daha bir xüsusi komissiya öz hesabatında ciddi-cəhdlə cəmiyyətin diqqətini "onlara məhəl qoymadığını düşünən" bir nəslin yox olmasına çəkərək dərhal hərəkətə keçməyə çağırırdı.
Valideyn himayəsindən məhrum olan uşaqlar layiq olmadıqları halda üstlərinə "sevilməyən və arzuolunmayan uşaqlar” yarlığı qoyularaq cinayətlərə sürüklənir. Məsələn, polis təşkilatı ABŞ-ın yalnız bir böyük şəhərində evdən qaçmış 16 yaşa qədər 20.000 nəfərin yaşadığını müəyyən etmişdi. Bu uşaqlar, əsasən, alkoqol, narkoman ana- atalarından əziyyət görənlər idi, bəziləri istər öz doğma yuvalarında, istərsə də yaxın ətraflarında vəhşicəsinə davranışların nəticəsində bu yolu seçmişdilər. Küçələr isə onları cəmiyyət üçün daha qorxulu problemlərə hazırlayırdı. Onlar yaşamaq üçün bədənlərini satır, oğurluq edir, adam öldürür və gec-tez cavab tədbirlərilə qarşılaşacaqlarını zənn edərək cəmiyyətə nifrət ruhunda böyüyürdülər. Bunlar da dünyaya uşaq gətirirdilər, amma gələcəkdə özlərinə oxşayacaq varisləri kimi.
Bir alman siyasətçisi çox haqlı olaraq yazmışdı ki: "Sevgi görməyən uşaqlar sonra da nifrət dolu böyüklər olurlar".
Bütün bunlar bir şəhərin, bir ölkənin deyil, dünyanın problemi kimi qəbul edilməlidir. Çünki millətlər işıqlı fikirlərlə yaşayanda, dünya da gözəl olur, yaşamaq da.
Dünya nə qədər inkişaf etsə də, gözəlləşsə də, sirr deyil ki, müasir inkişaf, urbanizasiya, əhali artımı, işsizlik kimi səbəblər özülü möhkəm olmayan ailələrdə valideyn himayəsindən məhrum olan uşaqlar kimi ictimai problemli qruplar da yaratmışdır.
Bu gün dünyanı, insanları qayğılandıran da elə bu narahatçılıqlardır.
Uşaqların sağlam, bilikli və xoşbəxt inkişafı üçün öhdəlik birinci olaraq ailənin üzərinə düşür. Əgər ailənin olmaması, dağılması və ya hər hansı səbəbdən valideynlər öz vəzifələrini yerinə yetirə bilməzsə, onda bu vəzifələr dövlətin üzərinə düşür. Belə hallarda ailə qayğısı və təhsildən məhrum olmuş uşaqlara "valideyn himayəsindən məhrum olmuş uşaq” adı verilir.
 

İnsanlıq Himni:  “Uşaq Müdafiəsi Hər Kəsin İşidir”

Valideyn himayəsindən məhrum olmuş uşaqlar o uşaqlar hesab olunurlar ki, onların ruh və əxlaq inkişafları, eləcə də şəxsi həyatları təhlükə qarşısında qalır.
Valideynlərin birini və ya hər ikisini itirmiş uşaqlar da var ki, belə uşaqlar xüsusi qayğıya ehtiyacı olan başqa bir qrupu təşkil edirlər. Onlar yetkinlik yaşına çatana kimi balanslı bir şəkildə sosial dəstəyə ehtiyac duyurlar. Yetimxanalar və övladlığa götürmə mərkəzləri, hər iki valideyndən məhrum olmuş uşaqların ehtiyaclarını ödəməyə çalışır. Amma belə uşaqlar arasında xəstə, əqli pozğunluğu olan, fiziki imkanları məhdud uşaqlar çox vaxt həmin diqqətdən kənarda qalır.
Ana- atası olmayan uşaqlar üçün edilən təşəbbüslərə ən gözəl nümunə avstriyalı sosial pedaqoq Herman Maynerin 1949-cu ildə Avstriyanın İmst şəhərində "SOS Uşaq Kəndi” adı verdiyi bir sosial mərkəzi nümunə göstərmək olar. Kiçik bir başlanğıcla fəalyyətə başlayan "SOS Uşaq Kəndi” sonra Afrika, Amerika, Asiya və Avropanın daha 131 ölkəsində təxminən 1.500 kəndi və buna bənzər təşkilatı öz ətrafında birləşdirmişdi.
Bu kəndlərdə bütün pedaqoji və psixoloji heyət tərəfindən uşaqlara yol göstərilir və müxtəlif şəxsi problemləri üçün lazım olan köməklər edilirdi. Uşaqlar burada şəxs olaraq özlərini tənha hiss etmir, qayğı, isti münasibətlə əhatə olunurdular.
Maynerin təşəbbüsü dörd rəsas prinsipə əsaslanıb: ana, qardaşlar, ev və kənd.
 

İnsanlıq Himni:  “Uşaq Müdafiəsi Hər Kəsin İşidir”

1. Anaya sahib olmaq-İstər valideynlərini itirmiş, istərsə də valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün birinci şərt anaya sahib olmaq idi. Ana qayğısından məhrum olaraq böyüyən uşaqların yaxşı qidalanma və saxlanma şəraitinə baxmayaraq, boylarının , bədənlərinin artmadığı, nitq və ünsiyyətlərində gerilik, tualet ehtiyaclarına laqeydlik kimi hallar müəyyən olunmuşdur.
Ananın həyatımızdakı rolunu etiraf etməmək olmur.
Qadınsız bir evdə nəinki uşaq,
Kişi də yetimdir, ev də yetimdir,- deyən şair necə də haqlıdır.
Kanadada nəşr olunan "Toronto Star” adlı qəzetdə bir yazıda qeyd edilib ki: "Mütəmadi olaraq qucaqlanmayan, sevgi göstərilməyən, ya da ana nəvazişini duymadan böyüdülən uşaqların anormal miqdarda stress hormonları vardır". Əslində, uşaqlıq dövrü ərzində fiziki olaraq etinasızlıq edilmək "öyrənmə və yaddaş üzərində uzun perspektivdə ciddi təsirlərə yol aça bilər. "
Hesab edirik ki, Mayner də prinsiplərində yanılmamışdı. Ailənin, övladın ayaqda durması üçün, həm də məğrur durmaı üçün Qadının –Ananın rolu ilkin şərtdir.
Maynerin prinsipi ilə fəaliyyət göstərən kənddə bir "ana" 5-6, bəzən də daha böyük ailənin anası olur. Ana onlarla birlikdə yaşayır və övladlarına həqiqi bir anadan gözlənilən əsl sevgi və qayğını əsirgəmir. Ailə üzvləri böyüklü-kiçikli yaşayır, bir-birlərinə bağlanırlar. Bu onları eqoizmdən, tənhalıqdan xilas edir, onları sosiallaşdırır. Adi ailədə həyat hansı axarda davam etdirilirsə, eynən burada da həmin nizam hökm sürür.
Hər "ailə" xərclərini ödəmək üçün müəyyən maliyyə vəsaiti ayrılır, onlar hər ay konkret nəsə alır və bununla pulla rəftar etməyə, ailə məsuliyyəti daşımağa yönləndirilirlər. Bu, onlara yetkin olanda öz ailə büdcələrini idarə etməkdə çox kömək edəcək..
Evdə görüləsi işlərdə atanın rolu da danılmazdır : həm uşaqlara ata öyüd-nəsihət vermək üçün, həm də ailə başçısı qarşısında məsuliyyət hiss etmələri üçün.
Bu məsələ SOS uşaq kəndlərinin həyatı üçün vacib məqamlardan biridir. Son on il ərzində aparılan araşdırmalar ilk yaşlarda uşaqların inkişafında atanın da ana qədər əhəmiyyətli olduğunu önə çıxarmışdır.
Hətta, bu məqsədlə 1979-cu ildə SOS uşaq kəndlərində ana və atadan ibarət bir ailə sistemi sınanılmış, lakin atanın belə uşağı qəbul etməkdə dözümsüzlüyü və ailədə hər iki valideynin qarşılıqlı səylərini əlaqələndirə bilməməsi bu nümunəni uğursuz etmişdir. Ona görə də ata statusu kimi kənd rəhbəri ilə kifayətlənmək daha uyğun olmuşdur.
2. Qardaş-bacıya sahib olmaq.
Ailə üzvləri burada qardaş və bacılara malik olmaq və ya kiminsə bacısı və qardaşı olmaq qüruru qazanır.
Onlar təbii ailədəki qardaş-bacılar kimi birlikdə yaşayır, bir-birləri ilə müxtəlif hisslərini bölüşürlər. Bəzən onları SOS Uşaq Kəndində bir-birlərindən ayırmaq belə imkansızdır. Yaşca böyük qardaşların boş vaxtlarında anaya və qardaşlara köməkçi olmaları onlarda bir işə yaramaq, dəyərli olmaq, məsuliyyət daşıya bilmək duyğusunu inkişaf etdirir. Bəzən bu duyğular uşaq sərhədlərini aşaraq, sevgi çatışmazlığını da aradan qaldırmış olur.
Hətta müəyyən bir yaşdan sonra qız və oğlanların ayrılması düşünülmüş, hesablanmış bir addım olsa da, bunun uşaqlara mənfi təsiri olduğu da müşahidə edilir.
3. Hər uşaq ayrıca otaq, çarpayı, şkafla təmin olunaraq müstəqil bir evi olduğunu görür. Bu ev uşaqlarda özlərinə bir bir inam yaradır və onlara güvən verildiyi anlamını formalaşdırır.
Burada ana hər səhər erkən qalxar, mehriban ailə şəraitində olduğu kimi uşaqlarının səhər yeməyini hazırlar. Ailədə körpə uşağı varsa, onun ehtiyaclarını yerinə yetirər.
Odur ki, valideyn himayəsindən məhrum olmuş uşaqların ehtiyacları yeyəcək, geyəcək və yatacaq təminatı olan bir yerdə yox, ailə sevgisindədir.
4 . Uşağın burada öz binası, otağı varsa, onda daha böyük sahiblik hissinə yol başlayır: bir kəndə, qəsəbəyə sahib olmaq hissi.
İnam, sevgi obyektinin itirilməsi, əqli inkişafda genlik, xüsusilə uşaq günahlarını şərtləndirən antısosial davranışlara səbəb olur.
SOS uşaq kəndlərinin məqsədləri, məramı qorunmağa möhtac hər bir uşağən mənafelərinə tam uyğunlaşdırılımışdır.
Bu günə qədər tətbiqlərdən çıxarılan nəticə budur ki, dövlətin problemin həllinə təkbasına səy göstərməsi ilə deyil, bütövlükdə insanların, cəmiyyətin bu qayğıya qoşulması ilə daha uğur qazana bilər.
Müharibə şəraitində yaşamağına baxmayaraq, torpaqlrının 20 faizi işğal altında olan, əhalisinin 1 milyon nəfərindən artığı qaçqın və köçkün həyatı yaşayan Azərbaycan ümummilli lider Heydər Əliyevin müdrik siyasəti ilə öz iqtisadiyyatını daim inkişaf etdirmiş və həmin siyasəti Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev bu gün də uğurla davam etdirməkdədir. Uşaqlara qayğı dövlətimizin prioritet istiqamətlərindən biridir. Bu gün bütün Azərbaycan uşaq hüquqlarının müdafiəçisi və təminatçısıdır. Elə uşaqlarla bağlı dövlətimizin qəbul etdiyi qərarların xronikasına nəzər yetirmək kifayətdir ki, bunların həqiqət olduğuna şəkk-şübhə qalmasın:
 

İnsanlıq Himni:  “Uşaq Müdafiəsi Hər Kəsin İşidir”

Azərbaycan 1992-ci ildə BMT-nin "Uşaq hüquqları haqqında” Konvensiyasına, 2002-ci ildə isə Konvensiyanın daha iki əlavə protokoluna qoşulub.
22 may 1999-cu ildə isə "Yetim və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında" Azərbaycan Respublikasının Qanunu qəbul edilib.
Ümumdünya Səhiyyə Təşkilatı 2007-ci ildə Azərbaycanın "Poliomielitdən azad ölkə” statusu almasını bəyan edib.
22 dekabr 2008-ci ildə Prezident İlham Əliyevin xüsusi sərəncamı ilə 2009- cu ili Azərbaycanda "Uşaq ili” elan edilib.
2009-cu il 22-23 oktyabr tarixlərində Bakıda, "Gülüstan” sarayında Azərbaycanda Uşaq ilinə və BMT-nin Uşaq Hüquqları haqqında Konvensiyasının 20 illiyinə həsr olunmuş "Azərbaycanda uşaqların müdafiəsi islahatı" üzrə milli konfrans keçirilmişdir.
"2010–2013-cü illərdə aztəminatlı ailələrin sosial reabilitasiyası Dövlət Proqramı” qəbul edilib.
Azərbaycan Prezidenti İlham Əliyevin 2013-cü ildə Bakıda İSESCO-ya üzv olan ölkələrin uşaq məsələləri üzrə məsul nazirlərinin 4-cü konfransın keçirilb.
2014-cü il 13 iyun tarixində Azərbaycan Respublikasının Prezidenti tərəfindən imzalanmış "Ana və uşaqların sağlamlığının yaxşılaşdırılmasına dair 2014-2020-ci illər üçün Dövlət Proqramının təsdiq edilməsi barədə” Sərəncam imzalanıb .
31 oktyabr 2016-cı il tarixdə "Park-Inn” mehmanxanasında "BMT-nin Uşaqlar üçün Alternativ Qayğıya dair Qaydaları: reallıqlar və perspektivlər” mövzusunda Milli konfrans təşkil etmişdir .
Bu Proqram və sərəncamların davamı çoxdur. Yəni, dövlətimizin iqtisadi uğurlarına uyğun olaraq bu qayğı həmişə davam etdiriləcək.
Statistikaya görə bu gün Azərbaycanda 2.800.000-dən çox uşaq var. 18 yaşadək uşaqlar ölkə əhalisinin 29 faizini təşkil edir. Bu uşaqlar həmin qayğını hiss etməkdədir.
Heydər Əliyev Fondunun Prezidenti, ölkənin Birinci xanımı Mehriban Əliyevanın, Prezident övladlarının –Leyla xanımın, Arzu xanımın uşaqlara diqqət və qayğısını hər gün televiziyadan, mətbuatdan izləyirik.

İnsanlıq Himni:  “Uşaq Müdafiəsi Hər Kəsin İşidir”

Amma valideyn himayəsindən məhrum olmuş uşaqlara münasibət bu gün həmişəkindən daha aktualdır. Arzu etməsək də, bu bəşəri problem dünyanın hər yerində var və o cümlədən Azərbaycanda da.
İstər dövlət təşkilatları, qeyri-hökumət təşkilatları, ictimai təkilatlar, sənət adamları, ziyalılar, hər kəs bu fəaliyətə həmrəylik göstərməli, öz töhfəsini verməlidir.
"SOS Uşaq Kəndləri – Azərbaycan” Assosiasiyası da bu məqsədlə ölkədə uşaq hüquqlarının daha səmərəli təmin edilməsi ilə bağlı ictimaiyət arasında maarifləndirmə kampaniyasına başlamışdır. Məqsəd valideyn himayəsindən məhrum olmuş uşaqlarla bağlı mövcud durumu media vasitəsilə hökumətin , müvafiq icra, qanunvericilik və məhkəmə orqanlarının, insan haqları müdafiəçilərinin, vəkillərin - hər kəsin diqqətinə çatdırmaqla bərabər, cəmiyyətdə uşaqlara qarşı diqqət və qayğnın məzmun və formasını dəyişdirməyə nail olmaq, cəmiyyətdə uşaqlara qarşı zorakılığa münasibəti dəyişməkdir.
"Ana və Uşaq” ictimai-siyasi, pedaqoji elektron jurnalı olaraq biz "SOS Uşaq Kəndləri – Azərbaycan” Assosiasiyasının fəaliyyətini bəyənir və dəstəkləyirik.
Bu fəaliyyətdə Kütləvi İnformasiya Vasitələri, müstəqil jurnalistlər və ekspertlər, uşaq hüquq müdafiəçilərinin Assosiasiya ilə əməkdaşlığı faydalı nəticələr verə bilər. Son olaraq valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün Alternativ xidmət fəaliyyəti ilə bağlı şəxsi fikirlərimi də ifadə etmək istəyirəm.
Biz arzu edirik ki, heç bir uşaq valideyn himayəsindən məhrum olmasın, valideynini və ya valideynlərini itirməsin. Heç bir uşağın tale yolu himayə evindən, Uşaq evindən, SOS kəndindən keçməsin.
Kaş erməni təcavüzünə tezliklə son qoyula. Azərbaycanın artan iqtisadi inkişafına uyğun olaraq ailələrin sosial-rifah hallarının yüksəldilməsi təmin edilə.
Ən etibarlı və həll yolu isə ailələrin özünün sədaqətində, uşaq sevgisi ilə birbaşa bağlıdır.
Maarifləndirilmə işlərinə çox ehtiyac var.
Uşaqları maraqlandıran, onların problemlərindən bəhs edən mətbuat, televiziya-radio yoxdur və ya azdır.
Bir çox kütləvi informasiya vasitələrində uşaqlar haqqında uşaq hüquqlarına zidd olan məlumatlar yayılır, onların adları çəkilir, fotoları paylaşılır və s. Bəs bu uşaqların sonrakı həyatı niyə düşünülmür?
Sovet dövründə biz "Azərbaycan pioneri”, "Göyərçin” uşaq mətbuatına yazılar göndərirdik. Hər bir yazımıza xüsusi diqqət göstərilirdi. Dərc edilməyəndə də hökmən cavab yazıb tövsiyələrini verirdilər. Pedaqoji yönümlü kütləvi informasiya vasitələri məktəbli jurnalistlər klubları təşkil edərək uşaqlara öz xəyallarını, arzu və istəklərini, iradlarını istədikləri kimi ifadə etməyə imkan yarada bilərlər.
Müəyyən hallarda ayrı-ayrı kanallarda uşaqların iştirakı ilə verilişlər aparılsa da, bunlar sayca azdır. Bu verilişlərin bəzilərində uşaqlar passiv qalırlar və ya uşaqlar özləri bildikləri kimi danışmaq istədikləri halda, aparıclar onları istiqamətləndirir, özləri istədikləri kimi danışdırmağa səy edir. Uşaq verilişlərinə daha çox bağçayaşlı uşaqları cəlb edirlər.

İnsanlıq Himni:  “Uşaq Müdafiəsi Hər Kəsin İşidir”

Məktəbyaşlı uşaqların müstəqil fikir ifadə etməsi, Xan Şuşinski adına Respublika Mugam Festivalinin qalibi balaca Asif Yusifov kimi muğam oxuması tək həmin uşaqların valideynləri üçün deyil , bütün valideynlər üçün, valideyn olmağa hazırlaşanlar üçün ürəklərdə yeni bir duyğu oyadar.
XIX əsrdə yaşamış ingilis yazıçısı və tənqidçi C. Ruskin yazırdı ki, "kiçik bir uşağa bir az sevgi göstərin, əvəzində ondan da daha çoxunu geri alarsınız".
Bu mənada televiziya, mətbuat, radio valideynlərlə uşaqlar arasında sıx tellər yarada bilər.
Uşaqlar hamısı gözəldir. Onlar eybəcər doğulmayıb ki. Sadəcə, onları gözəl görmək lazımdır. Onda ailələr də möhkəm və etibarlı olar, uşaqlar valideyn sevgisindən məhrum olmazlar, atılmazlar.
Əksər ailələrdə, keçmiş təsəvvürlərdə olduğu kimi, uşaqlara hələ də ikinci dərəcəli ailə üzvü kimi yanlış yanaşmalar mövcuddur. Bu, ondan irəli gəlib ki, bir çox valideynlər öz uşaqlarını uşaq çağlarında kəşf edə bilmirlər, onlara ayrıla bilmirlər.
Unudulmamalıdır ki, insanlar nə qədər səy göstərsələr də, ata-ana sevgisi, ailə sevgisi olmadan uşaqların problemləri heç vaxt ideal həll oluna bilməz.
 

İnsanlıq Himni:  “Uşaq Müdafiəsi Hər Kəsin İşidir”

 

 Qeyd : Yazıda bəzi məlumatlar internet mənbələrindən isifadə edilərək  işlənilmişdir.

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz