» » Yalan ayaq tutub yeriməsin

Yalan ayaq tutub yeriməsin

Tənqidçi olmaq indi dəbdədir. Tənqid də lazımdır, tənqid inkişafın təkanverici qüvvəsidir. Ələlxüsus da indi, daha söz demək, fikir bildirmək üçün düşündüklərini kağıza köçürüb zərfə qoymaq, redaksiyaya aparmaq, redaktoru yazdıqlarının əhəmiyyətinə inandırmaq gərək deyil. Kompüterdə bircə düyməni basmaqla milyonlarla insanın təfəkkürünə, ağlına, tərbiyəsinə təsir göstərə biləcək informasiyanı yaya bilirsən. Söz azadlığının, sosial şəbəkələrin, ictimai qınağın əhəmiyyətini danmaq olmaz. Bəzən problemlər elə ictimai qınaq sayəsində üzə çıxıb ünvanına çatdırılır, cəmiyyət olaraq formalaşmağımıza kömək edir. Bəs məsuliyyət? Bax, burada bir az çətinlik yaranır. Bəlkə də bəşəriyyət sözünü belə asanlıqla demək fürsətinin eyforiyasından doyub, nə vaxtsa sözünün arxasında dayanmaq, dediklərinə görə məsuliyyət daşımağın prioritet olduğu mərhələyə də gəlib çıxacaq. Ancaq bu mərhələyə gələnədək nələri itirəcəyik?
Digər xalqlarla işim yoxdur, onların özlərinin "filosofları” yetərincədir. Özümüzdən danışaq. Bu yaxınlarda sosial şəbəkələrdən birində xaricdə yaşayan bir azərbaycanlı həmin ölkədə satıcının öz malını sərbəstcə yol kənarında qoyub getdiyini, alıcıların da malı alıb pulu daxıla atdıqlarını şəbəkənin Azərbaycan seqmentinə danışırdı. Videoya baxanlar da bol-bol o xalqın şərəfinə təriflər yağdırırdı. Baxıcı sayı da saniyəbəsaniyə artırdı. Bu mənzərəni müşahidə edib düşündüm ki, məgər azərbaycanlıların tərifəlayiq, başqa xalqlara örnək olacaq az xüsusiyyəti var? Elə günün istənilən vaxtı bir azərbaycanlının qapısını döyüb bir içim su istəsən, sənin üçün nahar süfrəsi açacaq. Hansı xalqda var bu hörmət, ehtiram, qonaqpərvərlik? Yolda əlini başına aparsan, on nəfər yaxınlaşıb dərdini soruşacaq, köməyini əsirgəməyəcək. Elə ölkəmizin qonağı olmuş bir çox əcnəbilər bütün digər məziyyətlərlə yanaşı, insanlarımızın xeyirxahlığından ağızdolusu bəhs edirlər. Azərbaycan xalqının ailəyə, yaxınlarına bağlılığını, qonaqpərvərliyini, xeyirxahlığını, mərdliyini, ürəyiyumşaqlığını əks etdirən xeyli videosüjetlər də var. Gəl ki, bu videonu sosial şəbəkəyə yerləşdirsən, özündən başqa baxan olmayacaq. Niyə? Çünki tənqid deyil. İndi axı tənqid dəbdədir. Deyərsiniz ki, bunun nəyi pisdir? Qoy biz də baxıb başqalarının yaxşı cəhətlərini öyrənək. Öyrənək, bu, heç də pis deyil, gör-götür dünyasıdır. Ancaq siz o videonun altındakı şərhləri oxumamısınız axı! Yazanların əksəriyyəti gənclər idi, çoxu da öz el-obasını, xalqını pisləyib, "onları” tərifləyirdi. Bəzən belə təəssürat yaranır ki, kiminsə gözəgörünməz əli ilə hansısa fikri kontekstdən çıxarmaqla, baş verən hadisə haqqında məlumatın bir hissəsini deyib, qalanını gizlətməklə Azərbaycanı, azərbaycanlıları gözdən salmaq, ölkəmizin imicinə xələl gətirmək, azərbaycanlıların ürəyindən Azərbaycan sevgisini silmək istəyir.
Bir çox şöhrətlənmək həvəskarları yeniyetmələrin, gənclərin təcrübəsizliyindən istifadə edib, öz səhifələrinə cəlb edirlər, yalan, yarıdoğru, "feyk” xəbərlərlə izləyici sayı yığırlar ki, gələcəkdə səhifələrini yaxşı qiymətə sata, yaxud reklam dərc etməklə pul qazana bilsinlər.
Yalan məlumatları yayanların məqsədi müxtəlifdir: kimisi boş-bekarçılıqdan, kimisi pul xatirinə, kimisi siyasi məqsədlə bu işlə məşğuldur. Əgər real həyatda qanun pozucuları ilə mübarizə üçün konstitusiya, cinayət məcəlləsi varsa, virtual dünyada yeganə meyar vicdandır.
Soruşursunuz burada qorxulu nə var ki, bir-iki yalan-palanla nə dəyişəcək? Qorxulusu odur ki, dama-dama göl olur. Sanki vətəni, xalqı, dəyərləri ilə qürur duymağı dəbdən düşmüş, maraqsız və faydasız bir hiss kimi qəbul edən, yeri gəldi-gəlmədi, məsələdən agah oldu-olmadı alovlu, sərt tənqidi, bəzən isə söyüş dolu şərhləri ilə bəyənmə sayı qazanmağa çalışan sosial şəbəkə şərhçiləri nəsli yetişir. Elə bir məqama gəlib çıxırıq ki, Azərbaycan haqqında müsbət fikir yazanlara barmaqarası baxılır, onlar "troll” adlandırılır.
Bəs bununla necə mübarizə aparmaq olar? Aydındır ki, yalan, böhtan xarakterli məlumatların yayılması problemi təkcə bizdə deyil. Dünyada bu problemlə mübarizə məsələlərini araşdıran xeyli beynəlxalq mərkəz də yaradılıb. İnformasiya texnologiyaları sahəsində ixtisaslaşmış şirkətlər yalan məlumatlar yayan saytları axtarış sistemlərində üzə çıxarmağa çalışırlar. Məsələn, "Facebook” sosial şəbəkəsi istifadəçilərə yalan informasiyanı qeyd etməyə imkan verəcək funksiyanı testdən keçirir. Mark Tsukerberqin komandasının bildirdiyinə görə, bu cür xəbərlərin doğru olub-olmadığını araşdıracaq müstəqil qrup da yaradılacaq. "Facebook”da senzura olmasın deyə elektron poçtda olduğu kimi, "spam” yeşiyi yaratmaq və yalan olduğu ehtimal edilən informasiyaları ora yığmaq da təklif olunur ki, hər kəs yalanı doğrudan seçməyi özü bacarsın.
İnternet virtual dünyadır. Hər cür adama rast gəlmək olur: ziyalı, ağıllı, abırlı, dürüst olanı da var, olmayanı da. Dünya ekspertləri hesab edirlər ki, informasiyanı düzgün qavraya, yalanı doğrudan ayıra bilən internet istifadəçiləri yetişdirmək lazımdır. Təsəvvür edin ki, aparılan sorğularda iştirak edən internet istifadəçilərinin yalnız 50 faizi informasiyanın mənbəyi ilə maraqlandığını bildirib.
Bəşəriyyətin bəlalarından olan şayiə, qeybət, şər-böhtan bu gün yaranmayıb. Əsrlərlə insanlar bu bəlalardan can qurtarmağa çalışıblar. "Yalan ayaq tutar, yeriməz” atalar sözünün əksinə olaraq, internet əsrində yalan daha sürətlə "yeriməyə” başlayıb. Beynəlxalq təşkilatlar, informasiya texnologiyaları qurumları tədqiqatlarını aparanadək, biz də bu işdən geridə qalmayaq. Azərbaycanı, onun vətəndaşlarını, dəyərlərimizi təhqir edənlər, öz mənafeyi naminə yalan, qərəzli məlumatlar yayanları ifşa etməli, hər xəbərin dəqiq, dürüst mənbəyini araşdırmadan fikir bildirməkdən, şərh yazmaqdan çəkinməliyik ki, yalan ayaq tutub yeriməsin.

Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva
Yalan ayaq tutub yeriməsin

Mənbə:http://azertag.az/xeber/Yalan_ayaq_tutub_yerimesin-1031050

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz