» » Ramiz Qusarçaylının doğum günü üçün təbrik əvəzi

Ramiz Qusarçaylının doğum günü üçün təbrik əvəzi

Ramiz Qusarçaylının doğum günü üçün  təbrik əvəzi

Dostum-qardaşım Ramiz müəllimin bu gün doğum günüdür. Mən təbrik etmək istəmədim. Çünki ha yozsam da, bu təbrik ürəyinə ana yoxluğu kimi çalın-çarpaz dağ çəkilmiş bir İnsan üçün, özü də Ramiz müəllim kimi bir dostumuz üçün zərrə qədər təbrik mahiyyətində olmayacaq və bu, təbiidir də.
Mən atasını, anasını itirmiş bir Yetim olaraq itirdiyimin, qazandığımın heç vaxt elə də fərqində ola bilməsəm də, bu kör-köç vədəsində ata-anamı itirdiyimin fərqindəyəm, onlardan sonra "zərrə qədər məhəbbətim” qalmayan bu həyatı dirigözlü ölü kimi yaşayıram. İçimdə, arzularımda olan hədəflərə necə istəmişəmsə, hamısına o qaydada çata bilməsəm də, hansı mərtəbədə çata bilmişəmsə, buna da min şükür. Amma indiki düşüncəmizlə ata-analı günlərimizdə də ola bilsəydik, lap böyük kişi yaşlarımızda da o yana keçib-bu yana keçib elə qafamızı, kürəyimizi analarımızın "torpaq ilə zəhmətdə tunclaşmış, poladlaşmış barmaqlar”ına aparardıq ki, dəqiqəbaşı sığal çəksin canımız rahatlansın, ruhumuz uyusun nəvazişinlərdə...

Ramiz Qusarçaylının doğum günü üçün  təbrik əvəzi

Ramiz Qusarçaylının doğum günü üçün  təbrik əvəzi

Bir də əgər indiki imkanlarımız vaxtında analarımız sağ olsa idi, nazını, qayğısını sanballaşmış imkanlarımızla bir qədər də artıq çəkərdik, gəldiyimiz qənaət də öz yerində: "hər gün çiynimizdə çölə-içəri daşısaq da, hər gün yerini salsaq da, yığsaq da, yenə   əvəzi ödənməz”.
Dostum-qardaşım, elimizdə-obamızda yaxınların əzizini itirmiş bir qohumunu, qardaşını, dostunu yasdan çıxarmaq kimi bir məhrəm adət var. Saysız-hesabsız dostlarından biri kimi ( şairin dostları poeziya qədər, sözlər qədər sonsuzdur), hamımızın niyyətlərini ifadə edərək, sənə Allahdan səbir diləyirəm.
Anasını sevməyən övlad, çətin ki, düşünmək olsun. Deyirlər ki, qədim zamanlarda bir oğul varmış, anasını o dərəcədə istəyirmiş ki, günlər ötdükcə, anasının saçlarına dən düşdükcə, onun da ürəyinə xal düşürmüş: axı səni dünyaya gətirən, qanından qan, canından can verib boya-başa çatdıran bir ananı necə aparıb qara torpaqlara təslim etmək olar? Oğul bu xiffətdə günü-gündən zəifləyib çöpə dönürmüş. Ana bunu səbəbini bildikdə leysan kimi yaş tökür, ciyərparasını sinəsinə basır ki, uşaqlıq etmə. Mən öləndən sonra nə vaxt məzarım başına gəlib,   "ANA” deyib səsləsən, mən o dəqiqə eşidib məzardan qalxacağam. Görüşüb-söhbətləşərik, sakitləşərsən. Nə vax istəsən, yenə gələrsən. Oğul ananın bu sözlərindən toxtaqlıq tapır. Vaxt-vədə gəlib çatır: ana dünyasını dəyişir. Oğul göz yaşları içərisində anasını aparıb el qaydasıyla dəfn edir. Qohum-qardaş, dost-tanış yas mərasimlərini verib , hərə öz evinə çəkilib gedir. Üstündən çox keçmir ki, oğul qalır tək və gözləri hər gün itikçi olur, hər qapı açılanda elə bilir anasıdır. Yadına anasının vəsiyyəti düşür. Durub gözləri yaşlı, dili naləli qəbristanlığa gəlir. Darvazadan qəbristanlığa girən kimi, "Ana” deyib nalə çəkir. Bir də görür qarşısında nurani bir ana, amma bu, onun anası deyildi.Yenə səsləyir, daha bir ana peyda olur, bu da onun anası deyildi...Nəhayət, onun da anası gəlir. Məzardan qalxmış bütün analar da kənardan bu mənzərəni seyr edirmiş. Ana-bala qucaqlaşıb-öpüşürlər, oğul ağlayır, ana da təskinlik verir ki, oğlum, canım, gördünmü burada nə qədər analar yatır. Bu, həyatın qanunudur. Bir gün doğulan bir gün də köç edir. Siz ağıllı olun. Ocağımızı sönməyə qoymayın. Onda anan da, atan da yaşayırmış kimidir.
Dostum-qardaşım, səni də kövrəltdim, özümü də. Ustad Şəhriyar nə demişdi:

Mən onun sayəsində boya-başa çatmışam,
Anam məni yaratmış,mən aləm yaratmışam.

Ramiz Qusarçaylının doğum günü üçün  təbrik əvəzi

Sənin poeziyan da bir aləmdir. Sən də bu aləmi yaratmısan. Şeir var ki, müəllifinin özü üçün də ölüdür. Sənin hər bir misran bir oxucudur. Sənin hər bir şeirin ehtiyacların sonsuz olduğu bu vaxtlarda bir əlacdır, carədir, ümiddir... Əlacını, çarəsini, ümidni bu aləmdə tapanlar Ramiz Qusarçaylı poeziyasına hər zaman tapınacaq. Tapınacaq və ehtiramla əli sıxılan Ramiz Qusarçaylının anası da yaşayacaq, müasirləşəcək. Böyük şəxsiyyətlərin: yazıçıların, alimlərin, qəhrəmanların ata-anaları övladlarının həyatında hər zaman yaşayır, xatırlanır. Bütün tərcümeyi-halların əvvəlində məşhurların hər birinin ata-anasına bir ehtiram yaradılır.
Ananıza Allah rəhmət etsin, dünyasını dəyişmiş bütün analara Allah rəhmət etsin.
Anaların bütün niyyətləri ülvidr.Yaranışından ailəni, ocağı qorumaq Analara etibar edilib. Analar bunu şərəflə ediblər. Nəsil davam etsin , üzü bu yana ötürülsün deyə. Bu niyyət hər bir oğulun, qızın boynunda haqdır.
Bu haqq üçün yaşamaq borcumuzdur...100 yaşayın.

Ramiz Qusarçaylının doğum günü üçün  təbrik əvəzi

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz