» » Necə pis açıldı bu səhər...

Necə pis açıldı bu səhər...


Necə pis açıldı bu səhər... 

  

Adəti üzrə hər  yeni günüm  belə başlayır: yatağımdan qalxmağımla kompüteri açmağım  bir olur. Geyinib əlimi-üzümü yuyana kimi,  məni qarşılamağa tam hazır olsun deyə.  Hələ yazılanların, sms-lərin,  məktubların  incəliklərinə sonra baş vuracağam, amma ilk olaraq, ilkin tanışlıq  üçün  saytıma, fasebooka, poçtuma  hökmən diqqət edirəm.   Fıqıt, bu səhər heç yaxşı  səhər olmadı ki.    İlk baxdığım yazıda oxuduğum acı ruhumu sardı: dostum-qardaşım Ramiz müəllimin anası  rəhmətə gedib. Xəstə olmağını  bilirdim. 15-20 gün öncə soruşmuşdum. Demişdi ki, xəstəxanadadır. Heç inanmaq olmur. Axı mən Ramiz müəllimin qonağı olmuşam, bu gözəl ananın  nurlu üzünü görmüşəm. Belə şey , əlbəttə, fikirləşə bilməzdim, amma    həyat dolu bir ana idi.   Nədən ölüm onu seçdi? Allah rəhmət etsin.

Necə pis açıldı bu səhər...

Yazdıqları yeri gələndə məni və məni kimi yüzləri, minləri  nizamlaya, coşdura bilən, yeri gələndə təsəlli verə bilən bir  qüdrətli qələm sahibinə  təsəlli  verməyə əlavə statusum yox, bacarığım yox. Amma  baş vermiş acıdan üzüldüyümə, dostum-qardaşım Ramiz müəllimin  kədərinə şərik olduğuma  bir borcluluqda  bu hüznü  bütün dostlarla paylaşmalıyam.

Allah Səbir versin.  Balalarının, nəvələrinin ömrü uzun olsun.   Ramiz müəllimin anasına , eləcə də dünyasını dəyişmiş bütün analara Allahdan rəhmət diləyirik. Müasirimiz olan analara isə  cansağlığı, uzun ömür arzulayırıq. 

 

Necə pis açıldı bu səhər...


 Necə pis açıldı bu səhər...

 

Necə pis açıldı bu səhər...


Bəxtiyar Vahabzadə / Anam öldümü?


Nə tez əllərini üzdün dünyadan, 
Balanı tək qoyub hara getdin sən? 
Necə yox olurmuş bir anda insan, 
Elə bil dünyada heç yox imişsən. 

Günəş qürub etdi... otaq qaraldı, 
Bir anda yox oldun sən xəyal kimi. 
İndi düşünürəm: Səndən nə qaldı, 
Könlümdə xatirən qara xal kimi. 

Məni boya-başa yetirdin, ana 
Bizə borclu bildik hər zaman səni. 
Sən məni dünyaya gətirdin, ana, 
Mənsə yola saldım dünyadan səni. 

Sən mənə beşikdə laylay çalmısan 
Bu gün laylay çalım sənə məndəmi? 
Sənin şirin-şirin laylalarını 
Mən sənə qaytarım cənazəndəmi? 

"Yuxun şirin olsun" - deyərdin mənə, 
"Yuxun şirin olsun" - deyimmi sənə? 
Gərək mən başına dönəm-dolanım, 
Məni həyat üçün yatıran anam, 
Söylə ölümçün 
Necə yatırım 
Səni mən bu gün? 

Bu necə dünyadır, anlamıram mən, 
Cilvəsi cürbəcür, rəngi cürbəcür 
Dünən nəfəsiylə səni isidən 
Bu gün buza dönüb, daşa dönübdür. 

Bu necə dünyadır, 
İnsan oğlunun 
Xəyalı göydədir, özü yerdədir, 
Sağ ikən çiynində həyatın yükü, 
Öləndə cəsədi çiyinlərdədir... 
Bu necə dünyadır, bu necə dünya, 
Ölümü həqiqət, həyatı röya. 

Dərdimin, qəmimin səndin ortağı, . 
Niyə üz döndərdin, bəs niyə məndən? 
"Dərdin mənə gəlsin!" - deyərdin axı, 
Niyə dərd caladın dərdimə bəs sən?.. 

Anam, heç kəs səni incitməmişdir, 
Mən səni, 
mən səni incidən qədər. 
İndi kimə açım dərdimi bir-bir, 
Kim mənim dərdimə yanar sən qədər? 

Evin hər küncündə görünür yerin. 
Gözüm axtarcıdır, ana, ay ana, 
"Nənəm hanı?" - deyir körpə Azərin, 
Mən nə cavab verim, ona, ay ana? 
Bilmirəm, bilmirəm bu ölüm nədir, Həyat var ikən? 
Nəfəsin, ay anam, hələ evdədir, 
Özün yer altında daşa dönmüsən. 

Bu gün yeddin oldu... 
anam, yeddi gün, 
Bizimlə bərabər ağlar otaqlar. 
Sənə, 
yalnız sənə, 
sənə deməkçün 
Könlümdə nə qədər mənim sözüm var. 

"Kimləri çağıraq bu gün yeddiyə?" 
Xalalar, bacılar soruşur məndən. 
Anamdan soruşaq, o bilər deyə, 
Sənin otağına üz tuturam mən. 

Anam, tapşırıldın ana torpağa, 
Bu ölüm, sinəmə çəkdi dağ mənim. 
Sən mənim arxamda bənzərdin dağa, 
Elə bil arxamdan uçdu dağ mənim. 

Qızımın adıdır sənin öz adın. 
Bu da göz dağıdır mənə bu gün də. 
Son dəfə sən mənə baxıb ağladın, 
Surətim məzara getdi gözündə... 

Ömrü başa vurdun altmış yaşında. 
Altmışın üstündə durub yaşın da. 
Artıq sənin üçün dayanan zaman 
Mənimçün dolanır... 
Gün olur axşam. 
Vaxt keçir, sən məndən uzaqlaşırsan, 
Mən sənə günbəgün yaxmlaşıram.
 


Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz