» » Ailə ittifaqını qorumaq lazımdır (III hissə-son)

Ailə ittifaqını qorumaq lazımdır (III hissə-son)

 

 

Ailə ittifaqını qorumaq lazımdır (III hissə-son)
Adətən, qadınlar daha səbirli, güzəştə getməyə hazır olan, bağışlayan olurlar. Kişilər belə məqamlara həssaslıq göstərməli, ondan ümid gözləyəni dəyərləndirməlidir. Əgər özü səhv edibsə və yaxud qadınının xətrinə dəyibsə, bu, hələ fəlakətdən xəbər vermir. Kişinin etiraf etməsi, ümumiyyətlə, səhv edən kiminsə etiraf etməzi, onu əksiltmir, əksinə, ucaldır. Etiraf da bir alicənablıq xislətidir. Bir qığılcımı söndürməyə nə var ki. Amma istəməsən, bu qığılcımdan alov da törəyə bilər. Alov törəsin, amma sevgi alovu olsun: şəfəqli olsun, tüstülü olmasın.
Mənə belə gəlir ki, gənclərin özlərinin zənginlikləri, sağlam düşüncələri və iradi keyfiyyətləri ilə ailə həyatlarında qarşılarına çıxan bütün problemləri həll edə bilərlər, heç problemləri özlərinə yaxın buraxmazlar.
İnanın, bizim gənclik illərində tanıdığım , eşidib-bildiyim ailələrdən elə birinə rast gəlmədim və yaxud eşitmədim ki, hansısa qadın "işim çoxdur, qayğılarım başdan aşır”, "hüququm belə getdi”, "haqqım belə oldu” demiş olaydı. Heç o vaxtlar nə oğul atasıyla, nə də qız anasıyla ailə, sevmək, ər, qadınlıq məsələləri kimi mövzularda söhbət etməzdilər.
Yalnız hər iki tərəfin böyükləri övladlarının xoşbəxtliyi üçün qarşı tərəfdə vacib olan keyfiyyətləri incələyirdilər. Məsələn, qız evinin qohum-əqrəbası yığışıb məsləhət edirdilər ki, qızlarını istəyən oğlan kimdir, nə peşənin sahibidir, valideynləri kimdir, əsgərliyə gedibmi, siqaret çəkmir ki, içki içmir ki və sair. Oğlan evi də o keyfiyyətlərə üstünlük verirdi ki, abırlı ailənin qızı olsun, ağır oturub batman gəlsin, sağlam olsun, evcanlı olsun, ərcanlı olsun və s. O vaxt arada bir izzət-hörmət, ədəb-ərkan vardı. Valideynlər övladları ilə, xüsusən, qızları ilə bu barədə söhbət etməyə aralarında pərdə saxlayırdılar. Oğlan tərəf bir o qədər fərqində olmasa da, bəzi mətləbləri ər evinə köçüncə xalaları, bibiləri, lap özəl söhbətləri isə yengə qıza başa salırdı. İndi yengə adı gələndə müasir bəy də, gəlin də deyir ki, yox ey, siz arxiv adamlarısınız, bizi uşaq hesab edirsiniz? Bizə yengə lazım deyil…Ona görə də toydan 3-4 ay sonra da xarakterlərindəki fərqliliklər, uyğunsuzluqlar üzə çıxır. Halbuki, dədə-baba toy mərasimlərində yengə gəlin köçəcək qıza vaxtında ər-ailə həyatının incəlikləri, qadının bir ana, bir ev gəlini, bir xanım kimi etməli olduğu hərəkətləri tamam-kamal öyrədərdi. Toy başa çatandan sonra da yengə lazım olurdu: qızın həm dostu, həm də hamisi kimi. Problemlər hər vaxt ola bilirdi. Onda analar, bibilər, xalalar, nənələr indiki mamalar kimi əsib-coşmurdular, adamları bəyin qabğını kəsmirdilər, hərbə-zornba gəlmirdilər: həmin dəqiqə yengə qızın ata evinə dəvət olunur, qızın anası ilə siyasi, iqtisadi, mənəvi məsələr müzakirə olunur və göndərilirdi qızın ərdə olduğu ailəyə.Yengə gedib ər evinin valideynləri ilə, qızın özü ilə danışıb, məsələni sülh məcrasına qaytarıb dönürdü geri. Bu, çox mühüm məsələ idi. İndiki gəlinlərin 80 faizi bunu anlaya bilməzlər. Kim deyirsə problem olmayıb, yoxdur və olmayacaq da , səmimi deyil. Hamıda olub, var, olacaq da. Ümumiyyətlə, insanın həyatda qarşılaşa biləcəyi hər hansı problem birdəfəlik həll olunub nöqtə qoyularsa, həyat bitdi deməkdir. Amma insan həyatına heç vaxt nöqtə qoymaq olmaz.
İnsan həyatı belə qabarma-çəkilmələrlə cilalanır. Şərt odur ki, sən doğrunu seçə bilirsən, sən yanlış olduğunda qəbul edirsən, dayan deyəndə dayanırsan və s. Bu, yaşamaq deməkdir.

Ailə ittifaqını qorumaq lazımdır (III hissə-son)
Bilirsiniz nə var, hansı həyati məsələ olursa-olsun, ona doğru yanaşmasan, səbəblərini ən incəliklərinə qədər analiz edib tam üzə çıxarmasan və səbirlə, təmkinlə arşdırıb qərar çıxarmasan, bütünlüklə həll edə bilməyəcəksən. Olsa-olsa, müəyyən bir müddət üçün aradan qalxacaq və bir qədər sonra başqa formada bir az da kəskin şəkildə üzə çıxacaq.
Mən bir qədər mühafizəkaram, keçmiş ədəb-ərkanı çox bəyənirəm. Amma bu, o demək deyil ki, kişini qadından üstün tuturam. Gözümdə ən naqis insan qadına əl qadıran, zülm edən, həqarətlə baxan canlıdır. Qadın sözünün etimologiyasını heç açmırlar, onu yalnız kişinin əks-cinsi kimi təqdim edirlər (qadına fərlilik də məhz bu səbəbdən başlayır).
Danışıq üslubunda isə qadınlar üçün dedikləri budur: "dır...dır...dır...dır-lar." Dırdır deyirsiniz, bəs niyə əvvəlini demirsiniz: qadın əməkdar+dır, qadın fədakar+dır, qadın xilaskar+dır, qadın Ana +dır...
Bunu deməyənlər, inanın görməyənlərdir. Görənlər, bilənlər deyir və deyəcək də.
Ailə karyera anlayışı deyil ki, kimsə, hansısa fərdsə təkbaşına öz karyerasını qursun. Ailə ortaq dəyərdir. Bunu indiyə kimi heç kim tək qurmayıb, qura bilməyəcək də. Ailə onların birgə uğuru, röyalarının, gələcək xəyallarının ifadəsidir. Ailənin, o ailədən pərvəriş tapmış balaların xoşbəxt olması üçün ata+ananın bir olması ilk şərtdir. Ər qadını boşayıb, vəzifə sahibidir, uşağı korluq çəkməyə qoymur, lap bir qədər də imkanları olduğu üçün bu "səxavəti” gen-bol edir ki, uşaq anasını aramasın və s. Ata-ana da yazıqdır, uşaq da, hərəsi bir cürə yazıq. Ümumiyyətlə, bütün ayrılma hallarında ən ağır zərbə uşağa dəyir. Hələ "qırmızı konfet” cəlbedicidir. Bu cür zavallılar hələ o kəpənəyin, bu kəpənəyin ardıca qaçırlar xəyallarında. Amma zaman gəlib anlayanda anası da bu dünyada olmayacaq ki, gedib geç də olsa gözlərinə niskil çökdürdüyü anasını qucaqlsın. Allah bəlkə də onu bağışlayacaq. Amma atanı bağışlamayacaq. Bu cür ataların övlad sevgisi tam deyil, doğru deyil.
 
Ailə ittifaqını qorumaq lazımdır (III hissə-son)
Gənclərimiz ailə həyatına, qadına, ailə dəyərlərinə belə baxmalıdırlar. Qızlarımız sevmək hissini kitablardan, seriallardan əxz etməməlidirlər. Gənclərimiz səbirli, təmkinli olmağı bacarmalıdırlar. Sevərkən bir-birlərini tam kəşf etməlidirlər. Seçim fərqləndirmələrində maddi üstünlüklərə yer ayırmamalıdırlar.
Mən düşünürəm ki, boşanan ailələrdə ziddiyyətlər lap başlanğıcdan sevgi hissinə hazır olmamalarından qaynaqlanır: kənardan baxıb düşünürlər ki, belə tədarük görüləcək, insanlar sənə xüsusi rəğbət bəsləyəcək, təmtaraqlı şadlıq sarayı, sevdiyinlə qol-qola salona daxil olacaqsan, hamı səni alqışlayacaq, şəninə xoş sözlər söyləniləcək və daha nələr…. Qoy olsun. Bütün ana-atalar toy edib gəlin gətirsin, nəvə görsünlər. Bu, hamımızın arzusudur. Bütün qızlarımız gəlin köçsün.
Mən bunu həmişə demişəm və son olaraq indi də deyirəm ki, Azərbaycan ailəsini, Azərbaycan kişisini dünyada ən ucalara qaldıran səbəblərdən biri və birincisi onun ailəsidir, Azərbaycan qadınıdır. Qadınlar da bunu qəbul etməlidir ki, ailədə üstün rol ataya mənsubdur. Yalnız bu anlaşma ilə ailəni alınmaz qalaya çevirmək olar.
Ata isə ailə başçısı kimi gərar qəbul edəndə elə qərar qəbul etməlidir ki, ailənin bütün üzvlərinin ürəyincə olsun və bu qərar hamını məmnun etsin.
Əks halda, o ailədə "üfüqlər sakit olmaz”, xoşbəxtlik olmaz.

Ailə ittifaqını qorumaq lazımdır (III hissə-son)

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz