» » Geriyə baxma, Qoca

Geriyə baxma, Qoca

Müəllif: Akif Əhmədov от Dünən, 00:40
 
 
 Qocalıq

 

Müddət bu, qismət bu, qədər budurmu, 

Ömür başdan-başa qəm yoludurmu? 

Təklik qorxusunu ürək duydumu, 

Hazir ol, qapını döyür qocalıq.

  

Zaman öz yerində dayanaydı kaş 

Özüm də bilmirəm, nədir bu təlaş, 

Təkcə qamətini deyil, a qardaş, 

Kişilik əzmini əyir qocalıq.

  

Baharı vermişəm, qış qazanmışam, 

İlləri vermişəm, yaş qazanmışam. 

Dolunu vermişəm, boş qazanmışam, 

Kim deyir, gətirir xeyir qocalıq?

  

Zaman açılanı necə soldurur, 

Dolunu boşaldır, boşu doldurur. 

Bəxyiyar cavanlıq yaradır, qurur, 

Keçmişdən xatirə deyir qocalıq.


 Bəxtiyar Vahabzadə

 

Geriyə baxma, Qoca

 

 Sosial şəbəkələrdə bu atalar sözü və bu tipli daha  neçə-neçə   atalar  sözümüz haqqında  müxtəlif  təbəqələrə mənsub adamların fikirləri ilə tanış olmuşam.    Doğrudur,  ciddi mətbu vasitələrdə  ayrı-ayrı  ziyalıların dilində bu  atalar sözünə istinad edilir. Amma  atalar sözününn  özünün məzmununa  həsr edilmiş yazıların hamısında fikir eynidir. Bu eynifikirli şəxslər bildirirlər ki,  atalar sözü naqisdir. Allah  kainatın yaradıcısıdır,  O,  hər  yerdə var.

 Mən də bu atalar sözünü qəbul edirəm və Allah da ürəyimdə, dilimdə,  gözümün üstündə,  başımın üstündə, dünyamın üstündə.

Bəs mübahisəli  məzmunu  necə qəbul edirəm.

Vaxtilə Molla Pənah Vaqif İbrahim xanın sarayında  işləyərkən onun hazırcavablılığı barədə hər yerdə  söhbətlər gəzirmiş. Ağa Məhəmməd şah Qacar Şuşanın mühasirəyə alan  vaxt   bu ağıllı, tədbirli və hazırcavab vəziri  utanc vəziyyətə salmaq  istəyir. Qacar İbrahim

xana məktub yazaraq ona bir at göndərilməsini tələb edir. Həm də  bu at nə kəhər, nə kürən, nə səmənd, nə qara, nə ağ, yəni heç bir rəngdə olmamalı idi. İbrahim xan Vaqifə müraciət edir. Vaqif  məktubu oxuyan kimi,  dərhal Ağa Məhəmməd şaha cavab yazır: "İstədiyiniz at İbrahim  xanın  tövləsində hazırdır. Adam göndərin, gəlib  aparsın. Amma həmin adam həftənin şənbə, bazar, bazar ertəsi, çərşənbə axşamı, çərşənbə, cümə axşamı, cümədən başqa, hansı günündə istəyir gəlsin.”

 Məntiqə fikir verin:  belə bir rəng olmadığı kimi, həftənin  7  günündən də savayı,  gün  yoxdur.

 Bu məntiqə isütinad  etsək, Allahsız yer yoxdur.    Hər  ölkə üçün   ayrıca bir Günəş yoxdur ki.  Bizə həyat bəxş edən Günəş də təkdir  və hansı  ölkə olursa-olsun, eyni anda    dünyanın harasında  olmasından asılı olmayaraq  hər kəs   Günəşi   sanki  onun dayandığı  məkanda  başının üstündə  zənn  edir. Əlbəttə, o yanılmır, amma  digər heç kim də yanılmır: Günəş hər kəsin başının üstündədir.

 Eynilə  Uca Allah da  dünyanın bütün qitələrində, bütün oymaqlarında, uluslarında  eyni anda, eyni vəziyyətdə  hamının  başı üstündədir.  Anlaqlı olan-olmayan  kim varsa, irqindən, dinindən, yaşından, cinsindən asılı olmayaraq,   Allah  həm başımızın üstündə, həm istinad tapdığımız  hər   yerdədir. Bəlkə kimsə, "əstafrulla” , bilir  belə yer harda var.  Əlbəttə ki, yoxdur. Odur ki, heç kim, heç vaxt, heç yerdə  Allahsız yerdə oturmur.

 İndi  bir var bunu şüurlu olaraq, addımının başlanğıcında  Allahla bir mənəvi bağlılıq yaradıb əyləşir, hansısa bir addımı atır.  Eləsi də var ki,  fikri dağınıq olur,  hansısa bir ruhi vəziyyətdə olur,  bu bağlılıqsız əyləşir, fəqət,  Allah onun da  qəlbindədir, başının üstündədir.  

Hədislərdə  bildirilir ki, əgər  beli bükülmüş yaşlılar,  ibadətli   gənçlər, südəmər körpələr, dilsiz-ağızsız heyvanlar olmasaydı, bəlalar sel kimi insanların üstünüə töküləcəkdi.

Bu,  Allah – Təalanın   valideynlərə, ümumiyyətlə, ixtiyarlara,   hörmət, ehtiram etdiklərinə görə insan oğlunu hifz etdiyinə bir nişanədir.   Kim inana bilər ki, valideynlərini atmış, yaxud laqeyd, biganə qalmış bir kimsə, Allah sevdalısı olsun. Amma  ata-anasını  yaşlaşdıqca daha çox sevən, ehtiram bəsləyən, özləri demədən ürəyindəkiləri hiss edib onların qulluğunda hazır edən övladlar heç ola bilməz ki, Allahını tanımasın, onun təslimiyyətində olmasın.

Böyüklərini sevən, ehtiramında müntəzir dayanan övladlar, təbii ki, əvvəlcə Allahın hüzurunda müntəzir dayanıblar.  Çünki belə övladlar  hər zaman  həyatda  Allahın, Quranın buyurduqlarına  əməl edirlər.

 Atalar sözünün  məzmunu da özündə məhz  bu anlamı  ehtiva edir ki,  Allahsız yer yoxdur, bunu ağıla belə gətirmək olmaz. Hər işin uğuru  Allahdan təvəkkül istəməkdir. Allahlı olmaq  bəndəsini bütün etalonların fövqünə qaldırar.  Ondan sonra ilk işimiz isə  valideynlərimizə, ətrafımızdakı ahıl insanlara qarşı həssas olmağımızdır.

Bunu etməyənlərin  Allah sevgisi  özü mükəmməl olmazdı.

 Burada  incələnməli bir məqam da budur  ki,  " Allahsız yerdə otur, böyüksüz  yerdə oturma”  tövsiyəsindəki "oturma”  əmri/tapşırığı öz   həqiqi mənasında işlənməyib, şərti olaraq verilib. Yəni, heç ola  bilməz ki, kiməsə  Allahlı yer ancaq oturduğu müddətdə (bu, lap olsun ibadət məqamı) lazımdır, digər  hallarda isə yox. Təbii ki,  belə deyil.  "Oturmaq” burada,  ümumiyyətlə, var olmaq, mövcudluq kimi   başa  düşülməlidir.

İslamda böyüyə hörmət, kiçiyə  qayğı  mərhəmət prinsipinin təməlidir. İslamda  qocaya hörmət qoymaq Allaha hörmət qoymaqdır.

Peyğəmbərimizin (s. ə.s.) bu xüsusda  çoxlu sayda hədisləri vardır, məsələn, "Bir gənc bir qocaya yaşlı olduğuna görə hörmət edərsə, Uca Allah da o yaşlananda ona hörmət edən insanlar xəlq edər”; "Kiçiklərinə şəfqət etməyən, böyüklərinə dəyər verməyən və hörmət göstərməyən bizdən deyildir”  və s.  Fikir verirsinizmi, həm  körpələr hifz olunur, həm ixtiyarlar.  Bu,  yalnız uşaqları və cəmiyyəti  deyil, tam mənası ilə  cəmiyyəti   qorumaq kimi başa düşülməlidir və belə də başa düşülür.

Əgər  hər yerdə böyük arayan, böyüyü önə verən, onun tədbirlərinə  təslim olan  insanlar  varsa,  onlar bunu   həmin böyükdən öncə Allahı düşünüb edirlər . Başının üstündə Allahı, yerdə böyüklərini dəyərləndirmək hədislərdə saç-saqqalı ağarmış yaşlı insanlara hörmət edib mərhəmət  göstərmək, uşağlara qayğı  Allaha hörmətdən irəli gəlirsə,  onda İnsan oğlu  hər zaman  başının üstündə, qəlbində  Allaha,yerdə isə  böyüklərinə tapınacaq.   İnsanlığı , cəmiyyətin varlığını qoruyub saxlamağın alternativi olmayan düsturu  budur.  Böyüklərlə kiçiklərin   hörmət və ehtirrama əsaslanan  etimad düsturu budur!

 Bu düstur tələb edir  ki, boynunda, üzərində öyrətmək, tərbiyə etmək missiyası olan   şəxslər də,  ayrı-ayrı qurumlar da böyüməkdə olan nəsli  yaşlı nəsilə qarşı qədirşünaslıq  duyğuları,  cavabdehlik hissi ilə  tərbiyə etsinlər. Böyüyünü  tanımayan,  qarşısında  məsuliyyət hiss etməyən bir şəxs əxlaqi dəyərlərin daşıyıcısı necə ola bilər?

Odur ki, kimsə bizi  böyüklərin  hüzurunda hizmətdə olmağı  buyuran dinimizə  yanlış münasibətlə  bağlamağa can atmasın. Həm də harada olacaqsa,   başının üstübdə, qəlbində, fikrində öncə Allah olmayan  bəndənin böyüklərə hər hansı münasibəti  heç kimə   gərək deyil də.

 Lap məni   Sibirə sürgün etsələr də, deyəcəyəm: sovet dövrünün ideoloji  təbliğat, mənəvi tərbiyə məsələləri  indikindən daha zəngin  idi,  daha təsirli idi.Bir də ona görə ki, kampaniya  xarakteri daşımırdı. Yalandan kimisə zorla  "ağsaqqal” etmirdilər.   Zəngin həyat yolu keçmiş, şərəfli bir ömür  yolu keçmiş bir əmək adamını, kolxozçunu,  neftçini, inşaatçını indi      heç bir həyat  yolu,  idarəçilik  təcrübəsi  keçməmiş   bir gənc  idarə müdirinin  hikkəsinə  möhtac qoymazdılar ki,    hər il  il  başa çatanda   "müqavilə  bağlamaq”  adı ilə  işçini qoppac etsinki,  vaxtın birdi, səninlə müqavilə bağlamırıq və yaxud  65 yaşın çatıb, yerini gənclərə verməlisən. Etiraz etsən, diaqnostika qiymətləndirmə  keçirəcəklər...

Bizim məktənb yaşlarımızda  bütün təntənəli gün və bayramlara  yaşlı insanları (əmək  qəhrəmanları, müharibə veteranları)  dəvət edirdilər.  Orta məktəblərin dəhlizində   kəndin, rayonun  müharibə  və əmək  veteranlarının şəkilləri vurulardı. Veteranlar şurası olardı.

 Kalinin adına zavodda işlədim uzun müddət. Orada 40-50 ildən artıq  çalışmış  fəhlələrə " Zavodun sahibi”  deyirdilər, belə də hörmət edirdilər. 

İndi belə deyil. İtələyib sıradan çıxartmırlar, yaşayış yerini dəyişdirtdirmirlər... Sadəcə,  çox  üsulla, kəmali-ədəblə   təqaüdə çıxardırlar, öz xahişi ilə istefaya göndərirlər və s.

Geriyə baxma, Qoca


2020-ci ilin 1 iyul tarixinə  kimi ökəmizdə yaşa görə  təqaüdə çıxmış şəxslərin sayı  736,9 min nəfər    olmuşdur.

 Olsun ki, bunların müəyyən qismi müxtəlif formada - Leqal və  yaxud qeyri-leqal şəkildə yenə əmək  fəalyyətlərini davam etdirirlər.  Amma   daha çox  hissəsi  hələ canları sulu, dizləri təpərli olsalar da,   hər hansı fəaliyyətdən  tamam kənardadırlar.

Niyə belə olmalıdır ki? 700 mindən yuxarı insanın hamısı  "yorulub əldən düşməyib” ki. 700 mindən yuxarı insanın hamısı indi də qalan ömrünü  4 divar arasında, ya da uzaqbaşı    yaşadığı binanın qaşısına çıxıb geri qayıtmaqla   keçirmək istəmir ki. Elə binalar da var  ki,  heç onların qarşısında çıxmağa yer də yoxdur.

 Olan yerlərdə   bir rahatlıq yox, anti-sanitariya...

 Xətai rayonu  "Bakı ” kinoteatrı arxasında     bir  Veteranlar parkı var, əgər buna park demək mümkünsə.  Guya  ömrün qürub çağını yaşayan  insanların cəm olduqları, ünsiyyət qurduqları,   bir  sözlə, rahatlıq tapdıqları  sosial məkandır. Biz bu parka   2-3   dalbadal getdik,   necə var, eləcə də  davam edirdi (Bax: http://anaveusaq.az/sosial/2692-veteranlar-adi-gunlerde-de-qaygi-ile-ehate-olunmalidir.html)  çox yaxın  zamanda  oraya bir də baş çəkib, bu barədə növəti  yazımızda fotolar paylaşacağam.

Bir ölkənin baş şəhərində  veteranlar üçün  bu laqeydlik  həm də məsuliyyətsizlikdir.  Dövlət tərəfindən bu qədər  Proqramlar  qəbul olunur,  vəsait ayrılır, amma insanlar  var ki, nə evdə, nə ictimai mühitdə bir rahatlıq  tapmadan dünyasını dəyişirlər. Bəxtiyar Vahabzadənin insan təəssüfünün mənzərəsini  çox dəqiq əks etdirən bir şeiri var:


Cavanlıqda- əllər uzun, dillər qısa,

Qocalıqda- dillər uzun, əllər qısa.

Cavanlıqda- günlər qısa, illər uzun,

Qocalıqda- günlər uzun, illər qısa.


İndi gəl bu uzun  günləri   güc-bəla  axşama çək apar, axşamda  dörd divar arasına qayıt, qayıdan kimi də çarpayıya uzan. Gözlə  elə indiyə qədər çəliyin  dəstəyi ilə ayaqlarının səni zorla apardığı  yeknəsəq  səhərləri.

 

 

Geriyə baxma, Qoca 

 

Davamı var...

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz