» » Vaqif Bəhmənli- Şeirlərdən seçmələr

Vaqif Bəhmənli- Şeirlərdən seçmələr

 

 

Vaqif Bəhmənli- Şeirlərdən seçmələr

Üzük

O vüsal günləri hayana düşdü,
Var imiş könlümü qırmağın sənin.
Nə vaxtdan bu üzük payına düşdü: –
Alışıb yanaydı barmağın sənin...

Səni bəxş etdilər nə bilim kimə,
Mənim sevməyim də bir günah imiş.
Həsrətin zəhərli gülləymiş demə,
Bu kövrək ürəyim nişangah imiş.

Nəfəsim alışıb gör necə yandı.
Yalvarram, o qızdan aralan, üzük!
Bəxtimə dolanan qızıl ilandır,
Sənin barmağında saralan üzük.

Tutub ürəyimi qərib bir giley,
Kədəri quzeyin daşı boydadır.
Gözümdə sozalıb, kiçilib hər şey,
Dünya da üzüyün qaşı boydadır.

Köçdüm gözlərinə günün birində,
Varlığım qəlbində durmadımı bəs?
Sənin o nişanlın bəbəklərində
Mənim nişanəmi görmədimi bəs?

Daş yerə çırpılıb əzilmişəm mən,
Ağrı qatar-qatar əzikdən keçər.
Yaman incəlmişəm, nazilmişəm mən
Varlığım sap kimi üzükdən keçər.

Bir haray bənd olub könülə, gözə,
Təmiz məhəbbəti günah sayıblar.
Səni bir oğlana, bir könülsüzə
Məni də kədərə nişanlayıblar...
 

Vaqif Bəhmənli- Şeirlərdən seçmələr

 Bahar-payız arası

 

Fəsillərin rəngini

Göz gərəkdir görəsi!

İlin doqquz zənciri

Bahar-payız arası.

 

Ayı aya caladı

Durnaların sırası.

Günəş tonqal qaladı

Bahar-payız arası.

 

Təbiətdə rəngə bax, –

Qırmızısı, qarası...

Bala dönür buz bulaq,

Bahar-payız arası.

 

Dərələrə sıxılar,

Dağ gözünün "qorası”.

Şaxta-boran yox olar

Bahar-payız arası.

 

Qayadan əskik olmaz

Kəkliklərin xınası –

Dağlarda təklik olmaz

Bahar-payız arası.

 

Zirvələri bürüdü

Qartalların sədası.

Bir yarpağın ömrüdü

Bahar-payız arası.

 

Vaqif Bəhmənli- Şeirlərdən seçmələr

 

Qızlar bulaq üstə gələr

 

Doqqaz dinər neçə kərə,

Həyətlərdən dəstə gələr.

Səhəng qalxar çiyinlərə,

Qızlar bulaq üstə gələr.

 

Oğlanların ürəyindən

Ara-sıra səs də gələr:

"Çıxsa günəş, gülər çəmən.

Qızlar bulaq üstə gələr”.

 

Bal tökülən dodaqlarda

Badam gələr, püstə gələr.

Bəzən elə yuxularda

Qızlar bulaq üstə gələr.

 

Daşa dəyər axır güman,

İş əyilər, nəhs də gələr.

Ürək yanar, axı haçan,

Qızlar bulaq üstə gələr?

 

Həsrətinə əvəz tapar,

Bura neçə "xəstə” gələr.

Qızlar ürək üstə gələr,

Qızlar bulaq üstə gələr.

Vaqif Bəhmənli- Şeirlərdən seçmələr

 

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz