» » Azərbaycanlıların ailə mərasimlərində etnik ənənələr: “Quda-quda”

Azərbaycanlıların ailə mərasimlərində etnik ənənələr: “Quda-quda”

 
Azərbaycanlıların ailə mərasimlərində etnik ənənələr:  “Quda-quda”Keçmişdə Şəki-Zaqatala bölgəsində qız toylarında "Quda-quda" və ya "Qız qaçırtma" adlı elçilik mərasimini təsvir edən əyləncəli bir tamaşa da oynanı lardı. Tamaşada 6 qız iştirak edirdi. İki dəstəyə ayrılan iştirakçılardan üçü əvvəlcə meydana çıxaraq xorla oxuyurdu:

Ay quda-quda, can quda, canciyərim quda,
Elçi yar olsun quda, sirrin nar olsun, quda!
Qız almağa gəlmişik, naz almağa gəlmişik,
O qızı bizdən eyləmə, köynəyi candan eyləmə.
Qız pərini ver gedək, naz pərim ver gedək.

Qız adamları hər dəfə "Atası, anası öydə yoxdu","Əmisi, qardaşı öydə yoxdu" deyərək oxumağa başlardılar:

Bizdən sizə söz olmaz, nazpərini vermərik.
Bizdən sizə qız olmaz, nazpərini vermərik!

Üçüncü dəfə gələndə artıq elçilər yalvarmağa başlayırdılar:

Yaxandakı bitin olum.
Qapındakı itin olum.
Təndirdəki kütün olum.
O qızı bizdən eyləmə.
Köynəyi dizdən eyləmə.
Nazpərini ver gedək.
Qız pərini ver gedək.

Qız evi rolunda çıxış edən qızlar isə cavabında:

Qapımdakı itim olma.
Yaxamdakı bitim olma.
Təndirdəki kütüm olma.
Nazpərini vermərik,
Qız pərini vermərik!

deyə oxuyardılar. Bundan sonra oğlan adamları:
 
Cəhənnəmə ver. göra ver,
Ayrana ver, şora ver!...-
deyərək qızı zorla qaçırardılar. Qızı qaçırandan sonra qudalar birlikdə meydana çıxaraq oxuyurdular:

Haylı quda, huylu quda,
Kaşdı quda, huşdu quda!...

Hər iki tərəf bu misraları bir neçə dəfə təkrar edərək səhnədən gedirdilər. Bir azdan yenə geri gələrək oxuyurdular:

Bu dərəni aşmaq olmaz,
Zarıncı başmaq olmaz!
Bu qədər küsülü qalıb
İndi barışmaq olmaz!

Buraya çatanda məclisdə əyləşən qız-gəlinlər "qudaları" barışdırış qucaqlaşdırardılar. Bununla da tamaşa
bitərdi.

Azərbaycanlıların ailə mərasimlərində etnik ənənələr:  “Quda-quda”

 

Mənbə: 
Məhəbbət Paşayeva 
Azərbaycanlıların ailə mərasimlərində etnik ənənələr (Səhifə 87-88).
Bakı-2008

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz