Əsəb xəstəliyi
Müəllif: Anaveusaq.az от 24-11-2018, 18:00
Əsəb narahatlığı müxtəlif amillər və səbəblərlə bağlıdır. Bu narahatlığın aradan qalxmasında əsas şərtlərdən biri insanın iradəli olmasıdır. Belə olduqda bədənin müqaviməti artır, o, xəstəliyə üstün gəlir. Bununla yanaşı, əsəb zəifliyi törədən amillərə qarşı müalicə aparmaq lazımdır. Həssas adamlar əsəb xəstəliyinə daha tez tuturlar. Əsəb zəifliyi olan şəxslərdə adətən yuxusuzluq halları da müşahidə edilir. Belə şəxslər ilk növbədə yuxusuzluğa qarşı mübarizə aparmalıdır. Təsirli müalicə üsullarından biri açıq havada gəzinti, çimmək, müxtəlif əyləncə ilə məşğul olmaqdır. Əsəb xəstəliyi zamanı xüsusilə ürəyin qayğısını çəkmək lazımdır.
Bir sıra mənfi amillər - nigarançılıq, təngə gəlmək, yorğunluq da nəticə etibarilə əsəblərin zəifləməsinə səbəb olur. Həddindən çox yorğunluq əsəbləri qıcıqlandırır, yuxusuzluq baş verir, qan təzyiqi yüksəlir, ürək zəifləyir. Bu cür zəif adamlar yemək rejimini gözləməli, özünü çox yormamalı, yuxu rejimini saxlamalıdırlar. Əsəbi yorğunluq və narahatlıq hallarında, bir sıra bitki mənşəli dərmanların işlədilməsi müsbət təsir göstərir. Çobanyastığı çiçəyi yorğunluq, əsəb ağrıları və başağrıları zamanı faydalıdır. Bunun üçün 1 xörək qaşığı quru çiçəyi 100 qram qaynar suda 1 saat dəmə qoyur, sonra süzərək bir azca şirin edir və işlədirlər. Onun yağını isə əsəbdən ağrıyan yerlərə sürtmək məsləhətdir.
Bədmüşk yarpağının qaynanmış suyu və ya çiçəyinin dəmləməsi (150 q qurumuş çiçəyi 1 litr qaynar suda 12 dəqiqə ərzində dəmləyib bir az şəkər qatırlar) gündə 3 dəfə olmaqla yeməkdən əvvəl 1 fincan içmək tövsiyə edilir. Əsəb pozğunluğunda 15-30 qram quru razyananı xırdalayıb 1 litr soyuq suya tökür, od üzərində 1 dəqiqə qaynadırlar. Sonra onu 10 dəqiqə ərzində dəmə qoyur, süzüb bir az bal əlavə edərək yeməkdən sonra bir fincan işlədirlər. Bu zaman baş ağrısı dayanır, yuxu gəlir və əsəblər sakitləşir. Bu baxımdan 10 qram pişikotu kökünün 1 litr suda qaynadılmasından alınan məhlul da faydalı sayılır. Əsəbdən doğan ağrılar zamanı 5 qram xırdalanmış tərxunu 1 fincan qaynanmış suda bir müddət dəmə qoyur, yeməkdən sonra içirlər.
Əsəb ağrıları olan yerlərə qozun qərzəyindən, bişmiş kələm yarpağından təpitmə qoymaq müsbət təsir göstərir. Sarımsağı döyüb yumşaldır, onu kamfora yağı ilə qatıb fəqərə sütununa sürtürlər. Bu cür masaj həm yorğunluğu çıxarır, həm də əsəbləri sakitləşdirir.
Təmiz dağ havası...
Əsəbi hallardan sonra, çox fikirli və qəmli olarkən, 50 qramadək reyhanı (çiçək və yarpağı ilə birlikdə) 1 litr qaynanmış suda bir müddət dəmə qoyub süzür, bal ilə şirinləşdirib, yeməkdən sonra 1 fincan içirlər. Əsəbləri möhkəmləndirmək üçün badamı suda isladaraq qabığını soyub yemək məsləhətdir. Hər dəfə 10 ədəd badam yemək tövsiyə edilir.
Zehni əməklə məşğul olan şəxslər yorğun və əsəbi olurlar. Onlar üçün yemək zamanı mərcimək və ərik işlətmək məsləhət görülür. Kahı əsəbilik, yuxusuzluq, əsəbdən olan üz ağrıları, ürək döyüntüsü, əsəbi qıcıqlar və öskürək zamanı məsləhətli sayılır. Çox yorğun olan və əsəbi narahatlıq keçirən adamlar üçün bal ən yaxşı qidalardan biridir.
Bir sıra qidalar əsəblərin möhkəmlənməsində mühüm rol oynayır. Bu baxımdan armud, yumurta, süd, düyü, lobya, noxud, kartof, kələm, kahı, çörək, alma, zeytun yağı, təzə xama, pendir, badam içi kimi qida məhsulları mühüm əhəmiyyət daşıyır.
Yatmağın, yeməyin qaydaları
Yataq yeri rahat, otağın havası təmiz, qış zamanı yatarkən ayaqlar isti olmalıdır. Rahat yatmaq üçün yatmazdan əvvəl xaşxaş qabığının qaynanmış suyundan 1 fincan içmək lazımdır. Bunun üçün 10 qram yetişmiş, quru xaşxaşın qabığını 200 qram suda 5 dəqiqə qaynatdıqdan sonra, 10 dəq müddətində dəm çəkməyə qoyurlar. Sonra onu süzür, azca bal əlavə edərək 1 fincan içirlər. Yuxusuzluğa qarşı işlənən dərmanlardan biri də pişikotunun dəmləməsidir. Bunun üçün onun 60-100 qram quru kökünü 1 litr suya tökərək 12 saat saxlayır, sonra süzüb ondan 1 fincan içirlər.
Başqa bir vasitə kimi, 25 q təzə dərilmiş və ya quru itburnu meyvəsini 1 litr soyuq suda 3 saat isladırlar. Sonra mülayim od üzərində 5 dəqiqə qaynadır, 15 dəqiqə dəm aldıqdan sonra süzüb bir azca şirin edərək, gün ərzində bir neçə dəfə içirlər.
Yuxusuzluq və əsəbi narahatlığı olan adamlar şam yeməyi zamanı kahı yeməlidirlər. Axşamlar yatmazdan əvvəl alma yemək də bu baxımdan faydalıdır. Belə adamlar özlərinin yemək rejimlərini elə tərzdə tənzim etməlidirlər ki, ardıcıl sürətdə çox ət, yumurta və tərkibində nişasta olan başqa yeməklərdən bir növ pəhriz saxlamış olsunlar. Bunun əvəzində yemək zamanı daha çox göyərti və turş meyvələr, o cümlədən limon işlətmək məsləhətdir.
Zehni əməklə məşğul olan şəxslərə yemək zamanı soğan işlətmək məsləhət görülür. Zəiflik, əsəbi və fiziki yorğunluq zamanı soğan orqanizm tərəfindən tez məsrəf olunur, nişasta tərkibli maddələrin həzmini asanlaşdırır və beləliklə orqanizmi yatmaq üçün hazırlayır. Bu baxımdan şam yeməyi zamanı qara turp işlətmək də faydalı hesab edilir.
Yuxusuzluq zamanı 25 q pərpərəni 1 l suda dəmləyərək işlədirlər. Qocaların yaxşı və çox yatması üçün yeralması yemək tövsiyə edilir. Xiyarın da yuxu gətirmək xüsusiyyəti vardır. Şam yeməyindən sonra naringi yemək də rahat yuxu gətirir. Balqabaq tumunun şirəsini süd və ya suda bişirib işlətmək yuxusuzluq hallarında tövsiyə edilir.
Yuxusuzluğa qarşı işlədilən vasitələrdən biri də bədmüşkdür. Onun 50 qram qurumuş yarpağını 1 litr qaynar suda 2 dəqiqə qaynadır, 10 dəqiqə ərzində dəmə qoyurlar. Sonra süzərək gündə 3 dəfə, hər dəfə 1 fincan işlədirlər. Bədmüşkün 50 qram qurumuş çiçəyini 1 litr qaynar suda 12 dəqiqə dəmləyir, sonra şirinləşdirib gündə 3 dəfə, hər dəfə də 3 fincan yeməkdən əvvəl içirlər.
Uşaqlar da xəstəlikdən əziyyət çəkirlər
Ən ağrılısı odur ki, günümüzdə uşaqlar da bu xəstəlikdən əziyyət çəkirlər. Tək Azərbaycana nəzər salmaq kifayətdir. Bakı Şəhər Uşaq Ruhi Əsəb Dispanserinin apardığı statistik hesablamalara görə, paytaxtda yaşayan 539 min uşaqdan 9900 nəfəri müxtəlif dərəcəli ruhi-əsəb xəstəsidir. Onların 353-ü serebral iflicdən, 38-i şizofreniyadan əziyyət çəkir. 8 milyonluq əhalisi olan respublikamızda 5 yaşına qədər uşaqların sayı 639 min nəfərdir. Hər il bu yaş həddində olan 5 min uşaq dünyasını dəyişir. Respublikada epilepsiya xəstəsi olan 226 uşaq qeydiyyata alınıb, habelə 474 qaçqın uşağının psixo-sosial və reabilitasion tibbi yardıma ehtiyacı var. Ümumiyyətlə, respublikada 21500 əlil uşaq var. Onlardan 796 nəfəri əlilliyə görə təqaüd alır.
Uşaqlarda yuxunun pozulması, həyəcanın artması, emosiyaların keyləşməsi, depressiyalara məruz qalma və tənhalığa meyillilik kimi xəstəliklər müşahidə olunur. Son iki ildə qaçqın uşaqları arasında psixi xəstəliklərə düçar olanların sayı iki dəfə artıb və bu göstərici 267-dən 474-ə çatıb.
Qeyd edək ki, fiziki və əqli cəhətdən qüsuru olan bu uşaqlara qarşı soyuq münasibət onların inkişafında, sosial həyatda öz yerlərini tutmalarına mənfi təsir göstərir. Əsasən maddi vəziyyəti pis olan ailələr əlil uşaqlarından imtina edərək, onları internatlara, əlillər evinə təhvil verirlər. Statistika göstərir ki, əlil uşaqların 60 faizini ruhi xəstələr təşkil edir.
Nuranə Tofiqli
Mənbə:Xalq Cəbhəsi.- 2009.- 12 may.- S.13.
Oxşar postlar:
- Oxunub: 114
- Şərhlər: 0
- Bölmə: Humanitar / Səhiyyə
Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.
Ən çox oxunanlar
Meşədə, dağda bir ovuc zoğala, 1 kq itburnuna görə cərimə edəcəklərsə, meşələr, dağlar getdikcə insansızlaşacaq...
İki məntiqi çalışma
Bərdədə küçəyə atılan uşaqların taleyinə münasibət sıradan bir münasibətə oxşayır
Sosial verilişlərdə və şou proqramlarında “Baden - Badenin mavi gecələri” (III yazı)
Küçələrə atılmış körpələr çoxalır
Sosial verilişlərdə və şou proqramlarında “Baden-Badenin mavi gecələri” (I yazı)
Sosial verilişlərdə və şou proqramlarında “Baden-Badenin mavi gecələri” (II yazı)
Konstantin Simonov -“Gözlə məni” (Azərbaycan dilinə 6 tərcümə variantı)
Hərə qucaqlaşmağı, bir-birlərinə sarılmağı öz arzuladığı kimi düşünsə də...
Dövlət İmtahan Mərkəzi Şəki şəhərində hazırlıq kursları və elmi-metodiki seminarlar təşkil edib
Yazarlar