» » Geyim abırlı olmalıdır (II yazı)

Geyim abırlı olmalıdır (II yazı)

 

 

Geyim abırlı olmalıdır  (II yazı)

Müasir gənclik Avropa həyatına hədsiz meyillik göstərir. Sanki gəncliyimiz dilindən, milli hisslərindən, keçmişindən uzaqlaşmağa başlamışdır. Musiqimiz Avropa musiqisinə sintez edilib. Toy adətlərimiz büsbütün təhrif edilib. İstər oğlan tərəf, istərsə də qız tərəf bir-birlərini tamam-kamal tanımadan, övladları necəsə tanış olub tələm-tələsik toy edirlər. Belə gənclər sərbəstlik axtarırlar, valideynləri yaxın buraxmaq istəmir, məsuliyyətdən, ata-ana nəzarətindən tam olaraq uzaq olmağa çalışırlar. Nəticəsi də bu olur ki, bunlar ailə tərəfləri kimi formalaşa bilmir. Çünki gənclərimizin böyük bir hissəsi evlilik həyatına hazır olmadan baş vurur. Onların ailənin sosial mənşəyi, ailə münasibətlərində ərin və qadının yeri, ailə özəllikləri və s. bu kimi vacib məsələlər haqqında qazandıqları bilik və bacarıqlar yetərincə olmur.
Yaxşı gənclərimiz heç də az deyil. Fəqət, millilikdən uzaqlaşmaq təhlükəsini görməməyə bilmərik.
Vaxtilə, ən yaxşı halda, ancaq 5-3 xarici ölkənin ərazisini xəritədə göstərə bilən gənclərin bugünkü xələfləri indi, demək olar ki, dünyanın istənilən ölkəsində ola bilir: oxuyur, işləyir, ailə qurub qalır və s. Öz vətənində ailə qurub xaricə gedənləri nəzərdə tutmuram ha: "qırmızı almaya aldanıb”almana, amerikalıya, ingilisə, afrikalıya, danimarkalıya, macara, polyaka ərə gedən, taleyini həmişəlik yad ölkələrə bağlayan qızları nəzərdə tuturam. Başını soxmağa rahat, arxayın bir yer olsun deyə rusla, ukraynalı, çex, fransız qızı ilə evlənib bir müddətdən sonra yorulub, usanıb, heydən düşüb vətəninə dönən oğlanları nəzərdə tuturam. Bu gün sanki zaman, məkan məfhumu öz mənalarını doğru ifadə etmir.
Bir vaxt qonşu kənddən, rayondan qız almaq, qız vermək ailəni ciddi tərəddüdlər qarşısında qoyurdusa, bu gün qızı mozambikliyə ərə gedən ailə sevinir.
Bir vaxt başqa ölkələrə səfər etmək böyük zaman tələb edirdisə, indi 2-3 gün ərzində dünyanın ən ucqar ölkəsinə gedib-qayıtmaq mümkündür. Bu qədər üstünlüyün, rahatlıq və imkanlar, amma özü ilə bərabər, mənəviyyatımıza yabançı meyillər , sərhədsiz sərbəstliklər gətirdi. Mən öz şəxsi fikirlərimi deyirəm: Avropanın elm və texnlogiyaları bizim üçün nümunə ola bilər, amma əxlaq, mənəvi tərbiyə məsələlərinə gəlincə, biz onlardan hər zaman yaxşı mənada öndə olmuşuq. Ona görə ki, onlardan sərhədsiz sərbəstlik olub, bizdə qoruq-qadağalar, ölçü və hədlər, olar və olmazlar.

Geyim abırlı olmalıdır  (II yazı)


Haşiyə: Hatəmxan ağa: "Bu saatda mən sənə qandırım, balam! Mənə yəqin hasil olubdur ki, bizdə hər adət və xasiyyət var isə, əksi Paris əhlindədir. Məsələn, biz əlimizə həna qoyarıq, firənglər qoymazlar; biz papaqlı oturarıq, onlar başı açıq oturarlar; biz başmaq geyərik, onlar çəkmə geyərlər; biz əlimiz ilə xörək yeyərik, onlar qaşıq ilə yeyərlər; biz aşkara peşkəş alarıq, onlar gizlin alırlar, biz hər zada inanarıq, onlar heç zada inanmazlar; bizim arvadlarımız gödək libas geyər, onların arvadları uzun libas; bizdə çox arvad almaq adətdir, Parisdə çox ər almaq…”

Mən, şəxsən, bu qoruq-qadağaları, ölçü və hədləri, olar-olmazları təzyiq/təsir anlamında deyil, abır-həyanı  canıyananlıqla, cavabdehliklə qorumaq qayğısı kimi qəbul edirəm.
Keçən əsrin 80-ci illərinə qədər çox nadir hallarda boşanma halı olardı. Bu, ailə üçün, nəsil üçün, oba üçün utanc yox ey, bir az da ciddi, yəni, rüsvayçılıq, üzqarası sayılırdı.Ona görə də ailə də, nəsil də, oba da əxlaq, mənəvi tərbiyə məsələlərində ən kiçik narahatçılığı belə nəzərdən qaçırmırdılar.
Ağlım kəsəndən gördüyüm-bildiyim evliliklərin hamısında seçim valideynlərə məxsus olub.Onlar gəlini, kürəkəni yaraşığına, varına görə deyil, əsl-nəcabətlərinə görə, ağıllı olmasına, əlinin sənəti olmasına, evdarlığına, el arasındakı ədəb-ərkanına, geyiminə, nəsillərində ailə keyfiyyətlərinə görə seçirdilər və çox nadir hal ola bilərdi ki, zənlərində yanılaydılar. Qızın da, oğlanın da sevdiyi ola bilərdi. Ailənin həmin namizədə fikirləri mübət olsa idi, əksinə, sevinərdilər ki, övladları doğru seçim ediblər.
İndi isə əksəriyyət evliliklərdə seçim gənclərin özünündür. Hələ aillik həyatına başlamamışdan, qayğılarla qarşılaşmamışdan bir-birləri ilə mehriban olurlar, şən-gümrah görünürlər. Elə ki, evlilik həyatı başladı, üstündən 4-5 ay keçəndən sonra məlum olur ki, bunların xarakteri uyğun gəlmirmiş. Heç nə olmamış kimi də tezbazar ayrılırlar.
Həyatdakı bütün doğru qənaətlər müdriklərin hikmətli sözlərində təsdiqini tapıb. Məsələn, "qızı öz başına buraxsan, ya zurnaçıya ərə gedər, ya da halvaçıya”.
Amma oğul da, qız da ata-ana etalonuna vaqif olsalar, çox güman ki, yanılmazlar, gələcək ailə həyatları da xoşbəxt olar.
Bu gün belə məsələlər çox adiləşib, əhəmiyyətsizləşib. Fərqi yoxdur, kişi, ya qadın olsun, çox asanlıqla ayrılırlar. Yenisi, daha yenisini seçirlər, sanki heç nə olmayıb.Təkrar ziyafət keçirirlər. Dilə gətirirlər ki, ürəyim tutan olsa, yenə evlənərəm və ya ərə gedərəm.
Fransada nikah bağlamaq o qədər əhəmiyyət kəsb etmir. Gənclər bir-birini seçir, evlilik həyatını müəyyən qədər yaşayır, harda hiss edirsələr ki, bir-birləri üçün daha maraqsızdırlar, ər bir tərəfə gedir, qadın digər tərəfə.
 

Geyim abırlı olmalıdır  (II yazı)

Çünki isti bir ailə qurmaq, oğul-uşaq sahibi olmaq, onları böyütmək üçün öz rahatlıqlarının üstündən keçmək, əzablara qatlanmaq, yuxusuz gecələr keçirmək lazım gəlir, həm də birlikdə. Amma , görünür, avropalı gənclər qadına ehtiyacı macəra həyatı yaşamaq, əylənmək baxımından hiss edirlər, eləcə də qızlar oğlanlara. Bunlar da bir müddət birgə yaşadıqdan sonra yaşananlar, özləri belə, bir-birlərinə adiləşirlər. Odur ki, həyatlarında daha bir qədər də rəng, macəra, əza həzzi qatmaq üçün yeni birisini seçirlər. Bu, ailə institutunun ləğvinə doğru aparır.
Bir qadın isti bir ocaqda ANA deyə çağrılırsa, bir qadın gecənin bir vaxtı ayılıb qarnı köpmüş körpəsi üçün əl-ayağa düşürsə, gözü dolursa; bir qadın ər evinə qədəm basandan ədəb-ərkanla ailəsinə, uşaqlarına, qayınata- və qayınanasına ehtiram bəsləyir, qulluq göstərirsə, arzuladığımız, bütün evlərdə görmək istədiyimiz Qadın, Ana O-dur. İndi deyin, belə yaxşıdır, yoxsa, bir müddət macəra həyatı yaşayıb sonra da "dəniz qoynuna tullanmış çiçək” olmaq.
 
Haşiyə:  Amma bu məqamda onu da deyim, qadın təklənməsin, qadının ailədəki haqqını, ərə sədaqətini dəyərləndirmək onu əbədi etmək, daha mənalı etmək üçün çox vacibdir.

Həyat heç də həmişə hamar yol deyil, şirin kökə deyil. Belə olmamalıdır da. İndi vacib olan bu hamar, şirin olmayan həyatı şirin etməkdir.
Gənclərimiz xoşbəxt həyat qurmaq üçün aydın təsəvvürlərə malik olmalıdır. Xoşbəxtliyi hazır şəkildə almamalıdırlar. Onu əldə etmək üçün çalışmalı, çətinliklərlə mübarizə aparmalı, səadətinin bünövrə daşından üstünün örtüyünə kimi bir tam olaraq sevdiyi ilə birlikdə özləri qurmalıdırlar.
Gözəl əxlaqlı, ağıllı, işgüzar olmalı, doğru olanı, ədalətli olanı, haqq olanı seçməyi bacarmalıdır.
Qızlarımız, xüsusən, geyim məsələsində diqqətli olmalıdır. Azərbaycan qızları dünyanın bütün qızlarından gözəldir. Ən gözəl rənglər bizim qızların əynindəki libaslarda daha dərin məna daşıyırlar. Amma libas bir qədər açıq-saçıq olarsa, libas da, onu geyinən vücud da bayağılaşır.

"Ən yaxşı paltarları və ayaqqabıları geyinə bilərsiniz, amma unudulmaması lazım olan ən əhəmiyyətli şey onların içində əqidəli bir ruh sahibi olmaqdır. Bu, sizin dünyanı silkələməyə hazır olmağınızı təmin edəcək olan əsl şeydir”.
Alişa Kiz, amerikalı müğənn
Davamı var...

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz