» » Baş pediatrdan vacib xəbərdarlıq: Yay aylarında uşaqlarınızı bu xəstəliklərdən qoruyun

Baş pediatrdan vacib xəbərdarlıq: Yay aylarında uşaqlarınızı bu xəstəliklərdən qoruyun



Yay fəsli meyvə və tərəvəzlərin bolluğu, Günəşli günlərin sayının çox olması baxımdan uşaqların bədəninin qışa hazırlaması üçün əlverişli imkanlar yaradır. Lakin bu sadaladıqlarımız bəzi qaçılmaz problemlərə də yol açır. Bundan başqa, sərinləmək üçün uşaqların ən sevimli qidaları dondurma və sərinləşdirici içkilər müəyyən yaş qruplarında təhlükəli ola bilər.

Medicina.az xəbər verir ki, Səhiyyə Nazirliyinin baş pediatrı, Elmi Tədqiqat Pediatriya İnstitutunun direktoru, professor Nəsib Quliyev bu mövzu ilə bağlı publika.az-ın suallarını cavablandırıb.

- Nəsib həkim, yay aylarında uşaqlarda ən çox hansı xəstəliklər müşahidə edilir?

- Payız-qış aylarında uşaqlar arasında daha çox soyuqdəymə xəstəliklərilə qarşılaşırıqsa, yayda əsasən günvurma, mədə-bağırsaq pozğunluqları əsasında müraciətlər olur. Bu problemlərin yaranmasının səbəbi isə qida pozğunluqlarıdır. Yay mövsümündə meyvə-tərəvəzlər artır. Biz uşaqların bu qidaları qəbul etməsinə qarşı çıxmırıq. Lakin bu qidaların istifadəsinə, saxlanma qaydalarına riayət edilməyəndə onlar isti havanın təsirindən tez xarab olur. Bəzən onun içərisinə xəstəlik törədici mikroblar da daxil olur. Belə qidaların qəbulu uşaqlarda müxtəlif mədə-bağırsaq xəstəliklərinə, ishala səbəb olur. Bunlar da bəzən müxtəlif fəsadlar verə bilir.

- Yay mövsümündə uşaqların qidalanmasında yaşın önəmi nə qədərdir?

- Biz həkimlər yeni doğulan uşaqlara altı aydan sonra əlavə qidaların verilməsini məsləhət görürük. Lakin həmin altı ay yayın isti mövsümi - iyul-avqust ayına təsadüf edəndə analara əlavə qidalara başlamamağı tövsiyə edirik. Hazırkı hava şəraitində analar altı aylıq övladlarına əlavə qida verə bilərlər. Lakin temperatur artdıqca bu məsələdə təhlükə də artır. Uşaqlara əlavə qidalar verilən zaman onun yaşı mütləq nəzərə alınmalıdır. Bu mövsümdə insanlar bağa gedir və altı aylıq uşağa bişirdikləri kababdan verirlər ki, dadına baxsın. Təəssüf ki, bu cür hallarla qarşılaşırıq, nəticədə uşaqda salmonella xəstəliyi inkişaf edir. Valideynlər bilməlidirlər ki, uşağın mədə-bağırsaq sistemi hazırkı durumda həmin qidaları qəbul etməyə hazır deyil. Uşaqların yay mövsümündə qidalanması ilk növbədə yaşına görə aparılmalıdır. İkinci vacib məqam isə qida maddələrinin saxlanmasına və təzəliyidir. Bunlara mütləq diqqət edilməlidir.

- Bu aylarda parklarda, küçədə azyaşlı uşaqların əlində tez-tez sərinləşdirici içkilər olduğunu görürük. Bu içkilərin qəbulunda yaş məhdudiyyəti varmı?

- Uşaqlara təmiz suyun verilməsi vacib məsələdir. Aparılmış tədqiqatlara görə insanlar ancaq təmiz sudan istifadə etsəydilər, onların sağlamlıq göstəriciləri dəfələrlə üstün olardı. Yayda qazlı, rəngli sərinləşdirici içkilərin uşaqlara verilməsini məqbul hesab etmirəm. Bu içkilər uşaqlara xeyirdən çox ziyan vurur. Xüsusən də, 5 yaşa qədər uşaqların bu içkiləri qəbul etməsi məqsədəuyğun deyil. Zirzəmi şəraitində istehsal edilən, mənşəyi məlum olmayan qidalardan uşaqları qorumaq lazımdır.

- Yayda uşaqların ən çox sevdiyi qida dondurmadır. Bunu hansı yaşdan sonra qəbul etmək olar?

- Beş yaşa qədər uşaqlara dondurma verilməsini düzgün hesab etmirəm. Çünki bir-beş yaş dövrü uşaqlarda limfoid toxumanın sürətlə inkişaf etdiyi dövrdür. Bu səbəbdən həmin yaş qrupunda olan uşaqların dondurma qəbul etməsində hər zaman risk var. Tərkibində süd məhsulları olduğundan salmonellaya yoluxması, dondurma nəticəsində udlaqda iltihabi xəstəliklərin yaranması təhlükəsi mövcuddur.

- Qışda daha az xəstələnmək, yayda isə D vitamini ehtiyacını təmin etmək üçün çox yaxşı imkanlar var. Azyaşlı uşaqları dənizə apararkən və Günəş vannası qəbulu ilə bağlı tövsiyələriniz nələrdir?

- Düzdür, yay mövsümi bir çox üstünlükləri ilə bədəni qüvvətləndirməyə imkan verir. Lakin bu məqamda yol verilən risklər fəsadlara səbəb ola bilir. Xüsusən də, Günəş, dəniz vannası uşaqların sağlamlığı üçün çox əhəmiyyətlidir. Lakin bu, həddi aşanda problemə səbəb olur. Məsələn, uşaq normadan artıq Günəşin altında qalsa, günvurması olacaq. Bu zaman hətta baş-beynin, sinir sisteminin zədələnməsinə qədər problemlər yaranır. Bəzi hallarda uşaqlar huşunu itirə, ağır vəziyyətə düşə bilər. İstər dəniz suyu, istər qum proseduru, istərsə də Günəş vannası qəbul edəndə uşaqlar qorunmalıdır. Bəzən çimərliklərə gigiyenik baxımdan təhlükəli olduğundan qadağa qoyulur. Lakin valideynlər buna məhəl qoymadan uşaqlarını ora aparırlar. Sonra da tibb işçilərini yaxşı müalicə etməməkdə günahlandırırlar. Bu məsələdə məsuliyyətin böyük bir hissəsi valideyn üzərinə düşür. Günün əsas hissəsini uşaqla keçirən valideyn ona nəzarət etməlidir ki, xoşagəlməz hallar yaşanmasın. Yay uşaqların orqanizminin möhkəmləndirilməsi, immunitetinin gücləndirilməsi üçün böyük şansdır. Ona görə ki, bu möhkəmləndirici tədbirlər payız-qış aylarında uşaqların xəstələnməsi faizini dəfələrlə aşağı salır.

- Yayda vacib məqamlardan biri də yeni çıxan meyvə və giləmeyvələrin uşaqlara verilməsidir. Bu zaman zəhərlənmə, ishal və digər problemlərin yaşanmaması üçün nələrə diqqət yetirilməlidir?

- Bu mövsümdə meyvə və giləmeyvələrini verəndə diqqətli olmaq lazımdır. Altı aydan sonra uşaqlara onların şirəsini verməyi məsləhət görürük. Bu damcı ilə başlanır, tədricən miqdarı çoxaldılır. Bir yaşından sonra isə meyvənin ətli hissəsi və pure şəklində verilə bilər. Bu zaman onun gigiyenik baxımdan təmizliyi qədər, yetişmiş olmasına da diqqət edilməlidir. Dəfələrlə uşaqların kəskin qastritlə xəstəxanaya gətirilməsi hallarının şahidi oluruq. Məlum olur ki, uşaq həyətdə yetişməmiş alçanı yeyib. Yəni meyvə və giləmeyvələri yetişməmiş yeyəndə bu, mədə-bağırsaq problemlərinə səbəb olur.

- Bir sıra giləmeyvələr var ki, onlar tez allergiya verir...

- Meyvələr, giləmeyvələr və tərəvəzlər arasında ən çox allergiyaya səbəb olanların adı məlumdur. Bunlar portağal, çiyələk və pomidordur. Çiyələyi həm saxlamaq, həm də təmizləmək çətin olduğundan onu qəbul etmək uşaqlar üçün riskli ola bilər. O, torpağa yaxın məsafədə bitir, üzərində girinti-çıxıntıları var. Ona görə də bu giləmeyvəni uşaqlara verəndə diqqətli olmaq çox vacibdir. Valideynlərə məsləhət görərdim ki, çiyələyi çiy halda yox, onu yaxşı yuyub kampotunu hazırlayıb uşağa versinlər. Çünki çiyələk mədə-bağırsaq pozğunluqları və allergiyaya səbəb olur. Meyvə, giləmeyvə, tərəvəzə birinci tələb ekoloji baxımdan təmiz olmasıdır. İstixanada yetişdirilən, habelə tərkibinə bioloji aktiv maddələr vurulan meyvələri uşaqların qəbul etməsi riskli hesab edilir. Ağıllı valideyn bu cür qidalardan uzaq durmalıdır.

Mənbə:http://medicina.az/bas-pediatrdan-vacib-xeberdarliq-yay-aylarinda-usaqlarinizi-bu-xesteliklerden-qoruyun/

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz