» » Müraciətlərə cavab verilmir, ya da başdansovdu cavab verirlər

Müraciətlərə cavab verilmir, ya da başdansovdu cavab verirlər


Yazımı Cənab İlham Əliyevin "Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının üçüncü ilinin yekunlarına həsr olunan konfransda çıxışı zamanı məşhur çağırışı ilə başlayıram:
- ..İnsanların yaxşı yaşaması təkcə maddi tərəflə ölçülmür:
Burada, əlbəttə ki, məmur-vətəndaş münasibətləri xüsusi yer tutur. Mən dəfələrlə bu məsələ ilə bağlı öz fikirlərimi demişəm, bu gün də deyirəm. Hər kəs bilsin, eşitsin və nəticə çıxarsın: məmurlar xalq üçün yaşayırlar, əksinə deyil. Məmur xalqın xidmətçisidir, vətəndaşa xidmət göstərməlidir, köməklik göstərməlidir, yekəxanalıq etməməlidir, hansısa qanunsuz tələb irəli sürməməlidir, özünü təvazökar aparmalıdır - özü də, ailə üzvləri də, nümunə olmalıdır, rüşvətxorluqla məşğul olmamalıdır, soyğunçuluqla məşğul olmamalıdır. Məmur bax belə, dediyim kimi olmalıdır. Mən hər bir dövlət məmurunu təyin edəndə və ya icra başçısını başqa vəzifəyə qəbul edəndə də göstərişlər verirəm ki, get, insanlara qulluq elə, xidmət elə, dövlətə xidmət elə, təmiz işlə. Amma əfsuslar olsun ki, bəziləri nəticə çıxarmırlar və onların da cəzası verilir və veriləcəkdir. Biz bütün bu işləri görürük ki, Azərbaycanda inkişaf hərtərəfli və sürətli olsun, xoşagəlməz hallara son qoyulmalıdır".
Amma çox təəssüf ki, Xətai Rayon General Şıxlinski küçəsi 47, 49, 51 saylı binalarda yaşayan insanların mənafeləri Xətai Mənzil Kommunal Təsərüffatı Birliyinin və onun struktur vahidi olan 96 nömrəli MİS-in məmurlarının mənafeyi qədər deyilmiş.
Daha ətraflı:
Xətai Rayon İcra Hakimiyyətini elektron səhifəsində 2017-09-29-cu il tarixdə "Xətai rayonundakı 24 saylı tam orta məktəbdə sakinlərlə görüş keçirildi" sərlövhəli xəbər paylaşılmışdır.
Həmin xəbərdə qeyd olunur ki, "daha sonra görüşdə iştirak edən sakinlər çıxış edərək ərazidə gedən abadlıq və quruculuq işlərinə görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildirdilər və onları narahat edən bəzi nöqsan və çatışmazlıqların aradan qaldırılmasını xahiş etdilər.
Görüşdə sakinlər tərəfindən qaldırılan məsələlərin həlli ilə əlaqədar aidiyyəti qurum rəhbərlərinə konkret tapşırıqlar verildi."
Hansı ərazidir bu ərazilər, niyə ümumi şəkildə verirsiniz?
Həmin gün mən evdə idim. Gəlinim məktəbə valideyn iclasına çağırıblar deyə məktəbə getdi və heç yarım saat keçmədən qayıtdı ki, "məktəb iclası deyildi, içradan gəlmişdilər". Dərhal geyinib məktəbə getdim. Kimsə yox idi. Amma İcra Hakimiyyətinin elektron səhifəsində həqiqəti əks etdirməyən məlumatı və həmin görüşü bəhs edən şəkilləri səhifənizdə yerləşdirən kimi, mən də etirazımı yazdım. Sakinlərlə görüş bu şəkildə keçirilməməlidir: müəllimlər uşaqlarını aparmağa gələn 15-20 valideyni zala yığıb, sonra da adını qoyurlar ki, sakinlərlə görüş keçirildi. Zaldakıların xeyli hissəsi əllərində qeyd dəftərləri tutmuş məmurlardır, bunu şəkildən də bilmək olur.

Müraciətlərə cavab verilmir, ya da başdansovdu cavab verirlər

Sakinlərlə görüş keçirmək üçün bir neçə gün əvvəldən 96 saylı MİS işçiləri xəbərdarlıq edəydilər. Sakinlər bu cürə görüşü illərdir gözləyir. Görüş də belə dar macalda deyil, 6-cı və ya bazar günü məhəllədəki mərasim evlərindən birində keçiriləydi. Sizin təqdim etdiyiniz şəkildə 15-20 sakin var: bir blokun sakinləri. Mən 10 ildən artıq bu məhəllədə yaşayıram. Bu müddətdə burada xəbərdə qeyd olunan kimi, heç bir quruculuq-abadlıq işləri aparılmayıb. Bu məhəllənin sakinlərinin ən adi sosial qayğıları nəzərə alınmayıb.Nəinki nəzərə alınmayıb, heç insanların rəyi ilə hesablaşan yoxdur.
Məişət tullantılarının yandırılması, metal tutumlarının kifayət etməməsi, binaların qarşısındakı ərazilərdə sakinlərin sosial-məişət rahatlığı üçün rahatlığın olmaması, ərazilər vaxtlı-vaxtında təmizlənməməsi, otları qurumuş sahələrin, yapaqların, kol-kosun yandırılması ilə və s. problemlər hər zaman mövcuddur .
Ayrı-ayrı xidmət sahələri məhəllədə qəza-təmir işləri görərkən ərazini yararsız hala salıb gedirlər. Məhəllədə yaşlı sakinlərin, uşaqların gəzinti və oyun yerləri, ünsiyyət üçün nəzərdə tutuılmuş ərazilər gündən-günə daralmaqdadır. Bütün bunlarla bağlı aidiyyəti qurumlara sakinlər tərəfindən dəfələrlə müraciət olunub. Amma müraciətlərə heç vaxt məhəl qoyulmayıb. Sakinlərin müraciətləri son olaraq Xətai Rayon Mənzil Kommunal Təsərrüfatı Brliyinə göndərilib.
Birlik isə iş görmək, problemi həll etmək əvəzinə elə cavablar verib ki, sakinlər günahkar kimi olublar. həmin cavablarda qeyd olunur ki, faktlar əksini tapmadım. Biz hər dəfə mövcud vəziyyəti əks etdirən çoxlu sayda şəkillər qoymuşuq, bunlar nəyə əminliklə qıpqırmnızı yalan deyirlər. Bunun başqa adı yoxdur.
Təkcə bir faktı diqqətinizə çatdırım. General Şıxlinski küçəsi 47,49, 51 saylı 3 9 mərtəbəli, 1 5 mərtəbəli binanın sakinləri bütün bu problemlərlə bağlı Prezident Aparatına müracət etmişlər. Məktub tədbir görülmək üçün Bakı Şəhər İcra Hakimiyyətinə göndərilib. Burada da üstündən aylar keçəndən sonra - 15.09. 2017-ci il tarixdə Bakı Şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş İdarəsi onu 18/10-8/284 saylı məktubla tədbir görülməsi üçün Xətai Rayon İcra Hakimiyyətinin Başçısı cənab Razim Məmmədova ünvanlayıb və bir nüsxəsini də 47,29,51 saylı binada yaşayan sakinlərə.
Həmin məktubun sonuncu cümləsi: " Qeyd olunanları nəzərə alaraq, rayon ərazisində aparılan abadlıq və yenidənqurma tədbirləri çərçivəsində görülən işlərin davamı olaraq Gen. Şıxlinski küçəsi. 47, 49 və 51 saylı binaların ümumi həyətində yeni istirahət guşəlıərinin və meydançaların yaradılması və təmizlik işləri aparılması, eləcə də çatışmazlıqların , qanunsuzluqların və narazılığa səbəb olan amillərin aradan qaldırılması üçün zəruri tədbirlər görülməsi Sizdən xahiş olunur. "
Məktunu rəis əvəzi, baş memar Akif Abdullayev imzalayıb.
 

Müraciətlərə cavab verilmir, ya da başdansovdu cavab verirlər

 

Tarixlərə fikir verin: Bakı Çəhər İcra Hakimiyyətinin rəsmi məktubu Xətai Rayon İcra Hakimiyyətinə 15.09. 2017-ci il tarixdə göndərilib, 2017-09-29-cu il tarixdə isə Xətai İcra Hakimiyyətinin xəbərlərində bu ərazidə gedən abadlıq və quruculuq işlərindən danışır. Bu ərazidə isə belə işlər yoxdur və heç vaxt da olmayıb.
2017-09-29-cu il tarixdə siz xəbəri verəndən sonra mən müraciət etdim və müraciətim qəbul olundu və qeyd edildi ki, ən qısa müddətdə cavablandırılacaq, üstündən 2 aya yaxın vaxt keçir, hələ xəbər yox. Sabah qış mövsümü başlayır. Keçən mövsümün başlanğıcında istilik verməyə 2 həftəyə yaxın gec başladılar, mövsümün sonuna isə 2 gün qalmış dayandırdılar. Sakinlər yenə narahatdırlar ki, 15 noyabrda istilik olacaqmı?
Ayın 15-nə isə cəmi 7 saat var. Gözləyək, görək geniş işlər apadıqlarına raport verən məmurlar qış mövsümünə necə hazırlaşıblar? Yaxşı hazırlaşıblarsa, sabah evlər , istiliklə təmin olunacaqsa, xidmət sahələri bu məhəllədə yaşayan 1000-dən artıq sakinin hərarətli, ehtiramlı dualarını qazanacaq.

R.S: Jurnalımızda müxtəlif vaxtlarda General Şıxlinski küçəsi 47, 49, 51 saylı binalarda yaşayan sakinlərin qayğıları ilə əlaqədar yazı verilmişdir. Aydınlıq üçün həmin yazıların linklərini də təqdinm edirik:

1. http://anaveusaq.az/tebiet/1643-49-nomreli-binanin-sakinleri-bu-mehellede-asude-nefes-ala-bilmirler.html

2. http://anaveusaq.az/sosial/1872-azerbaycan-respublikasinin-fovqelade-hallar-naziri-kemaleddin-fettah-oglu-heyderova-apellyasiya-shurasina-muraciet.html

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz