» » İnsult - bədəni başın nəzarətindən çıxaran sindrom

İnsult - bədəni başın nəzarətindən çıxaran sindrom

İnsult - bədəni başın nəzarətindən çıxaran sindrom

İnsult artıq yalnız nənə-babaların xəstəliyi deyil, orta yaşlılar da azarın hədəfindədir. Üstəlik, son illərdə insult katastrofik şəkildə elə cavanlaşıb ki, 30 yaşına çatmamış gənclər də bu bəlaya məruz qala bilir...

Ölümə aparan 3-cü bəla


Beyində qan dövranının kəskin pozulması iki yerə ayrılır. Birincisi keçib-gedən pozulmadır. Digəri isə, xatalı pozulma - insultdur. Bu azar yaşlı adamlarda beynin işinin pisləşməsinin əsas səbəblərindən biridir.
İnsultda beynin müəyyən hissəsində qan dövranı azalır və ya tamamilə kəsilir. Və yaxud beyni qidalandıran damarlardan birinin və ya bir neçəsinin tamlığı pozulur (cırılma), daralır (spazm) və ya tutulur.
Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatına əsasən, ölümə səbəb olan xəstəliklər arasında insult üçüncü yerdə qeyd edilir. İnsult həyat üçün təhlükəli olan kəskin miokard infarktı və ya kəskin kəllə-beyin travması ilə eyni dərəcədə təhlükəli sayılır.
Yaşı 55-dən yuxarı qadınların hər beşindən biri, kişilərin isə hər altısından biri insult keçirir və onlardan yarısı bu səbəbdən vəfat edir. Həyata qayıdanların 70-80%-də müxtəlif əlillik dərəcələri qeyd olunur: onların da 20-30%-i ömrünün sonunadək doğmalarının və ya tibb işçilərinin xüsusi qayğısına möhtacdırlar...

İnsultun iki tipi

Kəsilmə və sızma
İnsultun iki tipi fərqləndirilir: işemik və hemorragik.
Hər iki halda beynin zədələnmiş sahəsi oksigen və onun üçün zəruri olan qidalandırıcı maddələri yetərincə ala bilmir və ölməyə başlayır.

İşemik insult. İnsultların 80-85%-i işemikdir. İşemik insult qan təchizatının çatışmazlığı nəticəsində beynin ocaqlı (fokal) zədələnməsindən əmələ gələn, 24 saatdan çox çəkən və ya bir sutka ərzində ölümə gətirib çıxaran nevroloji simptomların kəskin inkişafı ilə xarakterizə olunan sindromdur. Bu azarda tromb beyindəki arteriyalar və xırda damarlarda qanın işləməsinə əngəl olur. Bütün halların 80%-də işemik insult karotid hövzədə, 20%-də isə vertebrobazilyar hövzədə baş verir.
Kəskin serebral işemiya nəticəsində yaranan ocaqlı nevroloji defisit və ya retinal işemiya nəticəsində yaranan görmənin monokulyar pisləşməsi 24 saat ərzində tam keçib gedirsə, bu sindrom tranzitor işemik həmlə kimi təsnif edilir.

Mikroinsult
- qısamüddətli işemik tutmadır. Simptomları adi insultla eyni olsa da, sürəkliliyi bir neçə dəqiqə çəkir.

Hemorragik insult. İnsultun bu tipinin payına insultların 15-20%-i düşür. Sadə dillə desək, bu azarda qan daşıyan damarlar partlayır və qan sızması baş verir.

Tibbi dillə Hemorragik insult - serebral arteriyanın travmatik genezli olmayan partlaması və qanın intrakranial sahəyə (intraventrikulyar, intraserebral, subaraxnoidal, subdural və ya epidural olaraq) axması nəticəsində beyində qan dövranının kəskin pozulmasıdır. Bəzən intraserebral hemorragiya beyin infarktı sahəsində inkişaf edir: bu, işemik insultun hemorragik transformasiyası adlanır.
Bəzən mürəkkəb insult (qarışıq) olur ki, bu zaman eyni ocaqda həm işemik dəyişkənliklər, həmdə qansızmalar olur.
Yaşlı əhali arasında əlilliyin aparıcı səbəbi və ölümün əsas səbəblərindən biri olan serebral insult əvvəlki kimi səhiyyənin əsas problemlərindən biri olaraq qalır.

İnsult - bədəni başın nəzarətindən çıxaran sindrom

Risk faktorları

Qan damarlarının işləməməsi və ya partlaması beynin dramatik "qiyamı"dır. Ona görə ki, beynimizin bu hala düşməsində özümüz də az günahkar deyilik, sağlamlığımıza laqeyd münasibətlə bu bəlaya rəvac veririk.
İnsult riskinin vaxtında aşkar olunması və qabaqlayıcı tibbi tədbirlərin keçirilməsi azarın müalicəsində kifayət qədər effektiv olur. Odur ki, istənilən yaş kateqoriyasına aid olan qadın və kişiləri insult, onun səbəbləri, əlamətləri və xüsusən də profilaktikası barədə məlumatlandırmaq çox gərəklidir.
İnsultun risk faktorları, yəni azarın başvermə ehtimalını artıran amillər sırasında aşağıdakıları qeyd etmək olar:

- arterial hipertoniya
- şəkərli diabet
- ateroskleroz
- səyirici aritmiya
- ürək-damar xəstəlikləri
- qan xəstəlikləri
- siqarət çəkmə
- alkoqol qəbulu
- narkomaniya
- piylənmə,
- azhərəkətli həyat tərzi
- oral kontraseptivlərin qəbulu
- yaşlanma (45-60 və daha artıq yaş)
- kişi cinsi (insult qadınlardan fərqli olaraq kişilər daha tez-tez letal sonuca aparır)
- irsi-genetik meyllilik
- afro-amerikan irqə mənsubluq.

İnsult - bədəni başın nəzarətindən çıxaran sindrom

 

Simptomları

İnsultun müxtəlif əlamətləri var. Beyinin hər hansı hissəsinin zədələnməsi həmin sahənin idarə etdiyi müvafiq orqan və funksiyalara öz mənfi təsirini göstərir:

- güclü baş ağrıları;
- başgicəllənməsi, zehnin dumanlı olması;
- ürəkbulanma, öyümə, bəzən qusma;
- görmənin pozulması;
- bir və ya hər iki gözün görmə qabiliyyətinin kəskin pisləşməsi: çəpgözlük, ikili görmə, bir və ya ikitərəfli korluq;
- nitq pozula bilər: hətta sadə sözlərin tələffüzü belə çətinləşir;
- yuxarı (üz)və ya aşağı ətrafların (əl-ayaq) əzələ zəifliyi: bir və ya ikitərəfli iflic olma. Əl və ayaqlar sanki donur: sağ əllə sağ ayağı və yaxud sol əllə sol ayağı tərpətmək olmur. Əgər sol tərəf hərəkətliliyini itiribsə, beynin sol yarımkürəsi zərər görüb və ya əksinə;
- yerişin və tarazlığı saxlamaq qabiliyyətinin pozulması.

Ağır fəsadları

İnsult daha də kəskinləşərək davamlı komaya, iflicə, güclü əzələ zəifliyinə, intellekt və yaddaşın pozulmasına apara bilər. Ağır insult ölümə səbəb verə bilər.

Nə edə bilərik?

Əgər xəstə insult tutmasının başlamasından sonra 3 saat ərzində xəstəxanaya çatdırılırsa, azarın fəsadlarını uğurla müalicə etmək mümkündür. Odur ki, "Təcili yardım"ı nə qədər tez çağırsanız, o qədər çox udarsınız. İnsultun inkişafında dəqiqələrin də hesabı var...
İnsultda mühüm profilaktik tədbir arterial təzyiqə nəzarət və hipetoniyanın müalicəsidir. Əgər təzyiq 140/90 mm civə sütunu təşkil edirsə və daha yüksəkdirsə, həkimə müraciət üçün yetərli əsas vardır. Bundan başqa, qanda xolesterinin, şəkərin səviyyəsinə vaxtaşırı nəzarət etmək lazımdır.
Siqaret çəkməkdən imtina edin.

Həkim nə edə bilər?

İnsult şübhəniz varsa, mütləq xəstəxanaya gedib həkim müayinəsindən keçməli və müalicə olunmalısınız.
Xəstəliyin diaqnostikasında adətən kompüter tomoqrafiyası, maqnit-rezonans tomoqrafiyası və s. araşdırma vasitələrindən istifadə edilir.
Mümkündür ki, tromb və ya gematomanın kənarlaşdırılması, qan sızmasının dayandırılması üçün cərrahi əməliyyata ehtiyac olsun.
İnsultdan sonra bütün pasiyentlər üçün reabilitasiya vacibdir. İnsultdan sonra itirilmiş nitq və hərəkət vərdişlərinin bərpasına müəyyən fiziki yüklənmələr, fiziki terapiya və loqopediya kömək edə bilər.
İnsultun müalicəsində adətən aşağıdakı preparatlar tətbiq edilir: aspikor, aspinat kardio, asekardol, qlisin, kardiask, elkar və s.

Unutmayın!!! 
Müalicəni həkim təyin edir, dərman reseptini də o yazır - özünümüalicə ilə məşğul olmayın, insult zarafatı sevməz!

İnsult - bədəni başın nəzarətindən çıxaran sindrom

Mənbə:http://news.day.az/society/371382.html

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz