» » Toylarımız və imkanlarımız (II yazı)

Toylarımız və imkanlarımız (II yazı)

 
Toylarımız  və imkanlarımız  (II yazı)

Heç kim yeniliyin əleyhinə deyil. Təbii ki, ictimai-sosial inkişafla bağlı olaraq həmin dövrə uyğun gəlməyən hər nə var, mütləq yenilənməyə məruz qalır. Məsələn, tarixin elə dövrləri olub ki, kişiyə bir neçə arvad almağa icazə verilib, qadını kişiyə qul kimi, kəniz kimi bağışlayıblar. Belə hallar zamanla irəliyə davam edə bilməzdi axı. Başqa bir misal. Son dövrlərə qədər qız uşaqlarına görə başlıq alırdılar. Bəzi yerlərdə bunu gəlin köçəcək qızlarına cehiz almaq üçün, bəzi yerlərdə süd pulu kimi alırdılar. Bəzi yerlərdə, həm də daha çox yerlərdə oğlan tərəf qız tərəfini ailəyə gəlir, qazanc gətirən bir ailə üzvündən məhrum etdiyi üçün onlardan belə başlıq istənilirdi. İndi varmı belə ödənclər, əlbəttə, yox. İnsanların həyat və mədəni səviyyələri yüksəldikcə, belə utanc vasitələrdən əl çəkdilər. Əksinə, indi ata-ana qızının rahat olması üçün gələcək ailə həyatında lazım olacaq bütün məişət əşyaları ilə təmin edirlər ki, balaları əziyyət çəkməsin.
Amma təəssüf ki, toy-adət-ənələrimizə bir tərəfdən də yeni eybəcər hallar daxil olmaqdadır ki, artıq bunlar insanları haqlı olaraq narahat edir.
Onlar bununla əlaqədar sosial şəbəkələrdə maraqlı təkliflər irəli sürür, bu cür məsələlərə dərindən nüfuz edirlər.
Həmin narahatçılıq doğuran məqamlardan biri budur ki, insanlar çox vaxt dəbə uyaraq özlərini ətraflarına fərqli şəkildə göstərmək istəyirlər: şadlıq evindən tutmuş məxsusi gəlin maşınının, müğənnilərin, rəqs qrunun, daha nələr, nələrin seçilməsi üçün evlərində günlərlə məşvərət-məsləhət aparırlar.
Guya gəlini sadə, 100 manatlıq maşınla yox, xüsusi toy karvanı ilə gətirmək ailə xoşbəxtliyinin yollarına işıq saçacaq?
Qocalarımızın söylədklərinə görə, 1941-45-ci illər müharibəsi illərində kənddə maşın nə gəzirdi: filənkəs xalanı, filənkəs bibini kəl arabasında, at belində gəlin köçürmüşlər. İndi onlar necə qollu-budaqlı, necə zəhmətkeş, necə xoşbəxt ailədirlər.
Gərək toy edən gənclər toylarını zahiri üstünlükləri ilə deyil, vəfa, etimad keyfiyyətlərinə görə tarixə yaza bilsinlər.

Toylarımız  və imkanlarımız  (II yazı)

Hamıya aydındır ki, dəbdəbəli toylar əhalinin imkansız və sosial vəziyyəti ağır olan təbəqəsinin durumuna uyğun deyil. Onda bu kateqoriyadan olan insanlar niyyətlərini öz imkanlarına uyğun həyata keçirməli, yəni, hər kəs "ayağını yorğanına görə uzatmalıdır”.
Əlbəttə, hər fikrə hörmətlə yanaşıram. Amma "ayağını yorğana görə uzatmaq” prisipinə, şəxsən mən, bir qədər fərqli başqa cürə yanaşıram..
Onda cəmiyyətdə təbəqələşmə meyili yaranar: sadə adamlar sadə məhəllələrdə, nisbətən ucqar yerlərdə yaşasın, onlara ayrı çimərlik olsun, nəqliyyat, xəstəxana ayrı olsun… toyu hərə öz imkanına görə etsin və s.
Mən 2 toy etmişəm, Allah hamıya qismət etsin, əlbəttə, öz imkanıma görə etdim. Heç birində ziyana düşmədim. Bir qədər də əlavə pul qaldı. Onsuz da hər kəs öz imkanına və əhatə dairəsinə görə toy məclisi düzənləyir. Kiçik oğlumun toyu üçün şadlıq evi danışmışdım və beh vermişdim. O arada bir dostla rastlaşdıq və söhbət zamanı bunu dedim. Məsləhət gördü ki, şadlıq sarayını baha danışmısan, ona yaxın bir şadlıq sarayı vardı, dedi get əlindəki menyunu ver, de ki, bu yeməklər olacaq. Elə də etdim, fərq iki min manatdan çox oldu. Qaydasınca da məclisimizi yola verdik.
Hesab edirəm ki, şadlıq sarayları üçün zaman-zaman söylənilən özbaşınalıqlara son qoyulmalıdır. Menyunu şadlıq sarayları deyil, toy sahibləri müəyyən etməlidir. Əslində, şadlıq sarayları insanlar üçün şadlıq sarayıdır, amma sahibkar üçün böyük ticarət mərkəzidir: insanların toyunu edib, ərzaq satırlar. Hər kəs də bilir ki, bu gün şadlıq saraylarında stollara təqdim edilən ərzaqlar insanların yeyə biləcəklərindən dəfələrlə artıqdır. Axı bunun xərcini toy sahibinin, gənc ailənin boynuna yükləmək nə dərəcədə doğrudur? Çox zaman da elə olur ki, toy sahibləri uzun zaman toyun xərcindən çıxa bilmirlər. Hətta, internetdə toy günü şadlıq sarayının xərcini ödəyə bilmədiyi üçün gəlini və ya hansısa bir ailə üzvünü girov saxlamaq kimi xəbərlərə də rast gəlmişik.
Belə vəziyyətə düşməmək üçün toya dəvət ediləcək insanların sayını azaltmaq da doğru olmazdı. Onda bu toy, toy olmadı ki…Bizim gəncliyimizdə belə toyları "komsomolski toy” adlandırırdılar. Kim razı olardı ki, ona "komsomolski toy” etsinlər. "Toy” sözünün mənasında bilirsiniz ki, bir kütləvilik anlamı var. Əgər ixtisar edə-edə getsək, bununla sosial ünsiyyətin qapılarını qapamış olarıq. İnsanların xeyirdə-şərdə bir-birlərinə ehtiyacları var. İxtisarlar, imtinalar bizi laqeydliyə aparar. Əksinə, toy-nişan mərasimlərinin kütləviliyini artırmaq lazımdır. Biz uşaq olanda kənd toylarında kəndin bu başından o başına kimi, balacadan böyüyə tutmuş bütün kənd iştirak edərdi. İndi o toy-düzənlər yoxdur. Kəndlərimizdəki o mehribançılıq da yoxdur.
Niyə kəndlərimizdə dədə-baba toylarını müasirləşdirdik? Canımız rahat olsun deyəmi?
Biz uşaq olanda görmüşük ki, birində xeyir məclisi, iraq-iraq, yas məclisi olanda,eləcə də əsgər yola salanda, əsgər gələndə hamı tökülüb gəlirdi, tədarük görürdülər. Bu fonda qonşular arasında, kənd camaatı arasında qaynayıb-qarışma borcu yaranırdı. İnsanların bir-birləri, eləcə də toy edən gənclərin, onların ailələrinin cəmiyyət qarşısında ehtiram borcu, cavabdehlik borcu yaranırdı. Sabah, nə vaxtsa toy edən gənclərdən hansısa biri yanlış addım atanda qonşuların, ağsaqqal-ağbirçəklərin bu problemlərin çözümündə böyük təsiri ola bilər. Odur ki, insanların bir-biri ilə belə bağları hər zaman yaradılmalıdır. Bu ünsiyyətlərdə, qarşılıqlı münasibətlərdə həm də ailəcanlı, dilli-dilavər, diribaş analar, onların qızları üzə çıxırdı; seçmək-seçilmək fürsəti yaranırdı; əlaqələr, varislik beləcə davam edirdi.

Toylarımız  və imkanlarımız  (II yazı)

İkinci təklif edərdim ki, şadlıq evlərində biznes-şou nümayəndələrinin qiymət özbaşınalıqlarının qarşısı alınsın. Onların toylara neçəyə getməsi ilə bağlı internetdə yazılar verilir. Alim 15-20 il can qoyur, amma hələ ev ala bilmir, şou nümayəndəsi deyir ki, 7-ci avtomobilimdir bu. Bu gün əksər televiziyalar belələrinin maşınlarını, villalarını nümayiş etdirirlər, özləri bunu qəsdən etdirirlər. Heç görmüsünümü bir müəllim 3 yerdə evi olsun, onu televiziyada nümayiş etdirsin və yaxud neftçi, tornaçı? Şadlıq saraylarının qapılarını belə şəxslərin üzünə bağlamaq lazımdır. Bu qədər mədəniyyət sarayları, klublar var. İnsanları bu istiqamətdə maarifləndirmək lazımdır. Onlar müqavilə bağlayıb toylarına həmin mədəniyyət saraylarının özfəaliyyət kollektivlərini dəvət etsinlər. Elə yaxşı özfəaliyyət ansanbllarımız var ki. Qoy toyları onlar aparsın.
Bir müəllim il boyu işləyib xərcləmsə 4-5 min manatı güclə toplaya bilər. Amma biznes-şou nümayəndələri yarım saata 4-5 min manat haqq istəyirlər.
Bilirsiniz, mənim fikrimcə, ayrıca götürülmüş hansı sahənisə, ideal hala gətirmək olmaz, heç orta hala. Belə məsələlərə hər yerdə başlamaq lazımdır: təhsildə, səhiyyədə, karyera sahəsində… Hər yerdə böyük doğruluğa, saflığa ehtiyac var.
İnsan həyatının müəyyən mərhələləri var ki, bu mərhələlər unudulmaz hadisə kimi tarixə çevrilir: ilk dəfə məktəbə getmək kimi, tələbə olmaq kimi, toy kimi, ata olmaq kimi. Niyə bu tarixi tarixləşdirmək haqqımız, gücümüz olmamalıdır?
Əgər şadlıq saraylarındakı israfçılıq hallarına son qoyularsa, süfrəyə toy sahibinin istədiyi ərzaqlar təqdim olunarsa, musiqi xidmətini özfəaliyyət kollektivləri apararsa, toylarımız daha gur və maraqlı keçər və heç bir toy sahibi heç bir problem yaşamaz. Bilirsiniz onda həm də nə olar: yerlərin qiyməti yarıbayarı azaldığından bütün dost-tanışlar bizim şənliklərə qoşulmaq imkanı tapar.
Hər bir dostumuzu, yaxınımızı toy şənliklrimizin başında görmək arzusu ilə.

Toylarımız  və imkanlarımız  (II yazı)

Son

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz